Bakı Müasir İncəsənət Muzeyi rumıniyalı qonaqlarda xoş təəssürat yaratmışdır

 

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının dəvəti ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti iyulun 10-dan ölkəmizdə səfərdədir.

AzərTAc xəbər verir ki, Buxarest şəhərinin II sektorunun meri Nekulay Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 12-də Bakının Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur.

Burada qonaqlara məlumat verilmişdir ki, muzey Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

Bildirilmişdir ki, muzeyin dizaynının ideya müəllifi tanınmış rəssam Altay Sadıqzadədir. Muzeydə əsasən avanqard tərzdə işləyən tanınmış azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanov, Müseyib Əmirov, Mahmud Rüstəmov, Rasim Babayev və digərlərinin əsərləri toplanmışdır.

Muzeydə uşaq incəsənəti zalı, kitabxana, restoran, videozal və art-kafe fəaliyyət göstərir. Burada 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunələri də nümayiş etdirilir.

Bakı Müasir İncəsənət Muzeyi rumıniyalı qonaqlarda xoş təəssürat yaratmışdır.

 

 

 Azərbaycan.- 2011.- 13 iyul.- S.7.