Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasını 130 illik yubileyi münasibətilə təbrik etmişdir

 

Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının 130 illiyi münasibətilə bu qurumun rəhbəri Bruno Qrandiyə təbrik məktubu göndərmişdir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, milli federasiyanın baş katibi Fərid Qayıbov bu günlərdə Lozannada keçirilən Ümumdünya Gimnastradası çərçivəsində Mehriban xanım Əliyevanın məktubunu və bu yubiley münasibətilə Azərbaycan el sənətkarlarının toxuduğu xalçanı Bruno Qrandiyə çatdırmışdır.

Təbrikdə qeyd edilir ki, Beynəlxalq Gimnastika Federasiyası dünyanın ən qədim idman təşkilatlarından biri hesab edilir. Federasiya bir əsrdən çox tarixi ərzində böyük və şərəfli yol keçmişdir. Yaradıldığı vaxtda cəmi 3 dövlətin idmançılarını birləşdirən Beynəlxalq Gimnastika Federasiyası bu gün 120-dən çox ölkənin milli federasiyalarını birləşdirir.

Mehriban xanım Əliyevanın məktubunda deyilir: "Azərbaycan bədii gimnastika və idman gimnastikası aləminə nisbətən yaxın vaxtlarda qədəm qoymuşdur. Lakin bu müddətdə ölkəmiz böyük uğurlar qazanmışdır. Bizim gimnast qızlarımız dünya miqyaslı nüfuzlu yarışlarda mükafata layiq yerlər tuturlar. Azərbaycan Avropa çempionatına ev sahibliyi etmişdir, bizim şəhərimizdə bədii gimnastika üzrə Dünya çempionatı keçirilmişdir. Ən başlıcası, bu müddətdə Azərbaycanda gimnastika populyar və sevimli idman növünə çevrilmişdir. Yarışlar və çempionatlar ölkəmizdə çox böyük marağa səbəb olur və tamaşaçı ilə dolu zallarda keçir. Bu gün mən bütün bu illər ərzində Beynəlxalq Gimnastika Federasiyasının bizə göstərdiyi köməyə və əməkdaşlığa görə, bizi dəstəklədiyinə görə sizə təşəkkür etmək istəyirəm".

Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının bu estetik və harmonik idman növünün yayılması və dəstəklənməsi istiqamətində apardığı işlərə görə də minnətdarlığını bildirmiş, bu gün gimnastikanın inkişafına və populyarlaşdırılmasına yönəlmiş səylərə görə təşəkkür etmişdir.

Bruno Qrandi də öz növbəsində Mehriban xanım Əliyevaya göstərdiyi şərəfə görə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, Azərbaycan Gimnastika Federasiyasının ilbəil inkişaf etməsi göz qabağındadır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 14 iyul.- S.2.