Vətəndaşların
müraciətlərinə diqqət və tələbkarlıq
artırılır
2011-ci
ili ölkənin hərtərəfli inkişafı ili, vətəndaşların
problemlərinə və qayğılarına diqqətin
artırılması ili kimi də səciyyələndirmək
olar. Bu il yanvarın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin geniş
iclasında, ondan sonra keçirdiyi müxtəlif
müşavirə və görüşlərdə vətəndaşların
problemlərinə qayğı və diqqətin
artırılması, neqativ halların aradan
qaldırılması, xüsusilə korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi barədə
tapşırıq və tövsiyələrindən sonra vətəndaşların
həm dövlət orqanlarına, həm də kütləvi
informasiya vasitələrinə, o cümlədən bizim qəzetə
ünvanladıqları müraciətlərin sayı
artmışdır.
Sözsüz
ki, vətəndaşlar Azərbaycan Respublikası Prezidenti
Administrasiyasına daha çox müraciət edir, ən
çox inandıqları və ən çox qayğı
umduqları şəxsdən - Prezident İlham Əliyevdən
müxtəlif problemlərinin həlli üçün
kömək istəyir, qarşılaşdıqları
süründürməçilik və laqeydlik
hallarının aradan qaldırılmasını xahiş edirlər.
Bununla əlaqədar əməkdaşımız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan müsahibə almışdır. Vətəndaşların qaldırdıqları problemlərin həlli, müraciətlərə baxılmasını yaxşılaşdırmaq üçün görülən tədbirlərdən bəhs edən həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.
- Süleyman müəllim, oxucularımız hər il Prezident Administrasiyasına daxil olan müraciətlər haqqında geniş və hərtərəfli təhlillərinizlə məhz "Azərbaycan" qəzetinin səhifələrində tanış olur, bu sahədə respublikada görülən işlər, vətəndaşların qaldırdıqları problemlərin həlli üçün həyata keçirilən tədbirlər barədə dolğun məlumat alırlar. Ölkə Prezidentinin bu ilin əvvəlindən başlayaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə qəti tapşırıqlarından, vətəndaşlara bütün neqativ hallar barədə birbaşa Prezidentə və onun Administrasiyasına müraciət etmək çağırışından sonra Prezident Administrasiyasına daxil olan müraciətlərin dinamikası haqqında nə deyə bilərsiniz?
- Maraqlı mövzu və maraqlı sualdır. Ümumiyyətlə, Prezident Administrasiyasında vətəndaşların müraciətləri müntəzəm və hərtərəfli təhlil olunur, heç bir müraciət diqqətdən kənarda qalmır. Biz müraciətləri mövzular, növlər, coğrafi əhatə dairəsi, müəlliflərin sosial tərkibi və sair ən müxtəlif parametrlər üzrə təhlil edirik. Özü də bu təhlillər təkcə Prezident Administrasiyasına daxil olan müraciətləri deyil, respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olan müraciətləri də əhatə edir. Təbiidir ki, bunların nəticələri barədə respublika ictimaiyyətinə vaxtaşırı məlumatlar verilir. Bu təhlillər hər günün, hər ayın, hər ilin yekunlarına görə aparılır və məqsədimiz odur ki, vətəndaşları narahat edən problemlər ətraflı öyrənilsin, onların heç bir müraciəti cavabsız qalmasın, hər bir vətəndaşın haqlı tələbi yerinə yetirilsin, ən başlıcası, vətəndaşların Konstitusiya hüquqları qorunsun, sosial ədalət prinsipləri bərqərar olsun, bu işdə tam şəffaflıq təmin olunsun. Bunu bizdən dövlətimizin başçısı tələb edir. Bu tələb hər bir dövlət qulluqçusuna, hər bir vəzifəli şəxsə aiddir. Hər bir məmur, hər bir vəzifəli şəxs bu tələbləri yerinə yetirməyə borcludur və bunu etməyə çalışır.
Ölkə Prezidenti İlham Əliyev bu il aprelin 1-də Nizami rayonunun Keşlə qəsəbəsinin sakinləri ilə görüşərkən bir daha qeyd etmişdir: "Hər bir dövlət məmuru xalqa xidmət etməlidir. Hər bir icra başçısını vəzifəyə təyin edərkən, qəbul edərkən göstəriş verirəm ki, get, xalqa xidmət elə, bu yüksək məsuliyyəti, bu etimadı doğrult. Mənim birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Yəni, belə olmalıdır, ədalət olmalıdır. Birinci növbədə sosial ədalət".
Müraciətlərin dinamikasına gəldikdə isə, bu ilin 6 ayında müraciətlərin daxilolma dinamikası göstərir ki, doğrudan da ölkə Prezidentinin bu ilin yanvar ayında respublika Nazirlər Kabinetinin iclasında və həmin iclasdan sonra respublikanın müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərində əhali ilə görüşləri zamanı xalqa müraciətlərindən sonra müraciətlərin sayı artmışdır.
- Bunun səbəblərini nə ilə izah etmək olar?
- Hər şeydən əvvəl onunla izah etmək olar ki, vətəndaşların müraciətlərinə yerlərdə diqqət və tələbkarlıq xeyli artmışdır. Vətəndaşların ölkə Prezidentinə müraciətlərinin artması daha çox xalqın ona olan böyük inamından irəli gəlir. Vətəndaşlarda getdikcə belə bir fikir formalaşır ki, özünün həll edə bilmədiyi problemini dövlət orqanı həll edəcək, yaxud pozulmuş hüququnu bərpa edən, müdafiə edən mütləq olacaq. İndi əsas diqqət ona yönəldilir ki, hər bir dövlət orqanı, hər bir idarə və təşkilat öz funksiyasını dəqiq yerinə yetirsin, vətəndaşın hər bir haqlı tələbi qanuna uyğun olaraq, süründürməçiliyə, əsassız tələblərə yol verilmədən yerinə yetirilsin. Vətəndaşın tələbi və ya xahişi qanunun tələbinə ziddirsə, əsassızdırsa, ona lazımi izahat verilsin, müraciəti cavabsız qalmasın.
- Vətəndaşlar əsasən hansı mövzularda daha çox müraciət edirlər? Onları daha çox narahat edən nədir?
- Təbiidir ki, biz bu məsələni həmişə öyrənir, onun səbəblərini araşdırırıq. Mövzulara gəldikdə, bunlar çox müxtəlifdir. Vətəndaşlar gündəlik sosial-məişət qayğıları, hüquq-mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, əmək müqavilələrinin bağlanmaması, yaxud onların şərtlərinə əməl olunmaması, işlə təmin olunma, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli kreditlərin verilməsi, sahibkarlıq obyektlərinin, mənzillərin, avtonəqliyyat və digər əmlakın sənədləşdirilməsi və s. məsələlərdən daha çox yazırlar.
- Müraciətlərin qismən artdığını bildirdiniz. Bu, əsasən, nəyin hesabınadır, ərizələrin, yoxsa şikayətlərin?
- Əslində, müraciətlərin ərizə və ya şikayət olmasından asılı olmayaraq, çalışırıq ki, onların hər birinə diqqətlə yanaşılsın. Çünki hər bir müraciətin arxasında vətəndaşı narahat edən bir istək, bir xahiş, bir problem dayanır. Əgər vətəndaş düşdüyü müəyyən bir çətinliyi özü həll edə bilmirsə, məsələn, təbii fəlakət, sel, daşqın və ya digər səbəbdən evinə, təsərrüfatına ziyan dəymişsə, səhhətində yaranan problemi aradan qaldırmaq üçün maddi imkanı yoxdursa, yaxud mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, belə hallarda o, bir qayda olaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edir. Bildiyiniz kimi, bizdə hələ sığorta sistemi tam formalaşmayıb və bir sıra Qərb ölkələrində olduğu kimi, bizim sığorta şirkətləri belə təbii fəlakətlər zamanı vətəndaşlara dəymiş ziyanın ödənilməsini öz üzərlərinə götürmürlər. Belə halda insanlar keçmiş sovet dövründə olduğu kimi, ilk növbədə, dövlət orqanlarına üz tuturlar. Sözsüz ki, Azərbaycan dövləti öz vətəndaşını heç vaxt təbii fəlakətin və taleyin ümidinə qoya bilməz və qoymayıb. Keçən il Kür və Araz çaylarında baş vermiş sel daşqınları zamanı ölkə Prezidenti İlham Əliyevin bütün respublika təşkilatlarını, bütün bölgələri bu fəlakətin qarşısını almaq üçün necə səfərbər etdiyinin canlı şahidi olduq. Məhz bu səfərbərlik nəticəsində, necə deyərlər, el gücü sel gücünə qalib gəldi, Azərbaycan öz qüvvəsi ilə daşqının fəsadlarını aradan qaldıra bildi. Vətəndaşların müraciətlərindən göründüyü kimi, bu sahədə həyata keçirilən tədbirlər onların böyük əksəriyyətini razı salmış, müraciətlərində qeyd etdikləri bəzi çatışmazlıqlar isə dərhal aradan qaldırılmışdır.
- Şikayətlərin əsas səbəblərini nədə görürsünüz? Onların hamısı əsaslı, haqlı olurmu?
- Təbiidir ki, şikayətlərin yaranmasının əsas səbəbləri vətəndaşların ayrı-ayrı idarə və təşkilatlarda qarşılaşdıqları laqeydlik və etinasızlıqdır, tələblərinin qanunauyğun olub-olmadığı haqqında lazımi izahat ala bilməməsi, müxtəlif bürokratik maneələrdir. Əsas məqsədimiz odur ki, hər bir müraciət obyektiv araşdırılsın, vətəndaşların haqlı tələbləri yerinə yetirilsin, vətəndaşların hüquqlarını pozan, onlara laqeydlik göstərən vəzifəli şəxslər öz məsuliyyətlərini dərk etsinlər. Ən başlıcası, daha çox insanın mənafeyinə toxunan məsələlər barədə kollektiv şikayətlərin səbəbləri aradan qaldırılsın. Məsələn, son vaxtlar bir sıra müraciətlərdə sürücülərə sağlamlıq haqqında arayışın Bakı şəhərində cəmi bir yerdə - 19 saylı poliklinikada verildiyi, bunun böyük narahatlıq yaratdığı qeyd olunurdu. Mətbuatdan sizə məlum olduğu kimi, bu məsələ artıq müsbət həllini tapmış, Səhiyyə Nazirliyinin əmrinə əsasən bu iş vətəndaşların yaşayış yeri üzrə poliklinikalara həvalə edilmiş, eyni zamanda, onun üçün ödənilməli dövlət rüsumu da ləğv edilmişdir. Belə nümunələri çox göstərmək olar.
Şikayətlərin obyektivliyinə gəldikdə isə bəzən onların bir qisminin qərəzli və əsassız yazıldığı da məlum olur. Ancaq müraciətlərdə, daha doğrusu, şikayətlərdə göstərilən faktlar təsdiqini tapanda buna qarşı çox ciddi tədbirlər görülür və bu barədə ictimaiyyətin kifayət qədər məlumatı vardır.
- Bilavasitə vətəndaşların müraciətləri ilə əlaqədar vəzifəli şəxslər barəsində görülmüş tədbirlər haqqında məlumat verə bilərsinizmi?
- Yuxarıda qeyd etdiyim kimi, müraciətlərə baxılmasını yaxşılaşdırmaq üçün görülən tədbirlərdən biri də bu işə nəzarətin artırılmasıdır. Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 6 ayında nəzarət qaydasında baxılmış müraciətlərin sayı xeyli artmışdır. Bilavasitə nəzarətlə baxılan müraciətlər əsasında bir sıra ciddi qanun pozuntularının qarşısı alınmış və vəzifəli şəxslər barəsində inzibati və intizam tənbehi tədbirləri görülmüşdür. Təkcə bu ilin 6 ayı ərzində bilavasitə vətəndaşların müraciətləri ilə əlaqədar 70-ə yaxın vəzifəli şəxs barəsində intizam və inzibati tənbeh tədbirləri görülmüş, işdən azad olunmuş, müvafiq məsuliyyətə cəlb edilmiş, cərimə olunmuş və barəsində digər tədbirlər görülmüşdür.
Cari ilin 6 ayı ərzində baxılmış müraciətlərin 33 faizdən çoxu müsbət həll olunmuş, 21 faizi barədə vətəndaşlara müvafiq izahat verilmiş, 19 faizi icraya yönəldilmiş, müraciətlərin 27 faizi əsassız sayılmışdır. Bəzi müraciətlərin isə əsəbi halda yazıldığı, qərəzli, böhtan və anonim xarakterli olduğu müəyyən edilmişdir və belə müraciətlərin olması yalnız təəssüf doğurur. Elə müraciətlər də vardır ki, onların həlli dövlətimizin başçısının təsdiq etdiyi dövlət proqramlarında nəzərdə tutulmuşdur və növbəti illərdə yerinə yetiriləcəkdir. Bunlar əsasən kənd və qəsəbələrə yeni yollar çəkilməsi, körpülər salınması, su və qaz xətlərinin çəkilməsi və sair məsələlərlə bağlı müraciətlərdir.
Təsadüfi deyildir ki, bu il yüzlərlə vətəndaş müraciətlərinin müsbət həllinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Bunların arasında kollektiv müraciətlər də az deyildir.
- Minnətdarlıq məktubları təkcə müraciətlərlə bağlıdırmı?
- Xeyr, onların mövzuları çox müxtəlifdir. Özü də belə minnətdarlıq məktubları təkcə respublika vətəndaşlarından deyil, xaricdə yaşayan soydaşlarımızdan, respublikamızda olmuş xarici ölkə vətəndaşlarından da daxil olur. Ölkə vətəndaşları ərizə və şikayətlərində göstərilən faktların araşdırılıb tədbir görülməsi ilə yanaşı, respublikada gedən böyük abadlıq və quruculuq işlərinə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərə, elm, mədəniyyət və incəsənət xadimlərinə, təhsil, səhiyyə, rabitə, nəqliyyat və digər sahələrin işçilərinə göstərilən qayğı və diqqətə, ölkə Prezidentinin sərəncamları ilə verilmiş təltiflərə və sair məsələlərə görə ürək sözlərini yazır, cənab Prezidentin daxili və xarici siyasətini dəstəklədiklərini qeyd edir və ona öz minnətdarlıqlarını bildirirlər. Xaricdə yaşayan soydaşlarımız isə Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından duyduqları sevinci bölüşür, ölkə Prezidentinin öz xarici səfərləri zamanı Azərbaycanın nailiyyətlərini və haqq səsini dünyaya çatdırmasından keçirdikləri qürur hissini ifadə edirlər.
- Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq üçün Prezident Administrasiyası tərəfindən daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Müsahibəmizin əvvəlində qeyd etdiyim kimi, vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq, bu işi təkmilləşdirmək bizim gündəlik işimizdir və bu məsələlər bircə an da olsa unudulmur. Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların müraciətlərinə həmişə böyük diqqət yetirir və onları ictimai nəzarətin mühüm vasitəsi hesab edir. Buna görə də cənab Prezident vətəndaşlarla hər bir görüşündə onların rəyini öyrənməyə çalışır və bütün məsələlər barədə Prezident Administrasiyasına yazmağı tövsiyə edir. Bu il mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi sakinləri ilə görüşündə də cənab Prezident respublikada görülən işlərə ictimai nəzarətin artırılmasının vacibliyini qeyd edərək demişdir: "Əlbəttə ki, burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?! Çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır. Sizdən və bütün qəsəbələrdə yaşayan sakinlərdən xahiş edirəm ki, əgər hansısa bir məsələ düzgün həll olunmursa, yaxud da ki, hansısa qüsur varsa, mütləq mənə məlumat göndərin. İndi həm məktub göndərmək olar, elektron poçt vardır, yəni müxtəlif yollarla məlumat çatdırmaq mümkündür. Elə etməliyik ki, işlər yüksək səviyyədə görülsün və sakinlərin arzuları mütləq nəzərə alınsın".
Vətəndaşların müraciətlərinin qəbulu və işlənməsini daha da yaxşılaşdırmaq məqsədilə şöbədə tətbiq olunan yeni "Məktublar" proqramı gündən-günə təkmilləşdirilir və bu proqram daxil olan müraciətlərin daha operativ və keyfiyyətlə işlənməsini təmin edir.
- Vətəndaşların Prezidentin rəsmi internet saytına daxil olan müraciətləri də çoxdurmu və onlara necə baxılır?
- Bəli, kifayət qədər çoxdur. İndi demək
olar ki, hər evdə
kompyuter var, respublika ərazisinin 85 faizindən çoxu internet şəbəkəsi
ilə əhatə olunmuşdur. Daha vətəndaş evindəcə oturub öz ürək sözünü ölkə Prezidentinə
çatdıra bilir, öz
problemi haqqında söz
aça bilir. Bu baxımdan, respublika Prezidentinin rəsmi internet
saytı müasir texniki imkanlar hesabına daim yeniləşdirilir. Vətəndaşların bu saytdan istifadə imkanları müntəzəm genişləndirilir.
Sayt hər bir Azərbaycan
vətəndaşı üçün
açıqdır və
hər kəsin asanlıqla bu sayt vasitəsilə müraciət etmək imkanı vardır. İndi saytda yeni funksional
bölmələr yaradılmış,
onun strukturu təkmilləşdirilmişdir.
Sayta xarici ölkə vətəndaşlarının
müraciət etməsi
və müraciətlərin
ölkələr üzrə
təsnifatının aparılması
asanlaşdırılmışdır. "Azərbaycan" bölməsi
ayrıca yerləşdirilmişdir
və bu bölmədə dərhal
şəhər və
rayonların siyahısı
açılır, bu
da müraciətləri
vahid qaydada sistemləşdirməyə imkan
verir.
Saytın indi "Müraciətlər"
adlandırılan xanasında
"Dövlət orqanlarına
müraciət etmək"
bölməsi açılmış,
linklər vasitəsilə
dövlət orqanlarının
rəsmi saytlarının
müraciət səhifəsinə
keçid imkanı yaradılmışdır. Vətəndaşlar bu bölmə vasitəsilə istədiyi
dövlət orqanına
birbaşa müraciət
etmək, eyni zamanda, həmin orqanların vəzifəli
şəxslərinin qəbul
günlərini öyrənmək
imkanı əldə edəcəklər.
"Dövlət orqanlarına
müraciət etmək"
bölməsində bütün
dövlət orqanlarının,
şəhər və
rayonların sistemləşdirilmiş
adlarının aktiv siyahısı verilmişdir
ki, bu da
vətəndaşlara Prezidentin
rəsmi internet saytı
vasitəsilə mərkəzi
və yerli icra hakimiyyəti orqanlarına müraciət
etmək imkanı yaradır. Təəssüf ki, bəzi mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının rəsmi
saytlarının vətəndaşların
müraciətlərinə aid səhifələri kifayət
qədər işlək
vəziyyətdə deyildir.
Bundan başqa,
saytda "Vətəndaşların
müraciətlərinə dair qanunvericilik" bölməsi yaradılmış
və ora vətəndaşların müraciətlərinə
baxılmasını tənzimləyən
əsas normativ hüquqi aktlar və onlardan çıxarışlar əlavə
edilmişdir. İndi hər bir vətəndaş
müraciətlərə baxılmasının
norma və
qaydaları ilə elə saytın özündə tanış
ola biləcəkdir.
Saytda yaradılan
bu yeni imkanlar
vətəndaşlara müraciətlərinə
uyğun mövzunu, müraciət növünü
seçməyə, istədiyini
daha konkret və aydın yazmağa şərait yaradacaqdır. Bir sözlə, ölkə Prezidentinin rəsmi internet
saytı respublikada ən aktiv sayt
olaraq qalır.
Söhbətimizə yekun vuraraq bir
daha bunu bildirmək istəyirəm. Vətəndaşlar
tam əmin ola
bilərlər ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq onların müraciətlərinə
diqqət bundan sonra daha da
artırılacaq, bu işdə laqeydliyə, biganəliyə və qanun pozuntularına yol verən şəxslərə qarşı
daha yüksək tələbkarlıq göstəriləcəkdir.
Azərbaycan.-
2011.- 12 iyul.- S.3.