Nazirlər Kabinetində
görüş
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasizadə iyulun 8-də ölkəmizdə rəsmi
səfərdə olan Belarus Respublikasının Baş naziri
Mixail Myasnikoviçin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür. Əvvəlcə Baş nazirlərin
təkbətək görüşü olmuşdur. Sonra
görüş geniş tərkibdə davam etdirilmişdir.
Baş nazir Artur
Rasizadə demişdir ki, Belarus Azərbaycana dost ölkədir.
Ölkələrimiz arasında əməkdaşlığın
səviyyəsini yüksək qiymətləndirən A.Rasizadə
siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin
güclənməsindən, birgə layihələrin həyata
keçirilməsindən məmnunluğunu ifadə
etmişdir. Baş nazir A.Rasizadə Azərbaycan Prezidenti
İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun
qarşılıqlı səfərlərinin ölkələrimiz
arasında əməkdaşlığın
inkişafındakı xüsusi rolunu vurğulamış və
bildirmişdir ki, bizim indiki münasibətlərimiz gələcək
əlaqələrimizin perspektiv inkişafının əsasını
təşkil edir.
Dünyada
baş verən maliyyə böhranının Azərbaycana az
təsir etdiyini vurğulayan Baş nazir buna Prezident İlham Əliyevin
yürütdüyü düzgün siyasət sayəsində
nail olunduğunu bildirmişdir. Azərbaycanda müasir
infrastrukturun yaradılmasına xüsusi diqqət yetirildiyini
deyən A.Rasizadə qeyri-neft sektorunun və kənd təsərrüfatının
inkişaf etdirilməsinin ölkəmizdə həyata
keçirilən siyasətin əsas məqsədi olduğunu
diqqətə çatdırmışdır. Baş nazir bu
sahədə Azərbaycan ilə Belarus arasında
qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətinə
toxunmuş, ölkələrimiz arasında əməkdaşlığın
inkişafında birgə layihələrin həyata
keçirilməsinin vacibliyini bildirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
belaruslu həmkarına ətraflı məlumat verən
Baş nazir A.Rasizadə bir milyondan artıq azərbaycanlının
öz ölkəsində qaçqın və məcburi
köçkün düşdüyünü diqqətə
çatdırmışdır. Baş nazir demişdir ki, məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində Azərbaycan
dövlətinin həyata keçirdiyi mühüm layihələr
nəticəsində bütün çadır düşərgələri
ləğv olunmuş, onlar üçün hər cür
şəraiti olan yeni qəsəbələr
salınmışdır.
Azərbaycanın
son illərdə bütün sahələrdə sürətlə
inkişaf etdiyini vurğulayan Belarusun Baş naziri Mixail
Myasnikoviç bildirmişdir ki, səfər çərçivəsində
ticarət və iqtisadiyyat, eləcə də investisiya sahələrində
əməkdaşlıq məsələləri müzakirə
olunmuşdur. M.Myasnikoviç Belarus ilə Azərbaycan
arasında əməkdaşlığın inkişafına
göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirmişdir.
Geniş tərkibdə
görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus
sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan
Respublikası hökuməti və Belarus Respublikası
hökuməti arasında diplomatik nümayəndəliklərin
yerləşdirilməsi üçün
qarşılıqlı olaraq torpaq sahələrinin
ayrılması haqqında Saziş", "Azərbaycan
Respublikası hökuməti ilə Belarus Respublikası
hökuməti arasında təhsil sənədlərinin
qarşılıqlı tanınması haqqında
Saziş" və "2011-2012-ci illər üzrə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi və Belarus
Respublikası Xarici İşlər Nazirliyi arasında tematik məsləhətləşmələr
Planı" imzalanmışdır.
Sənədləri
Azərbaycan Respublikasının xarici işlər nazirinin
müavini Xələf Xələfov və Belarus
Respublikasının xarici işlər nazirinin birinci müavini
İqor Petrişenko imzalamışlar.
AzərTAc
Azərbaycan.-
2011.- 9 iyul.- S.2.