Milli birlik və həmrəylik Azərbaycanı daha güclü dövlətə çevirir

 

Sürətli tərəqqisinin yeni mərhələsini yaşayan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də ölkədə möhkəm zəminlərə söykənən milli birliyin yaranmasıdır. Bu birliyin yaranmasına xidmət edən siyasətin müəllifi qismində isə ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsi, bununla bağlı formalaşdırdığı ideologiya təkcə ölkəmizdə yox, bütün dünyada soydaşlarımızın bir araya gəlməsində müstəsna rol oynayıb. Dünya azərbaycanlılarının xalqımızın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğularına əsaslanan həmrəylik ideyası məhz ulu öndərin sayəsində ictimai təşəbbüslərdən əməli işə keçib.

Ümummilli liderin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirilir. Bunun nəticəsidir ki, dünya azərbaycanlılarının birlik və mütəşəkkilliyi daha da güclənir, onların tarixi vətənlə əlaqələri möhkəmlənir. Bu ayın 5-də keçirilən Dünya azərbaycanlılarının III qurultayı da bu məqsədə xidmət edən növbəti mühüm tədbir oldu. Polşada soydaşlarımız tərəfindən yaradılan "Birlik" cəmiyyətinin sədri Nəbi İbadov da qurultayda iştirakından böyük məmnunluq duyduğunu belə ifadə etdi:

- Çox yüksək səviyyədə təşkil edilən bu qurultay dünya azərbaycanlılarının bir araya gəlməsində böyük əhəmiyyətə malikdir. Qarşımızda duran strateji hədəflər yaranan problemlərin həllində, fəaliyyətimizin koordinasiya edilməsində mühüm rol oynayır. Burada digər diaspor təşkilatları ilə təmaslar sonradan fəaliyyətimizin əlaqələndirilməsində çox ciddi əhəmiyyətə malikdir. Qurultayda iştirak edən Prezident İlham Əliyev çıxışında çox dəyərli fikirlər söylədi, görüləcək əsas işlərin ümumi istiqamətini diqqətə çatdırdı.

- Şərqi Avropanın aparıcı ölkələrindən sayılan Polşada Azərbaycan diasporunun bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu suala öz cəmiyyətimizin timsalında cavab vermək istərdim. Digər diaspor təşkilatları ilə müqayisədə bizim cəmiyyət gənc hesab oluna bilər. Fəaliyyətimizə 2009-cu ildə başlamışıq. Buna rəğmən Polşada yerli ictimaiyyətə uğurla inteqrasiya olunuruq, sözümüzü, mövqeyimizi bilavasitə yerli idarəetmə strukturlarına çatdırırıq. Azərbaycan reallıqlarından, tariximizdən, mədəniyyətimizdən Polşa ictimaiyyətinin xəbər tutması istiqamətində də lazımi işlər görürük. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağrılı nəticələri, ərazilərimizin hələ də 20 faizinin erməni işğalı altında olmasına dair həqiqətlərin Polşa xalqına çatdırılmasında xeyli nailiyyətlər əldə edilib. Bir sözlə, Azərbaycanın milli maraqlarına aid olan bütün məsələlər, əsl həqiqətlər həm bizim təşkilatın, həm də digər diaspor qurumlarının vasitəsilə Polşa ictimaiyyətinə çatdırılır.

- Aktiv fəaliyyət olan yerdə müəyyən problemlər və çətinliklər də olur. Bu baxımdan Polşadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində hansısa çətinliklər mövcuddurmu?

- Təbii, bəzən müəyyən çətinliklərlə üzləşirik. Yenə də öz cəmiyyətimizi misal çəkmək istərdim. Bəlkə bu da bizim cəmiyyətin gənc olması, yeni yaradılması ilə əlaqədardır. Lakin imkan çərçivəsində nəzərdə tutulan, planlaşdırılan hər bir işi həyata keçiririk. Müxtəlif layihələrin icrasını reallaşdırırıq. Çünki buna istək və həvəs var. Azərbaycanın milli maraqlarının qonunması, təmin edilməsi bizim üçün hər şeydən vacibdir.

- Get-gedə biz Azərbaycan dövləti tərəfindən istər mənəvi, istər maddi, istərsə də digər baxımdan daha böyük dəstək görürük. Kömək üçün edilən hər bir müraciətimizə daim müsbət cavablar verir, konkret addımlar atılır. Hansısa layihəni icra edəndə köməyə ehtiyac olursa, Azərbaycan dövlətinə müraciət edirik. Çünki bizə hər cür dəstəyin veriləcəyinə, kömək göstəriləcəyinə əminik. Polşada olan azərbaycanlı diaspor təşkilatları Azərbaycanı təkcə tarixi vətəni yox, həm də özlərinə böyük dayaq hesab edirlər. Həmin təşkilatlar Azərbaycanda istənilən dövlət strukturuna müraciət edəndə həmişə müsbət cavab alırlar. Azərbaycan dövləti ilə diaspor təşkilatları arasında çox gözəl münasibətlər formalaşıb. Azərbaycan dövlətindən olan köməklə yanaşı, özümüz də dayaq qazanmaq istiqamətində addımlar atır, digər diaspor təşkilatları ilə də sıx əlaqələr yaradırıq.

- Erməni diasporu fəaliyyətinizdə çətinliklər yaratmır ki?

- Onlar artıq bunu etmək iqtidarında deyillər. Çünki indi erməni diaspor təşkilatları arasında ciddi problemlər, fikir ayrılıqları var. Ermənistan da get-gedə zəiflədiyindən onlara əvvəlki kimi kömək edə bilmir. Polşada Azərbaycan diaspor təşkilatlarının mövqeyi isə əksinə, daha da güclənir, hadisələrə təsir imkanları artır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.- 9 iyul.- S.4.