Azərbaycanlı müğənni I Türkdilli ölkələr səs müsabiqəsinin qalibi olmuşdur

 

Azərbaycanlı müğənni Cəlal Abbasov Türkiyənin Mersin vilayətinin Silifke şəhərində 20 müğənninin iştirakı ilə keçirilmiş I Türkdilli ölkələr səs müsabiqəsinin qalibi olmuşdur.

TÜRKSOY-un təşəbbüsü ilə keçirilmiş müsabiqədə Qazaxıstan, Qırğızıstan, Ukraynanın Krım vilayətindən və Türkiyədən olan münsiflər heyətinin yekdil qərarı ilə azərbaycanlı gənc müğənni türk dünyasının ilk mahnı yarışmasında qalib elan olunmuşdur. İkinci yeri qazaxıstanlı Araylım Jukenova, üçüncü yeri isə azərbaycanlı Nurlan Əzizbəyli tutmuşlar.

Qırğızıstan təmsilçisi Kural Çokoyev TÜRKSOY-un xüsusi mükafatına, türkiyəli müğənni Feyza Denziyek isə Silifke bələdiyyəsinin mükafatına layiq görülmüşlər.

Müsabiqənin qalibi Cəlal Abbasova pul mükafatı və TÜRKSOY-un diplomu təqdim olunmuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 10 iyul.- S. 6.