Xalqın və dövlətin
maraqlarını daim uca tuturuq
1991-ci ilin 10 iyul
tarixində oxuculara yeni bir nəşr təqdim olundu:
"İki sahil". Bu qəzet çoxtirajlı "Zavod həyatı"
qəzetinin bazasında yaradıldı. 1965-ci ildə mətbuat
orqanları sırasına daxil olan "Zavod həyatı"
neftçilərin fədakar əməyi, əldə olunan
uğurlar barədə ictimaiyyəti ətraflı məlumatlandırırdı.
"İki sahil" müstəqil nəşr olduğundan
adı kimi tutduğu yol, ideya istiqaməti də genişləndi.
"Vahid Azərbaycan uğrunda!" devizi altında fəaliyyətə
başlayan "İki sahil"in səhifələrində
xalqımızın Araz dərdindən, dünyanın
müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızın,
bacı-qardaşlarımızın o taylı, bu taylı
problemlərindən, onların yaşayışından ətraflı
materiallar dərc olundu. İlk nömrədə "Yurdumuzun
ulu daşları" silsiləsindən "Xudafərin
körpüləri", ""Təbriz" səndən
gileyim var?" kimi yazılar oxucular tərəfindən
böyük rəğbətlə qarşılandı.
"İki
sahil"in respubilkamızda və beynəlxalq aləmdə
baş verən hadisələr barədə ətraflı və
obyektiv məlumatları ictimaiyyətin diqqətini özünə
çəkdi. Qəzetdə siyasətlə yanaşı,
iqtisadiyyat, mədəniyyət xəbərlərinin də
geniş yer alması oxucuların böyük rəğbətinə
səbəb olmaqla yanaşı, onların müxətlif səpkili
məktublarının qəzetimizə yol açmasına
stimul verirdi. Beləcə, günlər ayları, illəri əvəzlədikcə
"İki sahil"in uğurları artdı, oxucu
auditoriyası genişləndi, fəaliyyətinin əsasına
çevirdiyi müstəqilliyimizin və dövlətçiliyimizin
möhkəmləndirilməsinə xidmət prinsipinə
sadiqlik özünü hər addımda təsdiqlədi.
Müstəqilliyimizin
ağır günlərində "İki sahil" bu həqiqəti
yazdı ki, tarixən hər bir xalq, millət dövlətə
rəhbərlik edənlərin səhvlərinin
acısını çəkməli olub. Azərbaycan da
müstəqilliyimizin bərpasının ilk illərində
ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi,
idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyətə
hərislikləri ucbatından böyük faciələrlə
üz-üzə qaldı.
Daim azad, müstəqil
yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə
çevrilmək arzusu ilə yaşayan xalqımız 1991-ci
ildə yenidən bu istəyinə qovuşsa da, həmin
dövrün iqtidarının yarıtmaz siyasəti, hakimiyyət
uğrunda mübarizənin dərinləşməsi Azərbaycan
adlı bir dövlətin varlığını sual
altında qoyurdu. Belə bir çətin dövrdə
"İki sahil" qəzeti öz səhifələrində
reallıqları olduğu kimi ictimaiyyətə
çatdırmaqdan, Azərbaycanın xilaskarının ulu
öndər Heydər Əliyev olduğunu bəyan etməkdən
çəkinmədi. Əksinə, bütün bunlardan
qürur duydu.
Dövlət
başçısı cənab İlham Əliyevin Yeni Azərbaycan
Partiyasının yaradılmasının 15 illiyi şərəfinə
ziyafətdəki çıxışı zamanı söylədiyi
fikri xatırlatmaq istərdik: "Yeni Azərbaycan Partiyası
müxalifət partiyası kimi yaradılmışdı. Ancaq
indiki müxalifətdən fərqli olaraq, biz dövlətə,
dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara
müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan
Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət
nümunəsini göstərmişdir. Biz müxalifətdə
əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə
çalışırdıq. İdeyalarımızı,
fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə,
ictimai tədbirlərdə irəli sürürdük.
Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum
dərəcədə siyasi mədəniyyət göstərmişdik.
Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət
yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə
arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə
çalışırdıq."
Bu fikrə
istinadən deyə bilərəm ki, "İki sahil" qəzeti
də 1991-1993-cü illərdə müstəqil fəaliyyət
göstərsə də, reallıqları təhrif etmədən,
olduğu kimi ictimaiyyətə çatdırdığı
üçün cəmiyyət tərəfindən yüksək
səviyyədə qəbul olundu.
Mətbuat cəmiyyətin
güzgüsüdür. Bu sahədə çalışan qələm
sahibləri həqiqəti, düzgünlüyü və
obyektivliyi başlıca meyar kimi qəbul etməlidirlər. Azərbaycan
mətbuatı zamanın tələbinə uyğun təkmilləşib,
cəmiyyətin formalaşmasında, demokratiyanın bərqərar
olmasında və inkişafında mühüm rol oynayıb.
Bu gün də mətbuat daşıdığı
missiyanı uğurla yerinə yetirir. Bütün cəmiyyətlərdə
baş verən hadisələri əks etdirən informasiyalara
böyük ehtiyac olub və olacaq. İctimai fikrin
formalaşmasını informasiyasız təsəvvür etmək
qeyri-mümkündür. Ən əhəmiyyətli kapitala
çevrilən informasiyaların yayılmasında,
ehtiyacların ödənilməsində mühüm əhəmiyyətə
malik mətbuatın rolu bu baxımdan böyükdür. Təbii
ki, zaman keçdikcə informasiyanın cəmiyyətə
çatdırılması formaları da dəyişir, təkmilləşir.
1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra ulu öndər Heydər Əliyev
azad mətbuatın inkişafına xüsusi diqqət göstərdi.
Dahi şəxsiyyət söz, mətbuat
azadlığının inkişafına əngəl olan
süni maneələrin aradan qaldırılması
üçün qanunvericilik bazasının təkmilləşdirilməsini
təmin etdi. Vətəndaş cəmiyyətinin
quruculuğunu özünün inkişaf modeli seçən
Azərbaycanda KİV-nin rolunun artırılması
başlıca məqsəd kimi qarşıya qoyuldu.
Ümummilli lider mətbuat azadlığından sui-istifadə
hallarını pisləyir, qanun pozuntularının, şəxsiyyətə
mənfi təsir göstərən halların yolverilməz
olduğunu bildirirdi.
"İki
sahil" qəzeti heç vaxt mətbuat
azadlığından sui-istifadə hallarına yol verməmiş,
bu yolu tutanlara qarşı daim sərt mövqeyini
nümayiş etdirmişdir. Qəzet demokratiya yolu tutan Azərbaycan
dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri,
imzalanan fərman və sərəncamları daim səhifələrində
ictimaiyyətə çatdırır. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanan Yeni
Konstitusiyamızın qəbulu, eyni zamanda, Milli Məclisə
seçkilərlə bağlı qəzetimizdə aparılan
müzakirələri xatırlatmaq istərdim. "Son
sözü xalq deyəcək" sərlövhəli
yazıda bir daha qeyd etmişdik: "12 noyabr Azərbaycanın
taleyində dönüş günü olacaq. Bu gün
ümumxalq referendumu vasitəsilə dövlətin, cəmiyyətin
bel sütunu olan Konstitusiya qəbul ediləcək. İllərlə
davam edən qanun boşluğuna son qoyulacaq."
Ulu öndər
Heydər Əliyevin şəxsiyyət kimi
böyüklüyü onda idi ki, o, peşə
etikasını kobud pozan, faktlara deyil, şəxsi mülahizələrə
söykənən "yazarlar"ın cəzalandırılmasına
yol vermir, dövlət məmurlarına dözümlü
olmağı tövsiyə edirdi. Bu fakt ulu öndərin
ölkədə azad sözün, müstəqil mətbuatın
inkişafına diqqət və qayğısının
göstəricilərindəndir. O, ölkədə söz və
mətbuat azadlığının qarantı olduğunu daim
bildirirdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da
çox azadlıq vermək, söz azadlığını
daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı
bütün sahələr üzrə inkişaf etdirməkdən
ibarətdir."
Ulu öndər
Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi
illərində həyata keçirilmiş çoxşaxəli
islahatların nəticəsi olaraq bu gün Azərbaycanda
söz və mətbuat azadlığı sahəsindəki
mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə
müqayisə edilə bilər. Demokratik cəmiyyət-demokratik
mətbuat, azad cəmiyyət - azad mətbuat
anlayışlarını daim önə çəkən
Prezident İlham Əliyev bütün
çıxışlarında bu fikri bəyan edir ki, Azərbaycanın
daha da qüdrətli, demokratik, sivil, müasir dövlətə
çevrilməsi üçün Heydər Əliyev siyasəti
davam etdirilməlidir. Son 7 ilə yaxın dövrün
reallıqları bu vədin konkret əməli işdə
öz təsdiqini tapdığını göstərir.
2009-cu ilin
martında keçirilən referendumda Konstitusiyanın 29 maddəsinə
edilən 40-a yaxın əlavə və dəyişikliyin
böyük əksəriyyətini insan hüquq və
azadlıqlarının, mətbuat azadlığının
yüksək səviyyədə təmin olunması təşkil
edir. "Şəxsiyyət toxunulmazlığı
hüququ" maddəsinə edilən əlavəyə
görə qanunla nəzərdə tutulan hallardan başqa,
şəxsi və ailə həyatına müdaxilə etmək
qadağandır. Hər kəsin şəxsi və ailə həyatına
qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Heç kəs onun xəbəri olmadan izlənilə bilməz,
video və foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz. Həmçinin "Məlumat
azadlığı" maddəsinə edilən əlavə də
demokratik prinsiplərin inkişafının təsdiqidir. Əlavəyə
əsasən hər kəsin kütləvi informasiya vasitələrində
dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı
təkzib etmək və ya ona cavab vermək hüququna təminat
verilir.
Bütün
bunlar təsdiq edir ki, Azərbaycan dövləti müstəqil
mətbu nəşrlərin sərbəst fəaliyyətinə,
jurnalistlərin öz iradələrini azad şəkildə
ifadə etməsinə, insan hüquqlarının
qorunmasına bütün imkanların yaradılmasının
tərəfdarıdır.
Bir məqamı
xüsusi qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyev
Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci
ildönümü münasibətilə keçirilən
ümumrespublika müşavirəsində müstəqilliyimizin
ilk illərində yaşanan durumu təhlil edərkən
reallıqların təbliğində "İki sahil" qəzetinin
də rolunu yüksək dəyərləndirmişdir: "O
vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən
hesab edirəm ki, bu qəzet də çox iş
görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan
Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin
"İki sahil" qəzeti çox cəsarətli məqalələr
verirdi. Mən təkcə Naxçıvanı
götürmürəm, ədalətsiz hadisələrə
qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının,
ziyalılarının fikrini dərc etməkdə bu qəzet
yaxşı fəaliyyət göstərmişdir, indi də
göstərir. Mən bunu da yüksək qiymətləndirirəm".
Yeni Azərbaycan
Partiyasının yaradılmasının 10-cu
ildönümü ilə əlaqədar keçirilən tədbirdə
də ümummilli lider Heydər Əliyev bildirmişdir ki, hər
bir siyasi partiyanın əsas fəaliyyəti ideoloji iş, təbliğat
işi olmalıdır. "Bir halda ki, Yeni Azərbaycan
Partiyası bu gün iqtidarda olan partiyadır, demək,
partiyanın, iqtidarın fəaliyyətini təbliğ etmək
və iqtidara qarşı, partiyaya qarşı olan antitəbliğatın
qarşısını almaq - bunlar hamısı bizim mətbuatın
əsas vəzifələridir. Bu ideoloji iş
partiyamızın əsas vəzifəsidir."
20 illik tarixi
dövrdə "İki sahil" qəzeti
qazandığı uğurlarla kifayətlənməyərək
daha səylə çalışmış, dövrün mətbuatın
qarşısına qoyduğu tələblərə yüksək
səviyyədə cavab verməyə səy göstərmişdir.
Biz bu prinsipi də fəaliyyətimizdə əsas
götürmüşük ki, qəzetin bugünkü
sayı dünənki sayından müəyyən yeniliyi ilə
fərqlənsin, yazıların keyfiyyəti, informasiya
yükü artsın.
Təbii ki,
dövlətə, dövlətçiliyə xidməti fəaliyyətində
öndə saxlayan mətbuat orqanı olaraq əldə edilən
uğurlarımız dövlətimizin 20 illik müstəqillik
tarixi ilə bağlıdır. Bu il Azərbaycanın dövlət
müstəqilliyinin bərpa olunmasının 20 ili qeyd
olunacaq.
Qəzetimizin 20
illik inkişaf yolunu təhlil edərkən Azərbaycanın
ötən müstəqillik tarixində qazandığı
uğurları da təhlil etməyə böyük ehtiyac
duyulur.
Müstəqillik
yollarında yenicə addımlarını atan hər bir
ölkənin qarşısında müxtəlif istiqamətli
yollar dayanır. Hansı yolun müəyyənləşdirilməsi
isə həmin dövlətin rəhbərinin siyasi təcrübəsinin,
iradəsinin, idarəçilik prinsipinin göstəricisidir.
Müstəqiliyimizin ilk illərində yaşanan problemlər
həmin dövrün iqtidarının seçdiyi yolun öz
maraqlarına xidmət etdiyini açıqladı. Ölkədə
ictimai-siyasi durumun gərginliyi, xaos, anarxiya və
özbaşınalığın baş alıb getməsi
bütün sahələrdə tənəzzülün dərinləşməsinə
səbəb oldu. Lakin dahi şəxsiyyət Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra müxtəlif
yönümlü yollar arasında ən uğurlusu
seçildi. Ulu öndər Heydər Əliyevin
düşünülmüş və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan böyük
inkişaf, tərəqqi yoluna çıxdı.
1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş
dövrü kimi daxil oldu.
Ümummilli lider
Heydər Əliyevin siyasi fəaliyyətinin əsas hissəsi
yaradıcısı və sədri olduğu Yeni Azərbaycan
Partiyası ilə sıx şəkildə
bağlıdır. Partiyanın yaradılması ilə
bağlı bir qrup Azərbaycan ziyalısının ulu
öndərə ünvanladığı "Azərbaycan
Sizin sözünüzü gözləyir" müraciəti
qəzetimizin 15 oktyabr 1992-ci il sayında dərc olunmuşdur.
Həmin müraciətdə səslənən hər bir
fikrin geniş təhlili qəzetin səhifələrində
xüsusi yer tutmuş, oxucular öz fikir və mülahizələrini
bildirmişdilər. Yeni Azərbaycan Partiyasının təsis
konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində
keçirilib.
Dahi şəxsiyyətin
1993-cü ilin iyununda hakimiyyətə qayıdışı
ilə YAP-ın inkişafında yeni mərhələ
başlamışdır. Partiyanın məqsəd və məramı,
keçdiyi inkişaf yolu qəzetimizdə ətraflı şərh
olunmuşdur. Həmin dövrdə YAP-ın
qarşısında bir tərəfdən iqtidar partiyası
kimi cəmiyyətin siyasi sistemində özünün
aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən
isə müstəqil dövlət quruculuğu proseslərində
yaxından iştirak etmək vəzifəsi dayanırdı. Qəzetimiz
Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan
Partiyasının şəhər və rayon təşkilatlarının
təşkilində və eyni zamanda, gördüyü işlərin
təbliğatçısı olaraq səhifələrində
hər bir uğuru ətraflı şəkildə ictimaiyyətə
çatdırdı və bu gün də həmin ənənəsinə
sadiqdir.
YAP böyük
sınaqlardan çıxaraq şərəfli yol
keçmiş bir partiyadır. Partiyanın uğurlu siyasəti
onu qısa müddətdə ümumxalq partiyasına
çevirdi. Təsis olunanda 500 nəfər üzvü olan
YAP-ın bu gün sıralarında yarım milyondan artıq
insanın birləşməsi Heydər Əliyev ideyalarına
sədaqətin, həyata keçirilən siyasətin bu
gününə və gələcəyinə inamın
göstəricisidir. Partiyanın sıralarında birləşən
üzvlərin 40 faizini gənclərin təşkil etməsi
də bu reallığı təsdiqləyir. "İki
sahil" qəzeti müntəzəm olaraq Yeni Azərbaycan
Partiyasının gənclərin ictimai-siyasi fəallığının
artırılmasına xidmət edən tədbirlərini,
layihələrini geniş şəkildə ictimaiyyətə
çatdırır.
Demokratik
inkişafın əsas göstəricilərindən biri də
ölkədə seçkilərin azad, şəffaf, beynəlxalq
standartlara uyğun keçirilməsidir. Ölkəmizdə
çox mütərəqqi seçki qanunvericiliyi
mövcuddur. Bu günədək keçirilən prezident,
parlament və bələdiyyə seçkilərində, eyni
zamanda, ümumxalq səsverməsində "İki sahil"
qəzeti xüsusi fəallığı ilə seçilib.
Seçki kampaniyasının bütün mərhələləri
ətraflı işıqlandırılıb, səsvermə
günü qəzetin əməkdaşları seçki məntəqələrində
olaraq prosesi yaxından izləyib. Azərbaycanı uğurlu gələcəyə
aparan siyasət daim xalqımız tərəfindən dəstəklənib,
bu inam keçirilən seçki proseslərində səsvermə
hüququndan istifadə edərək fəal iştirakdan
aydın görünür. Yeni Azərbaycan Partiyası bu
günədək keçirilən bütün seçki
proseslərində qələbələr partiyası
olduğunu təsdiqləyib.
Qeyd edək ki,
demokratikləşmə prosesi iqtisadi tərəqqi
üçün əsas rolunu oynayır. Azərbaycanda ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra sabitliyin yaranması iqtisadi tərəqqini
sürətləndirdi, iqtisadi əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı artdı, ölkəmiz
böyük investisiyalar məkanına çevrildi.
Ümummilli lider "Əsrin müqaviləsi"nin
imzalanmasını gerçəkləşdirərək Azərbaycanı
dünyaya qovuşdurdu.
Bu gün
"İki sahil" müstəqil ictimai-siyasi qəzet olaraq
ARDNŞ-nin təsisçiliyi ilə uğurla fəaliyyət
göstərir. "Əsrin müqaviləsi"nin ölkəmizə
qazandırdığı uğurlar qəzetimizin səhifələrində
xüsusi yer tutur.
"Əsrin
müqaviləsi"nin əsas tərkib hissəsi olan BTC və
BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi
iştirakçı, eyni zamanda, dünya dövlətlərinin
iqtisadi imkanlarının genişlənməsinə öz
müsbət təsirini göstərdi, yeni layihələrə
yol açıldı. Bu gün Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa bir iqtisadi
layihənin həyata keçirilməsinin
mümkünsüzlüyü ölkəmizin artan önəminin
təsdiqidir. Beynəlxalq əhəmiyyətli layihələrin
əsas iştirakçısı və təşəbbüsçüsünə
çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin
təminatçısıdır. Tarixən neft ölkəsi
kimi tanınan Azərbaycan bu gün qaz
ixracatçısına çevrilib. Azərbaycanın enerji
potensialının dünyaya təqdimatında mühüm rol
oynayan Beynəlxalq neft, qaz sərgi və konfransı da
1994-cü ildən keçirilməyə başlayır.
İlbəil iştirakçıların sayının
artması Azərbaycana olan diqqətin və marağın
göstəricisidir.
Azərbaycanın
iqtisadi sahədə qazandığı uğurlar və sosial
müdafiənin gücləndirilməsinə yönələn
addımlar "İki sahil" qəzetinin səhifələrində
geniş yer tutur. Bu fikir daim önə çəkilir ki,
dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında
əhalinin sosial rifah halının
yaxşılaşdırılması dayanır. Bu istiqamətdə
imzalanan fərman və sərəncamlar, qəbul olunan
dövlət proqramları ilə bağlı təhlili
yazılar müsbət dəyərləndirilir.
Ulu öndər
Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərkən
onun özündən sonrakı Azərbaycanın taleyini
yüksək intellektli, praqmatik düşüncəli siyasətçi
möhtərəm İlham Əliyevə
tapşırmasıdır. Ulu öndər Heydər Əliyev
2003-cü il prezident seçkilərindən öncə xalqa
müraciətində bildirmişdir: "İlham Əliyev
yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm." Azərbaycanın
tutduğu bu yol ulu öndərimizin 18 il əvvəl
xilaskarlıq missiyasını üzərinə götürməklə
başlanıb. Bu yol Milli Qurtuluş yoludur. Milli Qurtuluşdan
başlanan yol mühüm uğurlarla zənginləşərək
gələcəyə doğru davam edir. 2003-cü il prezident
seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab
İlham Əliyev andiçmə mərasimində bir daha bəyan
etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə
çevrilməsi üçün Heydər Əliyev siyasi
kursu davam etdirilməlidir. "Azərbaycan gələcəkdə
çox zəngin və qüdrətli ölkəyə
çevriləcəkdir. Neft strategiyasını davam etdirərək,
qısa müddət ərzində ölkəmizi hərtərəfli
inkişaf etdirəcəyik." Beş ildə hər bir vədin
konkret əməli işdə təsdiqi cənab İlham Əliyevin
2008-ci ildə keçirilən növbəti prezident
seçkilərində qələbəsini təmin etdi. 15
oktyabr 2008-ci il prezident seçkilərində xalqın 88,73
faiz səsini qazanan cənab İlham Əliyev seçki
proqramında qarşıdakı illərdə görüləcək
işləri diqqətə çatdırdı. 2003-cü ildən
ötən 7 ildən artıq dövr ərzində dövlət
başçısı İlham Əliyevin gördüyü
işlər göz qabağındadır. Son yeddi ilin
statistikasına diqqət yetirən hər kəsin gözü
qarşısında ölkə rəhbərinin xalq, dövlət,
vətən naminə gördüyü böyük işlərin
geniş mənzərəsi canlanır. Cənab İlham Əliyev
hələ Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, millət vəkili, Azərbaycanı Avropa
Şurası Parlament Assambleyasında təmsil edən
nümayəndə heyətinin rəhbəri, Baş nazir kimi
çətin, lakin şərəfli vəzifələri yerinə
yetirəndə daim ölkəmizin gələcəyini
düşünmüş, hər bir məsələyə
milli maraqlar baxımından yanaşmışdır. Cənab
İlham Əliyev dövlət başçısı vəzifəsinə
gələnə qədər çalışdığı
sahələrdə daim belə bir fikri qabarıq şəkildə
diqqətə çatdırırdı ki, biz gələcəyə
baxmalıyıq.
Bu gün yeganə
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində dövlətimizin
göstərdiyi səylər "İki sahil" qəzetinin
səhifələrində xüsusi yer tutur. Qəzet
yarandığı gündən xalqımızın üzləşdiyi
bu amansız müharibənin acılarını faktlar əsasında
ictimaiyyətə çatdırır. Qəzetin əməkdaşları
cəbhə bölgələrində olur, ermənilərin
yalanlarını üzə çıxaran faktlar
toplayırlar. "İki sahil" qəzetinin hər
sayında vətənpərvərlik mövzusunda yazılara
rast gəlməmək mümkün deyil. Qəzetin əvvəlki
saylarında "Yaralı Vətən" silsiləsindən
torpaqlarımızın müdafiəsi uğrunda
canlarından keçən oğul və
qızlarımızın göstərdikləri qəhrəmanlıqların
faktlar əsasında ictimaiyyətə
çatdırılması böyük rəğbətlə
qarşılanıb. Azərbaycanın artan iqtisadi
imkanlarının fonunda hərbi qüdrətimizin möhkəmlənməsi
ilə bağlı silsilə yazılar dərc olunur.
Dağlıq
Qarabağ problemi nəticəsində doğma
yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın
problemlərinin həlli istiqamətində atılan
addımlar, Dövlət Neft Fondunun vəsaitləri
hesabına məcburi köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması yönümündə
görülən işlər də qəzetimizdə geniş
işıqlandırılır.
Cənab
İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı gündən ölkənin uzunmüddətli
inkişaf proqramlarını müəyyənləşdirdi:
Azərbaycanda heç bir çadır şəhərciyi
qalmamalı, yoxsulluğun minimum səviyyəyə endirilməsi
üçün ciddi tədbirlər görülməli,
sahibkarlara dövlət tərəfindən kömək
artırılmalı, regionların hərtərəfli
inkişafı üçün dövlət proqramları qəbul
edilib icrasına başlanılmalı, ölkənin elektrik
enerjisi və yanacaq qazı ilə təmin olunmasına dair
proqramlar hazırlanmalı, bütün istiqamətlərdə
infrastruktur layihələri icra olunmalı, qeyri-neft sektoru
inkişaf etdirilməli, əhalinin həyat səviyyəsinin
yüksəldilməsi üçün digər zəruri tədbirlər
görülməlidir. Möhtərəm Prezidentimiz İlham Əliyev
bildirmişdir: "Biz neftdən əldə olunan gəlirləri
hara gəldi sərf edə bilmərik. Bu pullarla gələcək
nəsillər üçün yeni şəhərlər
salmaq, yollar salmaq, zavod və fabriklər tikmək, neftlə
bağlı olmayan yeni infrastruktur yaratmaq lazımdır.
Çünki neft nə vaxtsa tükənir. Həmin proqram bu
gün həyata keçirilərsə, gələcək nəsillər
neft hasilatından və neftin dünya bazarında qiymətlərindən
asılı olmayacaqlar. Beləliklə, neft bizim
üçün məqsəd deyil, güclü iqtisadiyyat,
güclü infrastruktur yaratmaq vasitəsidir." Dövlət
başçısı İlham Əliyev neft kapitalının
insan kapitalına çevrilməsini qarşıya
mühüm vəzifə kimi qoyub. Bu gün təhsilin, elmin
inkişafı istiqamətində atılan addımlar göz
qabağındadır. Kadr hazırlığı günün
tələbinə çevrilib.
Heydər Əliyev
Fondu fəaliyyətə başladığı gündən
milli irsimizin qorunması istiqamətində mühüm
addımlar atır. Fondun təşəbbüsü ilə
YUNESKO Azərbaycan muğamını bəşəriyyətin
şifahı və qeyri-maddi irsinin şah əsərləri
siyahısına daxil etmişdir. Muğamların qorunub
saxlanılması və inkişafı, dünyada
yayılması və beynəlxalq muğam tədbirlərinin
keçirilməsi məqsədilə Bakıda Beynəlxalq
Muğam Mərkəzi inşa edildi. Heydər Əliyev Fondunun
bilavasitə təşkilatçılığı ilə
muğam musabiqəsinin keçirilməsi də deyilənlərə
əyani sübutdur.
Mehriban xanım Əliyevanın
fəaliyyətində diqqəti çəkən məqamlardan
biri də həqiqətlərimizin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
atdığı addımlardır. Qeyd edək ki, Heydər Əliyev
Fondunun təşkilatçılığı ilə
Dağlıq Qarabağ həqiqətləri ilə
bağlı neçə-neçə kitablar çap
etdirilib. Faciələrimizlə bağlı dünyanın
müxtəlif ölkələrində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə tədbirlər
keçirilir.
Bu baxımdan
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının sədri Leyla Əliyevanın
Xocalı faciəsinin beynəlxalq səviyyədə
tanıdılması istiqamətində gördüyü
işləri, onun təşəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət"
kampaniyasını da qeyd etmək istərdik.
Bu
uğurlarımız "İki sahil" qəzetinin daim diqqətində
olmuş, geniş işıqlandırılmışdır.
Azərbaycanın bu günü, sabahı üçün
atılan hər bir addım, əldə olunan uğur qəzetimizin
səhifələrində mühüm yer tutur.
Bu gün
böyük fəxrlə deyə bilərik ki, Azərbaycanın
güclü siyasi lideri, xalqın həyat səviyyəsini
yüksəltməyə xidmət edən təbii sərvətləri
var.
Xalq-Prezident həmrəyliyi
möhkəmdir, sarsılmazdır.
Qeyd etdiklərimiz
Azərbaycanın 20 illik müstəqillik tarixində keçdiyi
inkişaf yoluna qısa bir baxışdır. Bununla paralel
olaraq bu gün 20 illik yubileyini qeyd etməyə
hazırlaşan "İki sahil" qəzetinin keçdiyi
yola nəzər saldıq. Azərbaycanın müstəqilliyinin
yenidən bərpa olunmasının 20 ilinin qəzetimizin 20
illiyi ilə üst-üstə düşməsi təsadüfi
xarakter daşımır. Bu, bir daha onu təsdiqləyir ki,
tutduğu yoldan geri dönməyən, fəaliyyətə
başladığı gündən "düzü düz, əyrini
əyri" deməklə oxucu auditoriyasını genişləndirən
"İki sahil" qəzeti Azərbaycanın keçdiyi
inkişaf yoluna bələdçilik etməklə
yanaşı, özü də bu dövrdə daha
böyük təcrübə əldə etdi,
qarşıdakı illər üçün mühüm
uğurların təməlini qoydu.
Ötən illər
ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş,
əməkdaşlarımızın bir qismi "Əməkdar
jurnalist" adına layiq görülmüş, medallarla təltif
olunmuşlar. Vaxtilə qəzetimizdə çalışan əməkdaşlarımızın
bir çoxu hazırda müxtəlif qəzetlərə rəhbərlik
edir, televiziya kanallarında çalışaraq "İki
sahil"də əldə etdikləri təcrübədən
bəhrələnirlər.
Mətbuat
nümayəndələrindən bu günün tələbi
sözsüz ki, 20 il bundan öncəki tələbdən fərqlidir.
Azərbaycan yeniləşir, müasirləşir, dünya
informasiya məkanına inteqrasiya edir. İctimai fikrə təsir
imkanları geniş olan KİV ölkəmizdə və
dünyada baş verən hadisə və proseslər
haqqında obyektiv, hərtərəfli informasiya
çatdırmalı, onları yüksək peşəkarlıqla
şərh etməli, maarifləndirici yazılara geniş yer
verməlidir. Milli-mənəvi dəyərlərimizin
qorunmasında, azərbaycançılıq ideyasının təbliğində,
dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin
ölkə və beynəlxalq ictimaiyyətə
çatdırılmasında yazılı və elektron
KİV-nin üzərinə böyük məsuliyyət
düşür. Bir məqamı da unutmamalıyıq ki,
ölkəmiz müharibə şəraitindədir. Təbliğat
xarakterli, vətənpərvərlik ruhunda yazılar
dövrün tələbidir.
Fəaliyyətində
daim bu prinsipləri öndə saxlayan "İki sahil" bu
gün də yaradıcılıq axtarışlarını
davam etdirməkdədir.
Vüqar RƏHİMZADƏ,
"İki sahil"
qəzetinin baş redaktoru,
əməkdar jurnalist
Azərbaycan.-
2011.- 9 iyul.- S.5.