Milli Məclisdə görüş
İyulun 8-də Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Asiya, Afrika
və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşları
ilə görüşmüşdür.
Qonaqlara ölkəmizin iqtisadi-siyasi
müstəvidə əldə etdiyi
nailiyyətlərdən ətraflı məlumat verilmişdir. Səməd Seyidov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra onun
iştirakı ilə reallaşdırılan qlobal
infrastruktur layihələr ölkəmizin
iqtisadi qüdrətini təmin etməklə
yanaşı, beynəlxalq aləmdə də mövqelərini
möhkəmləndirmişdir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər
hansı irimiqyaslı layihəni həyata keçirmək qeyri-mümkündür.
Daha sonra Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
söz açan Səməd
Seyidov bildirdi ki, bu problemin
həll olunmaması bölgədə sülh
və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Ermənistan BMT Təhlükəsizlik
Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in,
Avropa Şurasının qərarlarına
məhəl qoymur,
işğalçılıq siyasətindən hələ də
əl çəkmir.
Dominika Birliyinin BMT-dəki
daimi nümayəndəsi demişdir
ki, Azərbaycana gələn nümayəndə
heyətinin bu ölkə ilə əyani
tanışlığı əlaqələrimizin hərtərəfli
inkişafı baxımından çox əhəmiyyətlidir.
Səfərimiz çərçivəsində Azərbaycanın
siyasi, iqtisadi, mədəni,
sosial həyatı ilə yaxından
tanış olduq. Ölkəniz sürətlə
inkişaf edir. Hesab edirik ki,
Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi də tezliklə
öz ədalətli həllini tapacaq.
Milli Məclisin deputatlarından, komitə sədrinin müavini Sevinc Fətəliyeva,
Cavanşir Feyziyev, Asim Mollazadə, Qənirə Paşayeva
BMT yanında daimi nümayəndəliklərin
əməkdaşlarının ölkəmizə edilən səfərlərini
yüksək qiymətləndirdilər. Qeyd edildi ki, bu
səfərlər ikitərəfli və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığımızın
inkişafına təkan verəcəkdir.
Azərbaycan.- 2011.- 9 iyul.- S.2.