"The
News" qəzetində müstəqil Azərbaycanın
inkişafından bəhs edən məqalə dərc
olunmuşdur
Azərbaycan
Respublikasının Meksika Birləşmiş
Ştatlarındakı səfirliyindən AzərTAc-a
bildirmişlər ki, Meksikanın "The News" qəzetində
Therese Marqolisin müəllifliyi
ilə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından, süqutunun səbəblərindən,
1991-ci ildə müstəqilliyini bərpa etdikdən
sonrakı illərdəki inkişafından, həmçinin Ermənistanın
ölkəmizə qarşı davam edən
hərbi təcavüzündən bəhs edən məqalə
dərc edilmişdir.
Məqalədə
28 may - Respublika Günü münasibətilə Azərbaycanın
Meksikadakı səfirliyində cari ilin may ayında keçirilmiş rəsmi qəbulu
xatırlayan müəllif 1918-1920-ci illərdə cəmi 23 ay mövcudluğundan sonra süquta
uğramış Azərbaycan Xalq
Cümhuriyyətinin Şərqdə ilk demokratik, dünyəvi dövlət olduğunu,
daha sonra isə Sovet İttifaqının tərkibinə daxil edildiyini qeyd etmişdir.
Daha sonra məqalədə Azərbaycanın
1991-ci ildə yenidən müstəqillik qazanması və
günümüzədək növbəti iyirmi
il ərzində ölkəmizin iqtisadiyyatının,
mədəniyyətinin və təhsil sisteminin,
enerji sektorunun və
digər müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi vurğulanmışdır.
Yazıda
Azərbaycan və Meksika arasında ikitərəfli
əlaqələrin inkişafı, 2010-cu ildə Meksikada keçirilmiş
Azərbaycan mədəniyyət günləri, yüksək səviyyəli
səfərlər, habelə Azərbaycan xarici
işlər naziri E.Məmmədyarovun
2011-ci ilin martında Meksikaya
ilk rəsmi səfərindən bəhs edilmişdir.
Eyni zamanda, Ermənistanın Azərbaycana
qarşı davam edən hərbi təcavüzündən
bəhs edən məqalədə bir milyondan artıq azərbaycanlının öz torpaqlarında qaçqın və məcburi
köçkün düşməsi, işğal edilmiş ərazilərdəki
vəziyyət, həmçinin münaqişənin həlli
istiqamətində aparılan danışıqlar prosesi haqda geniş
məlumat verilmişdir.
Səfir
İlqar Muxtarovun 28 may - Respublika Gününə
həsr edilmiş tədbirdəki
çıxışına istinadən müəllif qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
yalnız dövlətlərin ərazi bütövlüyü
prinsipinə hörmət əsasında, məcburi
köçkünlərin
öz doğma
torpaqlarına qayıtması və Dağlıq Qarabağda azərbaycanlıların və erməni
icmasının sülh şəraitində
birgə yaşaması üçün müvafiq şərtlərin yaradılması
nəticəsində mümkündür.
Qeyd edək ki,
"The News" qəzeti
Meksikada ingilis dilində
yeganə dərc edilən mətbuat orqanıdır.
Azərbaycan.- 2011.- 13 iyul.- S.8.