Elmin inkişaf perspektivləri ilə bağlı yeni prioritetlər müəyyənləşir

 

Uzaq-yaxın tarixdən xalqlara çox abidələr miras qala bilər - fəqət, bunların heç biri öz dəyərinə və etnosun xalqa, millətə çevrilməsi prosesindəki müstəsna roluna görə elm, təhsil və mədəniyyət məbədləri ilə müqayisə oluna bilməz. Azərbaycan tarixində hələ sağ ikən canlı əfsanələrə çevrilmiş böyük ürfan sahiblərinin əsasını qoyduqları Milli Elmlər Akademiyasının cəmiyyətimizdə tutduğu yer də zamanın özü qədər hüdudsuzdur. Yarandığı gündən bu elm məbədi xalqın milli-mənəvi dirçəlişi və elmi tərəqqisində aparıcı qüvvəyə çevrilmiş, Azərbaycanın qədim dövrlərdən malik olduğu tarixi elmi ənənələrin sistem halına salınaraq dünya elmi uğurları ilə eyni sıraya çıxmasında müstəsna rol oynamışdır.

AMEA-nın milli inkişaf prosesindəki misilsiz rolunu düzgün dəyərləndirən möhtərəm Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən bu elm məbədinə xüsusi qayğı və diqqətlə yanaşır. Elm və təhsilin milli inkişafda həlledici amil kimi önə çıxması, ilk növbədə, respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması ilə bağlıdır. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyəyə malik kadrların irəli çəkilməsi son dərəcə vacibdir. Dövlət büdcəsinin vəsaitlərinin elm və təhsilə ayrılan hissəsinin ildən-ilə artması bu sahələrdə maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır. Elm və təhsilə qoyulan dövlət investisiyalarının həcmcə artımını təmin edir, onların dünya standartları səviyyəsinə inteqrasiyasına geniş imkanlar açır.

Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının 2005-ci ildə xüsusi sərəncamlar imzalaması, görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların, prezident təqaüdünün və mənzillərin verilməsi cənab İlham Əliyevin elmə yüksək qayğısını əyani surətdə əks etdirmişdir. Dövlət başçısı sonrakı illərdə də elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Prezidentin 23 yanvar 2007-ci il tarixdə imzaladığı sərəncamla AMEA sistemində çalışan vətəndaşların məvacibləri 50 faiz qaldırılmış, eləcə də fevral ayının 1-dən aspirantların təqaüdündə əsaslı artım baş vermişdir. Cənab İlham Əliyevin 18 aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir. 2008-2009-cu dərs ili qarşısında AMEA sistemində çalışanların məvaciblərinin 25 faiz, 2010-cu ildə isə orta hesabla 10 faiz artırılması da elmin intibahına xidmət etmişdir. Nəhayət, ölkə Prezidentinin 27 aprel 2011-ci il tarixli sərəncamı əsasında bu elm məbədində çalışanların əməkhaqları may ayının 1-dən daha 20 faiz artırılmışdır. Dövlət başçısının 27 aprel 2011-ci il tarixli digər sərəncamı ilə AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 1000 manatdan 1200 manata, müxbir üzvlərin isə 700-dən 850 manata qaldırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2011-ci il tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncamı isə akademiyanın elmi-tədqiqat institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsi və mövcud kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi güdür. Sərəncamın birinci bəndinə əsasən, AMEA-nın Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə "Akademiya şəhərciyi" ərazisində tikilməsi təmin olunmalıdır.

Sərəncamın ikinci bəndinə əsasən, AMEA-nın Rəyasət Heyəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə "Xəzər Elmi-Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda, sərəncamın üçüncü bəndinə görə, akademiyanın Rəyasət Heyəti neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir. Sərəncamın dördüncü bəndinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya şəhərciyi" ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının 2011-2012-ci illərdə əsaslı təmiri nəzərdə tutulmuşdur. Nəhayət, sərəncamın beşinci bəndinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi AMEA-nın Rəyasət Heyəti ilə birlikdə "Akademiya şəhərciyi" ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etməlidir.

Prezident İlham Əliyevin bir müddət əvvəl AMEA-nın H.Cavid prospektində yerləşən müasir standartlar səviyyəsində təmirdən çıxmış binası ilə tanış olması, habelə akademiyanın illik ümumi toplantısında iştirak etməsi dövlətin elmə qayğısının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Dövlət başçısı AMEA-nın illik ümumi yığıncağında Azərbaycanın müasir iqtisadi inkişaf strategiyası, enerji və ərzaq təhlükəsizliyi, milli inkişaf modeli və digər mühüm istiqamətlərdə elmi tədqiqatların genişləndirilməsinə ehtiyac olduğunu bildirmiş, elm xadimlərinə zamanın çağırışlarına adekvat reaksiya verməyi tövsiyə etmişdir: "Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir".

Hələ 2009-cu ilin noyabrında BDU-nun 90 illik yubileyində dərinməzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev tarixi bəyanatla çıxış edərək ölkədə ötən əsrin 90-cı illərindən başlamış keçid dövrünün artıq geridə qaldığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını diqqətə çatdırmışdır. Hazırda iqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, müxtəlif elm sahələrinin günümüzün tələblərinə uyğunlaşdırılmasını, habelə idarəetmədə elmi proqnozlardan məqsədyönlü istifadəni gerçəkləşdirir.

Azərbaycanda iqtisadi sahədə keçid dövrü üçün zəruri qanunverici, institusional, maddi-texniki baza formalaşsa da, etiraf etməliyik ki, prosesin elmi-nəzəri-metodoloji əsasları tam ümumiləşdirilməmişdir. Belə bir mərhələdə elmin inkişaf prioritetlərinin müasir tələblərə uyğunlaşdırılması, mövcud çətinliklərin aradan qaldırılması, elmlə tədris və praktikanın səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı sanballı elmi proqnozların hazırlanması, elmlə istehsalatın əlaqələrinin, təcrübələrinin günümüzün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin məzmunca müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərimiz qarşısına mühüm vəzifələr qoyur.

Dövlət başçısının son illərdə elmin və təhsilin inkişafı ilə bağlı imzaladığı bir sıra fərman və sərəncamlar ölkəmizdə olan mövcud problemlərin kompleks həllinə xidmət edir. Konseptual əhəmiyyətli həmin sənədlərdə ümumən üç strateji məqsəd önə çəkilir və bunlardan birincisi təhsilin, elmin problemlərinin həlli, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasıdır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, "Elm haqqında" yeni mükəmməl qanunun qəbulu bu tədbirlərin əsas tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin 30 may 2005-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında", 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında", 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 21 oktyabr 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" sərəncamları da bu sahədə qarşıda duran konseptual vəzifələrin həllinə yönəlmişdir.

Elm və təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin ikinci əsas istiqaməti Avropa təhsil məkanına inteqrasiyanın təmin edilməsi, "Bolonya prosesi"nə keçidin təmini, ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almalarına şəraitin yaradılmasıdır. Gənclərin xaricdə təhsil almağa göndərilməsi ilə bağlı hələ əsası 70-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mütərəqqi ənənənin bərpası dövlət idarəçiliyi üçün müasir təfəkkürlü, bilikli və yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi daşıyır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında", habelə 16 aprel 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamları da məhz bu məqsədə xidmət etmişdir.

Xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlama təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi Dövlət Proqramının əsas hədəfləridir.

Azərbaycan Prezidenti İlham Əliyevin təkmil elm və təhsil strategiyasında müasir texnologiyaların dərindən mənimsənilməsi üçüncü mühüm istiqamətdir. Müasir dünyanın inkişaf perspektivlərini düzgün dəyərləndirən dövlət başçısı hələ 2003-cü ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində bəyan etmişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyalarının inkişafı olacaqdır.

Prezident İlham Əliyev AMEA-nın illik ümumi toplantısında bununla bağlı demişdir: "İnformasiya-kommunikasiya sektorunda uğurlarımız göz qabağındadır. Qısa müddət ərzində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında İKT-nin inkişafı üzrə birinci sıralarda olsun. Dövlət dəstəyi, maliyyə təminatı göstərilir, bəzi hallarda kreditlərin verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticə verməyəndə, Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil edir. İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə, bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir".

Son illər məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini və informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan addımlar məhz bu məqsədə xidmət edir. 2004-cü il 21 avqust tarixdə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman imzalayan dövlət başçısı İlham Əliyev gənclərin müasir biliklərə və informasiya texnologiyaları dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqramın 2005-2007-ci illəri uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter düşür. Halbuki 2003-cü ildə bu göstərici hər 1000 nəfərə cəmi 1 kompüter idi. 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

Dünya Bankının apardığı tədqiqatların nəticələri göstərir ki, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini təbii resurslar təşkil edir. Avropada insan kapitalı 74, istehsal 24, təbii resurslar 2 faizdir. Rusiyada isə insan kapitalı 50, istehsal 10, təbii resurslar 40 faiz səviyyəsindədir. Hesab edirik ki, Azərbaycanda da belə təhlillərin aparılmasına ciddi ehtiyac var.

Müstəqil dövlətimiz sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir ki, hazırda milli maraqlar baxımından bütün elm sahələri eyni məsafədə dayanır - hər birinin müstəsnalığı, əhəmiyyəti birmənalı qəbul olunur. Bu baxımdan dövlət başçısı İlham Əliyevin aqrar sahədə elmi tədqiqatların genişləndirilməsi ilə bağlı tövsiyələri də günümüzün tələblərindən irəli gəlir. Respublikanın milli iqtisadi inkişaf modelinin nəzəri-praktik əsaslandırılması baxımından aqrar sektorda həyata keçirilmiş islahatlara, mövcud problemlərə də nəzər salmaq, aqrar elmin qarşısında duran vəzifələri müəyyənləşdirmək zəruridir. Bu zərurəti şərtləndirən həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən aqrar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında bununla bağlı demişdir: "Hesab edirəm ki, Milli Elmlər Akademiyasının aqrar bölməsinin yaradılması üçün konkret addımlar atılmalıdır. Vaxt itirmədən bu bölmə yaradılmalıdır və fəal işə başlamalıdır. Beləliklə, əgər bu məsələlər öz həllini taparsa hesab edirəm ki, bu, Azərbaycan elminin inkişafına güclü təkan olacaq, sifarişlər veriləcəkdir. Dövlət qurumları və özəl sektor tərəfindən sifarişlər verilməlidir. Alimlərimiz bu sifarişlər əsasında işləyəcəklər. Nəzərə alsaq ki, Azərbaycan dövləti bundan sonra da elmin inkişafı üçün maliyyə dəstəyini verəcək, beləliklə, biz elmin inkişafına uğurla nail ola bilərik".

Bu fikirlər icra olunmaq üçün öz əksini tez bir zamanda "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli sərəncamında öz əksini tapdı.

Azərbaycan Respublikasında bu günə qədər aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq həmin sektorda əsaslı dəyişikliklər baş vermişdir. Bununla yanaşı, aparılan islahatların davamı kimi aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin səmərəliliyi və effektivliyinin artırılması zərurəti yaranmışdır.

Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi, aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün Xüsusi Komissiya yaradılmışdır.

Komissiyaya tapşırılmışdır ki, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

Prezident İlham Əliyevin son illərdə çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş, texniki təminatın yaxşılaşdırılması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsi kimi hazırda kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə yüksəlmişdir.

Aqrar sektorda innovasiya təminatının fəallaşdırılması prosesi, o cümlədən innovasiyaların mənimsənilməsi sisteminin yaradılması aqrar-sənaye istehsalının davamlı inkişafı üçün şərait yaradılmasına kömək etməlidir. Təcrübə göstərir ki, elm və informasiya arasında daim dərin və sabit inteqrasiya əlaqələri mövcud olduqda qazanılan nəticələr də effektivliyi ilə seçilir. Elmi nailiyyətlər kifayət qədər əsaslandırılmadıqda onların cəmiyyət üçün dəyəri və praktiki fəaliyyətdə tətbiq imkanları da zəif olur. Müasir cəmiyyətin inkişafı informasiya resurslarının keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını, onların operativ və ünvanlı olmasını tələb edir. Bu baxımdan Azərbaycanda istehsalla elmi tədqiqatların əlaqələndirilməsi vacib və aktual məsələlərdən biridir. Yəni, aqrar bölmədə həyata keçirilən elmi tədqiqatların kənd təsərrüfatında praktik tətbiq imkanlarının genişləndirilməsi bu sahə üzrə ixtisaslaşmış elm adamlarının qarşısında duran başlıca vəzifədir.

Kənd təsərrüfatı istehsalının uğurla inkişaf etdiyi ölkələrin əksəriyyətində elmi tədqiqatlar və elmi-texniki araşdırmalar üçün sifarişlərin formalaşması ilə məşğul olan kənd təsərrüfatı məsləhət xidmətinin bölmələri, fermerlərin, kənd təsərrüfatı şirkətlərinin və digər qurumların məsləhətçiləri konkret elmi məhsulların yaradılmasına tələbatı ümumiləşdirərək sifarişlər verirlər. Fikrimizcə, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin planlaşdırılması sahəsində Qərbin bu təcrübəsindən istifadə edilməsi aqrar sektorun elmi təminat sistemində müsbət dəyişikliklərin baş verməsini təmin edə bilər. Tədqiqat işlərinin planlarının "aşağıdan" formalaşması innovasiyaların mənimsənilməsi probleminin həllinə əhəmiyyətli dərəcədə kömək edən əsas amillərdəndir. Elmi araşdırmalara tələbin müəyyən edilməsinə, bu işlərin planlaşdırılmasına və istehsala tətbiqinə rayon və regional səviyyəli kənd təsərrüfatı məsləhət xidmətləri, baş və regional sahəvi mərkəzlər cəlb edilə bilər.

Azərbaycan Avratlantik məkana inteqrasiya yolunda olan dövlət kimi sivil Qərb mədəniyyətinin təsirlərinə məruz qalır. Bəşəriyyətin tarixi təkamül prosesinin bu gün üçün səciyyəvi olan qloballaşma dalğası bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış etnik təfəkkür və düşüncə sisteminin, milli-mənəvi dəyərlərin total təhdidlərə, həm də ideya avtoritarizminə məruz qalması ilə müşayiət olunur. Belə bir şəraitdə milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi bütün dünya ölkələrində mənəviyyat problemlərini kəskinləşdirmişdir. Tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunmasını çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Bəlkə də bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi ayrı-ayrı xalqların etnik-mənəvi kökünə dönüşü sürətlənir, antiqloballaşma hərəkatı güclənir. Bu ziddiyyətli meyillər fonunda xalqımıza xas zəngin düşüncə sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə yanaşı, fikir və düşüncələr də xüsusi aktuallıq kəsb edir.

Praqmatik siyasətçi kimi bu reallığı düzgün qiymətləndirən dövlət başçısı İlham Əliyev AMEA-da çıxış edərkən elm xadimlərini qloballaşan dünyanın yeni çağırışlarına hazır olmağa, elmi tədqiqatlarda milli maraq və mənafeləri maksimum dərəcədə nəzərə almağa çağırmış, müasir dövrdə xüsusən də ictimai və humanitar elm sahələrinin qarşısında yeni vəzifələrin dayandığını vurğulamışdır: "Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir... Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır".

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikası Prezidentinin AMEA-nın illik ümumi yığıncağında elmi işçilər qarşısında müəyyənləşdirdiyi vəzifələr, verdiyi dəyərli tövsiyələr respublikanın flaqman ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində də ciddiliklə nəzərə alınır. Universitet rəhbərliyi elmi tədqiqatların səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması, o cümlədən günümüzün elm və ali təhsillə bağlı tələblərinin yerinə yetirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.

Hazırda BDU-nun 17 fakültəsinin 126 kafedrasında, Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutlarında, 4 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətləri üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. 2010-cu ildə universitetdə ümumilikdə 1581 nəfər professor-müəllim və elmi işçi çalışmışdır. Bunlardan 7 nəfəri AMEA-nın həqiqi üzvü, 14 nəfəri AMEA-nın müxbir üzvü, 254 nəfəri elmlər doktoru, o cümlədən 246 nəfəri professor, 882 nəfəri elmlər namizədi, o cümlədən 575 nəfəri dosentdir. Universitetin professor-müəllim heyəti, elmi işçiləri və əməkdaşları daim dövlətin diqqət və qayğısını hiss etmiş, müxtəlif dövlət mükafatları ilə təltif olunmuşlar. Onlardan 32 nəfəri "əməkdar elm xadimi", 5 nəfəri Dövlət Mükafatı laureatı, 13 nəfəri Milli Məclisin deputatıdır.

2010-cu ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 221 mövzu üzrə 1151 elmi iş yerinə yetirilmişdir. Hesabat ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 65 monoqrafiya, 101 kitab, 107 dərslik, 114 dərs vəsaiti, 2747 məqalə, 1497 tezis nəşr edilmişdir. 748 məqalə və 750 tezisin xaricdə, 1999 məqalə və 747 tezisin isə respublikada nəşr olunması universitetdə aparılan elmi tədqiqatların məkan və miqyas baxımından əhəmiyyətini göstərir. Xaricdə nəşr olunmuş məqalələrin 502-si təbiət elmləri, 246-sı isə humanitar elmlər üzrədir.

Məqalələrin 143-ü, yəni xaricdə nəşr olunmuş bütün məqalələrin 19,1 faizi Tomson Reyters Agentliyi tərəfindən indekslənən jurnallarda çap olunmuşdur. Qeyd etmək lazımdır ki, çap olunmuş əsərlərin sayı 2008-ci ilə nisbətən 2,2 dəfə artmışdır. Nəticədə, universitet sovet dövründə 1982-ci ildə əldə edilmiş ən yüksək göstəricini yeniləmiş, tarixində ilk dəfə dünya üzrə reytinq siyahısına daxil edilmişdir. Qeyd etmək lazımdır ki, 2010-cu ildə BDU alimlərinin impakt faktoru olan jurnallarda dərc etdirdiyi məqalələr bütövlükdə Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin alimlərinin məqalələrinin 30 faizini təşkil edir.

Universitetdə əldə olunmuş elmi yeniliklərin praktikada tətbiqi məsələsi də xüsusi diqqət mərkəzindədir. Hər il Bakı Dövlət Universiteti ilə müxtəlif istehsalat birlikləri, zavod və şirkətlər arasında təsərrüfathesablı müqavilələr bağlanılır və aparılan elmi-tədqiqat işləri bir qayda olaraq sifarişçi təşkilatlar tərəfindən maliyyələşdirilir. Bu işlərin yerinə yetirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, sifarişçi təşkilatlar əldə edilmiş elmi nəticələrin istehsalatda tətbiqində daha çox maraqlı olurlar. Adətən, belə elmi işlər istehsalat ehtiyacları nəzərə alınmaqla həyata keçirilir və böyük iqtisadi səmərə verir. Son illərdə BDU ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, habelə "Azərneftyağ" İstehsalat Birliyi, "Azərneftyanacaq" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ" Neft Emalı Zavodu arasında müqavilələr imzalanmışdır.

Bu təsərrüfathesablı elmi-tədqiqat işlərinin nəticələri iş başa çatandan dərhal sonra sifarişçi təşkilatın müəssisələrində müvəffəqiyyətlə tətbiq olunur.

Dövlət başçısının AMEA-nın illik ümumi toplantısındakı çıxışı göstərir ki, Azərbaycanda elmin, təhsilin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Ölkəmizin iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli elm və təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. Respublikamızın elm və təhsil ictimaiyyəti, o cümlədən Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri ürəkdən inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində olduğu kimi, təhsil, elm sahəsində də daha böyük uğurlar əldə edəcək, müstəqil Azərbaycanımız qloballaşan dünyada öz layiqli yerini tutacaqdır.

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

professoru, kimya elmləri doktoru

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.10.