Azərbaycan tolerantlığın dünyaya örnək olan mükəmməl nümunəsini yaradıb

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından artıq 20 il ötür. Bu 20 ildə müstəqil dövlətimiz və xalqımız çox ağır sınaqlara məruz qaldı, hətta azadlığımız itirilmək təhlükəsi ilə üzləşdi. 1992-ci ildə bir-birini əvəzləyən səriştəsiz iqtidarlar dövlətçiliyin, müstəqilliyin nə olduğunu tam mahiyyəti ilə dərk etmədilər. Ona görə də 1993-cü ilin iyununda artıq Azərbaycan müstəqilliyini itirməyin bir addımlığında qaldı.

Həmin ağır günlərdə xalq ən doğru seçimini etdi. Özünün böyük oğlu Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Proseslərin sonrakı gedişatı bu dahi siyasətçinin hakimiyyətə qayıdışının Azərbaycanın xilası üçün tək və son şans olduğunu təsdiq etdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətçiliyimiz bütün bəlalardan qurtuldu, müstəqilliyimiz saxlanıldı və möhkəmləndirildi, əbədiliyə çevrildi.

Bu gün Heydər Əliyev siyasəti yaşayır, dövlətin və xalqın xoşbəxt rifahına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, milli maraqlarımızın layiqincə qorunması Heydər Əliyev ideyalarının gerçəkləşməsinin təcəssümüdür. Bu siyasət həm də regionların dinamik sosial-iqtisadi inkişafını təmin edib. İndi ölkənin bütün bölgələri yüksəliş dövrünə qədəm qoyub. Eyni zamanda milli həmrəylik, tolerant mühit daha da möhkəmlənib.

"Azərbaycan" qəzetinin və Zaqatala Rayon İcra Hakimiyyətinin rayonun Yeni Suvagil kəndində keçirdiyi birgə "dəyirmi masa"da ölkənin sosial-iqtisadi inkişafına və dünyaya nümunə olan tolerantlıq mühitinə Zaqatala rayonunun timsalında nəzər salındı.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Hörmətli "dəyirmi masa" iştirakçıları,

Müstəqillik böyük nemətdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev dövlət müstəqilliyini xalqımızın milli sərvəti adlandırırdı. Müstəqillik mənəvi sərvət kimi ötən 20 ildə bizlərə çox uğurlar bəxş etdi. Lakin qazandığımız bütün müvəffəqiyyətlərin fonunda ən böyük nailiyyət Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulmasıdır. Bəli, müstəqil Azərbaycan dövlətçiliyi demokratik, hüquqi və dünyəvilik prinsipləri üzərində bərqərar olub. Lakin xalqımız bu nailiyyətə heç də asanlıqla çatmayıb. Düzdür, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünörəsi demək idi. Lakin sonrakı müddətdə biz "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn məqsədlərin real həyata vəsiqə qazanmasının şahidi olmadıq. Hakimiyyətdə bir-birini əvəz edən A.Mütəllibov və AXC-Müsavat hakimiyyətləri öz siyasi səbatsızlıqları ilə, demək olar ki, bu sənədi adi kağız parçasına çevirdilər. Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilmədi. Əksinə, hələ kövrək olan müstəqilliyimiz daha da zəiflədi, növbəti dəfə itirilmək təhlükəsi qarşısında qaldı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin süqutunu qaçılmaz edirdi.

Belə bir vəziyyətdə xalqın tələb və istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə milli müstəqilliyin möhkəm təməlini qoydu, xalqımızın əsl azadlıq intibahının banisi oldu. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamında bu barədə deyilir: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsi üçün həyata keçirdiyi uzaqgörən siyasət, mükəmməl dövlət quruculuğu Azərbaycanı bütün təlatümlərdən xilas etdi. Və hər dəfə arxaya dönüb kəşməkəşli, təlatümlərlə dolu illərə baxanda ulu öndərin bizə bəxş etdiyi əbədi müstəqilliyin əvəzsiz dəyərini bir daha anlamış oluruq. Ən fərəhlisi isə odur ki, ulu öndərin ölməz ideyalarının, siyasət xəttinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, müasir keyfiyyət mərhələsinə qaldırılması, yeni təşəbbüslərlə zənginləşdirilməsi, zamanın tələb və çağırışlarına uyğunlaşdırılması Azərbaycanı bugünkü dinamik inkişaf səviyyəsinə gətirib çıxarıb. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı da bununla fəxr edir, qürur hissi keçirir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın dövlət müstəqilliyi respublikamıza və xalqımıza çox böyük nailiyyətlər gətirdi. Bu gün respublikamız öz təbii sərvətlərinin sahibidir, bölgədə sözü ən kəsərli olan dövlətdir. Azərbaycan iqtisadi inkişafına görə dünyaya nümunədir. Bu bizə inkişafın Azərbaycan modelini dünyaya təqdim etməyə imkan verib.

Bütün bunlarla yanaşı, dövlət müstəqilliyi xalqımıza əsrlər boyu xas olmuş milli dəyərlərin, tarixi ənənələrin qorunmasına, yaşadılmasına və daha da möhkəmləndirilməsinə böyük töhfələr verməkdədir. Bu mənada ümumbəşəri dəyərlərdən olan milli və dini tolerantlığın yüksək səviyyədə olması da Azərbaycanın dövlət müstəqilliyinin uğurlarıdır. İnsanların hansı millətə, hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, başqa dinlərə, mənəvi dəyərlərə, mədəniyyətlərə hörmət etməli, onun adət-ənənələrinə ehtiramla yanaşmalıdırlar. Fərəhli haldır ki, çoxkonfessiyalı olmasına rəğmən Azərbaycan nadir ölkələrdəndir ki, burada milli-dini zəmində qarşıdurmanın baş verməsi mümkün deyil. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, respublikamızın bütün vətəndaşları həmrəydirlər. Cəmiyyətimizin əxlaqi-mənəvi yüksəlişi kimi niyyətlərin gerçəkləşməsində, xalqımızın bütövlüyü və birliyi kimi ümummilli məsələlərdə əmin-amanlığın və vətəndaş həmrəyliyinin qorunub saxlanması işində ölkəmizdə fəaliyyət göstərən bütün xalqların nümayəndələri və dini konfessiyalar yaxından iştirak edirlər.

Çoxmillətli və çoxkonfessiyalı olan Azərbaycanda tolerantlığın qorunması və yaşadılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun layiqli davamçısı Prezident İlham Əliyev də cəmiyyətimizdə tolerantlığın və digər mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu gün Zaqatala rayonunun timsalında bütün dünya Azərbaycandakı tolerantlığın mükəmməl səviyyəsi ilə tanış ola bilər. Elə bu "dəyirmi masa"nın iştirakçılarının və onların bu istiqamətdəki rəylərinin timsalında da tolerantlığın Azərbaycanın son 20 ildə qazandığı ən mühüm nailiyyətlərdən biri olduğu aydın görünür. Müxtəlif millətlərin nümayəndələri Zaqatalada olduqca mehriban, bir-birlərinin mədəniyyətlərinə, dinlərinə, dillərinə qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Bu gün ölkəmizdəki tolerantlığın kökündə dayanan əsas amil də məhz ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasıdır. 1993-cü ildə Heydər Əliyevin xalqın yekdil arzusu ilə hakimiyyətə qayıdışı ölkəmizdə azərbaycançılıq anlayışının milli təfəkkür tərzinə çevrilməsində mühüm rol oynadı. Ümummilli lider azərbaycançılığın ideoloji prinsiplərinin və əsaslarının formalaşmasını təmin etdi, çox qısa bir vaxt ərzində dünya azərbaycanlıları arasında milli dövlətçilik düşüncəsinin yaranmasına xidmət edən ictimai münasibətlər sistemi yaratdı.

Bu günlərdə ölkəmizin paytaxtında Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Bu qurultay bir daha göstərdi ki, ölkəmizdə dünyaya gələn, lakin müxtəlif xalqlara və etnik qruplara mənsub olan insanlar üçün bir tarixi vətən var: o da Azərbaycandır! Bu insanlar başqa dövlətlərdə fəaliyyət göstərmələrinə, hətta əzəli vətənlərinə köçmələrinə baxmayaraq, yenə də Azərbaycanı unutmurlar, ölkəmizin layiqli təmsilçiləri kimi məskunlaşdıqları dövlətlərdə Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini fəal təbliğ və təşviq edirlər.

Bəli, milli, dini müxtəliflik bizi heç də fərqləndirmir, əksinə, birləşdirir, Azərbaycanın bütünlüyünü təmin edir, mənəviyyatımızı zənginləşdirir. Bizim gücümüz birliyimizdə, Azərbaycanı vahid tam olaraq qəbul etməyimizdədir. Qarabağ müharibəsinin gedişində də erməni işğalına qarşı Azərbaycandakı etnik qruplar birləşərək qüvvələrini səfərbər etdilər. Təcavüzkara qarşı mübarizədə bu xalqların onlarla övladı şəhid və əlil oldu.

Bu gün azərbaycançılıq ideyası milli həyatımızın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədəki bütün xalqların və etnik qrupların qardaşcasına qarşılıqlı əlaqəsinin, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda həmrəyliyinin ideoloji və siyasi əsasıdır. İdeologiya kimi azərbaycançılıq Azərbaycanın sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirməklə bərabərliyin mühüm əsasını təşkil edir.

Zaqatala həm də respublikamızın turizm baxımından geniş potensialı olan rayonudur. Məlumdur ki, dövlətin bu gün qarşıya qoyduğu əsas hədəflərdən biri məhz turizmin inkişaf etdirilməsidir. Turizmin inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi, heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcəkdir.

Zəngin mədəni-tarixi irsi və əlverişli təbii şəraiti ilə məşhur olan Zaqatala rayonu da turizm sənayesinin tərəqqisi üçün böyük ehtiyatlara və inkişaf perspektivlərinə malikdir. Ən əsası, bu, hər şeydən əvvəl çox əlverişli coğrafi mövqedir. Turizmin inkişafına dövlət qayğısının nəticəsi olaraq son illərdə Zaqatalada yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, həmçinin digər sosial obyektlər inşa edilib. Bütün bunlar rayona gələn turistlərin sayının artmasına səbəb olub. Rayonda turizmi daha da inkişaf etdirmək məqsədilə regionların inkişafına dair ikinci Dövlət Proqramında infrastrukturun gücləndirilməsi, mədəni irsin qorunması, Tarix-Mədəniyyət Qoruğu, Pəri qalası, alban məbədi, Mosul məscidi və mədəniyyət evlərinin təmiri ilə bağlı layihələr nəzərdə tutulub.

Eyni zamanda Zaqatala bu gün böyük sosial-iqtisadi inkişaf və möhtəşəm abadlıq-quruculuq dövrü yaşayır. Rayonun kəndləri şəhər timsalı alaraq ən yeni infrastruktura malik olub və dinamik şəkildə yeniləşir, gözəlləşir. Elə bugünkü tədbiri keçirdiyimiz Yeni Suvagil kəndinin, buradakı tərəqqinin, əhalinin yüksələn sosial rifahının mükəmməl şəkildə formalaşan tolerantlığın timsalında bunu aydın görürük. Rayon mərkəzi də paytaxtımız kimi abad, səliqəli və müasirdir. "Dəyirmi masa"da da məhz bu nailiyyətlər müzakirə ediləcək, qarşıda duran vəzifələr barədə mülahizələrimizi bölüşəcəyik.

İndi isə çıxış üçün söz Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz ƏHMƏDZADƏyə verilir.

 

Mübariz ƏHMƏDZADƏ:

- Azərbaycan xalqı 20 ildir ki, tarixinin yeni dövrünü yaşayır. Bu dövr respublikamızın müstəqil və demokratik dövlət kimi inkişafı ilə xarakterizə olunur. Bu illər ərzində ağır sınaqlardan çıxan xalqımız dövlətçiliyimizi gücləndirməyə nail olub. Artıq müstəqilliyimizin möhkəm sütunları var. Ən əsası müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyimizin möhkəmləndirilməsi ilə yanaşı, ölkənin hərtərəfli inkişafına eyni dərəcədə diqqət verilir. Artıq Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. O cümlədən Azərbaycanın hərbi potensialı ölkəmizə qarşı istənilən xarici təhdidin qarşısını almağa tam imkan verir. Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçirilən hərbi paradı da ölkəmizin güc və qüdrətinin nümayişi idi.

Eyni zamanda Azərbaycanda sarsılmaz milli həmrəylik var. Xalqımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Ölkəmizdə olan tolerantlıq məhz azərbaycançılıq ideologiyası ilə daha da zənginləşib. Bu günlərdə keçirilən Dünya Azərbaycanlılarının III qurultayı da bunun göstəricisidir. Bu qurultayın keçirilməsi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının real həyata vəsiqə qazandığını təsdiq etdi.

Bəli, Heydər Əliyev siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktordur. 1993-cü ildən sonra arxada qoyduğumuz hər bir il Azərbaycanın tarixində inkişaf mərhələsi kimi yadda qalıb. Hər bir sahə üzrə islahatlar həyata keçirilib, dövətin inkişaf siyasətinin sistemli şəkildə reallaşdırılması üçün proqramlar qəbul olunub. Xüsusən regional inkişaf hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla reallaşması regionların tarazlı sosial-iqtisadi inkişafını təmin edib. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ötən illərdə ölkəmizdə əldə olunmuş nailiyyətin uğurla davam etdirilməsi baxımından vacib və əhəmiyyətli sənəddir. Regionların inkişafını daim diqqət mərkəzində saxlayan cənab Prezident rayon mərkəzlərində, kəndlərdə gedən abadlıq, quruculuq işlərinə böyük əhəmiyyət verir.

Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. Bu inkişafda Zaqatala rayonunun da öz payı var. Rayonumuzda son illər çox görülüb. Bu mənada Azərbaycanın bütün regionları kimi Zaqatala da indi əsl yüksəliş dövrünü yaşayır. İrimiqyaslı layihələr, dövlət proqramları rayonun inkişafında əhəmiyyətli rol oynayıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı son illərdə daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır.

Regionların inkişaf proqramlarının icrasına başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər rayonumuzda 304 müəssisə yaradılmışdır. Bu müddətdə açılan iş yerlərinin sayı 12859-a çatmışdır ki, bunun da 8400-ü daimidir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2010-cu ildə 3,8 dəfə artaraq 170,7 mln. manata, sənaye məhsulunun həcmi 11 dəfə artaraq 14,2 mln. manata, kənd təsərrüfatı məhsulunun həcmi 2,6 dəfə artaraq 85,4 mln. manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 29 dəfə artaraq 33,0 mln. manat təşkil etmişdir.

Zaqatalada tikinti, abadlıq və quruculuq işləri də son illərdə xeyli genişlənib, beləliklə, füsunkar təbiətə malik rayonumuz daha da gözəlləşib. Bu müddətdə Zaqatalada müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin adının əbədiləşdirilməsi, bu dahi şəxsiyyətin irsinin təbliği və gənc nəsillərə çatdırılması üçün mühüm işlər görülmüşdür. Belə ki, rayon mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, burada ulu öndərin abidəsi ucaldılmışdır. Zaqatalada Heydər Əliyev Mərkəzi də inşa edilmiş, həmçinin ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adını daşıyan park salınmışdır.

Zaqatalada sosial obyektlərin inşası, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, infrastrukturun təzələnməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin təşəbbüsü və qayğısı sayəsində Zaqatalada müasir tələblərə cavab verən hava limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, şəhər ştadionu, Tala çayı üzərində Asma körpü, Daxili Qoşunların "N" saylı hərbi hissəsi üçün binalar, əlillər və şəhid ailələri üçün 28 və 36 mənzilli yaşayış binası tikilmişdir. Həmçinin rayonda Turizm İnformasiya Mərkəzi yaradılmış, Ağciyər xəstəlikləri xəstəxanası tikilmiş, 7 tibb məntəqəsi, mərkəzi rayon və 2 kənd sahə xəstəxanası, 10 tibb müəssisəsi, 22 kənd və rayon mədəniyyət evi əsaslı təmir edilmiş, 24 məktəb və əlavə korpus tikilmiş, 29 məktəb binası əsaslı təmir edilmişdir. 2010-cu ildə rayon mədəniyyət evinin ətrafındakı ərazidə abadlıq və yenidənqurma işləri aparılmış, Azərbaycan klassiklərinin abidəsi yenidən quraşdırılmışdır. Qala düzü pilləkənləri yenidən əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmiş, işıqlandırma sistemi quraşdırılmışdır. Su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası olaraq Zaqatala şəhərində 1500 m3 su tutumu olan yeni su anbarının, xloratorun və laboratoriyanın tikintisi artıq başa çatmışdır və ikinci mərhələdə yeni su şəbəkəsinin tikintisinə hazırlıq işləri aparılır. Suvarma və içməli suya olan təminatın yaxşılaşdırılması üçün bütün kəndlərdə artezian və subartezian quyuları qazılmış, 6 kəndin 2100 ha əkin sahəsinin suvarılmasına xidmət edən Alazan nasos stansiyasının təmiri davam etdirilir. Meşleş çayı üzərində Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC və Zaqatala Rayon İcra Hakmiyyətinin birgə layihəsi əsasında 185 m. uzunluğunda körpü tikilib istifadəyə verilmişdir.

Təqdirəlayiq haldır ki, ümumən rayonda gedən geniş quruculuq-abadlıq işləri bütün kəndləri də əhatə etmişdir. Bu isə onu göstərir ki, rayonda həyatımızın bütün sahələrinə diqqət və qayğı var.

Ötən illərdə Zaqatalanın sosial-iqtisadi inkişafına yeni töhfələr vermək, əhalinin məşğulluğunu təmin etmək üçün rayonda sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm addımlar atılmış və konkret nəticələr əldə edilmişdir. Bütün ölkədə sahibkarlara yaradılan şərait Zaqatalada da özünü aydın büruzə verir. Belə ki, sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektləri tikilib istifadəyə verilmişdir. Buna misal olaraq iki yeni sənaye müəssisəsini-illik emal gücü 3000 ton olan tütün emalı və sutkalıq emal gücü 10 ton olan süd emalı zavodlarını, 4 yeni mehmanxananın fəaliyyətə başlamasını, 6 bank filialının açılmasını göstərmək olar.

Məqsədyönlü tədbirlər rayonda kənd təsərrüfatının dinamik inkişafına və ərzaq məhsulları istehsalının artımına imkan yaratmışdır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" respublika Prezidentinin sərəncamının icrası olaraq 2010-cu ildə 11084 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 23,8 min hektar əkin sahəsinin becərilməsinə görə 953442,8 manat məbləğində dövlət büdcəsindən yardım verilmişdir. Rayonda meyvə bağlarının bərpası və becərilməsi işləri davam etdirilmiş, fındıq bağlarının sahəsi genişləndirilmişdir. İstehsal olunan fındığın 85 faizi 15-dən çox xarici ölkəyə, o cümlədən Rusiya Federasiyasına, Almaniyaya, İtaliyaya, Polşaya, Fransaya ixrac edilir.

Zaqatalaya səfərlərinin birində Prezident İlham Əliyev demişdir: "Burada rayonun inkişafı üçün çox böyük və vacib məsələlər öz həllini tapır. Tütün zavodunun yaradılması əslində Azərbaycanda müasir tütün sənayesinin yaranması deməkdir. Biz bu gözəl ənənələri bərpa edirik və rayonun inkişafı, sənaye potensialının gücləndirilməsi üçün bunun çox böyük mənası vardır. Süd zavodu da müasir standartlara cavab verir. Bu həm iş yerlərinin açılmasıdır, həm yerli istehsalın yaradılmasıdır, həm də rayonun inkişafıdır".

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il aprelin 12-də, 2008-ci il sentyabrın 19-da və 2010-cu il iyulun 8-də Zaqatala rayonuna səfərlər etmişdir. Bu tarixi səfərlər zamanı dövlət başçısının rayonumuzla bağlı təəssüratları yüksək olmuşdur. Prezident İlham Əliyevin rayonumuzda ictimaiyyətin nümayəndələri ilə görüşləri zamanı söylədiyi fikirləri, tapşırıq və tövsiyələri hər dəfə Zaqatalanın iqtisadi, mədəni, sosial həyatında mühüm və əsaslı keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır.

Zaqatala Azərbaycanın füsunkar bölgəsi olaraq turistləri daim cəlb edən məkandır. 2011-ci ilin "Türizim ili" elan edilməsi, təbii ki, hər yerdə olduğu kimi, Zaqatalada da sevinclə qarşılanmış və rayon üçün daha geniş perspektivlər açmışdır.

Bir sözlə, ölkənin bütün regionları kimi Zaqatala da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edir, əhalinin yaşayış səviyyəsi yüksəlir. Burada görülən işlər Avropa standartlarına tam cavab verir, müasirliyi ilə seçilir. Bütün bunlar, ümumiyyətlə Zaqatalanın potensial imkanları, təbiəti, burada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görülən işlər, rayonda həyata keçirilən tədbirlərlə bağlı mətbuat orqanlarında bir çox materiallar dərc olunur. Təkcə "Azərbaycan" qəzetində rayonla bağlı 2010-cu ildə 16, cari ildə 10 material dərc olunmuş, dövlətin bu regiona olan qayğısı respublika əhalisinin diqqətinə çatdırılmışdır.

Bu il də Zaqatalada irimiqyaslı işlərin görülməsi nəzərdə tutulur. Əminik ki, görüləcək işlər Zaqatala rayonunun simasını daha da gözəlləşdirəcək, zaqatalalıların sosial həyatında ciddi dəyişikliklər yaradacaqdır.

 

Bəxtiyar SADIQOV: - Zaqatalada aqrar sahə də prioritet istiqamətlərdən biridir. Burada ölkəmizin kənd təsərrüfatının ənənəvi sahələri ilə yanaşı, özünəməxsus tərəfləri də var. Fındıqçılıq, tütünçülük, çayçılıq həmişə kənd təsərrüfatının gəlirli sahələri olub. Bu gün ölkəmizdəki uğurlu aqrar siyasət, fermerlərə subsidiyaların ayrılması Zaqatalada da kənd təsərrüfatının inkişafı və dinamik artımı ilə müşayiət olunmaqdadır. Bu barədə danışmaq üçün söz Zaqatala rayon Yeni Suvagil bələdiyyəsinin sədri XALİD MƏMMƏDOVa verilir.

 

XALİD MƏMMƏDOV:

- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında münasibətlərin müasir tələblərə cavab verən yeni forması yaranmış, torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik bərqərar olunmuş, kənddə sahibkarlar təbəqəsi formalaşmışdır. Həmçinin aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənmiş, kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artmış, istehsalın dinamik inkişafına zəmin yaranmışdır.

Fərəhli haldır ki, son illərdə ölkəmizin qədəm qoyduğu dinamik sosial-iqtisadi inkişaf aqrar sektorda da yaxından hiss edilməkdədir. Bunun nəticəsidir ki, Azərbaycanda ildən-ilə kənd təsərrüfatında artım müşahidə olunur və ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmaqdadır.

Zaqatala ölkəmizin böyük aqrar təsərrüfata malik olan rayonlarındandır. Rayon ərazisinin 51,3 min hektarı kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 25,4 min hektarı əkin yeri, 10,5 min hektarı isə çoxillik əkmələrdir. Aqrar sahədə taxılçılıq, meyvəçilik (əsasən, fındıqçılıq) və heyvandarlıq aparıcı yer tutur. Bununla yanaşı çay, günəbaxan, qızılgül (efir yağlı bitkilər) və digər kənd təsərrüfatı məhsulları da yetişdirilir.

Aqrar islahatlardan sonra rayonumuzda kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmışdır. Belə ki, 2010-cu ildə 2003-cü ilə nisbətən taxıl istehsalı 42,5 faiz, kartof istehsalı 18 faiz, tərəvəz istehsalı 12 faiz, meyvə-fındıq 45 faiz, bostan 26 faiz, ət istehsalı 14 faiz, süd istehsalı 22 faiz, yumurta istehsalı 74 faiz artmışdır.

Rayonda heyvandarlıq da dinamik inkişaf edir. İctimai mal-qaranın özəlləşdirilməsi bu sahəyə marağı daha da artırmış, 2010-cu ildə qaramalın baş sayı 2003-cü ilə nisbətən 4,1 faiz, davarın sayı 3,1 faiz artaraq müvafiq olaraq 59,5 min baş və 139 min baş olmuşdur. Rayon üzrə diri çəkidə ət istehsalı 7810 ton, süd istehsalı 40283 ton, yun istehsalı 285 ton, yumurta istehsalı 16500 min ədəd, bal istehsalı 141 ton olmuşdur. Rayonda arıçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilərək arı təknələrin sayı 11 min ədədə çatdırılmışdır. Aqrar sahədə əldə olunan ümumi daxili məhsulun həcmi 2,6 dəfə artaraq 85 milyon 449 min manat olmuşdur.

Prezident İlham Əliyevin açılışlarında iştirak etdiyi yeni süd emalı, tütün emalı zavodlarının, eləcə də müasir tütün qurutmaxanalarının fəaliyyət göstərməsi bu sahələrin gələcək inkişafını stimullaşdırmışdır. Yeni fındıq emalı müəssisələrinin istifadəyə verilməsi dünya bazarına rəqabət qabiliyyətli məhsulun çıxarılmasına və fındıq bağlarının genişləndirilməsinə zəmin yaratmışdır. Rayonumuzda tikintisi başa çatmaqda olan 1000 tonluq soyuducu anbarın istifadəyə verilməsi isə istehsal olunan meyvə-tərəvəzin uzun müddət saxlanılmasına xidmət edərək fermerlərin bu sahəyə olan marağını artıracaqdır.

Bütün bunlarla yanaşı, rayonumuzda torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkələrinin təmiri və əhatəsinin genişləndirilməsinə diqqət artırılmış, selin dağıdıcı təsirinin qarşısının alınması məqsədi ilə çay yataqları təmizlənmiş, yeni mühafizə qurğularının tikintisi, eləcə də 6 kəndin ərazisini əhatə edən 2101 ha əkin sahəsinin suvarılmasına xidmət edəcək iki pilləli "Alazan" nasos stansiyasının təmiri davam etdirilmişdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən respublika əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının icrası olaraq rayonumuzda da xeyli iş görülmüşdür. Belə ki, daxili istehsal hesabına rayon əhalisinin tələbatı buğda məhsulu üzrə 67,5 faiz, tərəvəz-bostan məhsulları üzrə 219 faiz, meyvə-giləmeyvə üzrə 5,4 dəfə, ət 100 faiz, süd 167 faiz, yumurta 98 faiz ödənilmişdir

Bütün bu deyilənlər onu sübut edir ki, ölkəmizin sosial-iqtisadi inkişafı Zaqatala rayonunda da davamlı inkişafa səbəb olmuşdur.

 

Bəxtiyar SADIQOV: - Sovetlər dönəmində Zaqatalada bir sıra sənaye və kənd təsərrüfatı məhsullarının emalı müəssisələri yaradılmışdı. Lakin müstəqilliyimizin ilk illərindəki böhran Zaqatalada da iqtisadi sahəyə böyük zərbə vurmuşdu. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlanan islahatlar bu tənəzzülün qarşısını aldı. Bu gün həyata keçirilən regional inkişaf proqramlarının nəticəsi olaraq Zaqatalada da sosial-iqtisadi sahəyə diqqət xeyli gücləndirilmişdir. Bu barədə danışmaq üçün söz Zaqatala Rayon Statistika İdarəsinin rəisi Fəxrəddin QURBANOVa verilir.

 

Fəxrəddin QURBANOV:

- Respublikamızda aparılan islahatlar Zaqatala rayonunun iqtisadiyyatında vacib sahələrin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb edilməklə yeni müəssisələrin yaradılmasına, vaxtilə əsas iqtisadi fəaliyyət və istehsal istiqaməti olan sahələrin yenidən dirçəldilməsinə, güclü sahibkarlar təbəqəsinin formalaşmasına və onların cəmiyyətdəki mövqelərinin güclənməsinə öz müsbət təsirini göstərmişdir. Belə ki, vaxtilə rayonumuzun adını ölkənin hüdudlarından çox-çox uzaqlarda tanıtmış gülçülük sahəsinin inkişafı üçün mövcud qızılgül plantasiyaları bərpa edilmiş, yeni gül plantasiyalarının genişləndirilməsinə başlanılmışdır. Yeni, müasir avadanlıqlar tətbiq edilməklə Gül yağı emalı zavodunun fəaliyyəti bərpa edilmişdir. Artıq zavod ildə 25 ton gül ləçəyi tədarük etməyə başlamış və gələcəkdə onun istehsal gücünün daha da artacağı gözlənilir.

Tütünçülük hələ sovet dövründən rayon iqtisadiyyatının həlledici sahələrindən sayılırdı və hər il 10 min tondan çox məhsul yetişdirilməklə əhalinin əsas məşğulluq sahəsi hesab olunurdu. Bu sahəni inkişaf etdirmək üçün əkin sahələrinin genişləndirilməsinə başlanılmış, dünya bazarında daha çox tələb olunan Berley və Verciniya kimi ətirli tütün sortlarının yetişdirilməsinə üstünlük verilmiş, 60 ədəd odla tütün qurutmaxanası, 5000 kvm sahəsi olan anbar binası, 7320 kvm sahəsi olan müasir texnologiyaya əsaslanan tütün şitillik təsərrüfatları yaradılmışdır.

Fındıqçılıq da rayonun əsas sahələrindən biri hesab olunur. Bu sahənin inkişafı üçün rayonda 1478 ha sahədə fındıq bağları salınmış, yeni fındıq emalı sexləri istifadəyə verilmişdir. Fındıqçılıqda aparılmış işlər bu sahənin kifayət qədər inkişaf etməsinə təkan vermiş və istehsal olunan sənaye məhsulunun 55-60 faizini təşkil edir.

Hər il rayonda 34-35 min ton ekoloji cəhətdən təmiz süd istehsal olunur. Əvvəllər rayonda süd məhsullarının emalını həyata keçirən Yağ-pendir zavodunun istehsal texnologiyası köhnəldiyindən rayonda müasir standartlara cavab verən gündəlik emal gücü 10 ton olan Süd emalı zavodu tikilərək fəaliyyət göstərməyə başlamışdır. Rayonda təbii su ehtiyatlarının, yabanı meyvə və giləmeyvələrin olması iş adamlarına süfrə suları, etil spirti və alkoqollu içkilər, konservləşdirilmiş meyvə-tərəvəz məhsulları, pivə istehsalı ilə məşğul olmağa və bu sahələri inkişaf etdirmək üçün yeni müəssisələr yaratmağa imkan vermişdir.

Son illərdə rayonda "Ağ bulaq", "Naib bulaq", "Ləzzət", "Pəri qala" və s. mineral süfrə sularının istehsalına başlanılmış, etil spirti və alkoqollu içkilər istehsal edən "Drujba" MMC yaradılmış, alkoqolsuz içkilər və pivə istehsal edən "Acalov" MMC-nin və "Prima" firmasının fəaliyyəti bərpa edilmişdir. Rayonda fəaliyyət göstərən konservləşdirilmiş meyvə-tərəvəz sexlərində respublikada yeganə hesab edilən qızılgül, qoz mürəbbələri və digər növ məhsullar istehsal edilir.

Çayçılıq son illər inkişaf edən sahələr sırasındadır. Bu məqsədlə rayonda Almaniya Beynəlxalq Cəmiyyəti vasitəsi ilə çayçılığın inkişafı layihəsi həyata keçirilmiş, 65 hektar sahədə çay plantasiyaları bərpa edilmiş, becərilmədə yeni texnologiyalar tətbiq edilmiş və çay fabrikinin fəaliyyəti bərpa edilmiş, eyni zamanda yeni çay emalı fabriki açılmışdır. Artıq rayonda hər il 25-30 tona qədər yüksək keyfiyyətli quru çay istehsal olunur.

Rayonda sosial sahə həmişə diqqət mərkəzində saxlanılmış, əməyin ödənilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrə pensiya və müavinətlərin çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, ünvanlı dövlət sosial yardımın tətbiqi sahəsində müntəzəm və məqsədyönlü işlər aparılmışdır.

Respublikada həyata keçirilən ən böyük sosial layihələrdən hesab olunan ünvanlı dövlət sosial yardımların verilməsi Zaqatalada da uğurla icra edilmiş və minlərlə ailə dövlətin bu qayğısını öz evində hiss etmişdir. Hazırda rayonda 1178 ailə və ya 5130 nəfər ünvanlı dövlət sosial yardım alır.

Zaqatala şəhərində əlillər və şəhid ailələri üçün 28 mənzilli və 36 mənzilli 2 yaşayış binası, 4 fərdi yaşayış evi tikilmiş və hər cür avadanlıqlarla təmin olunaraq onların istifadəsinə verilmişdir. Həmçinin son vaxtlarda 49 nəfər Çernobıl əlilinin hər birinə 150 manat olmaqla müalicə pulu ödənilmiş, 7 nəfər əlilə müalicəyə getmək ücün sanator-kurort yollayışı, 56 nəfərə əlillik, 2 nəfərə şəhidlik vəsiqəsi və növbədə olan 6 nəfər Qarabağ əlilinə "Slavuta" markalı minik avtomobili verilmişdir. Hazırda rayonda yaşayan 213 nəfər tək və kimsəsiz ahıl vətəndaşa müxtəlif növ sosial xidmətlər göstərilir.

Zaqatalada gənclərin də problemlərinin həlli istiqamətində müəyyən işlər həyata keçirilmişdir. Gənc ailələrin mənzil problemlərinin həll edilməsi, onların həyat səviyyəsinin yüksəldilməsi məqsədilə 227 gənc ailəyə 15,97 ha həyətyanı torpaq sahəsinin ayrılmasına kömək göstərilmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara 1,1 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.

 

Bəxtiyar SADIQOV: - Zaqatalaya qədəm qoyanda diqqətimizi cəlb edən əsas məqamlardan biri rayonun siması oldu. Bu ondan xəbər verir ki, abadlıq və quruculuq işləri rayonda əsas fəaliyyət istiqamətlərindəndir. Rayon mərkəzi öz gözəlliyi ilə göz oxsayır. Kəndlər isə şəhər görkəmi alır. Aparılan abadlıq və quruculuq işlərinin gözəlliyi ilə təbiətin füsunkarlığı burada vəhdət təşkil edir, bir-birini tamamlayır. Bu barədə danışmaq üçün söz Zaqatala poçtamtının müdiri, Yeni Azərbaycan Partiyası Zaqatala Rayon Təşkilatı qadınlar şurasının sədr müavini Namidə SÜLEYMANOVAya verilir.

 

Namidə SÜLEYMANOVA:

- Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev rayon mərkəzlərində, kəndlərdə gedən abadlıq, quruculuq işlərinə böyük əhəmiyyət verir. Buna görə də mən çıxışıma Prezident İlham Əliyevin 2010-cu ilin iyul ayında Zaqatalaya sayca üçüncü səfəri zamanı dediyi "Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir" sözləri ilə başlamaq istəyirəm. Həqiqətən də son illərdə rayonda abadlıq, quruculuq işləri böyük vüsət almış, rayon mərkəzinin və kəndlərin siması tanınmaz dərəcədə dəyişmişdir. Bir sözlə, abadlıq, quruculuq rayonda əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Keçən dövr ərzində rayonda yeni parklar salınmış, onlarla təhsil, səhiyyə, mədəniyyət və sosial obyektlər əsaslı təmir olunmuş, yeniləri inşa edilmiş, kəndlərin müasirləşdirilməsi, zəruri infrastrukturların yaradılması istiqamətində müəyyən işlər görülmüşdür. Rayonda elə bir ucqar kənd qalmamışdır ki, orada tikinti, abadlıq və quruculuq işləri aparılmasın. İndi kəndlər də şəhər görkəmi alır, inşa edilən fərdi yaşayış evləri müasirliyi, abadlığı, şəraiti və memarlıq görkəmi ilə şəhərdəkindən seçilmir. Kəndlərdə müasir standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və xidmət obyektləri tikilib istifadəyə verilmiş, kənd mərkəzlərində abadlıq işləri görülmüş, kəndarası yollar asfaltlaşdırılmışdır. Bunu Yeni Suvagil kəndinin timsalında açıq-aydın görmək mümkündür. Hazırda həyətində toplaşdığımız Yeni Suvagil kənd mədəniyyət evi əsaslı təmir olunaraq yeni inventar və avadanlıqlarla təchiz edilmiş, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bu binada bir çox respublika və rayon səviyyəli tədbirlər keçirilmişdir. Bundan başqa kəndin mərkəzində Şəhidlər xatirə kompleksi tikilmiş, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan abidə əsaslı təmir olunmuş, kənd yolu asfaltlaşdırılmışdır. Ümumiyyətlə, rayonda yerli əhəmiyyətli kəndarası yollar əsasən asfaltlaşdırılmış, Meşleş, Yuxarı Tala kəndini rayon mərkəzi ilə birləşdirən körpünün tikintisi başa çatdırılmış, Tala çayı üzərində Asma körpü istifadəyə verilmiş, Car, Yuxarı Tala və Bəhmətli kəndlərində yeni poçt şöbələri inşa edilmiş, Yuxarı Tala, Aşağı Tala, Çökəkoba, Göyəm, Sumaylı, Dardoqqaz, Kebeloba, Muxax və Zəyəm kəndləri qazlaşdırılmış, digər kənd yaşayış məntəqələrinin qazlaşdırılması üçün tədbirlər görülür.

Son illərdə Zaqatala şəhərinin abadlaşdırılması sahəsində görülmüş işlər onun simasını əhəmiyyətli dərəcədə dəyişmişdir. Dövlətimizin rayon mərkəzinə olan diqqət və qayğısı sayəsində onun ərazisi dörd dəfəyədək genişlənmiş, vağzal ətrafı ərazidə, Mədəniyyət evinin ətrafında, Bəkməz çayı sahəsində abadlıq və yenidənqurma işləri aparılmaqla 3 hektara yaxın sahədə yeni istirahət zonası yaradılmış, Vidadi küçəsində Akademik Zərifə Əliyevanın adına park salınmışdır. Azərbaycan klassiklərinin abidəsi yenidən quraşdırılmış, Zaqatalanın simvolu olan "Qala düzü" pilləkənlərində və ona bitişik ərazidə əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır. İnzibati ərazisinin genişləndirilməsi ilə əlaqədar hazırda şəhərin yeni baş planı işlənilir.

Şəhər 1 və 4 saylı uşaq bağçalarında əsaslı təmir işləri aparılaraq yeni inventar və avadanlıqlarla təchiz edilmiş, hazırda 7, 9 və 10 saylı uşaq bağçalarında əsaslı təmir işləri davam etdirilir, "Xilaskar əsgər" abidəsində əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə yanaşı onun təmiz saxlanmasına da diqqət artırılmışdır. Zaqatala şəhəri "Kiyev təşəbbüsü Regional Proqramı" çərçivəsində həyata keçirilən "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin iştirakçısıdır. Avropa Şurası tərəfindən maliyyələşdirilən bu layihənin başlıca məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin, onların ətraf mühitinin, abidələr və ərazinin yenidənqurma və təkrar işlənməsi vasitəsi ilə canlandırılması üçün strateji inkişaf planının həyata keçirilməsinə yardım etməkdir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Şurasının ekspertləri tərəfindən respublikanın digər 9 rayonunun iştirakı ilə rayonumuzda keçirilən təlimdə Zaqatala şəhəri üçün hazırlanmış "İlkin texniki fayl"ın təqdimatı olmuşdur.

 

Bəxtiyar SADIQOV: - 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu ötən müddət ərzində ölkəmizin sosial, ictimai və mədəni həyatında yaxından iştirak edərək çoxsaylı layihələr həyata keçirib. Fondun təşəbbüsü və dəstəyi ilə respublikamızın bütün bölgələrində xəstəxana və məktəb tikintisi geniş vüsət alıb. Buraya müraciət edən, şəfqətə ehtiyacı olan bütün insanların istəkləri reallaşıb. Heydər Əliyev Fondu Zaqatala rayonunda da xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilib. Fondun dəstəyi və himayəsi ilə bu rayonda da çoxlu layihələr həyata keçirilib. Bu barədə danışmaq üçün söz Heydər Əliyev Mərkəzinin direktoru Könül ABDULOVAya verilir.

 

Könül ABDULOVA:

- Dövlət müstəqilliyinin 20-ci ilinə qədəm qoyan Azərbaycan Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyib inkişaf edir. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyimizin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir.

7 il öncə elə bu zərurətdən yaranan Heydər Əliyev Fondu ulu öndərin ideyalarını, xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental, çoxşaxəli layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə həm maddi, həm də mənəvi dəstək verir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti eyni zamanda bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib.

2004-cü ilin mayın 10-da Heydər Əliyevin doğum günündə təntənəli açılışı olan fond ötən 7 ildə öz fəaliyyəti ilə Azərbaycanın həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə və regionda analoqu olmayan ictimai quruma çevrildiyini sübut edib. Bu müddətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr, doğrudan da maraqlı və rəngarəngdir. Fond xeyriyyəçilikdən tutmuş səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafına, mədəniyyətimizin və mədəni irsimizin dünyada təbliğinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, ölkəmizin dünyadakı imicinin formalaşmasına, amnistiya təşəbbüsçüsü olmağa qədər müxtəlif sferalarda məhsuldar fəallığı ilə ulu öndərin ideyalarına ləyaqətlə xidmət etdiyini təsdiqləyib. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu insanların ümid yerinə çevrilib.

Prezident İlham Əliyev qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd edib. Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər kəsdə fərəh və qürur hissləri doğuran fəaliyyətinin əsasında onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, həyata keçirilən proqram və layihələrə və ümumən fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır. Mehriban xanım Əliyevanın bəyan etdiyi kimi, fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var - insanlara təmənnasız yaxşılıq!

Bütün sahələrdə əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər rayonda da bir çox işlər görülüb. Ölkəmizin dörd bir yanında geniş vüsət alan məktəb və xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda 240 şagird yerlik Faldarlı, Qandax, Yuxarı Çardaxlar kənd orta məktəb binaları tikilib. Qədim tarixə malik, 100 yaşlı şəhər 1 saylı orta məktəbi məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Məktəblərimiz bütün fənlər üzrə əyani vəsaitlərlə təmin edilib. Hər il birinci sinfə qədəm qoyan məktəblilər üçün pulsuz məktəbli çantalarının verilməsi də Fondun nəcib əməllərindəndir. Əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə 1 mədəniyyət evi əsaslı təmir olunub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik təbdirlərinin nəticəsində yüzlərlə insan normal sağlam həyata dönüb. Rayonda da əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması məqsədi ilə geniş kütləvi müayinə və müalicə işləri aparılmış, 2009-cu ildə 5 xəstədə açıq ürək əməliyyatı aparılmış, Z.Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun kollektivi səyyar tibbi müayinə avtomobili ilə rayonda olmuş, 250 nəfər müayinə edilmiş və 25 nəfərə cərrahi müdaxilə göstərilmişdir. Fondun təşəbbüsü ilə rayonda olan talassemiyalı və hemofiliyalı xəstələr daim pulsuz qanla təmin olunurlar. Bununla yanaşı cari ildə Fondun dəstəyi ilə Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutunun əməkdaşlarının iştirakı ilə rayonda kütləvi qanvermə aksiyası keçirilmiş, aksiyada könüllü olaraq 250 nəfərdən artıq şəxsdən qan alınmışdır.

Heydər Əliyev Fondu ulu öndərin ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir. Nəcib əməlləri ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə alması işində bundan sonra da yeni zirvələr fəth edəcək, doğma Azərbaycanın adını hər zaman layiqincə ucaldacaq.

 

Bəxtiyar SADIQOV: - Azərbaycan bu gün inkişaf səviyyəsinə görə dünyada öncül yerlərdən birini tutur. Lakin qətiyyətlə deyə bilərik ki, tolerantlığın səviyyəsinə görə Azərbaycan dünyanın lider dövlətidir. Azərbaycan xalqı tolerantdır. Tarixin müəyyən mərhələlərində, o cümlədən müstəqilliyimizin ilk illərində bəzi xarici dairələr bu tolerantlığın pozulmasına, ölkəmizdə milli ədavətin yaradılmasına çalışıblar. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün təhdidlərin qarşısı alındı. Ölkəmizin mənəvi dəyəri olan tolerantlıq daha da yüksəldildi və azərbaycançılıq ideyası ilə zənginləşdirildi. Bu gün Zaqatalanın timsalında Azərbaycan dünyada tolerantlığın ən mükəmməl modellərindən birini yaradıb. Bu barədə danışmaq üçün söz Zaqatala Rayon Ağsaqqallar Şurasının sədri İsa ƏHMƏDOVa verilir.

 

İsa ƏHMƏDOV:

- Azərbaycanın şimal-qərbində yerləşən Zaqatalanın özünəməxsus üstünlükləri vardır. Uca Tanrı bu yerlərdən heç bir gözəlliyi əsirgəməmişdir. Təbii gözəlliklərlə bərabər, Zaqatalanın başqa heç yerdə rast gəlinməyən bir özəlliyi də vardır. Bu da müxtəlif millətlərin və etnik qrupların minilliklər boyu qardaşcasına birgə yaşayış nümunəsidir.

Zaqatalanın Azərbaycanın tarixində hər zaman fəxr etməli yeri və rolu olmuşdur. Yerləşdiyi coğrafi ərazinin mühümlüyünü nəzərə alsaq, deyə bilərik ki, bu ərazi Azərbaycanın dövlətçilik tarixində ən qanlı hadisələrin şahidi olmuşdur. Müxtəlif dövrlərdə bu əraziyə yiyələnmək niyyətində olan qüvvələrin qarşısında zaqatalalılar sipər kimi dayanmış, Azərbaycanın şimal-qərbində alınmaz qala rolunu oynamışdır. Tarixdə belə faktlar çoxdur.

Birgə yaşayışın Zaqatala modeli tarixin bütün dövrlərində sınaqlardan uğurla çıxmışdır. Biz bu gün fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay dövründə zaqatalalılar dövlətə hər bir sahədə fədakar xidmət göstərmişlər. Siyasi və hərbi sahədə zaqatalalıların köməyi daha çox olmuşdur. Zaqatala qalasında formalaşan milli ordumuzun ilk alayında burada yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmuşlar. Zaqatala alayı erməni daşnaklarına qarşı Qarabağda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Bu barədə bir-birindən dəyərli tarixi faktlar mövcuddur. Zaqatala alayının göstərdiyi şücaətlər barədə general Cavad bəy Şıxlinski belə demişdir: "Zaqatala alayının əsgərləri böyük şücaətlə döyüşürlər. Mən xüsusən praporşik Qazıyevin göstərdiyi igidliyi ayrıca qeyd etmək istərdim".

Zaqatalalılar tariximizin bu şanlı dönəmində müstəqilliyimizə düşmən kəsilən bolşevik istilasına qarşı yenə də öz haqq səslərini ilk olaraq qaldırdılar. 1920-ci ilin yayında Zaqatalada bolşevik istilasına qarşı bir həftədən çox davam edən üsyanda zaqatalalıların bir yumruq kimi birləşərək azadlıq uğrunda ölümü əsarətdən üstün tutmaları tarixi bir faktdır. Bundan əlavə zaqatalalılar Gəncədə bolşevik istilasına qarşı da böyük igidliklə mübarizə apardılar, bu mübarizədə ən dəyərli vətənsevər övladlarını qurban verdilər. Həlak olanların içərisində Zaqatalada yaşayan bütün xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar, avarlar, saxurlar, ingiloylar və digər millətlərin nümayəndələri var idi.

Birgə yaşayışın Zaqatala modelinin bu tarixi kökləri, ənənələri minilliklərdən bəri burada yaşayan insanlar arasında qarşılıqlı hörmətə, ehtirama və sonsuz inama söykənir. Bu birlik tarix boyu burada yaşayan insanlar tərəfindən formalaşdırılmış və inkişaf etdirilmişdir. Demək olar ki, Zaqatalanın timsalında Azərbaycan dünyada tolerantlığın ən mükəmməl modellərindən birini yaratmışdır. Müstəqilliyimizin qazanılmasında və ərazi bütövlüyümüzün qorunmasında zaqatalalılar yenə də vətən qarşısında öz fədakar xidmətlərini göstərmişlər. Qarabağ uğrunda gedən döyüşlərdə zaqatalalılar 200-dək şəhid vermişlər. Müstəqilliyimizə qarşı dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında böyük şücaət göstərən iki nəfər zaqatalalı gənc müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zaqatalalıların bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində zaqatalalıların çox böyük xidməti olmuşdur. Bu gün siz öz əməyinizlə, zəhmətinizlə ümumi işimizə böyük töhfə verirsiniz".

Zaqatalada yaranan ailələr birgə yaşayışın ən gözəl nümunəsi hesab oluna bilər. Bir ailədə azərbaycanlı, avar, saxur, ingiloy və s. millətlərin nümayəndələrinin bir arada olması, onların şən və mehriban yaşaması özü bütövlükdə bu tolerantlığın ən bariz nümunəsidir. Azərbaycan dövləti tərəfindən yaradılan böyük imkanlar burada yaşayan hər bir xalq və etnik qrupların öz adət-ənənələrini, dillərini, mədəniyyətlərini maneəsiz inkişaf etdirməyə şərait yaratmışdır. Bu gün rayondakı bütün xalqların nümayəndələri Azərbaycan dövlətinin yeritdiyi bu siyasəti ürəkdən bəyənir və yekdilliklə müdafiə edirlər. Zaqatalalılar tariximizin bu şanlı mərhələsində birlik nümayiş etdirərək ölkəmizin xoşbəxt gələcəyi naminə hər cür fədakarlığa hazır olduqlarını əməli işləri ilə sübut edirlər.

 

Bəxtiyar SADIQOV: - Regionların sosial-iqtisadi inkişafında ölkənin turizm potensialının da hərəkətə gətirilməsi qarşıya qoyulan vacib məqsədlərdən biridir. Ayrı-ayrı rayonlarda, o cümlədən Zaqatalada bu məqsədlə yaradılan infrastruktur obyektlər hətta bəzən inkişaf etmiş ölkələrin səviyyəsini də ötürlər. Elə buna görədir ki, son illər Azərbaycana və ölkəmizdə turizmin önəmli inkişaf məkanlarından olan Zaqatalaya gələn turistlərin sayı xeyli artıb. Bu barədə danışmaq üçün söz Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri SƏFƏR RAMAZANOVa verilir.

 

SƏFƏR RAMAZANOV:

- Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi ötən illərə nisbətən daha genişmiqyaslı olmasın. Turizm sektoru da ölkəmizin ümumi inkişafı fonunda çiçəklənir. Bu gün Azərbaycanın hansısa bölgəsi deyil, bütün ərazisi öz turizm potensialını zənginləşdirir.

Zaqatala turizm inkişafı üçün olduqca əlverişli bir zonadır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları nəticəsində rayon bu gün sözün əsl mənasında intibah dövrünü yaşayır. Zaqatalanın günü-gündən inkişafı onun təbii gözəlliklərinə yeni, valehedici rənglər qatır. Bir sözlə, dağların, meşələrin, çayların qucaqlayıb bağrına basdığı Zaqatala tarixi simasını saxlamaqla daha gözəl şəhərə çevrilir.

Rayonumuzda dağlıq və dağətəyi ərazilər ecazkar gözəlliyi ilə hər kəsi heyran edir. Dağlardan axıb gələn Tala, Zilban, Katex, Muxax çayları, çoxlu təbii bulaqları, respublikamızın ən böyük çaylarından olan Qanıx çayı içməli və suvarma suyuna olan tələbatın başlıca mənbələridir.

Qəbizdərə kəndinin ərazisində 15 metr hündürlükdən tökülən respublikanın ən bol sulu şəlaləsi, səfalı yaylaqları, münbit torpaqları, təbii coğrafi şəraiti və mülayim iqlimi vardır. Rayona səfər edən qonaqların bir çoxu bu məkanın təbiətini, füsunkar gözəlliyini qeyd edir və haqlı olaraq Zaqatalanı Avropanın dünyada məşhur olan turizm şəhərlərinə bənzədirlər.

1929-cu ildə yaradılmış Zaqatala qoruğu Zaqafqaziyada ilk qoruqlardan biridir. Qoruğun fauna və florası olduqca zəngindir. Qoruğun inzibati ərazisində fəaliyyət göstərən təbiət muzeyi Zaqatala təbiətinin zənginliyini özündə əks etdirir.

Prezident İlham Əliyevin Zaqatalaya ikinci səfəri zamanı Zaqatala beynəlxalq hava limanının istifadəyə verilməsindən sonra bu zonaya üz tutan əcnəbi turistlərin sayı ildən-ilə artır. Rayonumuzun turizm potensialının beynəlxalq aləmdə tanınması üçün respublikamızın mərkəzində və başqa bölgələrdə sərgilər, infoturlar keçirilmiş, daxili turizm mövzusunda keçirilən respublika sərgilərinin hər ikisində Zaqatalanın turizm imkanları yüksək səviyyədə təqdim olunmuş və böyük maraqla qarşılanmışdır.

Rayon ərazisində kifayət qədər turizm obyekti fəaliyyət göstərir. Turizm ilində yeni turizm mərkəzlərinin, hotellərin inşası nəzərdə tutulmuş, rayonun mərkəzində yerləşən qədim "Qala düzü" pilləkənləri öz qədim üslubunu saxlamaqla təmir olunub istifadəyə verilmişdir.

Turistləri əsas maraqlandıran yerlərdən biri də Tarix-Diyarşünaslıq Muzeyidir. Muzeyin çox zəngin fondu vardır ki, burada 16 min eksponat nümayiş etdirilir. Zəngin tariximizin, folklorumuzun olması turistlərdə maraq oyadır. Onlar Zaqatalanın gözəlliyinə heyran olurlar. Burada Heydər parkı, Z.Əliyeva adına park, Dədə-Qorqud meydanı, Tarix Mədəniyyət qoruğu, tarixi faktlarla maraqlanan əcnəbi qonaqların daha çox diqqətini cəlb edən Zaqatala qalası, Car kəndindəki Cingöz qala, alban məbədi, Yuxarı Çardaxlar kəndindəki Pəri qalası, ümumiyyətlə, bütün bu tarixi və təbii turizm imkanlarını müasir olimpiya idman kompleksi, beynəlxalq hava limanı və rahat avtomobil yolları daha da zənginləşdirir. Ən əsası isə Zaqatalaya gələn istənilən qonağı müasir turizmdə əsas amillərdən olan gülərüz, mehriban rəftarlı xidməti personal qarşılayır.

 

Bəxtiyar SADIQOV:

- Hörmətli "dəyirmi masa" iştirakçıları,

Müstəqilliyimizin bərpasından ötən 20 ildə respublikamız həqiqətən böyük inkişaf yolu keçib. Lakin onu da unutmuruq ki, müstəqilliyin ilk illərində təlatümlər də gördük, hətta azadlığımızı itirmək təhlükəsi qarşısında belə qaldıq. Nə yaxşı ki, xalqımızın Heydər Əliyev kimi böyük oğlu vardı. 1993-cü ildən başlanan Heydər Əliyev siyasi kursu müstəqilliyimizin itirilməsinin qarşısını aldı, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etdi. Bütün bunlar böyük nailiyyətlərdir.

Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin əbədiliyinə, dönməzliyinə, dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli tədbirlər, qazandığımız bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın dövlət müstəqilliyi yeni nailiyyətlər hesabına daha da möhkəmlənəcəkdir.

Əlbəttə, ötən 20 ildə iqtisadiyyatımızı dəfələrlə artırmağa nail olmuşuq, o cümlədən iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Artıq Azərbaycanda azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində dövlətin və xalqın maraqlarına cavab verən yeni iqtisadi sistem təşəkkül tapıb. Fərəhli haldır ki, bu inkişaf regionlarda daha yaxından hiss olunur. Xüsusən ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının zəfər qazanması nəticəsində ölkəmizin maliyyə imkanlarının artması regionlarda dövlət siyasətinin uğurla həyata keçirilməsini təmin edib.

2004-2008-ci illərdə gerçəkləşdirilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı digər rayonlar kimi Zaqatalanı da yeni inkişaf mərhələsinə çıxarıb. Çıxışlardan bəlli oldu ki, son illərdə rayonun infrastrukturu yeniləşib, yeni yollar çəkilib, beynəlxalq standartlara cavab verən hava limanı tikilib. Zaqatala Müalicə-Diaqnostika Mərkəzi yüksək tibbi xidməti ilə sakinlərin üzünə açıqdır. Ən əsası rayonda əhalinin məşğulluğu xeyli təmin edilib. Bu da təbii ki, həm bütövlükdə rayonun yüksəlişində, həm də burada turizm sənayesinin inkişafında mühüm rol oynayır.

"Dəyirmi masa"da maraqlı çıxışlar edildi, fikirlər səsləndirildi. Ölkəmizin sosial-iqtisadi inkişafına Zaqatala rayonunun timsalında geniş nəzər salındı. Hazırda regionların sosial-iqtisali inkişafına dair ikinci Dövlət Proqramı uğurla icra olunmaqdadır. Qarşıya qoyulan vəzifələrin tam reallaşması rayonun iqtisadi potensialını xeyli dərəcədə hərəkətə gətirəcək.

Bütövlükdə, Zaqatala rayonu dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə böyük nailiyyətlərlə gedir. Əminik ki, rayonda müşahidə olunan bu inkişaf davamlı olacaqdır. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi kompleks inkişaf siyasətinin nəticəsi olaraq Zaqatala növbəti illərdə daha böyük uğurlar qazanacaq, eyni zamanda buradakı tolerantlıq hər zaman bütün dünyaya nümunə göstəriləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.4.