Bahar Muradova:
"ATƏT Parlament Assambleyasında həmsədrlərin
iştirakı ilə Dağlıq Qarabağ
münaqişəsinə dair dinləmələr
olacaq"
- ATƏT PA-nın yay sessiyasında
hansı məsələlər müzakirə olundu? Azərbaycan
nümayəndə heyəti sessiyanın gedişində
hansı məsələləri qaldırdı?
- ATƏT PA-nın Belqradda keçirilən
20-ci yay sessiyası "ATƏT-in səmərəliyinin və
fəaliyyətinin möhkəmləndirilməsi: Astana
sammitindən sonra yeni start" mövzusu ətrafında idi.
Bütün komitələrdə, plenar iclaslarda bu mövzu ətrafında
fikir mübadiləsi aparıldı. Demək istəyirəm
ki, bizim əvvəlki sessiyalarda qaldırdığımız
bir neçə məsələ bu sessiyada əksini tapdı.
Bunlardan birincisi ATƏT Parlament Assambleyasının Cənubi
Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi
nümayəndəsinin təyin olunması idi. Bu məsələ
həllini tapdı. İkinci məsələ münaqişənin
həlli ilə bilavasitə məşğul olan ATƏT-in
Minsk qrupu həmsədrlərinin iştirakı ilə ATƏT
PA-da dinləmə keçirilməsidir. Biz istəyirik ki, ATƏT
üzvü olan ölkələrin parlamentariləri
Dağlıq Qarabağ münaqişəsinin həll
variantı, həll prosesi barədə obyektiv məlumat
alsınlar. Artıq bu sahədə də müəyyən səylər
göstərilməkdədir. Parlament Assambleyasının
prezidenti Petros Eftimiu bizə məlumat verdi ki, o, artıq həmsədrlərə
bununla bağlı yazılı məktub ünvanlayıb,
telefon danışıqları olub. Sessiyanın gedişində
də amerikalı həmsədr Robert Bradtke ilə telefon
danışığı oldu. Böyük ehtimalla ATƏT
PA-nın payız sessiyasında belə bir dinləmənin təşkili
mümkündür. Əgər həmsədrlərin özlərindən
asılı olmayan səbəblərdən bu alınmazsa, o
zaman ATƏT PA-nın qış sessiyasında belə bir
hesabat dinlənilə bilər. Yəni bu istiqamətdə
müəyyən addımlar var. Əslində, bu məsələdə
bizim tələbimiz ondan ibarətdir ki, ATƏT Parlament
Assambleyası ATƏT-in bir institutu kimi münaqişənin həlli
prosesinə qoşulsun. Başqa bir məsələni - yay
sessiyasında siyasi komitədə xorvatiyalı məruzəçi
tərəfindən hazırlanan məruzəyə
Dağlıq Qarabağ məsələsinin həlli ilə
bağlı müddəa salınmasını biz qış
sessiyasında qaldırmışdıq. Artıq Siyasi komitədə
qəbul edilmiş qətnamədə və yekun bəyannamənin
14-cü bəndində bu məsələ əksini tapdı.
Yekun bəyannamədə qeyd olunub ki, ATƏT PA Dağlıq
Qarabağ ətrafında gərginliyin artmasından ciddi
narahatlığını ifadə edir. Eyni zamanda qətiyyətlə
çağırır ki, ATƏT çərçivəsində
uzadılmış münaqişələrin həlli ilə
bağlı fəal siyasi addımlar həyata keçirilməlidir.
Düzdür, indiyədək bu kimi məsələlərə
toxunulub, təəssüflər ifadə olunub. Amma indiki məruzədə
həm buna xüsusi abzas həsr olunub, həm də yekun qətnamədə
belə bir müddəa var. Bu, çox ciddi
çağırışdır. Hesab edirəm ki, artan
intensiv danışıqlara ATƏT PA-nın bu şəkildə
qoşulmasının özü vəziyyəti az da olsa dəyişəcək.
Sessiyanın
İqtisadi komitəsində "Nüvə
təhlükəsi və ətraf mühitin
qorunması" adlı qətnamənin müzakirəsi
zamanı nümayəndə heyətimizin üzvü
Eldar İbrahimov Metsamor Atom Elektrik
Stansiyasının bağlanması ilə bağlı məsələ
qaldırdı. Bu tip stansiyalara ciddi nəzarətin
edilməsinin vacibliyi vurğulandı və Metsamorun
Çernobıl qədər təhlükəli stansiya olduğu
vurğulandı. Həm məruzədə, həm də
çıxışlarda bununla
bağlı narahatlıqlar ifadə olundu.
- Joao Suareşin ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ
üzrə xüsusi nümayəndəsi
təyinatını Azərbaycan nümayəndə heyətinin
rəhbəri olaraq necə
qarşılayırsınız?
- Azərbaycan tərəfi
olaraq biz bu təyinatı müsbət
qarşılayırıq. Qoran Lenmarkerin səlahiyyət
müddəti başa çatdıqda Azərbaycan
nümayəndə heyəti olaraq bizim mövqeyimiz ondan ibarət idi ki, ATƏT PA-da bu məsələ ilə bağlı Lenmarkeri əvəz edə biləcək iki və ya maksimum üç nəfərdən
biri və birincisi Joao Suareş ola bilər. Suareşin
Assambleyada və ATƏT regionunda
olan nüfuzunu, eləcə
də onun özünün
həlli uzanmış məsələlərin tezliklə həllini
tapmasına töhfəsini vermək iqtidarında olduğunu nəzərə alırdıq. O, iki il ATƏT PA-ya rəhbərlik edib, ondan əvvəl də vitse-prezident
olub. Dəfələrlə Azərbaycana,
Ermənistana və Qafqaz regionuna
səfərlər edib. Parlament
Assambleyasının sədri kimi
Dağlıq Qarabağ məsələsi
ilə bağlı gedən danışıqlar, proseslərin
gedişi, tərəflərin mövqeyi ilə kifayət qədər
tanışdır və məsələni bilir.
Bundan əlavə, Suareş
hər zaman məsələlərə
münasibətdə obyektiv mövqe sərgiləyib. Bu
nöqteyi-nəzərdən onun təyinatı
tərəfimizdən müsbət qarşılandı. Biz bununla bağlı fikrimizi Petros Eftimiunun iyulun 8-də, sessiya çərçivəsində Azərbaycan
və Ermənistan nümayəndə heyətləri ilə keçirdiyi görüşdə bildirdik.
- Bu təyinata ermənilərin münasibəti
necə oldu?
- Ermənilər
də təyinatı müsbət qarşıladılar. Çünki bu insan haqqında ATƏT PA üzvlərinin, demək
olar ki, əksəriyyəti
eyni fikirdədir. Ermənilər də Suareşin təyinatına heç
bir mənfi münasibət bildirmədilər.
Əksinə, alqışladılar ki, onun imkanlarından, savadından, konfliktlərin
həllinə xidmət edə biləcək istəyindən
istifadə olunacaq.
- Suareşin özü
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı hansı təkliflərlə
çıxış etmək istəyir?
- Suareşlə
təyinatdan sonra görüşümüz
oldu. O, hər şeydən əvvəl səlahiyyətli
şəxs kimi proseslərə daxil olmalıdır. Bunun üçün ona bir qədər vaxt
lazımdır. Onun ilk
olaraq söylədiyi budur
ki, Dağlıq Qarabağ
münaqişəsi tezliklə həll olunmalıdır. Bunun üçün ATƏT
və onun bütün
institutları lazımi səyləri göstərməlidir.
ATƏT PA çərçivəsində bu
məsələyə diqqət artırılmalıdır. Suareş ilk andan məsələyə fəal şəkildə
qoşulub. Artıq
sessiyanın gedişində onun tövsiyəsi
ilə bir neçə ölkənin
nümayəndələri bizə yaxınlaşaraq bu mövzuda ölkələrinin,
ictimai-siyasi xadimlərinin, Azərbaycan və
Ermənistan nümayəndələrinin iştirakı ilə
tədbirlərin keçirilməsi, bu və
ya digər müzakirələrin
aparılması təkliflərini irəli sürdülər.
- Suareşin bölgəyə səfəri
gözlənilirmi?
- Səfərin
dəqiq tarixi bəlli olmasa
da, Suareş söylədi
ki, yaxın zamanlarda
bölgəyə səfər etmək istəyir.
Azərbaycan.- 2011.- 13 iyul.- S.4.