Əli Həsənov: "Tərəflərdən
hər hansı birinin tam
qələbəsi məsələsi yoxdur"
Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov "Media forum"
saytının suallarını cavablandırıb.
- Nazirlər Kabinetinin bu gün
keçirilən iclasında Dağlıq Qarabağ
münaqişəsinin həlli, sülh
danışıqlarında yaranmış vəziyyət də
müzakirə olunub. Məsələ yalnız müzakirə
səviyyəsində aparılıb, yoxsa hər hansı bir qərar
qəbul edilib?
- Prezident İlham Əliyev Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
aparılan danışıqlar, son vəziyyət barədə
geniş məlumat verdi. Dövlət başçısı
2004-cü ildə başlanan Praqa prosesindən tutmuş
bugünkü vəziyyətə qədər olan bütün
proseslərdən danışdı. İclasdan geniş məlumat
yayılacaq və bu o deməkdir ki, Prezident həm də xalqı
məlumatlandırdı.
Söhbət ondan gedir ki, 2004-cü ildən
ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ, Fransa və
Rusiyanı təmsil edən nümayəndələrin
iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlar davam etdirilib.
2007-ci ildə Minsk qrupunun həmsədrləri Madrid prinsipləri
adlandırılan təkliflər irəli sürüblər.
2009-cu ildə yenilənmiş Madrid prinsipləri
adlandırılan sənəd ortaya çıxıb. 2010-cu
ildə danışıqlar davam etdirilib. Prezident hansı mərhələdə
danışıqların necə getməsindən, nələrin
baş verməsindən, Ermənistanın qeyri-konstruktiv
mövqeyinə görə danışıqların nəticəsiz
qalmasından danışdı.
Azərbaycan, Rusiya və Ermənistan
prezidentlərinin Kazan görüşündə də Ermənistan
qeyri-konstruktiv mövqe tutub. Ermənistan dezinformasiya siyasətinə
əl ataraq guya Kazan görüşündə Azərbaycanın
yenilənmiş Madrid prinsiplərinə yeni düzəlişlər
irəli sürdüyünü və bunun nəticəsində
danışıqların heç bir razılaşma əldə
olunmadan başa çatdığını iddia edib. Amma
reallıq başqadır, Kazan görüşündə Ermənistan
yenilənmiş Madrid prinsipləri əsasında ilkin sülh
sazişinə dair sənədlərin imzalanmasına mane olub.
- Prezident İlham Əliyev Nazirlər
Kabinetinin iclasında deyib ki, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı yeni vəziyyət
yaranıb və belə bir vəziyyətdə Ermənistanın
son hərəkətləri başa düşülmür.
Yeni vəziyyət nədən ibarətdir və söhbət
Ermənistanın hansı hərəkətlərindən
gedir?
- Prezident İlham Əliyev yeni vəziyyətin
nədən ibarət olmasına dair geniş açıqlama
verdi. Dövlət başçısı dünya azərbaycanlılarının
3-cü qurultayında və ondan əvvəlki
çıxışlarında da yeni vəziyyətin nədən
ibarət olması haqda geniş açıqlama vermişdi.
Yeni vəziyyət ondan ibarətdir ki,
artıq dünyanın bütün ölkələri
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tam informasiyaya malikdir, Qarabağdakı
reallığı bilirlər, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi faktını
bütün beynəlxalq təşkilatlar qəbul edib. Beynəlxalq
təşkilatlar bundan çıxış edərək
münaqişənin həlli istiqamətində səylərini
davam etdirirlər.
Cənab Prezident mövcud vəziyyətdə
yeni reallıq deyərkən ilk növbədə ATƏT-in
Minsk qrupuna həmsədr olan ölkələrin prezidentlərinin
son bəyanatını, status-kvonun dəyişdirilməsinə
dair tələblərini, bundan sonra münaqişənin həlli
ilə bağlı mütləq formada irəliləyişə
nail olunması istiqamətində həm ABŞ, Rusiya və
Fransa prezidentlərinin, həm də xarici işlər nazirlərinin
göstərdikləri səyləri nəzərdə tutur.
Bir müddət əvvəl ABŞ, Rusiya və Fransa prezidentləri
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı birgə bəyanat imzalayıblar, orada status-kvonun
aradan qaldırılması tələbi irəli
sürülüb. Onun ardınca Kazan görüşü ərəfəsində
həm Azərbaycan, həm də Ermənistan prezidentləri
Minsk qrupunun hər üç həmsədr ölkəsinin
prezidentləri ilə ünsiyyətdə olublar,
münaqişənin həlli istiqamətində ölkə
prezidentlərinin arzu, istəkləri və iradələri
ortalığa qoyulub. Digər tərəfdən isə, bu ərəfədə
xarici işlər nazirləri öz səylərini
artırıblar. Bu görüşlərin artması,
müzakirələrin intensivləşməsi həqiqətən
münaqişənin həlli ilə bağlı yeni vəziyyətin
yaranmasından xəbər verir. Bu onu göstərir ki,
Dağlıq Qarabağ münaqişəsi dondurulmuş
münaqişə deyil. Bu məsələ dinamik şəkildə
müzakirə olunan, dünyanın gündəminə gətirilən,
həlli vacib hesab edilən məsələlər
sırasına qaldırılıb. Yeni vəziyyət budur.
Ermənistanın başa
düşülməyən hərəkətləri isə
ermənilərin hər dəfə bu və ya digər bəhanə
ilə sülhyaratma proseslərindən boyun
qaçırması, əvvəlki görüşlərdə
razılaşdırılmış prinsip və məsələlərdən
imtina etməsi, razılaşdırılmış məsələlərə
dəfələrlə yenidən qayıtmasıdır.
Bütün bunlar reallıqdır. Ermənilərin başa
düşülməyən hərəkətləri deyəndə
cənab Prezident ilk növbədə bunları nəzərdə
tutur.
2009-cu ildə irəli sürülən
yenilənmiş Madrid prinsipləri Azərbaycanın istəyi
deyil. Bu, həmsədr dövlətlərin irəli
sürdüyü təkliflərdir. Hər iki tərəf
prinsipcə bu təkliflərlə razı olduğunu
bildirmişdi. Onda nəyə görə ermənilər Kazan
görüşündə
razılaşdırılmış məsələləri
yenidən gündəmə gətirir, Dağlıq
Qarabağın statusu məsələsini ön plana
çıxararaq mərhələli həll prinsipinə zidd təkliflər
irəli sürürlər? Bu misalları kifayət qədər
artırmaq olar. Ermənilər əvvəlki illərdə
yenilənmiş Madrid prinsiplərini dəstəklədiklərini,
onu qəbul etməyə hazır olduqlarını bəyan
etdikləri halda Kazan görüşündə həmin
prinsiplərdən imtina ediblər.
- Ötən həftənin sonunda Rusiyanın
xarici işlər naziri Sergey Lavrov Bakı və Yerevana səfər
etdi və Prezident Dmitri Medvedevin məktubunu Azərbaycan və
Ermənistanın dövlət başçılarına
çatdırdı. Məktubda nə yazıldığı
isə açıqlanmayıb. Dmitri Medvedevin məktubunda nələr
yazılıb və Azərbaycan bu məktuba cavab verəcəkmi?
- Məsələ normal bir səviyyəyə
gətirilməmiş onun cəmiyyətə
açıqlanması, bu haqda məlumatların geniş
ictimaiyyətə bildirilməsi diplomatik normalara ziddir və
nizamlanma prosesinə mənfi təsir göstərər. Ona
görə də lazımi məqamda bu məktublara münasibət
bildiriləcək, onların nəticələri də
ictimaiyyətə bəlli olacaq. Hazırda Azərbaycan o istəklə
yaşayır ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətindəki yeni vəziyyət davam etdirilməlidir,
dinamik inkişaf olmalı, ATƏT-in Minsk qrupu həmsədrlərinin
iradəsi bu formada davam etdirilməlidir və
danışıqlarda müəyyən yekun mərhələyə
keçmək lazımdır.
Məktublardakı digər məsələlər
haqqında da məlumat veriləcək. Təbii ki, hazırda
müvafiq qurumlar məktubdakı məsələləri
öyrənir. Məktub hansı missiyaya xidmət edir, bundan
sonrakı addımlar nə olacaq, Rusiya xarici işlər
nazirinin Azərbaycan və Ermənistana, ABŞ-a səfərlərinin
yekunları necə olacaq - bu məsələlərə
aydınlıq gəlməlidir. Eyni zamanda, Azərbaycanın
xarici işlər naziri bir müddət əvvəl Fransada səfərdə
olub, görüşlər keçirib. Hər halda
bütün bunlar Ermənistanın yenidən
danışıqlar masasında konstruktiv mövqe tutmasına
sövq edilməsinə və 2011-ci ildə Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
hansısa konkret nəticənin əldə olunmasına istiqamətlənib.
- Azərbaycan və Ermənistan
prezidentlərinin Rusiyanın dövlət
başçısının vasitəçiliyi ilə
keçirilən Kazan görüşü uğursuz başa
çatandan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında
diplomatik fəallıq artıb. İyulun 8-də Rusiya
Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistanın
dövlət başçılarına yeni təkliflərin
yer aldığı məktubla müraciət edib. İyulun
11-də ABŞ və Rusiya prezidentləri telefonla
danışaraq Dağlıq Qarabağ münaqişəsini
müzakirə ediblər. Həmin gün Rusiya xarici işlər
naziri Sergey Lavrov ABŞ-a səfər edib. O, Vaşinqtonda
Qarabağ müzakirələri aparacaq. Sizcə, bu diplomatik fəallıq
nə vəd edir?
- Bütün diplomatik fəaliyyət məhz
nəticənin əldə olunmasına yönəlib. Əgər
bir nəticə olmayacaqsa, dünyanın indiki gərgin
ictimai-siyasi, maliyyə vəziyyətində üç
aparıcı ölkə neçə illərdir
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
məşğul olmaz. Məgər onların
işi-gücü yoxdur? Əlbəttə, onlar da istəyirlər
ki, nəticə olsun, Cənubi Qafqazda sülh yaransın,
dünya üçün əhəmiyyətli olan bu geostrateji
məkan, nəhayət, dinc, mehriban qonşuluq şəraitində
yaşasın. Bu da dünyada sülh və təhlükəsizliyin
təmin olunmasında mühüm bir amil rolunu oynayacaq. Nəticənin
olması üçün isə Ermənistana mütləq təzyiqlər
artırılmalıdır, bu ölkələr sözün həqiqi
mənasında ciddi bir iradə qoymalıdırlar.
Ermənistanın indiki siyasətinə
rəhbərlik edənlər bir qədər qeyri-ciddi
insanlardır. Bunu açıq deməliyik. Ermənistan
prezidentinin, xarici işlər nazirinin, onun müavinlərinin
çıxışlarına baxın. Müstəqil dövlətin
prezidentinin, nazirlərinin bu formada mülahizələr irəli
sürməsi təəssüf doğurur. Onların
çıxışları lağlağı, qeyri-ciddi fikirlərdən
ibarətdir. Biz qeyri-ciddi bir ölkə ilə üz-üzəyik.
Bu qeyri-ciddi siyasət yalnız Azərbaycana, işğal
olunmuş ərazilərdəki əhaliyə ziyan gətirmir,
bütün Ermənistan əhalisini girovluqda saxlayır. Erməni
xalqı faktiki olaraq hərbi rejimin girovuna çevrilib,
neçə illərdir regionun, dünyanın
inkişafından təcrid olunub. Ermənilər bir militarist
qrupun biznes maraqlarının girovunda saxlanılır. Onlara qarşı
ciddi tədbirlər görülməsə, bu insanlardan hər
şey gözləmək olar.
- Əli müəllim, ekspertlər hesab
edirlər ki, yenilənmiş Madrid prinsipləri Azərbaycanın
maraqlarına cavab vermir. Bu prinsiplər indiyədək tam
açıqlanmayıb. Yenilənmiş Madrid prinsiplərinin
cəmiyyətə açıqlanmasını mümkün
hesab edirsinizmi?
- Minsk qrupu həmsədrlərinin irəli
sürdükləri prinsipləri nə Ermənistan, nə də
Azərbaycan qələbə kimi təqdim edə bilər. Bu
prinsiplərdə tərəflərdən hər hansı
birinin tam qələbəsi məsələsi yoxdur. İstənilən
halda qarşılıqlı güzəşt var. Azərbaycanın
qarşılıqlı güzəşti Dağlıq
Qarabağa keçid statusu verilməsindən ibarətdir. On
illər sonra, normal sülh şəraitində Dağlıq
Qarabağın daimi statusu müəyyən olunana qədər
Azərbaycan ona keçid status verir. Nazirlər Kabinetinin
müşavirəsində Prezident İlham Əliyev yenilənmiş
Madrid prinsiplərini açıqladı. Yenilənmiş
Madrid sənədi 4 əsas prinsipdən ibarətdir. Həmin
prinsiplərin hamısı, əlbəttə ki, Azərbaycanı
tam qane etmir. Münaqişənin həllinin Azərbaycanı
tam qane etməsi üçün gərək Azərbaycan
müharibəyə başlasın, işğal altında olan
bütün əraziləri azad etsin və Ermənistanı
bizi qane edən sülh sazişini imzalamağa məcbur etsin.
İndiki şəraitdə isə bu,
qeyri-mümkündür. Ona görə də biz konstruktiv bir
mövqe nümayiş etdirərək qarşılıqlı
güzəştlərə gedirik.
- Yenilənmiş Madrid prinsiplərində
Dağlıq Qarabağda referendum keçirilməsinə dair
müddəalar varmı?
- Mən məsələnin detalları
ilə tanış deyiləm. Minsk qrupunun həmsədrlərinin
səsləndirdikləri bəyanatlarda da Dağlıq
Qarabağın gələcək statusu ilə bağlı
informasiyalar bir xətlə keçib. Gələcək statusu
müəyyənləşdirmək üçün
Dağlıq Qarabağ ətrafında sülh və əmin-amanlıq
şəraitində yaşamaq təmin olunmalıdır, həm
azərbaycanlılar, həm də digər vətəndaşlar
öz yurdlarına qayıtmalıdır. Sülh, sosial-iqtisadi
inkişaf, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası
şəraitində insanlar beş-on il
yaşamalıdırlar. Bundan sonra Dağlıq
Qarabağın statusu ilə bağlı referendum keçirilə
bilər. Belə bir ideya danışıqlar prosesində olub.
Amma yenilənmiş Madrid prinsiplərində referendumun
keçirilməsi şərtləri, müddəti və digər
detalları ilə tanış deyiləm.
- Ermənistanda hakimiyyət müxalifətlə
görüşüb Dağlıq Qarabağ münaqişəsinin
həllini müzakirə edir, ortaq mövqe
formalaşdırır. Azərbaycanda da hakimiyyətin müxalifətlə
bir araya gəlib məsələni müzakirə etməsinə
dair fikirlər səsləndirilir. Yaxın vaxtlarda belə bir
müzakirələr keçirilə bilərmi?
- Cənab Prezident Nazirlər Kabinetinin
müşavirəsində bəyan etdi ki, əgər
Dağlıq Qarabağ məsələsi ilə bağlı
hər hansı qərar qəbul olunsa, mütləq Azərbaycan
xalqının rəyi nəzərə alınacaq. Hazırda
ortada ciddi bir şey yoxdur. İndi söhbət Dağlıq
Qarabağ münaqişəsinin həllinə qədərki
müəyyən işlərin görülməsindən
gedir. Azərbaycanın Dağlıq Qarabağa aidiyyəti
olmayan, hətta Ermənistandan Dağlıq Qarabağa
keçən dəhlizə aidiyyəti olmayan 5 rayonu
işğal altındadır. Niyə bu rayonlar azad
olunmasın, oradakı infrastruktur bərpa edilib əhali
doğma yerlərinə köçürülməsin?
İndi bu xarakterli məsələlərdən söhbət
gedir və cənab Prezident Azərbaycan xalqının iradəsinə
söykənərək addımlar atır, öz səlahiyyətləri
çərçivəsində bunları
reallaşdırır.
Ermənistandakı məsləhətləşmələrin
hamısı imitasiyadır. Olmayan şeyin nəyini xalqla məsləhətləşəcəksən?
Ermənistan prezidentinin qəbul etdiyi qərarların
hamısı qeyri-ciddidir. Onun bir tədbirdə bəyan etdiyi
fikirlə başqa tədbirdəki hərəkəti uyğun
gəlmir. Ermənistana sözü ilə əməli bir-birinə
uyğun gəlməyən şəxs rəhbərlik edir. Azərbaycanda
isə xalqla həqiqi məsləhətləşmə olacaq,
vətəndaşların rəyi soruşulacaq. Amma bunun
üçün danışıqlarda nəticə
olmalıdır.
Azərbaycan.- 2011.- 13 iyul.- S.4.