Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova KİV-in "Xüsusi rəğbət" mükafatı təqdim olunmuşdur

 

İyulun 12-də Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmova kütləvi informasiya vasitələri (KİV) ilə səmərəli əlaqələrinə görə "Xüsusi rəğbət" mükafatı təqdim olunmuşdur.

Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə təsis olunmuş mükafat hər il Azərbaycanda elm və təhsilin inkişafında, elmi nailiyyətlər qazanılmasında və ixtiralar edilməsində, dünyəvi düşüncənin təbliğində, yeni texnologiyaların tətbiqində, müxtəlif sosial qrupların maraqlarının müdafiə edilməsində və layiqincə təmsil edilməsində, ölkənin müstəqilliyinin möhkəmlənməsində və tanıdılmasında ciddi rolu olan, bütün bunlarla yanaşı, KİV ilə effektiv əlaqələr qurmuş tanınmış şəxslərə veriləcəkdir.

Mükafatın ilk sahibi olan A.Məhərrəmov bu ada Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə, rektor kimi tələbələrin hüquqlarının müdafiəsində və şəraitlərinin yaxşılaşdırılması yönündə ciddi fəaliyyətinə, respublikanın ali məktəblərində innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürdüyü təşəbbüslərə, Milli Məclisdə elm və təhsil işçilərinin sosial məsələləri müzakirə edilərkən nümayiş etdirdiyi mövqeyə, Azərbaycan ziyalılarının beynəlxalq imicinin möhkəmlənməsindəki roluna və KİV ilə effektiv əlaqələrinə görə layiq görülmüşdür.

Təqdimetmə mərasimində Azərbaycanın görkəmli elm xadimləri və Milli Məclisin deputatları iştirak etmişlər.

BDU-nun rektorunun fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli Abel Məhərrəmova "Xüsusi rəğbət" mükafatını və diplomu təqdim etmişdir.

Mərasimdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları qalibi təbrik etmiş, onun ünvanına xoş sözlər söyləmişlər.

Sonda çıxış edən A.Məhərrəmov onu bu məsuliyyətli mükafata layiq gördükləri üçün bütün media nümayəndələrinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, həm onun, həm də medianın fəaliyyəti bir məqsədə - azərbaycançılığa xidmət edir və bu istiqamətdə sıx əlaqələrin davam edəcəyinə əmindir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 iyul.- S.7.