Lənkəranın qəhrəmanlıq abidələri

 

Ölkəmizin gözəl guşəsi olan Lənkərana gələnlər burada, ilk növbədə, qəhrəmanlıq abidələri ilə rastlaşırlar. Dəmiryolu ilə şəhərə səfər edənləri vağzalda qatardan düşərkən hər kəsdən əvvəl məğrur bir heykəl qarşılayır. Tank şəkilli postament üzərində dayanan əzəmətli abidə bu yurdun igidlik simvoludur. Onun yanından sakit, diqqətsiz keçib getmək mümkün deyil. Bu heykəl təkcə Lənkəranda deyil, bütün Azərbaycanda böyük məhəbbətlə sevilən, xalqımızın adına şərəf gətirən, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovundur. Bu qədim diyarın digər bir oğlu da Böyük Vətən müharibəsində şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Baloğlan Abbasovdur. Lənkəranda hər iki qəhrəmanın adını əbədiləşdirən küçə, məktəb, muzeysair vardır.

Şəhərin mərkəzində isə odun-alovun içindən çıxıb, əlindəki avtomat silahla irəli şığıyan bir əsgərin monumental abidəsi ucaldılıb. 1941-1945-ci illərdə alman faşizminə qarşı savaşa 11 min nəfər lənkəranlı getmişonlardan 3 min 500 nəfəri geri qayıtmamışdır. Bu abidə həmin igidlərin xatirəsini əbədiləşdirir.

Avtovağzal istiqamətindən Lənkərana gələnlər isə buradakı "Ləvəngi" dairəsini keçib şəhərin mərkəzinə irəliləyərkən orijinal üslubda tikilmiş abidəni görürlər. Bu, ən yeni tariximizin faciə ilə yanaşı, qəhrəmanlıq dolu səhifəsini özündə yaşadan xatirə kompleksidir. Mərmər lövhə üzərində Qarabağ uğrunda gedən qanlı döyüşlərdə öz canını qurban vermiş 128 lənkəranlı şəhidin adı həkk olunmuşdur. Salınan Şəhidlər xiyabanı məktəblilərin, tələbələrin, bütövlükdə şəhərin bütün əhalisinin ən çox ziyarət etdiyi müqəddəs məkanlardan biridir. Ailə həyatı quran neçə-neçə gənc toy günü abidəni ziyarət edərək buraya gül-çiçək dəstələri düzürlər.

Ölkəmizin ərazi bütövlüyünün və dövlətçiliyimizin qorunmasında da bu torpağın oğulları xüsusi xidmət göstərmişlər. Onların igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. İlin payız fəslində də füsunkar olan Lənkəran şəhərini gəzib dolaşdıqca parkxiyabanlarda Azərbaycanın milli qəhrəmanları Rövşən Abdullayev, Əsgər Əliyev, Soltanağa Bayramov, Etibar Əliyev və Paşa Təhməzovun xatirəsini əbədiləşdirən abidələri görürsən.

Bütün abidələr qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, onlarda mənəvi dəyərlərə sayğı hissinın formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar bir daha onu göstərir ki, Vətən yolunda canından keçən oğullar heç vaxt unudulmurlar.

 

Seyran CAVADOV,

 

Azərbaycan.-2011.- 8 iyul.- S.11.