Xəzərdən Aralıq dənizinə
uzanan "yol"
Bakı-Tbilisi-Ceyhan
əsas ixrac boru kəmərinin çəkilişi ideyası
XX əsrin 90-cı illərinin ortalarında
yaranmışdı. Layihə bir çox sınaqlardan
keçdi və ulu öndər Heydər Əliyevin səyi,
mübarizəsi, dünyada olan nüfuzu sayəsində qalib gəldi.
BTC
tikildikdən sonra onun araya-ərsəyə gəlməsində
iştirak edənlərin hamısı yekdilliklə qərara
aldılar ki, kəmər ulu öndər Heydər Əliyevin
adını daşısın. Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan kəməri tam bir sistem kimi 2006-cı il iyul
ayının 13-də işə düşdü. Bu münasibətlə
Türkiyənin Ceyhan şəhərində təntənəli
mərasimlər keçirildi.
Həmin
vaxtdan bəri kəmər ona bəslənən ümidləri
layiqincə doğruldur, Xəzərin Azərbaycan
sektorundakı "Azəri-Çıraq-Günəşli"
yataqlarından çıxarılan nefti etibarlı şəkildə
Səngəçaldan Ceyhana çatdırır. Kəmərə,
həmçinin "Şahdəniz" yatağından
çıxarılan kondensat vurulur. Artıq bir ildir ki, BTC
Türkmənistan nefti də daşıyır.
BTC təkcə
ölkəmizin deyil, bütün regionun iqtisadi həyatında
böyük rol oynayır. Onun Azərbaycana gətirdiyi gəlirlər
ildən-ilə artır. Həmin vəsait Dövlət Neft
Fonduna daxil olur, eləcə də ölkənin ən zəruri
sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.
Bunları həmişə vurğulayan dövlət
başçısı İlham Əliyev keçən ay
Bakıda keçirilən 18-ci beynəlxalq neft-qaz sərgisində
demişdir: "Neft kəmərlərinin, xüsusilə
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi
hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə
olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin
bazarlarına çıxarılırdı. Eyni zamanda ona
görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz
açdı. O vaxt bizim bölgədə çox çətin
geosiyasi vəziyyət mövcud idi. Buna baxmayaraq, xarici
investorlar böyük vəsait cəlb etdilər, beynəlxalq
maliyyə qurumları öz dəstəyini göstərdilər.
Azərbaycan tərəfi də öz üzərinə
düşən bütün vəzifələri ləyaqətlə
və uğurla icra etmişdir".
BTC
Azərbaycan qazını dünyaya daşıyan
Bakı-Tbilisi-Ərzurum kəmərinə də yol
açdı. İndi ixrac marşrutlarımız
çoxalmaqda və şaxələnməkdə, dünya ilə
əlaqələrimiz daha da genişlənməkdədir.
Ümummilli lider Heydər Əliyevin vaxtilə böyük
uzaqgörənliklə dediyi kimi: "Ancaq təkcə iqtisadi
deyil, hesab edirik ki, bizim gördüyümüz işlər,
Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə
və onun həyata keçirilməsi Qafqaz bölgəsində
sülhün, əmin-amanlığın, təhlükəsizliyin
təminatçısı ola bilər. Bu boru xətti, bu polad
boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni
bir-biri ilə sıx birləşdirəcəkdir".
Azərbaycan.-
2011.- 13 iyul.- S.7.