Azərbaycanda səfərdə olan Buxarest şəhərinin ikinci sektorunun merinin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Buxarest şəhərinin ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşdur.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.2.