Bakıda "Davamlı inkişaf
mədəniyyəti: formalaşma problemləri və
perspektivləri" mövzusunda Beynəlxalq elmi konfrans işə
başlamışdır
İyulun
11-də Muzey Mərkəzində Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəzinin təşəbbüsü ilə
"Davamlı inkişaf mədəniyyəti: formalaşma
problemləri və perspektivləri" mövzusunda Beynəlxalq
elmi konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq konfransın mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkəmizdə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunmuş tədqiqatların dəstəklənməsi məqsədilə təşkil olunduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu cür tədbirlərin təşkili mədəniyyətlərarası sivilizasiyaların inkişafına xidmət edir. Bildiyiniz kimi, nazirliyin nəzdində nəzəri və elmi mərkəzlər mövcuddur. Mərkəzlərin iştirakı ilə bir sıra müxtəlif mövzularda tez-tez konfranslar keçiririk.
Ə.Qarayev vurğulamışdır ki, konfransda qloballaşan sosial problemlər, mədəni proseslərin necə və hansı istiqamətə yönəlməsi müzakirə olunacaqdır. Bugünkü tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir. Təxmini coğrafiya onu göstərir ki, burada müzakirə olunacaq məsələlər ölkəmizin bütün regionlarına xas olan problemlərdir. Şübhəsiz, nəzəriyyəsiz bu mədəni inkişafın təminatı mümkünsüzdür.
Konfransda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək bildirmişdir ki, müasir dövrümüzün ən aktual məsələlərindən olan və son zamanlar cəmiyyət həyatının ayrı-ayrı sahələri ilə bağlı dilimizdə ən çox istifadə edilən terminlərdən biri məhz "davamlı inkişaf" terminidir. Davamlı inkişafın mühüm əhəmiyyət kəsb etməsində, həmçinin inkişafın davamlılığına nail olunmasında təhsil, elm və mədəniyyətin əhəmiyyətli rol oynaması sözügedən məsələni YUNESKO-nun da daim diqqət mərkəzində saxlamasına səbəb olmuşdur.
YUNESKO-nun təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya, eləcə də digər sahələrdə həyata keçirdiyi proqram və layihələr həyatın bütün sahələri ilə əlaqədar olan davamlı inkişafın formalaşmasına öz töhfəsini verir. YUNESKO-nun demək olar ki, bütün əsas proqramları məhz davamlı inkişafla sıx bağlıdır.
Natiq vurğulamışdır ki, YUNESKO-nun fəal üzvlərindən biri kimi Azərbaycan Respublikası da davamlı inkişaf məsələsinə, davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasına, eyni zamanda, bu mədəniyyətin təsdiqinə böyük önəm verir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi proqram və layihələr Azərbaycanda davamlı inkişaf mədəniyyətinin, xüsusilə də elm, təhsil və mədəniyyət sahəsində belə bir mədəniyyətin formalaşdırılmasına diqqəti daha da artırmış və bu da qısa vaxtda mühüm töhfələr vermişdir.
Tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Rusiya, Ukrayna, Belarus və Litvadan gəlmiş alimlər çıxışlarında seçilmiş mövzunun aktuallığı və bu istiqamətdə görülməsi vacib olan işləri ətraflı təhlil etmişlər.
Konfransa iyulun 12-də yekun vurulacaqdır.
Azərbaycan.-
2011.- 12 iyul.- S.2.