Fidan İtaliyanı fəth edir

 

Azərbaycan Dövlət OperaBalet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, respublikanın əməkdar artisti Fidan Hacıyeva bu günlərdə İtaliyadan qayıtmışdır.

Dünya opera sənətinin beşiyi sayılan bu ölkənin Montefiore şəhərindəki Teatro Malatestanın səhnəsində Cakoma Puççininin "Suor Anjelika" operasının premyerası olmuşdur.

Tanınmış rejissor Renato Boitonun quruluş verdiyi tamaşada Fidan Hacıyeva Şahzadə qız rolunda çıxış etmişdir. Tamaşada Suor Anjelika rolunu ifa etmiş Simona Baldonini, habelə Erika Zanaboni, İrena Molinare, Katia Falkone və teatrın digər aparıcı artistləri iştirak etmişlər.

Həmişə olduğu kimi, bu dəfə də Fidan xanım üzərinə düşən məsuliyyətli işin öhdəsindən böyük ustalıqla gəlmişdir. Azərbaycanın gənc opera ulduzunun geniş diapazonlu gözəl səsini və vokal ustalığını bu sənətin təkcə biliciləri və mütəxəssisləri deyil, səhnələrində ən müqtədir sənətkarları görməyə adət etdiyindən bir növ ərköyünləşmiş tamaşaçılar da yüksək qiymətləndirmişlər. Fidanın yaratdığı, səs və vokaldan savayı güclü dramatik bacarıq tələb edən Şahzadə qız obrazı opera sənətinin sirlərinə bələd olan italyan tamaşaçısını, sözün əsl mənasında, tilsimə salmışdı, ovsunlamışdı. Salonda səngimək bilməyən "bravo!", "bravissimo!" sədaları da bunu təsdiq edirdi.

Həmin axşam tamaşaçıların sırasında olan məşhur bariton Renato Bruzon da Azərbaycan müğənnisinin ecazkar səsi və gözəl səhnə görünüşündən vəcdə gəldiyini etiraf etmişdir.

Tamaşadan sonra Fidan xanıma tanınmış impressariolar tərəfindən digər opera tamaşalarında oxumaq, o cümlədən İtaliya teatrlarında çıxış etmək təklifləri olunmuşdur.

Tamaşanın quruluşçu rejissoru Renato Bonito demişdir ki, Fidanın güclü və gözəl səsi ilə bərabər, opera sənətçisi üçün heçaz əhəmiyyətli olmayan böyük aktyorluq istedadı vardır. Rejissor Azərbaycan müğənnisi ilə əməkdaşlığı məmnuniyyətlə davam etdirmək arzusunu da gizlətməmişdir.

Qeyd etmək lazımdır ki, bu il müğənni üçün bir növ İtaliya rəmzi altında keçir. O bu ölkədə opera ifaçılarının müsabiqəsində böyük uğurla çıxış etmiş, Romada solo konsert vermiş, Rimine şəhərindəki opera teatrının səhnəsində oxumuşdur... Ancaq Fidan xanımın dediyinə görə, bu, hələ harasıdır!

İnanırıq ki, Azərbaycan incəsənətinin bayrağını daim uca tutan, dünyanın ən nüfuzlu səhnələrində vətənimizi layiqincə təmsil edən istedadlı müğənnimiz bundan da böyük uğurlar qazanacaq, "bravo!" və "bravissimo!" sədaları ömrü boyu onun sədaqətli yol yoldaşı olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 iyul.- S.7.