Sosial-iqtisadi və
mədəni yüksəliş xəttinin uğurlu davamı
Davamlı inkişaf, tərəqqi və
yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın
siyasi simasını müəyyən edir. Sürətli
intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə
inamla yetişən, bütün sahələrdə yeniləşən
respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə
möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin
həllinə nail olur, hətta ümumregion əhəmiyyətli
qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.
Aparıcı dünya dövlətləri Cənubi Qafqazın
tərəqqi və yüksəlişini Azərbaycandan kənarda
görmür, respublikamızın mövqeyi ilə tam
hesablaşırlar. Ölkəmiz
düşünülmüş neft strategiyası ilə
ümumən Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə
çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən
ölkə rəhbərliyi milli maraqları layiqincə
müdafiə edir.
Bu gün Azərbaycanın hər bir
bölgəsi böyük tikinti meydanını
xatırladır. Regionlarda yüksək zövqlə
aparılan abadlıq-quruculuq işləri zahiri
görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan
tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir.
Rayonlara, qəsəbələrə şəhər
simasının gətirilməsi əyalət
insanlarının ümumi mənəvi-psixoloji
ovqatını, gələcəyə inam hissini yüksəldir.
Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil,
səhiyyə, mədəniyyət müəssisələri
yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir,
mənəvi iqlimi saflaşdırır. Mövcud uğurlar
insanlarda gələcək barədə yalnız nikbin təəssürat
və daxili əminlik doğurur. Ölkə vətəndaşları
yaxşı başa düşürlər ki, çətin və
ağrılı günlər çoxdan geridə
qalmışdır. Üfüqdə sürətlə yeniləşən,
iqtisadi uğurları, demokratik inkişaf səviyyəsi ilə
dünya arenasında layiqli mövqeyini təmin edən
qüdrətli və əzəmətli Azərbaycan
görünür.
Bütün bu uğur və nailiyyətlərin
bünövrəsində isə bir vacib amil dayanır - lider
amili! Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin
şəxsiyyətindən və idarəetmə qabiliyyətindən
çox şey - ilk növbədə onun rəhbərlik
etdiyi dövlətin, xalqın taleyi asılıdır. Bu qənaətlə
hamı bölüşür ki, müstəqil respublikamız
da hazırkı möhtəşəm nailiyyətlərinə
görə məhz ümummilli lider Heydər Əliyevə
borcludur. Ümummilli lider Heydər Əliyev minilliklər boyu
davam edən dövlətçilik tariximizin yalnız 40 ilinə
sahiblik edir. Fəqət bu zaman kəsiyində xalqın
minilliklərlə intizarında olduğu arzular, niyyətlər,
məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik
ənənələrinin formalaşması prosesi sürətlənmişdir.
Bu zaman kəsiyi Azərbaycanda istiqlala zəmin
yaradılması, müstəqilliyin bərpası və əbədi,
daimi dönməz xarakter alması, sabit dövlət
quruluşunun yaranması, xalqın təbii və konstitusion
haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə
nail olması, fərdin azad ölkənin vətəndaşına
çevrilməsi kimi böyük tarixi mərhələni əhatə
edir.
Ulu öndərin hələ ötən
əsrin 70-80-ci illərindən böyük uzaqgörənliklə
formalaşdırdığı sənaye və istehsal
potensialı bugünün özündə də davamlı
iqtisadi yüksəliş üçün möhkəm
özülə, bünövrəyə çevrilmişdir.
Orta və nisbətən yaşlı nəslin nümayəndələri
respublikanı böyük uğurlara aparan müstəqillik
yolunun məhz ötən əsrin 60-cı illərindən
başlandığını çox yaxşı bilir. O
dövrdə keçmiş SSRİ-nin ən geridə
qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji
böhran keçirən Azərbaycan sanki taleyin ümidinə
buraxılmış kimi görünürdü.
Ulu öndər Heydər Əliyevin
respublikanın ağır iqtisadi, siyasi, mənəvi
böhran keçirdiyi belə bir dövrdə - 1969-cu ilin 14
iyulunda Azərbaycan KP MK-nın I katibi seçilməsi isə
respublikanı işıqlı gələcəyə doğru
aparan yolun başlanğıcına çevrildi. Həmin
plenumda Azərbaycan dilində nitq söyləyən yeni rəhbər
elə ilk gündən milli ideallara bağlı lider
olduğunu ən yüksək kürsüdən
nümayiş etdirdi. Heydər Əliyevin ilk gündən ədalətə,
qanunçuluğa tapınaraq respublikada əliəyriliyə,
rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi
hallarına qarşı kəskin mübarizəyə
qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı,
islahatlara meyilliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha
inamı artırdı.
Məhz bu mərhələdən etibarən
respublikamızda gerçəkləşdirilən
çoxşaxəli islahatlar müsbətə doğru radikal
dəyişikliklərə təkan verdi. Qısa müddətdə
iqtisadi sahədə mühüm nailiyyətlər əldə
olundu, mədəniyyətin yüksəlişi, milli-mənəvi
dəyərlərin dirçəlişi istiqamətində
mühüm addımlar atıldı. Həmin illərdə
Heydər Əliyev məhz milli özünüdərkin
güclənməsinə zəmin yaradan iqtisadi inkişaf
strategiyası həyata keçirməyə
çalışırdı. Keçmiş Sovet
İttifaqı kimi böyük dövlətin zəngin iqtisadi
potensialından və geniş imkanlarından istifadə edərək
respublikanı tərəqqi yoluna çıxaran ümummilli
lider Heydər Əliyev yeni və mütərəqqi sənaye
sahələrinin yaradılması istiqamətində də
mühüm tədbirlər həyata keçirdi. Sənayenin
inkişaf səviyyəsinə görə respublikanın
bütün bölgələrinin proporsional inkişafı
yönümündə ardıcıl addımlar atıldı,
istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin
inkişafı üçün kompleks tədbirlər
görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin,
mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın
bütün İttifaq üzrə qabaqcıl mövqelərə
çıxmasına, ölkənin sosial-iqtisadi həyatında
yüksəlişə rəvac verdi.
Həmin dövrün quruculuq salnaməsinin
şahidi kimi deyə bilərəm ki, Heydər Əliyev
qısa müddətdə respublika iqtisadiyyatında ciddi
keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı
xammal istehsalçısından qabaqcıl, müasir texnika və
texnologiya ilə təchiz olunmuş sənaye bazasına
çevirə bildi. Məhz Heydər Əliyevin təkidi və
səyləri ilə İttifaq rəhbərliyi
respublikamızda bir sıra iri müasir maşınqayırma,
kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara
metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin
tikintisinə razılıq verdi, paralel olaraq energetika və nəqliyyat
kompleksi sürətlə inkişaf etdi. Həmin dövrdə
sənayenin inkişafını müəyyənləşdirən
tamamilə yeni sahələr meydana gəldi, müxtəlif
elektrik cihazları istehsal edən zavodlar inşa olundu.
1970-1985-ci illərdə Azərbaycanda onlarla zavod, fabrik,
istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye
müəssisəsi fəaliyyətə başladı. Azərbaycan
bir sıra istehsal sahələrinə görə Sovet
İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350
adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi.
Xüsusi vurğulamaq istərdim ki, Sumqayıt şəhərində
Ümumittifaq əhəmiyyətli bir sıra sənaye müəssisələrinin,
o cümlədən Sumqayıt Şüşə Zavodunun
intibah və yüksəliş dövrü də məhz
ötən əsrin 70-ci illərinə təsadüf edir.
Həmin dövrdə Azərbaycanın
iqtisadi inkişafının ən qabarıq nəticələri
həm də kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin, xüsusən
pambıqçılığın inkişafında real təcəssümünü
tapırdı. Bu dövrdə kənd təsərrüfatının
artım sürəti orta İttifaq səviyyəsini xeyli
qabaqlamış, bu sahədə istehsal 2,5 dəfə
artmışdı. Eyni zamanda İttifaq miqyasında istehsal
olunan pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi məhz
Azərbaycanın payına düşürdü. 1982-ci ildə
kənd təsərrüfatı məhsulu 1969-cu illə müqayisədə
2,5 dəfə, şərabçılıq 6 dəfədən
artıq çoxalmışdı. Ulu öndərin tez-tez yerlərdə
olaraq zəhmət adamları ilə görüşməsi,
onları mükafatlandırması insanların halal zəhmətə,
torpağa bağlılığını artırır,
ölkəyə bol məhsul, süfrələrə ruzi-bərəkət
gətirirdi.
Azərbaycan neftinin mərkəzə
daşınmasından daxilən narazı olan Heydər Əliyev
qeyri-neft sahələrinə xüsusi diqqət yetirir,
respublika regionlarının inkişaf etdirilməsinə, yeni
iş yerlərinin açılmasına, azərbaycanlıların
həyat şəraitinin yaxşılaşdırılmasına,
əhalinin demoqrafik inkişafına, rayonların və kəndlərin
mədəni simasının dəyişdirilməsinə dair
strateji məqsədlərini ardıcıllıqla həyata
keçirirdi.
70-ci illərdə neft sənayesi də
inkişaf etmiş, bu zəngin milli sərvətin Azərbaycanın
rifahına xidmət edən vasitəyə çevrilməsi
prosesinin əsası qoyulmuşdu. Yeni yataqların kəşfiyyatı,
qazılması, işlənməsi, mütərəqqi
texnologiyalardan və üsullardan istifadədə yeniliklər
də məhz Heydər Əliyevin təşəbbüskarlığı
nəticəsində mümkün olurdu. Heydər Əliyevin
müəllifliyi ilə tərtib olunan "Azərbaycanda
neftayırma sənayesinin yenidən qurulması" planı əsasında
bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi
və yeni fəaliyyət prinsiplərinə keçməsi
prosesi sürətlə başa
çatdırılmışdı. Azərbaycan məhz Heydər
Əliyevin fədakarlığı nəticəsində
keçmiş SSRİ-də neft hasilatı, emalı,
geologiyası, kəşfiyyatı ilə məşğul olan
aparıcı dövlətlərdən birinə
çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə
respublikamızın inkişafına yönəldilmişdi.
Həmin dövrdə böyük
öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə
Xəzər dənizində perspektivli neft yataqlarının kəşfiyyat
işləri də xeyli genişlənmişdi. Məhz həmin
dövrdə xarici texnologiyalar bazasında inşa edilmiş
"Xəzər", "Xəzərdənizneft" üzən
qazma qurğularının alınması, xarici şirkətlərlə
"Şelf" seriyalı dəniz qazma
qurğularının quraşdırılması mümkün
oldu. Bunların tətbiqi isə bütün Xəzər
zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində
böyük rol oynadı. Məhz bu qurğuların sayəsində
hələ o dövrdə "Çıraq", "Azəri",
"Günəşli", "Kəpəz" və s. kimi
iri yataqlar kəşf edildi. Heydər Əliyevin təşəbbüsü
ilə SSRİ-də yalnız Azərbaycanda olan 400 milyon
dollarlıq Dərin Özüllər Zavodunun tikintisinə
başlanıldı. Bu gün həmin kompleksdə Xəzər
dənizində dərin neft və qaz yataqlarının kəşfi
üçün müasir dərin özüllər bloku
istehsal edilir.
Bütün bunlar bir daha təsdiqləyir
ki, ulu öndər Heydər Əliyev o dövrün ən
ağır şərtləri, məhdudiyyətləri çərçivəsində
xalqının gələcək rifahı üçün əlindən
gələni əsirgəməmiş, bəzən
mümkün görünməyəni belə reallığa
çevirmişdi. Ulu öndər sovet Azərbaycanına rəhbərlik
etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet
rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə
bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən
xalqın, millətin üçün nə edirsən. Əgər
bu rejimi dəyişdirə bilmirsənsə, onda onun
imkanlarından istifadə edib xalqına kömək göstər.
Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə
qalxdı".
Ümummilli lider Heydər Əliyev bu
gün həm də müstəqil Azərbaycanın
sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla
anılır. Ulu öndər Heydər Əliyev 1993-cü ilin
iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi
böhranın hökm sürdüyü bir dövrdə
xalqın istəyi ilə ölkə rəhbərliyinə
qayıtmış, özünün dərin zəkası,
yüksək idarəçilik keyfiyyətləri, quruculuq və
xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə
yüksəldi. Böyük öndər Heydər Əliyev
qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin
etməklə, ölkə iqtisadiyyatındakı tənəzzül
prosesinin qarşısının alınmasına xidmət edən
bir sıra zəruri tədbirlər həyata keçirdi.
İqtisadi sahədə mərhələlərlə həyata
keçirilən islahatların əsasında bazar
iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanırdı.
Təcrübə göstərir ki, istənilən
dövlətdə davamlı sosial-iqtisadi inkişafa və
yeniləşməyə yalnız çoxmülkiyyətli
iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində
nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi, adətən,
təkamül yolu ilə baş verir və bir qayda olaraq
iqtisadi münasibətlərin bütün səviyyələrini
əhatə edir. Bu baxımdan iqtisadçı alimlər
haqlı olaraq Azərbaycanda bazar iqtisadiyyatına keçid
dövrünü iki əsas mərhələyə
ayırırlar: 1991-1994-cü illəri əhatə edən tənəzzül
və 1995-ci ildən başlayaraq bərpa və dinamik
inkişaf dövrləri.
Birinci dövr üçün olduqca
mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi
idi. 90-cı illərin əvvəlində Sovet
İttifaqının süqutu, müəssisələr
arasında mövcud əlaqələrin pozulması, o
dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya
blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında
xaosa gətirib çıxarmışdı. Bu mərhələnin
iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində
daha aydın nəzərə çarpır. 1991-1994-cü illər
ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul
istehsalı hər il orta hesabla 16,5 faiz aşağı
düşmüşdü. Tənəzzül meyli sənayedə
xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən
sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə
37, 1993-cü ildə isə 50 faizə qədər
azalmışdı. Ölkə istehsal potensialının, demək
olar ki, 23 faizini itirmişdi. İnflyasiya səviyyəsi
1994-cü ildə özünün ən yüksək həddinə,
hiperinflyasiya mərhələsinə - 1763,5 faizə
çatmışdı. 1992-1994-cü illərdə həmçinin
xarici ticarət dövriyyəsinin həcmi 42 faiz
azalmış, 1994-cü ilədək ölkə
iqtisadiyyatına bir manat da olsun belə xarici sərmayə
qoyulmamışdı.
Bu neqativ proseslər əhalinin güzəranının
ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci
illərdə əhalinin pul gəlirləri real ifadədə
3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə
aşağı düşmüşdü. 1991-ci ildən
başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı
isə 5,7 dəfə azalmışdı. Yalnız
ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra
ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs
əldə edildi, irimiqyaslı iqtisadi islahatlara
başlanıldı. Bunun nəticəsində ölkədə
maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb
olunan investisiyaların həcmi ildən-ilə artdı,
xalqın həyat səviyyəsi yaxşılaşmağa
başladı.
1994-cü il sentyabrın 20-də
dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli
neft şirkəti ilə "Əsrin müqaviləsi"nin
imzalanması və icrasına başlanması ilə Azərbaycanın
dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin
enerji təhlükəsizliyinin möhkəm təməli
qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına
çıxarılması üçün 1996-cı ildə
Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin
istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin inşası ilə bağlı
sazişin imzalanmasına, beləliklə də ixrac
marşrutlarının diversifikasiyasına nail olundu.
Ümummilli lider Heydər Əliyevin
1999-cu ildə imzaladığı fərmanla neft
yataqlarının xarici şirkətlərlə birgə
işlənməsindən əldə edilən mənfəət
neftinin satışından daxil olan vəsaitlərin səmərəli
idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin
inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edən layihələrin həyata keçirilməsinə
yönəldilməsini təmin etmək üçün
Dövlət Neft Fondu yaradıldı. Ümumilikdə, neft-qaz
sektoru iqtisadiyyatın digər sahələrinin
inkişafında da lokomotiv rolunu oynadı.
Düşünülmüş iqtisadi siyasət nəticəsində
makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi
artımın əsası qoyuldu. İqtisadiyyatın
bütün sahələrində islahatlara başlandı, əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atıldı.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi altında 1995-ci ildən başlayaraq
aqrar sektorun bazar prinsipləri əsasında yenidən
qurulması, sovxoz və kolxozların ləğv olunması,
onlara məxsus torpağın, mal-qaranın və əmlakın
kəndlilərə paylanması kimi tədbirlər nəticəsində
kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri
baş verdi, keyfiyyətcə fərqli münasibətlər
formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın,
sahibkarlığın inkişafının təmini məqsədilə
kənd təsərrüfatı məhsulları
istehsalçılarının əvvəlki vergi borcları
silindi, onlara müddətli vergi tətillərinin verilməsinə
başlandı. Bununla yanaşı, kənd təsərrüfatı
məhsulu istehsalçıları torpaq vergisindən başqa
bütün digər vergi ödəmələrindən azad
edildilər. Heydər Əliyevin memarı olduğu və
uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin
çoxəsrlik arzusunu reallaşdırdı, onları
torpağın həqiqi sahibinə çevirdi. Bütün
qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində
aqrar bölmədə özəl sektorun xüsusi çəkisi
99 faizə çatmışdır.
Ötən əsrin 90-cı illərində,
həmçinin dövlət mülkiyyətinin özəlləşdirilməsinin
qanunvericilik bazası yaradıldı və müvafiq dövlət
proqramları təsdiq olundu. Özəlləşdirmənin
başlıca məqsədlərini, dövlət
proqramlarında təsbit olunduğu kimi, təsərrüfat
subyektləri üçün xüsusi mülkiyyət və
sərbəst rəqabət prinsipləri əsasında
öz-özünü tənzimləyən bazar
iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın
strukturunun bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq yenidən qurulması, iqtisadiyyata
investisiyaların, o cümlədən xarici investisiyaların cəlb
edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin
yaxşılaşdırılması təşkil edirdi.
Keçid mərhələsində həyata
keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri də infrastrukturun inkişaf etdirilməsi idi. Azərbaycanın
nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin
tranzit imkanlarından səmərəli istifadə edilməsi
üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat
dəhlizləri üzrə layihələrin həyata
keçirilməsinə başlanıldı. Bununla
yanaşı, sosial sahənin mövcud problemlərin kompleks
şəkildə həlli məqsədilə əhaliyə
göstərilən xidmətlərin, xüsusilə təhsil
və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin
və ünvanlılığının artırılması
istiqamətində köklü islahatlar həyata
keçirildi.
Azərbaycan Respublikası Prezidenti
Yanında Sahibkarlar Şurasının sədr müavini kimi
deyə bilərəm ki, respublikada özəl sektorun
inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın
təminatçısı olan sahibkarlar sinfinin
formalaşması da məhz ulu öndər Heydər Əliyevin
müstəsna xidmətləri ilə bağlıdır. Ulu
öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən
milli sahibkarlarla görüşür, onların
qayğılarını, problemlərini öyrənir,
mövcud çətinliklərinin həlli məqsədilə
operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi
görüşlərdən biri də 1996-cı ilin əvvəllərində
keçirilmişdi. Həmin görüşdə iş
adamları sahibkarlığın inkişafı sahəsində
mövcud çətinlikləri diqqətə
çatdırmış, səmərəli nəticələrə
nail olmaq üçün təkliflər irəli
sürmüşdülər. Ulu öndər sahibkarları
diqqətlə dinləmiş, özəl sektorun fəaliyyətinə
mane olan neqativ amillərin aradan qaldırılması ilə
bağlı aidiyyəti dövlət qurumlarına
tapşırıqlar vermişdi.
Ulu öndərin 2002-ci ilin aprel və
may aylarında yerli və xarici iş adamları ilə
görüşündən sonra isə dövlət-sahibkar
münasibətlərinin tənzimlənməsi istiqamətində
əsaslı addımlar atıldı. Bu addımlardan biri də
Azərbaycan Respublikası Prezidenti Yanında Sahibkarlar
Şurasının yaradılması idi. Ulu öndərin sərəncamı
ilə yaradılan Şuranın məqsədi ölkədə
sahibkarlığın inkişafına nail olmaq, iş
adamlarının dövlət başçısının
yürütdüyü siyasətin həyata keçirilməsində
səmərəli, fəal iştirakını istiqamətləndirmək,
bu yolda mövcud olan problemləri araşdırmaq və
onların həlli üçün təkliflər verməkdir.
Ümumilikdə, 1995-2003-cü illərdə
Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer
tutması, ölkə iqtisadiyyatına xarici investorların cəlb
olunması məqsədilə sərmayələrin qorunması
üçün qanunvericilik bazası
formalaşdırıldı. 40-a yaxın ölkə ilə
ikitərəfli sazişlər imzalandı, beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlıq münasibətləri
quruldu. Beləliklə, Heydər Əliyev strategiyasının
həyata keçirilməsi nəticəsində müstəqilliyin
ilk illərində baş vermiş tənəzzülün
qarşısı uğurla alındı və 1995-ci ildən
Azərbaycanda keçid dövrünün yeni mərhələsi
- bərpa və dinamik inkişaf dövrü başlandı.
1995-2003-cü illər ərzində ümumi daxili məhsul
90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,
ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun
həcmi 25,2, kənd təsərrüfatı
istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi
4, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı
5,1 dəfə artdı. İnflyasiya səviyyəsi 2-3 faizə
qədər endirildi, bütün maliyyə mənbələri
hesabına iqtisadiyyata yönəlmiş investisiyaların
ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Əldə
olunmuş nailiyyətlər sonrakı illərdə ölkə
iqtisadiyyatının davamlı və dinamik inkişafı
üçün möhkəm zəmin yaratdı.
Azərbaycanın mütərəqqi
inkişaf strategiyasını irəli sürmüş Heydər
Əliyev dühası bu gün cismən aramızda olmasa da,
onun ölməz ideyaları xalqın mütərəqqi
inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını
vahid məram və məqsədlər ətrafında birləşdirir.
Həm də onunla təsəlli tapırıq ki, ümummilli
liderin möhtərəm Prezidentimiz İlham Əliyev kimi
xalqının, dövlətinin maraqlarını daim uca tutan,
hər bir vətəndaşın mənafeyini nəzərə
alan, bir sözlə, hər vədini əməli işi ilə
doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə
rəhbərlik etdiyi 8 ilə yaxın müddətdə qəbul
etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
cənab İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu göstərmiş, onun ictimai
rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini
şərtləndirmişdir.
2003-cü ildən ölkədə
iqtisadi inkişafın sürətləndirilməsi,
sahibkarlığın yüksəlişi, qeyri-neft sektorunun
inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin
yaradılması, regional disproporsiyanın aradan
qaldırılması, yoxsulluğun azaldılması, əhalinin
sosial rifah halının yaxşılaşdırılması,
infrastrukturun yeniləşdirilməsi istiqamətində həyata
keçirilən islahatlar artıq praktik nəticələrini
verir. 2011-ci ilin 28 mayında Respublika Günü münasibətilə
keçirilən rəsmi tədbirdə Prezident İlham Əliyev
bununla bağlı demişdir: "2003-cü ildən sonra
ölkəmizdə siyasi və iqtisadi islahatlar davam
etdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə daha da
möhkəm yerini tuta bilmişdir, regional müstəvidə,
bizim təsir imkanlarımız böyük dərəcədə
artmışdır. Bu gün Azərbaycan tərəfindən
irəli sürülmüş təşəbbüslər
regional inkişaf istiqamətlərini yüksək səviyyədə
müəyyən edir. Siyasi islahatlarla yanaşı, iqtisadi sahədə
böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində
ölkəmizin ümumi daxili məhsulu 3 dəfə
artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir.
Sənaye istehsalı da təxminən 3 dəfə
artmışdır. Yoxsulluq səviyyəsində
yaşayanların sayı 5 dəfə azalmışdır və
bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil
edir. Əminəm ki, görülən və görüləcək
əlavə tədbirlər nəticəsində biz ilin sonuna
qədər yoxsulluğun daha da aşağı düşməsinə
nail olacağıq".
Azərbaycan bütün bunlarla
yanaşı, həm də regionların sosial-iqtisadi
inkişafına xidmət edən mühüm dövlət
proqramlarını, fərman və sərəncamları
uğurla icra edir. Ötən illərdə həyata
keçirilən regional inkişaf proqramları nəticəsində
bölgələrin siması dəyişmiş,
sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin
fəaliyyətə başlaması, yeni iş yerlərinin
açılması naminə sistemli addımlar
atılmışdır. Regionların inkişafına xidmət
edən kompleks tədbirlərin davamlı səciyyə
daşıması isə tamamilə təbiidir: inkişaf
etmiş dövlətlərin də təcrübəsi
sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq
üçün regional inkişafda tarazlılığın,
tarixi məşğulluq ənənələrinin
saxlanılması vacib şərtlərdəndir. Dövlət
başçısı İlham Əliyevin son 8 illik iqtisadi
siyasətində regional inkişaf məsələlərinə
xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramlarının, fərman
və sərəncamların imzalanması məhz bu
reallığa əsaslanır. Regionların inkişafına
2004-cü ildən etibarən bütün maliyyə mənbələri
hesabına 15,5 milyard dollar, o cümlədən 2010-cu ildə
3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş,
bunun sayəsində yüzlərlə əhəmiyyətli
layihələr icra olunmuşdur.
Regionlarla yanaşı, Bakı və
şəhərətrafı qəsəbələrin problemlərinin
həlli də diqqət mərkəzindədir. 2011-ci il
martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına dair xüsusi müşavirənin
keçirilməsi buna əyani sübutdur. Həmin
müşavirədən sonra dövlət
başçısı bu ərazilərdə yerləşən
əksər kənd və qəsəbələrdə
olmuş, görülən işlərlə yaxından
maraqlanmış, eyni zamanda yeni dövlət proqramının
hazırlanmasını təmin etmişdir.
Azərbaycan Prezidenti möhtərəm
İlham Əliyevin paytaxtdan o qədər də uzaq məsafədə
olmayan Sumqayıt şəhərinə diqqət və
qayğısını da xüsusi vurğulamaq
lazımdır. Dövlət başçısı ötən
8 ildə dəfələrlə Sumqayıtda olaraq şəhərin
problemləri ilə maraqlanmış, inkişafı ilə bağlı
müvafiq sərəncamlar imzalamışdır. Cənab
İlham Əliyevin 2011-ci il iyulun 7-də Sumqayıta növbəti
səfərini isə şəhər sakinləri hələ
də yüksək əhval-ruhiyyə və xoş təəssüratla
xatırlayırlar. Əminliklə demək olar ki, bu səfər
şəhərin qayğılarının, vətəndaşları
narahat edən problemlərinin həllində keyfiyyətcə
yeni mərhələ açmışdır. Ölkə
Prezidentinin səfər çərçivəsində sakinlərlə
keçirdiyi görüşlər, şəhər
infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi
ilə bağlı söylədiyi dəyərli fikirlər
deməyə əsas verir ki, bundan sonrakı mərhələdə
Sumqayıtın inkişafı məqsədilə atılan
addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter
daşıyacaqdır.
Dövlət başçısı
İlham Əliyev səfər müddətində şəhərin
müxtəlif yerlərində - park və xiyabanlarda,
küçələrdə, o cümlədən dənizkənarı
bulvarda başlanmış əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə yaxından tanış
olmuş, bu işlərin zövqlə aparılması
üçün dəyərli tövsiyələrini
vermişdir. Bu səfər həm də göstərir ki, cənab
İlham Əliyev Sumqayıt sakinlərinin hansı
qayğılarla yaşadığını çox
yaxşı bilir və onların tez zamanda aradan
qaldırılmasını şəhərin yeni rəhbərliyi
qarşısında vacib məsələlərdən biri kimi
müəyyənləşdirmişdir. Möhtərəm
Prezidentimiz sumqayıtlılarla görüşdə onları
narahat edən bütün məsələlərin çox
qısa zamanda həllini tapacağını, şəhərin
abadlaşdırılması ilə bağlı mühüm
layihələrin həyata keçiriləcəyini bir daha
vurğulamışdır: "Sizi salamlayıram. Sumqayıt
şəhərinin inkişafı ilə bağlı əlavə
təkliflər vardır. Bu təkliflər nəzərdən
keçirilir. Bir müddət bundan əvvəl mən
göstəriş vermişəm ki, Sumqayıtın
abadlaşması ilə bağlı çox müasir bir layihə
hazırlansın. Layihənin bir hissəsi burada göstərilir.
Siz də yəqin ki, bu layihə ilə
tanışsınız. Əminəm ki, yaxın zamanlarda
Sumqayıtın bir neçə istiqamətində çox
gözəl, müasir infrastruktur layihələri icra ediləcəkdir".
Dövlət
başçısının Sumqayıt bulvarının
uzadılması və abadlaşdırılması, Mərdəkan-Bilgəh
istiqamətindən yeni yolun tikintisi, habelə şəhərin
su, kanalizasiya sisteminin müasirləşdirilməsi, sənaye
potensialının tam bərpası ilə bağlı dəyərli
fikirləri də sakinlərin böyük sevinc və
razılığı ilə qarşılanmışdır.
Cənab İlham Əliyev Sumqayıtın müasir, dünya
miqyaslı sənaye şəhəri kimi inkişaf etməsi zəruriliyini
bir daha vurğulamış, bu istiqamətdə də əlavə
tədbirlərin həyata keçiriləcəyini
demişdir. Son illərdə Sumqayıtda ən böyük
texnologiyalar parkının yaradılması, habelə kimya
müəssisələrinin əsaslı təmirinə diqqətin
ayrılması bunun əyani təzahürüdür.
İnanırıq ki, bu diqqət və qayğının nəticəsi
kimi vaxtilə nəinki respublikamızı, bəzi postsovet
respublikalarını da pəncərə şüşəsi
və digər şüşə məmulatları ilə təmin
edən Sumqayıt Şüşə Zavodu da böhrandan
çıxacaq, müasir texnologiyalar əsasında tamamilə
yeniləşəcəkdir.
Ümumilikdə, ölkədə
uğurla həyata keçirilən sosial-iqtisadi və
hüquqi islahatlar göstərir ki, Prezident İlham Əliyevin
zəngin dövlətçilik təcrübəsində
siyasi varislik ənənələrinin davamı və mütərəqqi
inkişaf meyillərinin daha da gücləndirilməsi prioritet
istiqamət təşkil edir. Üstünlüyü, obyektiv
xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin
hakimiyyətdə olduğu illər ərzində dəfələrlə
təsdiqini tapmış bu siyasi kursun
davamlılığının təmin olunması isə Azərbaycanın
dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə,
müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli
yüksəlişinə ən etibarlı təminatdır.
Qüdrət KƏRİMOV,
"Xəzər"
Səhmdar Cəmiyyətinin sədri,
iqtisad elmləri doktoru
Azərbaycan.-
2011.- 13 iyul.- S.6.