Qubada "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda seminar keçirilmişdir

 

Qubada Azərbaycan Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin təşəbbüsü ilə "İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış" mövzusunda ikigünlük treninq-məşğələ keçirilmişdir.

Şuradan AzərTAc-a bildirmişlər ki, seminarı giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakçılara rəhbərlik etdiyi qurumun Avropa Şurası (AŞ) ilə birgə layihəsinin məqsədləri barədə məlumat vermişdir. İndiyədək medianın problemləri ilə bağlı müxtəlif təşəbbüslərin reallaşdığını diqqətə çatdıran şura sədri mövcud layihənin məqsədindən danışmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu cür tədbirlərin cəmiyyət üçün xüsusi önəm daşıdığını bildirmiş, onların müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulamışdır. V.Əliyev demişdir ki, modernləşmə kursu dövlət orqanları və digər qurumlar qarşısında yeni vəzifələr qoyur. Bu baxımdan informasiya əldə etmək haqqında qanunvericiliyə riayət olunmasının zəruriliyini vurğulayan sektor müdiri mövcud istiqamətdə irəliləyişlərin ictimaiyyətlə əlaqə şöbələrinin, mətbuat xidmətlərinin işinin təşkilində, onların veb-səhifələrinin yaradılmasında və təkmilləşdirilməsində özünü göstərdiyini bildirmiş və demişdir: "Əslində belə layihələrin əsasında da həmin prosesə dəstək göstərmək və bir növ, qarşıdakı vəzifələri müəyyənləşdirmək dayanır. Əsas məsələ təbii ki, dövlət orqanlarının cəmiyyətin informasiya tələbatını ödəmələridir. Azərbaycan dövləti də bu yöndə əhəmiyyətli tədbirlər reallaşdırmaqdadır".

Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Məmmədov, Bakı Dövlət Universitetinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları mətbuat xidməti institutunun hər bir qurumun fəaliyyətindəki rolundan, belə tədbirlərin əhəmiyyətindən danışmışlar.

Təlimlərdə iştirak edən hollandiyalı ekspertlər Devid van der Huoven və Fred Gijbels "İctimai informasiya rəsmilərinin rolu və mövqeyi", "Media və vətəndaşlarla interaktiv ünsiyyət", "Hökumət informasiyasına açıq çatım və onun nəticələri" və başqa mövzularda fikir və təcrübələrini bölüşmüş, iştirakçıların suallarını cavablandırmışlar. Seminar çərçivəsində iştirakçılara Azərbaycan Respublikasının Baş Prokurorluğu və Mətbuat Şurasının birgə hazırladıqları "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabı paylanmışdır.

Seminarda Daxili İşlər, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Neft Şirkətinin, Dövlət Sosial Müdafiə Fondunun, "Azərsun Holdinq"in mətbuat xidmətlərinin nümayəndələri, eləcə də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan dövlət orqanlarının media ilə əlaqələrə məsul şəxsləri iştirak etmişlər.

Layihə çərçivəsində növbəti seminar iyulun 30-31-də Tərtər rayonunda keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.3.