Xəyalların həqiqətə çevrildiyi şəhər
Sürətli tərəqqi tempi ilə seçilən Azərbaycan
regionları sırasında özünəməxsus yerlərdən
birini də Yevlax tutur. Yevlaxın böyük
iqtisadi potensiala malik olduğunu yüksək
dəyərləndirən ulu öndər
Heydər Əliyevin vaxtilə dilə gətirdiyi "Mən
Yevlaxı daha gözəl, daha abad görmək istəyirəm"
arzusu artıq çoxdan
gerçəkliyə çevrilmişdir.
Son illər dinamik inkişaf yolunda inamla irəliləyən Yevlax
abadlığı, gözəlliyi, bənzərsiz
yaraşığı ilə görənləri heyran edir. Son
parlament seçkilərində bölgəyə
səfər edən avropalı beynəlxalq müşahidəçilərin
dilindən eşitdiyim "Bu şəhər Strasburqa
bənzəyir" müqayisəsi təbii ki,
bir azərbaycanlı kimi
məndə də qürur doğurdu.
Bir zamanlar "ölü
şəhər" adlandırılan, küçələrində
beş həyət qapısından üçünə
"ev satılır" elanı
yazılmış, sakinləri dolanışıq üçün ölkə paytaxtına, Rusiya Federasiyasının müxtəlif şəhərlərinə
səpələnmiş Yevlaxda
möcüzəmi baş vermişdir?!
Doğrudur, bu bölgədə
baş verənləri möcüzə
adlandıranlar da az deyil. Həqiqət budur ki, dövlətdən,
ona rəhbərlik edən Prezident
İlham Əliyevin qayğısından güc alan yevlaxlılar
yenilməz iradələri, fəal vətəndaş mövqeyi, ürəklərində yuva qurmuş tükənməz
yurd sevgisi ilə çox xəyalları həqiqətə
çevirdilər. Yevlaxı məhəbbətlə, hər
daşının, hər yaşıl fidanının
başına dolana-dolana başdan-başa
yenidən qurdular. Sosial-iqtisadi
problemlərin ağırlığına tab
gətirməyib diz çökən
şəhər yenidən dikəldi, müstəqil dövlətin
inkişaf etmiş müasir şəhərinə çevrildi, şöhrətli günlərə
qovuşdu.
Prezident İlham Əliyevin Yevlaxa
xüsusi qayğısı, bölgədə
həyata keçirilən genişmiqyaslı quruculuq,
abadlıq işlərinə böyük
dəyər verməsi növbəti uğurların
etibarlı təməlinə çevrilir,
adamları yeni fədakarlıqlara
ruhlandırır.
Dövlət başçısı bu
bölgəyə dəfələrlə səfər etmişdir. Hər səfər isə
Yevlaxın sosial-iqtisadi həyatında
diqqət çəkən yeniliklərlə müşayiət
olunur. Burada
görülən genişmiqyaslı quruculuq
işlərini yüksək dəyərləndirən cənab
İlham Əliyev demişdir:
"Mən hər dəfə Yevlaxda olanda, burada yenilikləri
görəndə çox sevinirəm.
Müxtəlif vaxtlarda Yevlaxda
dəfələrlə olmuşam. Yevlax getdikcə daha da gözəlləşir, daha
da müasirləşir, çox
gözəl abadlıq işləri aparılır... Yevlax bu gün
Avropanın ən qabaqcıl şəhərlərindən bir addım belə, geri
qalmır".
Prezidentin
qayğısı sayəsində iri istehsal və emal müəssisələri,
müasir texnologiyası ilə Avropa standartlarına cavab
verən fabrik və zavodlar
fəaliyyətə başlamış, yüzlərlə yeni iş yeri
açılmışdır. "Lalə tekstil"
tikiş fabriki, "Arfa" mebel fabriki, "Gilan"
gön-dəri emalı, kərpic, asfalt, beton məmulatları istehsalı zavodları və
s. məhz son illərin
payına düşür.
Bu gün Yevlax həm
də parklar, xiyabanlar
şəhəridir. Şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin
adını daşıyan, böyük bir ərazini əhatə edən parkda dincəlmək, mənalı istirahət
etmək üçün hər cür şərait
yaradılmışdır. Burada yay konsert salonunda
vaxtaşırı maraqlı tədbirlər keçirilir.
Parkda quraşdırılmış musiqili fəvvarə əsəblərə
sığal çəkir. Nizami, Dədə
Qorqud, Səməd Vurğun,
Dostluq parkları da əhalinin
sevimli istirahət yeridir.
Ana Kürün
sahilində inşa edilən yeni bulvar kompleksi
Yevlaxın gözəlliyinə yeni
naxış vuracaqdır...
Regionların sosial-iqtisadi inkişafi
istiqamətində həyata keçirilən
genişmiqyaslı işlər Yevlaxda bu gün də uğurla davam etdirilir. Adamlar əzmlə işləyir, min bir həvəslə daş
üstə daş qoyub
doğma yurdun hər
qarışını cənnətə döndərməyə
çalışırlar. Şəhərin dörd
tərəfində tikinti-quruculuq işləri
gedir. Şəhid ailələri və Qarabağ əlilləri üçün
inşa edilən 4 mərtəbəli
36 mənzilli yaşayış evi bu il istifadəyə veriləcəkdir.
Avtovağzal kompleksinin,
iki beşmərtəbəli
yaşayış binasının inşası sürətlə
davam etdirilir. Mərkəzi
Bankın Yevlax zona
idarəsi üçün inzibati binanın və Beynəlxalq Bankın Yevlax filialının tikintisində son tamamlama işləri görülür. Fiziki cəhətdən
qüsurlu uşaqlar üçün zona informasiya mərkəzi inşa
olunur. Kürün
sahilində tikilən beşulduzlu hotel yaxın gələcəkdə
qapılarını qonaqların üzünə
açacaqdır. Uşaq-gənclər idman
məktəbi əsaslı təmir olunur.
Burada inşa edilən
üzgüçülük hovuzu gənc idmançılara böyük töhfə olacaqdır. İki hektar ərazisi olan S.Vurğun adına park müasir tələblər
səviyyəsində yenidən qurulur.
Əhalinin həyat
şəraitini hər vasitə ilə
yaxşılaşdırmaq, adamları narahat
edən sosial problemləri aradan
qaldırmaq rayon rəhbərliyinin fəaliyyətində
əsas istiqamətlərdəndir. Bir vaxtlar elektrik enerjisi, qaz, su, yol sarıdan korluq çəkən əhali bu sahədəki problemləri artıq çoxdan unudub.
Rayonda vüsət alan
genişmiqyaslı abadlıq, quruculuq
işlərinin mayasında söz yox ki, güclü
iqtisadiyyat dayanır. Ölkə
iqtisadiyyatının dinamik inkişafı
bölgədə zəruri sosial layihələrin
reallaşdırılmasına geniş imkanlar yaradır. Cari ilin birinci rübündə
ümumdaxili məhsulun həcmi 118,4 milyon manat olmuşdur.
Bu, əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 15,9 milon manat, yaxud 15,5 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizinin
qeyri-dövlət sektorunda istehsal
olunması rayonda sahibkarlığın
inkişafı üçün münbit şərait yaradılmasının konkret göstəricisidir. Təkcə bu ilin birinci
rübündə sahibkarlara, iş adamlarına 2 milyon
828 min manat həcmində
kredit verilmişdir.
Fabrik və zavodlarında istehsal edilən keyfiyyətli məhsulları dünya bazarına çıxarıb sənaye
şəhəri kimi şöhrət qazanan Yevlax həm də aqrar rayondur. İndi təsərrüfatlarda işlərin
qızğın çağıdır. Taxıl biçini uğurla davam etdirilir. Mal-qara üçün yem toplanılır. Bostan-tərəvəz məhsulları,
müxtəlif meyvələr artıq bazarlara
çıxarılmışdır.
Ən
başlıcası odur ki,
Yevlaxda adamlar çox nikbindirlər. Üzümüzə
işıqlı sabahlar
açılacağına, həyatımızın daha firavan olacağına inam böyükdür. Həvəslə
tikib-quran, abadlıq, gözəllik yaradan, tarlalarda, fermalarda halal zəhməti
ilə bolluğa meydan
açan hər kəs kürəyində
dövlətin əlini görüb ürəkli
olur, ötkəm olur.
Bu əlin gücü,
qüdrəti ən böyük uğurlara qadirdir. Yetər
ki, bu dövləti, bu vətəni sevəsən, bu
ölkənin vətəndaşı olmağınla qürur duyasan.
Lazım
QULİYEV
Azərbaycan.-
2011.- 9 iyul.- S.6.