Müasir
İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin
gözü ilə" adlı fotosərgi
açılmışdır
İyulun
12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf
Proqramı tərəfindən Müasir İncəsənət
Muzeyində "Azərbaycan əcnəbilərin gözü
ilə" adlı fotosərgi açılmışdır.
AzərTAc
xəbər verir ki, sərgidə
Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva,
qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
və Arzu Əliyeva iştirak
etmişlər.
Sərgidə Azərbaycanda
fəaliyyət göstərən xarici
diplomatların və iş
adamlarının çəkdiyi 90-dan çox
rəngli və ağ-qara fotoşəkillər
nümayiş etdirilir.
Belə bir sərginin
keçirilməsi təşəbbüsü ilə BMT-nin İnkişaf
Proqramının Azərbaycandakı bütün
diplomatik qurumlara və
xarici iş
adamlarına müraciəti əsasında müsabiqəyə
30-dək ölkənin vətəndaşları tərəfindən
çəkilən 600-dən çox
fotoşəkil təqdim edilmişdir.
Bu fotolar təbiət
mənzərələri, sadə insanların həyatını
əks etdirən səhnələr və portretlərdən
ibarət olmaqla ölkəmizin əsrarəngiz
gözəlliyini əcnəbi qonaqların gözü
ilə ifadə edir. Münsiflər heyəti
tərəfindən ən yüksək bal
toplayan 96 fotoşəkil hazırda Müasir İncəsənət Muzeyində nümayiş olunur.
Tədbiri açan BMT-nin ölkəmizdə
rezident-əlaqələndiricisi Fikrət AKÇURA sərginin
təşkilinə dəstək verdiyinə görə Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevaya minnətdarlığını bildirdi.
O, 20 il əvvəl öz müstəqilliyini yenidən bərpa edən
Azərbaycanın beynəlxalq ictimaiyyətin dəyərli üzvü kimi BMT-yə qoşulduğunu xatırladaraq vurğuladı
ki, müstəqilliyin ilk
illərindəki ağır çətinlikləri uğurla dəf edən ölkəmiz bu gün dünyada
güclü iqtisadiyyata
malik və inkişaf
edən dövlət kimi tanınır. Hərbi
təcavüzə uğramasına, çoxlu
qaçqın və məcburi köçkünün
olmasına baxmayaraq, Azərbaycan yüksək
iqtisadi artıma nail olmuş, öz vətəndaşlarının
həyat səviyyəsini
yaxşılaşdırmışdır.
F.Akçura diqqətə çatdırdı ki, zəngin karbohidrogen
ixracından əldə olunan gəlirlər
insan inkişafı reytinqində sürətlə
yüksələn Azərbaycanda sosial-iqtisadi
və mədəni sahələrdə böyük
proqramların həyata keçirilməsinə sərf olunur. 2010-cu ildə Azərbaycan orta insan inkişafı səviyyəsindən
yuxarı qalxmışdır. BMT-nin İnkişaf Proqramının izlədiyi insan inkişafı göstəricilərinə
görə son beş
ildə Azərbaycan 169 ölkə arasında ən böyük irəliləyişə nail olmuşdur. Keçmiş sovet ölkələri
arasında isə Azərbaycan son 10 ildə
ən yüksək insan inkişafı tempini nümayiş etdirmişdir.
Azərbaycanı təbliğ
etmək üçün tədbirin
gözəl fürsətə çevrildiyini
deyən F.Akçura sərginin ölkəmizi
beynəlxalq ictimaiyyətə daha
yaxşı tanıdacağına və respublikamızın
davamlı uğurları üçün
göstərilən birgə səylərin məzmunlu rəmzinə
çevriləcəyinə əminliyini bildirdi.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım ƏLİYEVA mərasim
iştirakçılarını salamlayaraq
dedi:
- Xanımlar və
cənablar!
Əvvəlcə
şəhərimizdə olmuş diplomatlar tərəfindən çəkilmiş
müxtəlif fotoşəkillərdə Bakımızın əksini
tapmış gözəlliyini seyr etmək
və qiymətləndirmək məqsədilə təşrif
buyurmuş şəxsləri yeni Müasir İncəsənət
Muzeyində salamlamaq istəyirəm. Bu sərgi
ölkəmizə səfər edən tanınmış
diplomatların Azərbaycanı necə gördüyünü
və anladığını aydın şəkildə nümayiş etdirir. Azərbaycan
nəinki Qafqazın gözəl və böyük
ölkəsidir, o, həmçinin gözəl
təbiəti, xeyirxah insanları ilə seçilir. Burada Şərq
adət-ənənələri, zəngin mədəni irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin
dəyərləri qovuşur.
Bugünkü sərgidə
siz tarixi abidələri,
dini ziyarətgahları, uzaq
kəndləri, ölkəmizin təbii gözəlliyini, o cümlədən şəhərdə olan göydələnləri və olduqca maraqlı binaları seyr
edəcəksiniz. Hesab edirəm ki, bu sərgi ölkəmizin
gözəlliyini, minnətdar olduğumuz bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək
fürsətini yaradır. Bu sərgidə
siz Azərbaycan təbiətinə həsr
olunan bir çox fotoşəkilləri də görəcəksiniz.
Ola bilsin ki, sizin məlumatınız
var, dünyadakı 11 iqlim
qurşağından 9-nun ölkəmizdə olmasından Azərbaycan
fərəhlənə bilər.
Təbiəti nəinki
Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur.
Fürsətdən istifadə edərək gənclərin qlobal ətraf mühit
kampaniyasının başlandığını elan etmək istəyirəm. Bu,
İDEA, yəni "Ətraf Mühit Sahəsində
Tədbirlər Haqqında Beynəlxalq Dialoq"
adlanır. Bu kampaniya ətraf
mühitin qorunmasını vacib hesab edən
dünyanın bir çox
ölkələrindən minlərlə gənci səfərbər
edəcəkdir. Eyni zamanda, 2011-2012-ci illərdə
Heydər Əliyev Fondu BMT-nin
Azərbaycan nümayəndəliyi ilə ətraf mühitə
dair müxtəlif layihələr üzərində
sıx işləyəcəkdir. Ölkə miqyaslı həmin
layihələrdən biri "Ətrafıma
yeni baxış" adlanan
fotosərgidir.
Hörmətli dostlar, fərəh hissi ilə
qeyd etmək istəyirəm ki, müstəqilliyimizin 20 ili
ərzində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlər və nəticələr
əldə edib. Gördüyünüz
kimi, qarşımızda bir
çox layihələr, planlar
və ideyalar vardır. Mən sərginin
təşkilatçılarına və bütün
iştirakçılara, o cümlədən
qonaqlara bir daha təşəkkürümü bildirmək
istəyirəm. Bilirəm ki, qonaqlardan bəziləri ölkəmizə ilk dəfədir ki, səfər
edir. Ümidvaram ki, bu axşam
sizin üçün
maraqlı olacaqdır və Azərbaycana səfərinizdən
razı qalacaqsınız. Çox sağ olun və
hamınıza uğurlar arzulayıram.
Polşanın
ölkəmizdəki səfiri Mixal LABENDA
sərginin keçirilməsi ilə bağlı uğurlu təşəbbüslə
çıxış edən Heydər Əliyev Fondunun rəhbərliyinə və BMT-nin İnkişaf
Proqramına minnətdarlığını bildirdi.
Səfir vurğuladı ki, sərgiyə öz işlərini təqdim edən müəlliflərdən
ikisi Polşa səfirliyində
çalışır. Bu, onların Azərbaycanın
gözəlliyinə heyran
olduqlarını və bu ölkədə
özlərini evlərindəki kimi hiss etdiklərini təsdiqləyir.
Sərginin
bütün qonaqlarda böyük təəssürat
yaradacağını diqqətə çatdıran M.Labenda ölkəmizin müxtəlif bölgələrinə
səyahət edərək daha çox fotoşəkil çəkməyi və
gələn il bu
müsabiqədə iştirak etməyi
planlaşdırdığını vurğuladı.
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
və BMT-nin rezident-əlaqələndiricisi
Fikrət Akçura sərginin
açılışını bildirən lenti
kəsdikdən sonra ekspozisiya
ilə tanış oldular.
"Azərbaycan
əcnəbilərin gözü ilə"
sərgisi ölkəmizin rəngarəng və qədim mədəniyyətini,
zəngin memarlıq ənənələrini və son illərin sosial-iqtisadi
inkişafını tərənnüm edir.
Sərginin maraqlı cəhəti ondan
ibarətdir ki, burada
yalnız xarici vətəndaşların öz fərdi kolleksiyalarında olan həvəskar fotoşəkillər
nümayişə çıxarılmışdır.
"Azərbaycan
əcnəbilərin gözü ilə"
fotosərgisi Azərbaycanı tanımaq və təbliğ
etmək baxımından mühüm mədəni
hadisədir. Bu sərgi bəşər mədəniyyətinin
yaranmasında və tərəqqisində öz
yeri və öz
payı olan Azərbaycanın sonsuz gözəlliklərindən, bu ecazkar diyarın təkrarsız
təbiətindən, çoxəsrlik mədəniyyətindən
xəbər verir. Bu
sərginin bir amalı da
Azərbaycanın mədəni sərvətlərə
göstərdiyi diqqət və qayğının yetərincə
qabardılmasıdır. Bu fotolardan aydın görünür
ki, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan
və onun paytaxtı Bakı bir çox dövrlərdə
dünya mədəni irsinə layiqli töhfələr vermişdir.
Bu proses indi də davam edir. Bu gün
Bakı Şərqin bütün gözəlliklərini
özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da
Qərb cazibəsini özündə əks etdirən Şərq
paytaxtı kimi qəbul olunur.
Sərgiyə
qatılan dövlət və hökumət rəsmiləri, xarici ölkələrin və beynəlxalq təşkilatların
ölkəmizdəki təmsilçiləri, eləcə də
respublikamızın ictimaiyyətinin nümayəndələri
nümayiş olunan
fotoşəkilləri böyük maraqla izləmişlər.
Sərgi iyulun 22-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.- 13 iyul.- S.5.