Petros Eftimiu Azərbaycanın və Ermənistanın qurumdakı nümayəndə heyətləri ilə birgə görüş keçirmişdir

 

Belqradda keçirilən ATƏT Parlament Assambleyasının 20-ci sessiyası çərçivəsində qurumun Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin edilmişdir. Bu vəzifəyə təyin edilən Joao Soareş Qafqazda davam edən danışıqları intensivləşdirmək və regionda davamlı sülh təmin etmək üçün bütün imkanlardan istifadə olunmasının zəruriliyini vurğulamışdır.

Sessiyada qurumun sabiq prezidenti Joao Soareş Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndə təyin edilmişdir. Plenar sessiyada Azərbaycanın nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə yanaşı, yeni xüsusi nümayəndənin təyinatını da qaldırmışdır. Assambleyanın sədri Petros Eftimiu məsələnin yaxın vaxtlarda həll ediləcəyini bildirmişdir.

Sessiya çərçivəsində Petros Eftimiu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Assambleyanın verə biləcəyi töhfəni müzakirə etmək məqsədilə Azərbaycanın və Ermənistanın qurumdakı nümayəndə heyətləri ilə birgə görüş keçirmişdir. Assambleyanın sabiq sədri və fəxri prezidenti Joao Soareşi Dağlıq Qarabağ və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etmək niyyətini açıqlayaraq deputatların münasibətini öyrənmişdir. Hər iki nümayəndə heyətlərinin üzvləri çıxış edərək yeni təyinatı dəstəklədiklərini bildirmişlər.

Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova yeni seçilmiş xüsusi nümayəndənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən rol oynayacağına ümidvar olduğunu bildirmişdir. Rəbiyyət Aslanova münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların həqiqəti, obyektivliyi rəhbər tutacağına inandığını qeyd etmişdir. O, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq normaları əsasında təmin olunacağına, beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-obyektiv münasibətin deyil, rasional düşüncəni əsas tutacaqlarına əminliyini ifadə edərək demişdir: "Hər bir beynəlxalq təşkilatın, böyük dövlətlərin obyektivlik nümayiş etdirmək borcudur. Başqa cür ola da bilməz".

Petros Eftimiu ATƏT-in Minsk qrupunun həmsədrlərini bu ilin oktyabrında Assambleyanın Xorvatiyada keçiriləcək payız sessiyasında iştirak etməyə, görülən işlərin, prosesin müzakirəsini aparmağa dəvət etdiyini bildirmişdir. Petros Eftimiu Joao Soareşin Qafqazda davam edən siyasi münaqişələrin həllinə yardım üçün zəruri ictimai bacarığının olduğunu demişdir. Plenar sessiyada çıxışı zamanı Petros Eftimiu qurum qarşısında dayanan məsələlərə, problemlərə toxunarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini xüsusi vurğulayaraq demişdir: "Qeyd edək ki, bizim vəzifəmiz bu cür problemlərin həlli yollarının tapılması istiqamətində səylərə dəstək verməkdən ibarətdir. Ümid edirəm ki, J.Soareş tərəflər arasında körpü yaradacaq və vəzifəsindən irəli gələn fəaliyyətlə problemin sülh yolu ilə nizamlanmasına töhfə verəcəkdir". Assambleyanın sədr müavini Rikardo Milyoru, Böyük Britaniyadan olan nümayəndə Tonni Loyt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və digər münaqişələrin həllinin vacibliyindən danışmışlar. Çıxışlardan sonra Belqrad bəyannaməsini təşkil edəcək 3 daimi komitənin qətnamələri və daha 23 qətnamə səsə qoyularaq qəbul olunmuşdur. Açıq səsvermə yolu ilə Petros Eftimiu yenidən Assambleyanın sədri seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.2.