Azərbaycanda NATO standartlarına
uyğun peşəkar
istehkamçı - minaaxtaranlar
yetişmişdir
Azərbaycanda NATO standartlarına uyğun,
peşəkar istehkamçı
- minaaxtaranlar formalaşmışdır. Azərbaycan Respublikası Ərazilərin
Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik (ANAMA) yarandıqdan
sonra Azərbaycanda bu sahədə mühüm işlər görülmüş, NATO standartlarına
uyğun mütəxəssislər
yetişmişdir.
AzərTAc xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikası
Baş nazirinin müavini Abid Şərifov ANAMA-nın
NATO-nun Təchizat və
Təminat Agentliyi
(NAMSA) ilə birgə
həyata keçirdiyi
"Saloğlu layihəsi"nin iyulun 8-də keçirilmiş rəsmi
bağlanış mərasimində
söyləmişdir.
Bildirilmişdir ki, "Saloğlu
layihəsi" Azərbaycanın
şimal qərbində
Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərində partlamamış hərbi sursatlarla çirkləndirilmiş
sahələrin təmizlənməsi
məqsədilə 2005-ci ildən
həyata keçirilir. Həmin ərazilərdə keçmiş
Sovet ordusunun hərbi bazası olmuşdur və hərbi qüvvələr
buradan çıxarılarkən
əraziyə çoxlu
sayda partlamamış
hərbi sursat atılmış, gizlədilmiş
və ya basdırılmışdır.
A.Şərifov hazırda ANAMA-da
500-dən çox peşəkar
mütəxəssisin çalışdığını
və təşkilatın
yarandığı gündən
ötən müddətdə
cəmi bir mütəxəssisin həlak
olduğunu söyləmişdir. Baş nazirin müavini Azərbaycan hökumətinin
bu sahəyə ciddi fikir verdiyini
və bu gün dünyada ən müasir texnikanın ANAMA-nın balansında olduğunu diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, əsas məsələ minaların təmizlənməsi
ilə yanaşı, çirklənmiş ərazilərdə
insanların təhlükəsizliyinin
təmin olunmasıdır.
Ona görə də biz, ilk növbədə, insanların
təhlükəsizliyini düşünməliyik.
Layihənin həyata
keçirilməsində 14 ölkənin - Türkiyə,
ABŞ, İsveçrə, Yaponiya, İtaliya, Norveç, Bolqarıstan, Çexiya, İslandiya, Finlandiya, Lüksemburq, Latviya, Litva və Avstraliyanın və BMT-nin İnkişaf Proqramının
iştirak etdiyini söyləmişdir. Layihənin
ümumi büdcəsi
3 milyon 455 min avro olmuşdur ki, bunun da 36 faizi
Azərbaycan hökuməti
tərəfindən təmin
olunmuşdur. Layihə çərçivəsində
568 hektar ərazi minalardan təmizlənmiş,
640 mindən çox sursat zərərsizləşdirilmişdir.
ANAMA-nın digər layihələrdə
də iştirak edəcəyini vurğulayan
A.Şərifov demişdir
ki Dağlıq Qarabağın işğal
altında olan əraziləri azad edildikdən sonra o ərazilərin təmizlənməsində
ANAMA birinci iştirak edəcəkdir.
NATO baş katibinin meydana gələn çağırışlar
üzrə müavini
Gabor İklodi isə
"Saloğlu layihəsi"nin qətiyyət və ikitərəfli sıx əməkdaşlıq
sayəsində həyata
keçdiyini vurğulamışdır.
O demişdir ki, layihə NATO ilə Azərbaycan arasında əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan
NATO-nun bir sıra əməliyyatlarında, o cümlədən
Kosovo və Əfqanıstanda
keçirdiyi sülhyaratma
əməliyyatlarına yardımlar
göstərmişdir. Bu yardımlara görə
Azərbaycan dövlətinə
və hökumətinə
minnətdarlığını bildirən G.İklodi Azərbaycanı NATO-nun ən
qətiyyətli və
etibarlı tərəfdaşı
adlandırmışdır.
Tədbirdə Türkiyənin Azərbaycandakı
səfiri Hülusi Kılıç, Azərbaycan
Respublikasının NATO yanında
nümayəndəliyinin başçısı
Xəzər İbrahim
çıxış edərək
layihənin uğurla həyata keçdiyini vurğulamışlar.
Qeyd edək ki, Saloğlu kəndində yerləşmiş və
138 bunkerdən ibarət
olmuş hərbi sursatlar bazası Qafqazda ən böyük Sovet hərbi bazası sayılırdı.
Azərbaycan.- 2011.- 9 iyul.- S.2.