ATƏT-in Parlament Assambleyasının Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsində keçirilən müzakirələr başa çatmışdır

 

Xəbər verdiyimiz kimi, iyulun 7-də Belqradda ATƏT-in Parlament Assambleyasının Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iclası keçirilmişdir.

İclasda əsas məsələlərdən biri kimi, Xorvatiyadan olan deputat Tonino Pikulanın hazırladığı "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc" mövzusunda hesabat müzakirə edilmişdir.

Hesabat ətrafında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova sənəddə qeyd edilən bir sıra mühüm məsələlərin qoyuluşu ilə razı olduğunu, xüsusilə ATƏT-də ciddi islahatların aparılmasının vacibliyini qəbul olunan qərarların icrasının təmin edilməsinin zəruriliyini vurğulamışdır. Sonra məruzədə və qətnamə layihəsində "ATƏT-in həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə, həmçinin Moldova və Gürcüstandakı münaqişələrə daha çox fikir verilməsi" ifadəsinə diqqəti cəlb etmişdir. O bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin adının digər iki ölkə ilə birlikdə çəkilməsi yanlış təsəvvürlərə və şərhlərə səbəb ola bilər. Bu baxımdan, B.Muradova bir çox beynəlxalq sənədlərdə göstərildiyi kimi, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" və ya "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuonun ətrafındakı rayonlarla bağlı münaqişə" kimi göstərilməsini təklif etmişdir.

Daha sonra Azərbaycan nümayəndə heyətinin digər üzvü Azay Quliyev çıxış edərək bildirmişdir ki, ATƏT problemləri qeyd etməklə yanaşı, onun həlli yollarını da göstərməyi bacarmalıdır. O da B.Muradovanın fikirlərini dəstəkləyərək hesabatda və qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyətini özündə ehtiva edən ifadənin yer almasının vacibliyini vurğulamışdır.

İyulun 8-də qətnamə layihəsi müzakirə olunan zaman B.Muradova Azərbaycan nümayəndə heyətinin mövqeyini məruzəçi və komitə üzvlərinin diqqətinə bir daha çatdırmışdır. Məruzəçi T.Pikula Azərbaycanın mövqeyini başa düşdüyünü və münaqişənin həssas bir mərhələdə olduğunu nəzərə alaraq, müvafiq beynəlxalq dildən istifadə olunmasının vacibliyini bildirmişdir. O, xüsusilə vurğulamışdır ki, qətnamədə Dağlıq Qarabağ qətiyyən müstəqil tərəf kimi göstərilə və suveren dövlətlərlə eyni statusda təqdim edilə bilməz. Ona görə də biz Dağlıq Qarabağ münaqişəsinin adını çəkən zaman onu bir bölgə kimi nəzərdə tutmuşuqonu münaqişənin mövcud olduğu digər dövlətlərdən ayırmışıq. Hesab edirəm ki, belə bir təqdimatda Azərbaycanın maraqlarına toxunan məqamlara yol verilmir.

Beləliklə, ATƏT-in Parlament Assambleyasının dondurulmuş münaqişələrin həllinin uzanması ilə bağlı ciddi narahatçılığı özündə ehtiva edən qətnamə layihəsi səsə qoyularaq qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.3.