Pekində keçirilmiş Beynəlxalq
Əməkdaşlıq üzrə 2-ci Sərgi Layihələri
konfransında Azərbaycana böyük maraq olmuşdur
Çin
Xalq Respublikasının paytaxtı Pekində Beynəlxalq Əməkdaşlıq
üzrə 2-ci Sərgi Layihələri konfransı
keçirilmişdir.
Pekin
Beynəlxalq Sərgi Mərkəzində təşkil olunan tədbirə
dünyanın bir neçə ölkəsinin dövlət
qurumlarının, özəl şirkətlərinin nümayəndələri,
eləcə də diplomatik korpusun təmsilçiləri
qatılmışlar.
Tədbirdə
Azərbaycanın son illər dinamik inkişafı, ölkəmizdə
həyata keçirilən investisiya layihələri
haqqında danışılmışdır. Azərbaycanın
Pekindəki səfirliyinin əməkdaşı Sərxan
İsmayılov tədbir iştirakçılarına
mühüm geostrateji məkanda yerləşən Azərbaycanın
əlverişli sərmayə imkanları, son illər həyata
keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri
barədə məlumat vermişdir. Bildirmişdir ki,
düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanda
sənayenin müxtəlif sahələrinə milyardlarla dollar
sərmayə qoyulmuş, 800 mindən çox yeni iş yeri
açılmış, əhalinin rifah halı xeyli
yaxşılaşmışdır. Bunun nəticəsində
bir neçə ildir ki, Azərbaycan dünyada ən sürətlə
inkişaf edən ölkələr siyahısında liderlərdən
biridir.
Ermənistanın
ölkəmizə hərbi təcavüzü, etnik təmizləmə
siyasəti barədə məlumat verən səfirliyin əməkdaşı
demişdir ki, Azərbaycan rəhbərliyi münaqişənin
beynəlxalq hüququn prinsiplərinə uyğun Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdardır.
Sonra
tədbir çərçivəsində təşkil edilən
sərgi ilə tanışlıq olmuşdur. Azərbaycan
pavilyonunda ölkəmizin tarixinə, mədəniyyətinə,
iqtisadiyyatına, turizm imkanlarına, Bakının müasir
görkəminə dair fotoşəkillər və kitablar
nümayiş olunmuşdur. Sərgi
iştirakçılarının Azərbaycan pavilyonuna
böyük marağı ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artmasının təzahürü idi.
Bu
cür tədbirlər eyni zamanda ölkəmizin turizm
imkanlarının tanıdılması baxımından da əhəmiyyətlidir.
Belə ki, sərgilər "Turizm ili" çərçivəsində
Azərbaycana turist axınının çoxalmasına
müsbət təsir göstərir.
Tədbirin təşkilat komitəsinin sədri xanım San Yonhonq (Sun Yonghong - ingilis redaksiyası üçün) demişdir ki, Azərbaycanın sürətli inkişafı bizə məlumdur. Bilirik ki, ölkənizdə sənaye, turizm, kənd təsərrüfatında böyük nailiyyətlər əldə olunmuşdur. Bugünkü konfransda da iştirakçılara Azərbaycan haqqında ətraflı məlumat verildi. Ümid edirik ki, gələcəkdə Çin ilə Azərbaycan arasında əlaqələr daha da genişlənəcəkdir. Biz Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində təmsil olunmasını araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları, Pekindəki səfirliyi ilə sıx əməkdaşlıq edirik.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.-
2011.- 12 iyul.- S.7.