"Super" qrupun "sonbeşiyi"...

 

Ömürlüyündən çıxarış: "Fəlsəfə elmləri doktoru, professor Əlikram Zakir oğlu Abdullayev jurnalistika ixtisası üzrə Azərbaycan Dövlət Universitetini (indiki BDU) 1962-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, bir müddət respublika mətbuatında işlədikdən sonra məzunu olduğu ali məktəbin Fəlsəfə kafedrasının əyani aspiranturasına daxil olmuşdur. 1970-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1973-cü ildə dosent, 1991-ci ildə professor adı almışdır. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektorudur, habelə həmin akademiyanın rektor əvəzi vəzifəsini yerinə yetirir...

Əvvəla, niyə "super"? Bu kəlməni sərlövhəyə çıxarmağım təsadüfi deyil. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində 1957-1962-ci illərdə təhsil alan tələbə gəncləri və onları özündə cəmləşdirən "J" qrupunu "seçmə", indiki dəblə desək, "super" adlandırırdılar. Bunu universitetin rəhbərliyi, müəllimlər, qonşu fakültələrdə təhsil alan tələbələr də etiraf edirdilər. Onu da deyək ki, bu qrupun müdavimlərindən səkkiz nəfəri şöbəyə fərqlənmə atestatı ilə ("qızıl" və "gümüş" medalla) imtahansız qəbul olunmuşdu. İstehsalatdanbirbaşa məktəb partası arxasından gələn yoldaşlarımız isə qəbul imtahanlarından yüksək qiymətlər alaraq "konkursun" tələblərinə ən çox bal toplamaqla cavab vermişdilər. Hətta digər nüfuzlu fakültələrdə (hüquq, şərqşünaslıq və s.) ümumi bal yığımı aşağı olduğundan "J" qrupunun üzvlərindən bir neçəsinə həmin fakültələrə keçməyi təklif etmişdilər...

O zaman üçün (elə indi də) dərin bilikxüsusi istedad tələb edən jurnalistika peşəsinə yiyələnmək istəyən 25 nəfərlik qrupumuz qəbul imtahanlarında olduğu kimi, semestr imtahanlarında da "birincilik" yarışına qoşulmuşdu. Elə birinci kursun sonunda "J" qrupu yenə də "rekord" nəticə əldə etdi. 10 nəfər tələbə bütün imtahanlardan əla qiymət alaraq "əlaçı" təqaüdünə layiq görüldü. Ümumilikdə qrupumuzun bütün üzvləri sübut etdilər ki, qəbul zamanı aldıqları "beşlər" yalançı, saxta "beşlər" deyilmış... Elə buradaca haşiyə çıxaraq demək istəyirəm ki, ali məktəblərdə (hansı sahə olur-olsun!) təhsilin keyfiyyəti bilavasitə ümumtəhsil məktəblərindəki təhsilin keyfiyyəti ilə sıx bağlıdır...

Adıçəkilən qrupun müdavimləri kimi, məzunları da "super" adına layiq oldular. Onlar həm jurnalistika sahəsində, həm də seçdikləri digər peşə yönümündə ləyaqətlə irəliləyərək cəmiyyətin öndə gedən ziyalıları kimi məşhurlaşdılar. Bu seçmələr arasında baş redaktorlar, yüksək vəzifəli dövlət qulluqçuları, yazıçı-publisistlər, alimlər, pedaqoqlar, tərcüməçilər, polkovnikgenerallar, vaxtilə təhsil aldığımız jurnalistika fakültəsinə uzun illər rəhbərlik edən dekan vardı. Ümumiyyətlə, "super" qrupu təmsil edən məzunların hər biri ayrıca yazının qəhrəmanı olmağa layiqdir. Lakin bu yazının baş qəhrəmanı qrupumuzun "sonbeşiyi" olduğundan mətləbdən uzaqlaşmayaq...

Görünür, "sonbeşik" olmaq onun tale qismətində imiş. Əlikram təkcə bizim "J" qrupunun ən cavan müdavimi deyildi. O, həm də Zakir kişinin dünyaya gətirdiyi səkkiz oğulun sonuncusu idi. Onu da deyim ki, bu səkkiz qardaşın səkkizi də Vətənə layiq oğullar kimi böyümüş, yurd yerlərinin iftixarına, doğma xalqının qabaqcıl nümayəndələrinə çevrilmişdilər. Tək bir qardaş (Tacəddin) Şamaxının Məlikçobanlı kəndindəki ata yurdunda qalaraq təsərrüfatla məşğul olmuş, burada da ömrünü başa vurmuşdu. Digər qardaşlar elə Əlikramın özü kimi, erkən yaşlarından "Böyük şəhər"ə, Bakıya pərvazlanaraq elm və yaradıcılıq dünyasına qatılmışdılar. Biz ali məktəbə daxil olarkən (1957) həmin qardaşların böyüyü Əlövsət Abdullayev Azərbaycan Dövlət Universitetinin professoru, tanınmış dilçi alim, filologiya fakültəsinin dekanı idi. Zaman keçəcəkdi, mən Əlikramın digər qardaşları ilə də yaxından tanış olacaqdım. Hətta onlardan biri ilə eyni redaksiyada təxminən on il çiyin-çiyinə işləyəcəkdim. "Bakı" axşam qəzetində şəhər təsərrüfatı şöbəsinə rəhbərlik edən, kəsərli qələmi ilə ictimaiyyətin hörmətini qazanan Şakir Abdullayevdən mən də jurnalistikanın çox sirrini öyrənəcəkdim... Abdullayev qardaşlarından dövlət qulluğu sahəsində yüksək vəzifəyə qalxan meliorasiya mütəxəssisi Ələkbərlə, çox gənc yaşında dünyasını dəyişən bioloq Əbülhəsənlə, uzun illər doğma yurdunda məktəb direktoru işləmiş filoloq Əlisöhbət müəllimlə ünsiyyətim də yaddaşımdan silinməyib... Zəhməti və istedadı ilə yüksələn bu ləyaqətli insanları ötəri də olsa xatırlamağım əbəs deyil. Bizim "J" qrupunun "sonbeşiyi" olan Əlikram universitet tələbələri cərgəsinə məhz bu qardaşların "məktəbini" keçib gəlmişdi. Özü də "medalla" gəlmişdi...

Xalqımızın uzun illərdən bəri özünü doğruldan bir deyimi var: "Ailədə sonbeşiyi çox istəyərlər". Bu belədir, amma niyə belə olduğunu müxtəlif cür yozanlar var. İnsanların bir qismi bu istəyi "sonbeşiyin" ailə ocağında son közərti olduğu ilə əlaqələndirir. Başqa bir qism insanlar isə bu istəyin kökünü "sonbeşiyin" öz siqlətində görürlər. Başqa sözlə, bu cür düşünənlərin fikrincə, "sonbeşik" övlad daha istedadlı və fərasətli olmaqla yanaşı, həm də xasiyyəti və rəftarı ilə özünüistədən olur. Mən Əlikramın timsalında ikincilərin fikri ilə şərikəm...

Qrupumuzda hamı Əlikramı çox istəyirdi. Bu istəyi o, təkcə hamımızdan yaşca kiçik olduğuna (yoldaşlarından fərqli olaraq, on altı yaşında tələbə adını qazanmışdı), yaxud zərif və utancaq görkəminə görə yox, həm də qeyri-adi istedadına və davranışına görə qazanmışdı. Orta məktəbdə qazandığı "gümüş medal"ın şərəfini uca tutaraq bütün semestrləri əla qiymətlərlə başa vururdu. Yaxşı həmsöhbət olsa da, az danışmağı, çox dinləməyi xoşlardı. Danışanda da müdriklər kimi şirin və dərin danışardı. Bəlkə də bu səbəbdən ona "filosof" ayaması qoşmuşduq (o zaman hərəmizin bir ayaması vardı)... Yuxarı kursda oxuyarkən Əlikramın daha bir istedadını "kəşf etdik". Pambıq yığımına kömək etmək üçün Saatlı rayonuna getmişdik. Məmmədabad kəndinin məktəb binasında, saman döşənmiş sinif otaqlarında yurd salmışdıq. Payızın son ayı olduğundan havalar soyumuşdu. Elə xərcliyimizin tükənməsi də qüssə gətirirdi. Belə axşamlarda ruhumuzu qidalandıran, hər birimizi romantik xəyallara qovuşduran Əlikramın tarı olurdu. O, müğamlarımızı, xalq mahnılarını məharətlə çalırdı. Xasiyyəti kimi, şirin və dərin çalırdı. Sanki dili ilə deyə bilmədiklərini simlərin dili ilə söyləyirdi...

Ömrümüzün digər mərhələləri kimi, tələbəlik həyatımız da bir göz qırpımında ötüb keçdi. Universiteti bitirərək jurnalist diplomu ilə təyinat yerinə yollandıq. Daha doğrusu, "özümüzü axtarmağa" getdik. "Özümüzü tapıb" müxtəlif fəaliyyət sahələrində yerbəyer olanadək bir neçə il ötdü. Bu müddət ərzində hər birimiz sevdiyidaha yaxşı bacardığı işdə özünü təsdiqləyə bilmişdi. İstər mətbuat sahəsində, istərsə də digər peşələrdə. Dəyərlisi o idi ki, "super" qrupun bütün üzvləri ənənələrinə sadiq qalmışdılar, işlədikləri sahələrdə "birincilər" cərgəsində gedirdilər...

Əlikram "özünüaxtarış" illərini o vaxtın nüfuzlu qəzetlərindən olan "Sovet kəndi" qəzetində keçirmişdi. Az vaxt ərzində yaddaqalan yazıları ilə tanınmışdı. Ancaq... Sən demə, o, tələbə vaxtı "filosof" ayamasını əbəs yerə qazanmayıbmış. Odur ki, "sonbeşik" dostumuzun sorağı universitetin Fəlsəfə kafedrasından gələndə heç birimiz təəccüblənmədik. Əlikram içərisində bəslədiyi ilkin arzusuna qovuşmuşdu. Əvvəlcə fəlsəfə sahəsində əyani aspirantura şöbəsini bitirmiş, sonra isə fəlsəfə müəllimi kimi fəaliyyət göstərməyə başlamışdı...

Tələbə yoldaşımızla qürrələnməyimizin bir səbəbi də o idi ki, o zaman fəlsəfə elmləri sahəsinə meyil edən, bu sahənin "labirintindən" uğurla çıxmağı bacaran istedadlı gəncləri barmaqla saymaq olardı. Əlikram məhz belələrindən idi. O, böyük inadkarlıqla bu çətin elmin dərinliyinə baş vurur, seçdiyi mövzuların suallarına açar tapırdı. Həmin illərdə onun elmi marağının əsas istiqamətini millətlərarası münasibətlər və bunu tənzimləyən dövlət siyasəti (uğurları və qüsurları ilə), xüsusilə milli dil siyasəti məsələləri təşkil edirdi. Respublikaümumittifaq elmi jurnallarında dərc etdirdiyi çoxsaylı məqalələrində, ölkənin müxtəlif şəhərlərində keçirilən elmi konfranslarda etdiyi məruzələrdə, gərgin zəhmətin məhsulu olan "Dil, siyasət, sosial tərəqqi" (Bakı, 1985) monoqrafiyasında dövr üçün olduqca aktual olan dövlət siyasəti barədə gənc filosofun cəsarətli mövqeyi əks olunmuşdu...

Ötən əsrin 80-ci illərinin sonunda fəlsəfə elmləri doktoru, professor kimi məşhurlaşan Əlikram Abdullayev pedaqoji sahədə tutduğu vəzifə pillələrində də uğurla addımlamışdır. Uzun illər Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1982-ci ildən etibarən Bakı Ali Partiya Məktəbində dekanKulturologiya kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 1991-ci ildə yenidən müstəqilliyimizə qovuşandan sonra Bakı Ali Partiya Məktəbinin təhsil və ixtisas yönümü dəyişdirilərək Sosial İdarəetmə və Politologiya İnstitutuna çevrildi. Professor Ə.Abdullayev burada da yüksək vəzifələrə seçildi.

Kulturologiya kafedrasına rəhbərlik etməklə yanaşı, tədris işləri üzrə prorektor vəzifəsinə irəli çəkildi. Təxminən dörd il ərzində həmin institutun rektor əvəzi vəzifəsini yerinə yetirdi...

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yarandığı vaxtdan (1999) Ə.Abdullayev həmin akademiyanın birinci prorektoru, habelə "Dövlət qulluğukadr siyasəti" kafedrasının professoru vəzifələrində çalışır. Son iki ildə həm də rektor əvəzi vəzifəsini yerinə yetirir...

Professor Ə.Abdullayev çalışdığı ali təhsil ocaqlarında tədrisin və elmi tədqiqatların təşkili, beynəlxalq əlaqələrin yaradılması sahəsində səmərəli işlər görmüşdür. O, dövlət idarəçiliyi problemlərinə dair Avropa Birliyinin müxtəlif qurumları, bu Birliyə daxil olan bir sıra ölkələrin tədris-elm mərkəzləri ilə sıx əlaqə yaradılmasının, təcrübə mübadiləsi aparılmasının təşəbbüsçüsü və iştirakşısı olmuşdur. Kanada Beynəlxalq Təhsil Bürosu ilə birlikdə akademiyada həyata keçirilən bir neçə layihənin yerli koordinatoruişçi qrupunun rəhbəri, həmin layihələr çərçivəsində nəşr olunan elmi əsərlərin həmmüəllifi və redaktoru da Əlikram müəllimdir.

Ə.Abdullayev müstəqil Azərbaycan Respublikasında ali təhsilin təkmilləşdirilməsi sahəsində aparılan genişmiqyaslı islahatlar prosesində fəal iştirak edir. O, 1995-ci ildə "Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqinin təkmilləşdirilməsi konsepsiyası"nı hazırlayan komissiyanın üzvü olmuş, Təhsil Nazirliyinin bir neçə akkreditasiya komissiyasına rəhbərlik etmişdir. Çalışdığı ali təhsil müəssisələrində fəaliyyət göstərən namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə elmi şuraların, müxtəlif vaxtlarda Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü və sədri olmuşdur. O, çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri, elmi məsləhətçisi və ya elmi opponenti kimi fəaliyyət göstərməkdədir. Əlikram müəllim hazırda insan hüquqları və dövlət idarəçiliyi problemləri üzrə bir neçə beynəlxalq təşkilatın ekspertidir...

Fərəhləndirici haldır ki, səkkiz qardaşın və "J" qrupunun "sonbeşiyi" olan fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev həmişəki gənclik həvəsi ilə başındadır. Yaşı 70-i haqlasa da, onu "ahıl" adlandırmağa dilim gəlmir. Son dərəcə işgüzar və məhsuldar alim-pedaqoq, tədris etdiyi kulturologiya elminin "etiketlərinə" tam uyğun gələn yüksək mədəniyyətli ziyalı, sadəliyi, təvazökarlığı və dostluğa sədaqəti ilə seçilən gözəl ailə başçısı, iki övlad atası, iki nəvə babası olan Əlikram Zakir oğluna möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram...

P.S. Onu da söyləməyi özümə borc bilirəm ki, bu yazını bizim "super" qrupun üzvlərinin "sifarişi" ilə (dünyadan köçən dostlarımızın ruhuna dərin ehtiramla) yazdım.

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2011.- 8 iyul.- S.11.