Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Baş naziri Mixail Myasnikoviçi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviçi qəbul etmişdir.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurladinamik şəkildə inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Belarusla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi. İqtisadi sahədə, energetika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı investisiyalar baxımından yaxşı perspektivlərin olduğunu vurğulayan Prezident İlham Əliyev yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Gəncə avtomobil zavodunda Azərbaycan ilə Belarusun birgə layihələrinin uğurla həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı bunu iqtisadi əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Belarusun Azərbaycana dost dövlət olduğunu və ölkələrimizin bütün qurumları arasında yüksək səviyyədə əlaqələrin yaradıldığını qeyd edən Prezident İlham Əliyev Mixail Myasnikoviçin respublikamıza səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirdi.

Baş nazir Mixail Myasnikoviç Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. Baş nazir ölkələrimiz arasında həyata keçirilən birgə layihələrə, o cümlədən Gəncə avtomobil zavodunda Azərbaycan ilə Belarusun birgə həyata keçirdiyi layihələrə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. O, Gəncədəki müəssisədə olarkən yeni istehsal sahələrinin açılışında iştirak etdiyini vurğuladı.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.1.