Buxarestdə ümummilli lider Heydər
Əliyevin abidəsinin ucaldılması Rumıniyada ulu
öndərin xatirəsinə böyük ehtiramın göstəricisidir
Rumıniyanın
hakim Demokrat Liberal Partiyasının Azərbaycanda səfərdə
olan nümayəndə heyəti ilə Yeni Azərbaycan
Partiyasının (YAP) mərkəzi qərargahında
görüş keçirilmişdir.
AzərTAc
xəbər verir ki, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov
səfərin Azərbaycan və Rumıniya arasında
dostluğun möhkəmləndirilməsinə töhfə
verəcəyini vurğulamış və demişdir ki, qarşılıqlı
səfərlər əlaqələrin dairəsinin genişləndiyini
və həyatımızın bütün sahələrinə
nüfuz etdiyini göstərir. Bu, xalq diplomatiyasının təzahürüdür.
Rumıniyanın və Azərbaycanın hakim partiyaları
arasında əlaqələrin dərinləşməsi
ölkələrimiz arasında dostluq münasibətlərinin
inkişafı fonunda baş verir. Buxarestdə Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin, Bakıda isə görkəmli
rumın bəstəkarı Corce Eneskunun abidələrinin
ucaldılması xalqlarımız arasındakı bu
münasibətlərin yüksək səviyyəsini göstərir.
Ə.Əhmədov
qeyd etmişdir ki, rumın nümayəndə heyətinin tərkibində
siyasətçilərlə yanaşı, tanınmış
elm, mədəniyyət, incəsənət xadimlərinin də
Azərbaycana gəlməsi ölkələrimiz arasında bu
sahələrdə münasibətlərimizin
inkişafında xüsusi rol oynayacaqdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
qonaqlara məlumat verən YAP sədrinin müavini Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiyinə
və münaqişənin həllinə ədalətli
mövqedən yaxınlaşdığına görə rəsmi
Buxarestə və rumın xalqına təşəkkürünü
bildirmişdir.
Yüksək
qonaqpərvərliyə görə minnətdarlığını
bildirən nümayəndə heyətinin rəhbəri,
Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr
Assosiasiyasının sədr müavini Nekulay Ontsanu Azərbaycanın
son illər ərzində bütün sahələrlə əldə
etdiyi sürətli inkişafdan məmnun olduqlarını diqqətə
çatdırmışdır. Rumıniyanın Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlərdən biri
olduğunu vurğulayan qonaq ölkələrimiz
arasındakı əlaqələrin hazırkı yüksək
səviyyəyə çatmasında xalqımızın
ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini
qeyd etmişdir. Bildirmişdir ki, Buxarestdə ümummilli lider
Heydər Əliyevin abidəsinin ucaldılması Rumıniyada
ulu öndərin xatirəsinə böyük ehtiramın
göstəricisidir.
Qonaq
demişdir ki, Azərbaycanın və Rumıniyanın bir
çox mühüm layihələrdə iştirakı,
AGRİ layihəsinin həyata keçirilməsi prezidentlər
İlham Əliyevin və Trayan Beseskunun şəxsi
dostluğuna əsaslanan münasibətlərimizin yüksək
inkişafının nəticəsidir.
Dağlıq
Qarabağın Azərbaycan torpağı olduğunu xüsusi
vurğulayan N.Ontsanu bildirmişdir ki, Rumıniya bütün
beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi
bütövlüyünü birmənalı şəkildə
dəstəkləyir.
Sonra
qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim
edilmişdir.
Azərbaycan.-
2011.- 12 iyul.- S.2.