Arxivlər xalqımızın mənəvi
sərvətlərini qoruyur
Yerləşdiyi geosiyasi məkanın daim yadellilər tərəfindən dəfələrlə işğala məruz qalması Azərbaycan ərazilərinin tapdaq altına düşməsi ilə yanaşı, onun maddi və mənəvi sərvətlərinin talan olunmasına da şərait yaradıb. Azərbaycandan çox-çox uzaqlarda, dünyanın müxtəlif ölkələrindəki arxiv və muzeylərdə xalqımızın tarixinə aid saxlanılan qiymətli sənədlər və nadir əlyazmalar da söylənilənləri təsdiqləyir.
Hər bir xalqın və dövlətin tarixində arxivlər mühüm əhəmiyyət daşıyır. Keçmişdən gələcəyə qalan yadigarlar, mənəvi sərvətlərə çevrilmiş nadir incilər məhz arxiv və muzeylərdə daha etibarlı saxlanılır. Bu baxımdan muzey və arxivlərin əhəmiyyəti çox böyükdür.
Ümummilli lider Heydər Əliyev də məhz bu əhəmiyyəti nəzərə alaraq demişdir: "Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir".
Təəssüflə qeyd olunmalıdır ki, ötən əsrin əvvəllərinə qədər Azərbaycanda arxiv işinə ciddi diqqət yetirilməyib. Əslində, dövlət idarəçiliyinin atributlarından sayılan və hər bir xalqın mənəvi sərvətini qoruyan arxiv işinin əsası 1920-ci il dekabr ayının 6-da N.Nərimanov tərəfindən imzalanmış "Vahid Dövlət Arxiv Fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında" Dekretlə qoyulub. 1921-ci ilin yanvarından Bakıda Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi fəaliyyətə başlayıb. O, Qafqazda ilk dövlət arxivi kimi tarixə düşüb. Həmin vaxtdan ötən müddət ərzində Azərbaycanda arxiv işi müəyyən proseslərdən keçərək xalqımızın milli-mənəvi sərvətlərinin saxlanc yeri olduğunu təsdiqləyib. Əslində, xalqımız öz mənəvi sərvəti olan arxivlərinin yalnız 1991-ci ildə keçmiş SSRİ dağıldıqdan, yəni dövlət müstəqilliyinin bərpasından sonra hüquqi sahibinə çevrildi. İllərlə "yeddi qıfıl arxasında" gizlədilmiş sənədlərdən tariximizin tədqiqində geniş istifadə edilməyə başlandı. Demək, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və qorunub saxlanması necə zərurətə çevrilmişdirsə, əsas strateji əhəmiyyət daşıyan obyektlərdən biri kimi arxivlərin də işi məhz bu illərdə dövlət qayğısı ilə əhatə olunmağa başladı. Qeyd edək ki, 1996-cı ildə Baş Arxiv İdarəsi YUNESKO yanında Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul edildi. Məhz həmin diqqət və qayğının nəticəsidir ki, MDB-yə daxil ölkələrlə yanaşı, dünyanın aparıcı dövlətlərindən olan Türkiyə və İran, həmçinin ABŞ, İngiltərə, Fransa, Almaniya, Belçika və Polşanın eynifunksiyalı müəssisələri ilə Azərbaycan arxivlərinin əməkdaşlıq etməsi heç də təsadüfi deyil. Həmin ölkələrin arxivlərində saxlanan, xalqımızın tarixi keçmişinə dair dəyərli sənədlərin toplanması üçün olduqca böyük əhəmiyyət daşıyan əməkdaşlıq şəbəkələrinin genişlənməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir.
Müstəqilliyinin 20 ili ərzində Azərbaycan dövlətinin arxivlərinin fəaliyyətindəki ciddi dəyişikliklər və irəliləyişlər də bir daha xalqımızın öz milli sərvətlərinin sahibi olmasının təsdiqidir. Təsadüfi deyildir ki, 1999-cu il iyul ayının 27-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi barədə fərman imzalanmışdır.
Bu gün respublikamızda müxtəlif təyinatlar üzrə 7 dövlət arxivi fəaliyyət göstərir. S.Mümtaz adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Arxivi də, yuxarıda qeyd etdiyimiz kimi, xalqımızın mənəvi sərvətlərinin, nadir incilərinin saxlandığı etibarlı mənbələrdəndir. Azərbaycan SSR Nazirlər Sovetinin 17 iyul 1965-ci il tarixli qərarı əsasında 1966-cı ilin yanvar ayından fəaliyyətə başlayan bu arxiv 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Salman Mümtazın adını daşıyır. Arxivin dünəni və bugünkü fəaliyyəti barədə ətraflı söz açarkən öncə qeyd edilməlidir ki, burada xalqımızın kəşməkəşli həyatının müəyyən bir hissəsi qorunub saxlanır. Hər bir xalq özünün varlığını həm də ədəbi-bədii nümunələrdə təsdiqləyir. Bu gün arxiv və muzeylərdə qorunan sənədlər, əlyazmalar, maddi-mədəniyyət nümunələri bu baxımdan olduqca dəyərli materiallar hesab edilir.
Arxivin direktoru, əməkdar mədəniyyət işçisi Maarif Teymur dəfələrlə vərəqlədiyi qovluqlarda xəzinə "yatdığı"nı bildirir: "Arxivdəki ən qiymətli sənədlər arasında M.Ə.Sabirin 1907-ci ildə "Bəhlul" jurnalının redaksiyasına göndərdiyi məktub, Ə.Haqverdiyevin hekayələrinin əlyazmaları, C.Cabbarlının "Yada düşdü" şeiri, Üzeyir Hacıbəylinin 1913-cü ildə H.Sarabskiyə, 1921-31-ci illərdə Ceyhun Hacıbəliyə yazdığı məktublar, C.Məmmədquluzadənin 1917-ci ildə Təbrizdə oynanılmış "Ölülər" pyesinin əlyazması və s. kimi ədəbiyyatımızın nadir incilərinə də rast gəlinir".
Azərbaycan yazıçı, şair, dramaturq və ədəbiyyatşünaslarının bu arxivdə saxlanan şəxsi fondlarındakı sənədlər ölkəmizdə milli ədəbiyyatın təşəkkülü və inkişafı məsələlərini özündə dolğun əks etdirir. Burada tanınmış ədəbi simalarımızdan H.B.Zərdabinin, H.Cavidin, M.Arifin, M.C.Paşayevin, C.Cəfərovun, A.Zamanovun, Ə.Cəfərin, M.İbrahimovun, Ə.Sultanlının, Ə.Tudənin, M.Dilbazinin və başqalarının şəxsi fondlarında saxlanan sənədlər toplanmışdır.
Onu da deyək ki, burada mühafizə olunan zəngin fondlardan biri uzun illər Moskva Dövlət Universitetinin professoru olmuş ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifindir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təxminən 100 ildən artıq tarixini əks etdirən bu fondda Qurbanəli Şərifzadənin C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, Ə.Haqverdiyev, R.Təhmasib, M.Sidqi, M.Şahtaxtlı və digərləri ilə, Əziz Şərifin isə C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Arif, M.İbrahimov, Y.V.Çəmənzəminli, T.Şahbazi (Simurq), M.Hüseyn kimi tanınmış ədəbi simalarla yazışmaları, "Molla Nəsrəddin", "Dəbistan", "Gələcək", "Dan ulduzu", "İşıq yolu" və başqa qəzet-jurnal komplektləri də xalqımızın həmin dövr mədəniyyət tarixini öyrənməkdə əvəzolunmaz materiallardır. Arxivdəki maraqlı sənədlərdən biri də 3 sentyabr 1936-cı il tarixdə Hüseyn Cavidin Mir Cəfər Bağırova yazdığı məktubdur. Orada deyilir: "Möhtərəm M.Cəfər Bağırov yoldaş!
Son zamanlarda mənə və yazılarıma qarşı - istər mənəvi, istər maddi cəhətdən - qaba və son bir qanunsuzluq var. Bu da yalnız tək-tək şəxslərin qaprizindən irəli gəlməkdədir.
Cəsarət olsa da, fikrinizi bu nöqtəyə cəlb etməklə, 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünməyinizi rica edirəm.
Hüseyn Cavid, 3.09/1936".
Daha bir maraqlı sənəd isə Abdulla Şaiqin tərcümə və qonorar məsələsi ilə bağlı Əziz Şərifə 17 sentyabr 1935-ci il tarixdə yazdığı məktubdur:
"Möhtərəm Əziz Şərif!
Öncə səmimi səlam və ehtiram. Hekayəmin tərcüməsi nə haldadır? Sürəyya xanımın tərcüməsindən sonra redaktə etdinmi? Çünki yoldaş Behbudov Sürəyyaya eynən kəlməsi kəlməsinə tərcümə etməyi tapşırmış. Halbuki eylə tərcümələr var ki, eynən tərcümə yaramaz. Sizdən çox rica edirəm, onu özünüz redaktə ediniz, o cəhətinə fikir veriniz!
Əsərin hisabinə olaraq ay yarım bundan əvvəl mənə 300 manat göndərmişlər. Mən burada olmadığımdan pulu yenə Tiflisə qaytarmışlar. Mən gəlincə yoldaş Behbudova teleqram göndərdim ki, pulu göndərsin. Bu vəqtə qədər cəvab çıxmamış, pula ehtiyacım var. Bu məktub yetincə 300 manatı göndərmələrini rica edirəm. Kitabın təbii həqqində sizin, ya yoldaş Behbudovun dörd kəlmə yazısını da rəca edirəm.
Səlam Nərimanov Əli Mirzəyə, Hüseyn bəyə, Behbudova və bütün gurcu yazıçı yoldaşlara.
17 / IX.35 il, A.Şaiq".
Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra ilk dəfə olaraq xarici ölkələrə müraciət edərək uzun illər vətən həsrəti ilə yaşayıb yaratmış Ceyhun Hacıbəyli, Abay Dağlı, Almas İldırım, Əlibəy Hüseynzadə, Timuçin Hacıbəyli, Səlim Turan, Yusif İsmayıl, Ümbülbanu, S.Ağabəyov və başqalarının sənədləri də ədəbiyyat və incəsənət arxivinə qəbul edilmişdir.
Haqqında söhbət açılan arxiv bu gün də müntəzəm olaraq ədəbiyyat və incəsənət xadimlərinin, mədəniyyətin ayrı-ayrı sahələri üzrə dövlət idarə və yaradıcılıq təşkilatlarının sənədlərini mühafizə edir və beləliklə, öz fondlarını bir daha zənginləşdirir. Son illər elektron informasiya vasitələrinin arxivin bütün sahələrinə nüfuzu burada da özünü göstərməkdədir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2011.- 8 iyul.- S.11.