Yeni yüksəliş dövrü başlanır
Ölkəmiz müstəqillik qazanandan
sonra Azərbaycan üçün ən əlamətdar hadisələrdən
biri dünyanın müxtəlif bölgələrində
yaşayan soydaşlarımız arasında milli birliyin
yaranması, getdikcə daha möhkəm təməllər
üzərində bərqərar olmasıdır. Dünya azərbaycanlıları
arasında azərbaycançılıq fəlsəfəsi əsasında
belə birliyin yaranmasının müəllifi qismində isə
ümummilli lider Heydər Əliyev çıxış edir.
Məhz onun titanik fəaliyyəti nəticəsində
dünyada yaşayan soydaşlarımız azərbaycançılıq
ideologiyası ilə sıx təşkilatlanmağa
başlayıblar. Buna paralel olaraq Azərbaycan diaspor
quruculuğu sahəsində yeni yüksəliş
dövrü başlanıb. Müasir dünya
reallığı isə aydın göstərir ki, hər
hansı ölkə barəsində düzgün beynəlxalq
ictimai rəyin formalaşmasında diaspor təşkilatları
mühüm rol oynayır. Ulu öndər irsinin ən görkəmli
nümayəndəsi olan Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti isə bu gün dünya azərbaycanlılarının
daha sıx birləşməsinə, Azərbaycanın
inkişafına özünəməxsus töhfələr
verməsinə gətirib çıxarır.
Dünya Azərbaycanlılarının
III Qurultayında iştirak edən Ümumrusiya Azərbaycan
Konqresinin Çuvaşiya regional təşkilatının sədri
Əziz Qədirov bu fikirləri bizimlə belə
bölüşdü:
- Azərbaycan ötən əsrdə
yenidən dövlət müstəqilliyini əldə etdikdən
sonra dünya azərbaycanlılarının təşkilatlanması,
aralarında birlik və həmrəyliyin daha da möhkəmlənməsi
ulu öndər Heydər Əliyevin təşəbbüsü
sayəsində mümkün oldu. Ümummilli liderin bu istiqamətdə
həyata keçirdiyi məqsədyönlü siyasət
dünyanın müxtəlif bölgələrində
yaşayan soydaşlarımız arasında münasibətləri
yeni keyfiyyət mərhələsinə yüksəltdi, onlar
arasında münasibətləri daha da
sıxlaşdırdı. Çox sevindirici haldır ki, ulu
öndərin bu siyasəti onun layiqli davamçısı olan
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
böyük müvəffəqiyyətlə davam etdirilir.
Dünya azərbaycanlılarının III qurultayı bunu əyani
olaraq təsdiq edən daha bir mühüm tədbirdir. Bununla
yanaşı, Azərbaycan diasporunun inkişafında dövlət
tərəfindən atılan addımlar ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında kifayət
qədər vacib rol oynayır və öz müsbət nəticələrini
verir. Əminəm ki, diaspor təşkilatlarımız bundan
sonra da dinamik inkişaf mərhələsində olacaq. Proseslər
göstərir ki, dünya azərbaycanlılarının təşkilatlanmasında
yeni yüksəliş dövrü başlanır.
- Dünya azərbaycanlılarının
II qurultayından sonra keçən 5 il ərzində ölkəmizin
diaspor təşkilatlarının inkişafını necə
dəyərləndirərdiniz?
- Diaspor təşkilatlarının son 5
il ərzində fəaliyyətini təhlil etsək,
onların ildən-ilə kifayət qədər gücləndiyini
aydın şəkildə görərik. Bir daha qeyd edim ki,
burada Azərbaycan dövlətinin atdığı məqsədyönlü
addımlar xüsusi çəkiyə malik olub. Digər tərəfdən,
qeyd edilən müddət ərzində diaspor təşkilatları
özləri də mövqelərini, təsir dairələrini
daha da gücləndirmək üçün əməli
addımlar atıblar. Eyni zamanda, üzvlərinin sayını
nəzərəçarpacaq dərəcədə
artırıblar. Məsələn, elə götürək
Ümumrusiya Azərbaycan Konqresini. Əgər əvvəllər
bu Konqresin 200 min üzvü var idisə, indi onların sayı
1 milyona yaxınlaşır. Ümumrusiya Azərbaycan
Konqresinin Çuvaşiya regional təşkilatında öz fəallıqları
ilə seçilən üzvlərin sayı isə min nəfəri
keçir. Halbuki bir neçə il əvvəl belə fəal
üzvlərin sayı 50-60 nəfərə güclə
çatırdı. Hazırda isə ümumi üzvlərin
sayı bir neçə min nəfər təşkil edir.
- Fəaliyyətinizdə hansı
çətinliklərlə üzləşirsiniz?
- İşimizi elə qurmağa
çalışırıq ki, sonradan hansısa problemlərlə
qarşılaşmayaq. Əsas məqsədimiz və fəaliyyət
istiqamətimiz Azərbaycan reallıqlarını və həqiqətlərini
dünyaya, o cümlədən Rusiya ictimaiyyətinə
çatdırmaq, ölkəmiz haqda yanlış rəy
yaratmaq istəyənlərin bu istəklərinin həyata
keçməsinin qarşısını almaqdır.
Çalışırıq ki, tarixi vətənimiz olan Azərbaycanın
sürətli inkişafının davamlı olmasında bizim
də töhfələrimiz olsun. Azərbaycanın siyasi,
iqtisadi, sosial tərəqqisi biz diaspor təşkilatlarına ən
böyük kömək və mənəvi dayaqdır.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan dinamik inkişaf edən, beynəlxalq
birlikdə öz layiqli yerini tutan bir ölkədir. Ulu öndər
Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanla
biz fəxr edirik.
- Rusiyada erməni diasporunun da fəal
olduğu, ölkəmizə qarşı kampaniyalar
apardığı məlumdur. Əsassız erməni
iddialarının qarşısının alınması,
onların neytrallaşdırılması üçün
hansı işlər görürsünüz?
- Əvvəlki illərdə, ola bilsin
ki, Rusiyadakı erməni diasporları öz qarayaxma
kampaniyaları vasitəsilə Azərbaycan haqda hansısa
yanlış rəyin yaranmasına nail ola bilirdilər. Lakin
indi tamam fərqli vəziyyət hökm sürür. Azərbaycan
dövlətinin sürətli tərəqqisi, buna paralel olaraq
diaspor təşkilatlarının dinamik inkişafı əvvəlki
illərlə müqayisədə yeni mənzərə
formalaşdırıb. Rusiyada Azərbaycan diasporunun aktiv fəaliyyəti
nəticəsində erməni yalanları ifşa olunub.
Onların yalnız qarayaxma kampaniyaları ilə məşğul
olduğu üzə çıxıb. Azərbaycan diasporu
ölkəmiz barədə əsl həqiqətləri
artıq lazımi qaydada Rusiya ictimaiyyətinə
çatdırır, yanlış təsəvvür və rəylərin
formalaşmasına imkan vermir. Lakin biz görülən
işlərlə qənaətlənmək niyyətindən
uzağıq və fəaliyyətimizi bundan sonra daha da
gücləndirməyə çalışacağıq.
Müsahibəni apardı: Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 9 iyul.- S.4.