Yüksək aqrotexniki qulluq
Qobustanın taxıl sahələrində bol məhsuldan xəbər
verir
Dövlətin
qayğısı sayəsində iqtisadiyyatın ən sürətli
inkişaf edən sektorları sırasında kənd təsərrüfatı
xüsusi yer tutur. Prezident İlham Əliyev bu sahənin
inkişaf perspektivlərindən danışarkən xüsusi
vurğulayıb ki, suvarılan ərazilərdə
taxılçılığı, dəmyə yerlərdə
isə üzümçülüyü genişləndirmək
çox vacibdir. Bu həm də torpaqdan səmərəli
istifadə deməkdir. Dövlət
başçısının bu
tapşırığını Qobustan rayonununda kənd təsərrüfatı
məhsulları istehsalçıları da başlıca
istiqamət kimi qəbul edirlər. Rayon icra hakimiyyətinin
başçısı Adil Məmmədov söhbət əsnasında
bildirdi ki, artıq dəmyə ərazidə 1600 hektar
üzüm bağlarının salınması
planlaşdırılıb. 6 hektar sahədə isə rayon
üçün yeni olan kələm yetişdirilməsi nəzərdə
tutulub.
Kənd təsərrüfatı
işləri sahəsində xeyli təcrübəsi olan Adil Məmmədov
bu sahənin inkişafını şərtləndirən
amillərdən biri kimi, peşəkar, müasir
texnologiyanın sirlərini mənimsəyə bilən
yüksək ixtisaslı kadrların azlığını
qeyd etməklə yanaşı, bildirdi ki, arzusu olan gəncləri
Kənd Təsərrüfatı Akademiyasında təhsil
almağa hazırlamaq işin xeyrinə olardı. Əlbəttə,
torpaq diqqət və qayğıdan əlavə, müasir elmi
yanaşma tərzi də tələb edir. O da qeyd
olunmalıdır ki, kəndlərdə abad yollar
salınması, müasir infrastruktur yaradılması təsərrüfat
işlərində kompleks uğuru şərtləndirir.
Başqa sözlə, kənd təsərrüfatı
texnikasının rahat və operativ şəkildə hərəkəti,
kənd adamının sosial qayğıların əlində
çaş-baş qalmaması da məhsul istehsalına
müsbət təsir edən amillərdəndir. Şübhəsiz
ki, kənd təsərrüfatı məhsulları
istehsalçısının fikri-zikri birbaşa əkində-biçində
olanda daha çox uğur və mənfəət gözləmək
olar.
Taxılçılığa
gəldikdə isə, bu il də sahələrdən bol məhsul
gözləyirlər. RİH başçısının
aqrar məsələlər üzrə müavini Allahyar
Atakişiyevin verdiyi məlumata görə, rayonda 2011-ci ilin məhsulu
üçün 26 min hektardan artıq sahədə taxıl əkilib.
Bunun da 15 min hektarı buğda, 11 min hektarı arpadır. Səpin
optimal müddətdə aparıldığına,
payız-qış mövsümü və yaz fəsli əkinçilik
üçün əlverişli keçdiyinə görə,
taxıl sahələrindən bol məhsul götürməyə
inam çoxdur. Texnika biçinə vaxtında
hazırlanıb. 46 taxılbiçən kombayndan 24-ü
köhnə olsa da, saz vəziyyətdədir. Biçinin
optimal müddətdə başa çatdırılması
üçün aran rayonlarından da kombaynlar cəlb ediləcək.
Mövsumun əvvəlində isə Qobustan kombaynları aran
rayonlarına köməyə göndərilir.
"Aqrolizinq" ASC-nin Qobustan rayon şöbəsi də əkin-biçin
işlərində kəndli təsərrüfatlarına
yaxından kömək edir.
Qobustanda
taxılçılığın inkişafında bölgə
təcrübə stansiyasının da əməyi
çoxdur. Stansiyanın direktoru, biologiya elmləri namizədi
Atabəy Cahangirovla sahələri gəzərkən çəkilən
zəhmətin hədər getmədiyinə əmin olduq.
Qobustan bölgə
təcrübə stansiyasının 483 hektar əkinə
yararlı torpaq sahəsi var. Onun 245 hektarı əkilib,
qalanı isə növbəlilik üçün dincə
qoyulub. Sahənin 15 hektarı təcrübə
üçün nəzərdə tutulub, 24 hektarında
xaşa əkilib. 1 hektar sahədə kartof yetişdirilir.
Stansiyanın 40
işçisi var, 10 nəfər mövsümi işlərə
cəlb edilir. Burada çalışan 5 elmi işçinin
3-nün elmlər namizədi olması işə elmi
yanaşmanı şərtləndirən amillərdəndir.
Kombaynı, şum traktorları və digər lazımi
texnikası olan stansiyanın 500 tonluq, üçhissəli
toxumsaxlama anbarından əlavə, yeni anbarın və
xırmanın tikintisi də nəzərdə tutulub.
Bölgə təcrübə
stansiyasının kollektivi hər il 330-350 ton yüksək
reproduksiyalı toxum istehsal edir. Bu il hər hektardan 25-27 sentner
məhsuldarlıq gözlənilir. Burada bölgəyə
uyğun, xəstəliyə, şaxtaya və quraqlığa
davamlı sortlar da yaradılır. "Qızıl
buğda", həmçinin "Dəyanətli" və
"Qüdrətli-48" arpa sortları artıq dövlət
komissiyasına təqdim olunub.
A.Cahangirov onu da
qeyd etdi ki, təcrübə stansiyasını tənəzzüldən
dövlət qayğısı sayəsində xilas etmək
mümkün olub. Çətinliklər xeyli arxada qalsa da, daha
məsuliyyətlə işləməyə
çalışırlar. Başlıca məqsəd il ərzində
torpağı boş qoymamaq, növbəlilik prinsipi ilə
yeni nailiyyətlər qazanmaqdır. Qobustanlı mütəxəssislər
bir məqamı da xüsusi qeyd edirlər: dəmyə
bölgədə kombayn taxıl sahələrinə girənə
qədər taxılın dibi qurumamalıdır. Başqa
sözlə, tələb olunan suvarma işləri, o cümlədən
aqrotexniki qulluq qaydasında olanda, əlbəttə, sahələrdən
bol məhsul götürmək mümkündür.
Telman NƏZƏRLİ
Azərbaycan.-2011.- 9 iyul.- S.6.