Rumıniyalı qonaqlar Bakıda həmyerliləri Corce Eneskunun abidəsini ziyarət etmişlər

 

Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Buxarestin II sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 10-dan ölkəmizdə səfərdədir.

AzərTAc xəbər verir ki, iyulun 12-də qonaqlar Bakının 8-ci mikrorayonunda məşhur rumın bəstəkarı və musiqiçisi Corce Eneskunun (1881-1955) abidəsini ziyarət etmişlər.

Milli Məclisın deputatı, YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov qonaqları müşayiət etmişlər.

Xatırladaq ki, müasir rumın bəstəkarlıq məktəbinin banisi C.Enesku opera, simfoniya və sonataları ilə dünya mədəniyyət xəzinəsinə çox böyük töhfələr vermişdir. Bununla bərabər, o, Rumıniya Elmlər Akademiyasının yaradıcılarından biri, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuş, antifaşist hərəkatında fəallıq göstərmişdir.

Corce Eneskunun abidəsi önünə əklil qoyulmuşdur. Rumıniyalı qonaqların səfəri iyulun 16-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 13 iyul.- S.7.