Milli inkişaf
konsepsiyasının banisi
Xalqların zəngin mənəvi-intellektual
potensialının, milli məfkurə, özünüdərk
hissinin konkret zaman və məkanda parlaq şəkildə
üzə çıxması, qərinələr boyu zənginləşən
dövlətçilik ənənələrinin vahid sistem
halına gəlməsi uzunmüddətli təkamül
prosesinin məntiqi nəticəsində gerçəkləşir. Yaranmış əlverişli ictimai-siyasi situasiyada
tarixi məsuliyyəti üzərinə götürən
xarizmatik şəxsiyyətlər xalqın daim arzusunda
olduğu azadlıq, müstəqillik və milli dövlətçilik
kimi müqəddəs idealların gerçəkləşməsində
həlledici rol oynayır, bununla da əbədiyaşarlıq
hüququ qazanırlar.
Bəşəriyyətin təkamül
və inkişaf mərhələləri böyük
dühaların, siyasət ustadlarının öz
xalqlarının taleyində oynadıqları müstəsna
rolu bütün qabarıqlığı ilə üzə
çıxarır. XX əsr Azərbaycan tarixinin ən
böyük, fenomen şəxsiyyəti kimi şərəfli
ömür yolunun 34 ilini xalqına həsr etmiş ulu öndər
Heydər Əliyev də məhz belə dühalardan olmuş,
müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını
yaratmış, ölkəmizi həqiqi müstəqilliyə
qovuşduraraq xalqımızın qəlbində özünə
əbədi abidə ucaltmışdır.
Hər bir xalqın müstəqilliyi
üçün obyektiv zəminin formalaşması müəyyən
mənada tarixi şansla bağlıdır. İndi
siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət
etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə
malik Azərbaycan xalqı üçün belə real tarixi
şans ötən əsrin ikinci yarısında - ulu öndər
Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri
seçilməsindən sonrakı mərhələdə
yaranmışdır. Ulu öndərin
respublikaya birinci rəhbərlik dövrü
çağdaş tariximizə iqtisadi və mədəni
yüksəliş dövrü kimi daxil olmuş, xalqın
milli mənlik şüurunun, özünüdərk hissinin
güclənməsinə təkan vermişdir. Tarixi məhz həmin dövrdən başlanan Heydər
Əliyev idarəetmə fəlsəfəsinin başlıca
ideya-siyasi istiqamətini də xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi,
ictimai şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi
təşkil etmişdir. Xalqına, onun keçmişinə,
tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə
qəlbən bağlı olan bu şəxsiyyətin ali kürsüyə yüksəlməsi o
ağır imperiya dövründə Azərbaycanda
bütün sahələr üzrə intibaha və milli
özünüdərkə əsaslı zəmin
yaratmışdır.
Tarixi faktlar da təsdiqləyir ki,
ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan
iqtisadi göstəricilərinə görə keçmiş
SSRİ-də sonuncu yerlərdən birini tuturdu. Cəmiyyət həyatının ən müxtəlif
sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi
böhran hökm sürür, neqativ hallar baş alıb
gedirdi. Respublikamız bir çox sahələrdə
- milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı
istehsalının həcminə, elmi-texniki tərəqqinin
nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin
məhsuldarlığına görə ümumittifaq göstəricilərindən
geridə qalırdı.
Yaranmış vəziyyətdə
keçmiş SSRİ rəhbərliyi çıxış
yolunu kadr dəyişikliyində görərək ciddi və
hərtərəfli araşdırmalardan sonra müxtəlif
namizədlər arasından təşkilatçılığı,
yüksək idarəçiliyi, savadı ilə fərqlənən,
xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən
bələd olan Heydər Əliyevi seçdi. Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumda
respublika partiya təşkilatının birinci katibliyinə
namizəd məsələsi geniş müzakirə olundu. Toplantıda çıxış edənlər Heydər
Əliyevin bu vəzifəyə ən layiqli şəxs
olduğunu konkret arqumentlərlə əsaslandırdılar.
Ulu öndər Heydər Əliyev həmin
plenumda qarşıda duran mürəkkəb və çətin
məsələlərin həlli, bir sıra ciddi problemlərin
aradan qaldırılması üçün səylə
işləyəcəyini, yüksək etimadı
doğrultmağa çalışacağını
vurğulamış, qarşıda duran vəzifələri
düzgün və obyektiv dəyərləndirmişdir.
Həmin plenumda Heydər Əliyevin rəhbər
vəzifəyə namizədliyinin yekdilliklə dəstəklənməsi
onun kamil şəxsiyyəti, yüksək idarəçilik
keyfiyyətləri ilə şərtlənmişdir.
Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və
idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi,
milli ideallara bağlılığı ilə ilk gündən
Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri
aradan qaldırmaq, ciddi sosial bəlaya çevrilmiş
korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə
tədbirlərini genişləndirmək istiqamətində əzmkar
fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi
idarəçilik ənənələrinin əsasını
qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin
etmişdir.
Respublikaya rəhbərliyinin ilkin
dövrlərindən başlayaraq ulu öndər cəmiyyətdə
qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi
istiqamətində prinsipial addımlar atmış, milis,
prokurorluq və məhkəmə orqanlarında sağlam
mühitin formalaşmasına çalışmış,
xüsusən də iqtisadi zəmində saxtakarlıqlara -
dövlət əmlakının mənimsənilməsi
hallarına qarşı səmərəli mübarizə
mexanizmləri tətbiq etmişdir. Rüşvətxorluğa,
oğurluğa, əliəyriliyə və mənəviyyata
zidd digər təzahürlərə qarşı amansız
mübarizə aparmışdır.
Ümummilli lider Heydər Əliyevin
hələ o dövrdən idarəçilikdə təməlini
qoyduğu mütərəqqi ənənələrdən biri
də məhz xalq arasına çıxıb sadə vətəndaşlarla
canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə
də dövlət məmurlarının işə münasibətini
öyrənmək olmuşdur. 2000-ci
ildə - Azərbaycan milli mətbuatının 125 illiyi
münasibətilə keçirilən tədbirdə ulu
öndər jurnalistlərlə söhbətində bu tədbirləri
xatırlamışdır.
Böyük strateq Heydər Əliyevin
yaratdığı spesifik idarəçilik modelinin
üstün cəhətlərindən biri də kadr
seçimində sosial ədalətsizliyin aradan
qaldırılması - daha çox yüksək mənəvi-əxlaqi
keyfiyyətləri, intellektual və yüksək bilik səviyəsi
ilə fərqlənən gənclərə
üstünlük verilməsi olmuşdur. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli
şəxslərin övladlarının universitetin hüquq və
digər nüfuzlu fakültələrinə daxil
olmasını yasaqlayan sərəncam imzalamış
ümummilli lider, əslində, bununla təhsil sistemində
özünü qabarıq göstərən neqativ
tendensiyalara qarşı amansız mübarizə
aparmışdır. Həmin illərdə
yaranmış demokratik və şəffaf mühit nəticəsində
istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş
azərbaycanlı övladı ulu öndərin bu
addımını daim böyük rəğbət və
ehtiramla xatırlayırlar.
Ümummilli lider Heydər Əliyevin həmin
illərdə minlərlə gəncin respublikamızın
hüdudlarından kənarda ali hüquq təhsili
almasına, ixtisaslı kadr kimi yetişməsinə hər
cür kömək göstərməsi də onun
xeyirxahlığının bariz ifadəsidir. Ötən əsrin
70-80-ci illərində 10 mindən artıq gənci
keçmiş SSRİ-nin ali məktəblərinə
təhsil almağa göndərən Heydər Əliyev
hüquq-mühafizə sisteminin
sağlamlaşdırılması məsələsinə də
ciddi yanaşmışdır. Eyni zamanda, Azərbaycanda bir
sıra yeni ixtisaslar üzrə - informasiya texnologiyaları,
beynəlxalq hüquq, beynəlxalq münasibətlər,
aviasiya və s. - mütəxəssis hazırlayan ali məktəblərin olmadığını
nəzərə alıb yüzlərlə azərbaycanlı
gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki
nüfuzlu universitetlərdə təhsil almasını təmin
etmişdir. Ulu öndər sonralar qeyd edirdi ki, həmin
illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən
asılı olmayaraq Azərbaycan xalqının böyük
bir nəsli təhsil almış, böyümüş,
yüksək səviyyəyə çatmış, elm və
mədəniyyətə sahib olmuşdur.
Ulu öndər Heydər Əliyev
Bakının kosmopolit ruhlu kadr potensialından azad olması
üçün milli kadrların yetişdirilməsinə
xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə
təhsilin səviyyəsinin yüksəldilməsini önə
çəkmişdir. Həmin illərdə milli-mütərəqqi
fikrin və ictimai düşüncənin başlıca mərkəzi
kimi çıxış etməklə flaqman ali
məktəb statusunu qoruyub saxlayan, milli kadr
hazırlığında əsas yükü üzərinə
götürən Azərbaycan Dövlət Universitetinə
diqqət və qayğının artırılması, bu təhsil
ocağının fəaliyyətinin gücləndirilməsi
daim ulu öndərin diqqət mərkəzində olmuşdur.
Heydər Əliyev böyük strateq olaraq
yaxşı bilirdi ki, universitet auditoriyalarında,
kafedralarında işləyən, dərs deyən müəllimlər
Azərbaycan xalqının milli şüurunun, milli ruhunun
inkişaf etdirilməsi prosesində müstəsna rol
oynayırlar.
Universitetin 50 illik yubileyinin keçirilməsinə
qərar verməsi və 1969-cu il 1 noyabr
tarixdə həmin toplantıda Azərbaycan dilində dərin
məzmunlu nitq söyləməsi onun bu elm məbədinə
verdiyi yüksək qiymətin təzahürü kimi bu gün
də ehtiramla xatırlanır. Heydər Əliyev
mərasimdəki çıxışında demişdir ki, Azərbaycan
Dövlət Universitetinin yaranması Azərbaycanın ən
yaxşı oğullarının doğma xalqı maarifləndirmək,
dünya mədəniyyəti və elm xəzinəsini onun
üzünə açmaq uğrunda apardıqları
mübarizənin məntiqi yekunu olmuşdur. Bu fikirləri
ilə ulu öndər həm də vaxtilə Azərbaycanın
istiqlalı uğrunda mübarizə aparmış insanlara dərin
hörmət və ehtiramını ifadə etmişdir:
"Bu gün Azərbaycan Dövlət Universitetinin 50 illik
yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan
elminin həyatında, onun mədəniyyətinin tərəqqisində,
Azərbaycan elminin inkişafında, iqtisadiyyatının
yüksəlişində yubilyarımız böyük və
səmərəli rol oynamışdır. Azərbaycan
xalqının torpağında birinci ali məktəbin yubileyi
elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın
dövlət hüdudlarından çox-çox kənara
çıxır...EBu gün Azərbaycan Dövlət
Universitetinin keçdiyi yarıməsrlik yola yekun vurarkən
tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada
layiq olduğunu özünün bütün fəaliyyəti
ilə sübuta yetirmişdir. Azərbaycan
Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın
xalq təsərrüfatı, elm və mədəniyyəti
üçün yüksək ixtisaslı mütəxəssislərin
böyük bir dəstəsini
hazırlamışdır".
Ulu öndər Heydər Əliyev
ideoloji baryerlərin son dərəcə sərtliklə işə
düşdüyü keçmiş imperiya dövründə
Azərbaycanın müstəqilliyi üçün
iqtisadi-siyasi zəmin formalaşdırmağa
çalışmış, milli ruhun yüksəlişinə
xidmət edən bir sıra mühüm addımlar
atmışdır. Ötən əsrin
70-80-ci illərində böyük təzyiqlərlə
üzləşsə də, heç bir riskdən çəkinməyərək
əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi,
milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri
və düşüncə sistemi barədə dolğun təsəvvürlər
formalaşdıra bilmişdir. O dövrdə repressiya
qurbanlarına bəraətin verilməsi istiqamətində
gördüyü işlər də məhz azərbaycançılıq
məfkurəsinin güclənməsinə xidmət
etmişdir.
Rus dilinin az qala rəsmən dövlət
dili səviyyəsində qəbul edilmək üzrə
olduğu bir zamanda respublikaya rəhbər təyin olunan Heydər
Əliyev keçmiş Azərbaycan SSR Ali Sovetinin
plenumlarında azərbaycanca çıxış etməklə
cəmiyyətə milliləşmənin zəruriliyi
mesajını vermiş, ana dilinə, dinə, milli dəyərlərə
bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai
fikrə böyük müdrikliklə əxz etmişdir. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
varlığını təsdiqləyən rəmzlərə
və atributlara münasibəti də hər zaman həssas və
birmənalı olmuşdur. Hələ 1978-ci ildə Azərbaycan
SSR-in konstitusiya layihəsi qəbul edilərkən ulu öndərin
Azərbaycan dilinin bu ali sənəddə
dövlət dili kimi təsbitlənməsi sahəsində
nümayiş etdirdiyi rəşadəti xüsusi
xatırlatmaq lazımdır. Eyni zamanda, ümummilli liderin təşəbbüsü
və köməyi ilə həmin illərdə nəşr
edilən 3 cildlik "Müasir Azərbaycan dili" dərsliklərinə
dövlət mükafatı verməsi də xalqın milli
şüurunun formalaşmasına mühüm töhfə
olmuşdur.
Heydər Əliyev hakimiyyətdə
olduğu bütün dövrlərdə Azərbaycanın
korifey şəxsiyyətlərinin adlarını əbədiləşdirməklə,
əsərlərinin təkrar nəşrini təşkil etməklə,
heykəllərini ucaltmaqla, muzeylərini yaratmaqla xalqın
tarixini, mədəniyyətini, ədəbiyyatını
yaşatmaq, bütövlükdə isə milli yaddaşın
qorunub gələcək nəsillərə çatdırmaq məqsədini
güdmüşdür. Ulu öndərin vətənpərvər
fəaliyyətinin nəticəsidir ki, respublikada milli ruhlu
ziyalı təbəqəsi formalaşmış, Azərbaycan
tarixçiləri şanlı keçmişimizin
mümkün qədər obyektiv tədqiqi və qələmə
alınması istiqamətində ilk addımlarını
atmağa başlamışlar. Yaranmış
əlverişli imkanlardan istifadə edərək Atabəylər
dövlətinin tarixini yazan mərhum akademik Ziya Bünyadov
ötən əsrin 70-ci illərinin ortalarında ümummilli
lider tərəfindən dövlət mükafatına layiq
görülmüşdür.
Ulu öndərin həmin illərdə
milli ruhun qorunması, milli özünüdərk prosesinin
güclənməsi istiqamətində gördüyü
işlər çoxşaxəli olduğu qədər də
saysız-hesabsızdır. İndi bu həqiqəti
əksəriyyət etiraf edir ki, əgər ötən əsrin
70-80-ci illərində Heydər Əliyevin əzmkarlığı
və qətiyyəti ilə xalqın sosial-iqtisadi, mədəni
yüksəlişi üçün həyata keçirilən
tədbirlər, milli şüurun oyanışı istiqamətində
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik dövlət kimi
mövcudluğundan danışmaq şübhə altında
olardı.
Ümummilli liderin Azərbaycanda ikinci
dəfə hakimiyyət olimpinə yüksəlməsi də
eynən birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi
ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir. Ümummilli lider 1993-cü ilin iyununda böhranlı
və ağır bir dövrdə xalqın
çağırışına cavab verərək Azərbaycanın
idarəçilik sükanı arxasına keçmiş,
qısa müddətdə milli dövlətçilik
doktrinasını irəli sürərək onun sürətli
icrasına başlamışdır.
Heydər Əliyevin 1993-cü ilin
oktyabrında dövlət başçısı seçilməsindən
sonra müstəqil Azərbaycanın hüquqi, siyasi, iqtisadi suverenliyinin
təmin olunması prosesi daha da sürətlənmişdir. Ulu ondər,
ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası
istiqamətində gərgin iş aparmış, qeyri-qanuni
silahlı dəstələr zərərsizləşdirilmiş,
Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən
xilas edilmişdir. Heydər Əliyev bir
ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə
respublikanın qarşısında duran strateji vəzifə və
hədəfləri düzgün müəyyənləşdirməklə
dünyanın qabaqcıl dövlətlərinin təcrübəsindən
uğurla çıxmış, müsbət nəticələr
vermiş inkişaf kursunun tətbiqinə nail olmuşdur.
Yeni minilliyin
başlanğıcında formalaşan mürəkkəb və
ziddiyyətli dünya nizamı böyük siyasət
ustadının məharətlə əsaslandırdığı
bu inkişaf modelinin respublikamız üçün müstəsna
əhəmiyyətini tam sübuta yetirir. Ölkəmizin son 17 ildə iqtisadi və demokratik
inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində qazandığı
böyük nailiyyətlər də məhz ümummilli lider
Heydər Əliyev tərəfindən
formalaşdırılmış möhkəm təmələ
əsaslanır. Son illərdə bu inkişaf modelinin
yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə
xidmət edən kompleks islahatlar Azərbaycanı yeni
davranış normaları və stereotipləri, davamlı
siyasi sistemi və mərhələlər üzrə
formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə
xas iqtisadi strukturu olan əlverişli geopolitik məkana
çevirməyə imkan vermişdir. Bu gün
dünyanın ən müxtəlif iqtisadi mərkəzləri
ölkəmizin davamlı iqtisadi yüksəlişi
timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan
modelinin mahiyyətini öyrənməyə
çalışırlar.
Ulu öndər Heydər Əliyevin
böyüklüyü ondadır ki, bu dahi şəxsiyyət
yalnız Azərbaycanın davamlı inkişaf
strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş,
həm də bu strateji kursu qloballaşma dövrünün
diktə etdiyi şərtlər müqabilində davam etdirməyə
qadir siyasi davamçı yetişdirmişdir. Son 8
illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi
inkişafın sürətləndirilməsinə, cəmiyyət
həyatının bütün sahələrində mütərəqqi
islahatların aparılmasına etibarlı təminat
yaratmış dövlət başçısı cənab
İlham Əliyev digər sahələrdə olduğu kimi,
elm və təhsilin problemlərini də daim diqqət mərkəzində
saxlamış, ulu öndərin müəyyənləşdirdiyi
prioritetlərin varisliyini təmin etmişdir.
Ölkə rəhbərinin bu sahəyə
xüsusi qayğı ilə yanaşması, ilk növbədə,
müstəqil respublikamızın sürətli iqtisadi
inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə
imkanları qazanması zəruriliyi ilə şərtlənmişdir. Belə mühüm bir mərhələdə
mövcud uğurların qorunub saxlanılması
üçün idarəçilikdə yüksək
elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə
vacibdir. Bu zərurətdən
çıxış edən cənab İlham Əliyev
prezidentlik fəaliyyətinin ilk günlərindən elm və
təhsildə böyük yüksəlişin təmin
olunmasını başlıca prioritetlərdən biri kimi
götürmüşdür. Elmin, təhsilin
inkişafı üçün dövlət büdcəsində
nəzərdə tutulan vəsaitlərin ildən-ilə
artırılması, müəllimlərin əməkhaqlarında,
tələbə, magistr və aspirantların təqaüdlərində
özünü göstərən əsaslı artımlar,
habelə məktəblərin dərsliklərlə pulsuz təminatı
dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə
xüsusi diqqət və qayğısının bariz ifadəsidir.
İnkişaf etmiş dövlətlərin
təcrübəsi göstərir ki, insan potensialının
formalaşdırılmasında əsas ağırlıq məhz
ali təhsil sisteminin üzərinə
düşür. Ali təhsil əhalinin həyat
səviyyəsinin yüksəldilməsinin, insan
inkişafı indeksinin mühüm amillərindən biri
olmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə
hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə
səviyyələrində, o cümlədən dövlət
idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə
malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi
məsələsi mühüm aktuallıq kəsb edir. Respublikanın dinamik inkişaf səviyyəsinə
uyğun olaraq Qərb dəyərlərini dərindən mənimsəyən,
qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz
edən, müasir idarəçilik məktəbi keçən
gənc və vətənpərvər kadrların
hazırlanması məsələsi tarixi zərurətə
çevrilir. Prezident İlham Əliyevin ali
təhsil sisteminə və kadr hazırlığına
xüsusi diqqətlə yanaşması da respublikada demokratik
ölkələrin zəngin təcrübəsinə əsaslanan
mükəmməl, çevik və mütərəqqi
dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən
irəli gəlir.
Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı haqqında" sərəncamı da bu sahədə
həyata keçirilən dövlət siyasətində
ardıcıllığın və sistemliliyin təmin
olunması məqsədi daşımışdır. Dövlət Proqramı məhz azərbaycanlı gənclərin
müəyyən elmi istiqamətlər üzrə dövlət
hesabına xaricdə təhsil almalarını nəzərdə
tutur. Sənəd əsasında "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan
Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuşdur. Proqrama əsasən,
dövlət 2015-ci ilədək 5 min azərbaycanlı gəncin
xarici ölkələrdə təhsil almasını maliyyələşdirəcəkdir.
Avratlantik məkana inteqrasiya kursu seçməklə
dinamik inkişaf yoluna qədəm qoyan Azərbaycanda ali təhsilin
müasirləşdirilməsi və problemlərinin mərhələli
həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki
zəngin təcrübəsinin dərindən mənimsənilməsi,
Bolonya prosesinə keçidin təmini, universitetlərdə tədris
prosesinin maddi-texniki bazasının
yaxşılaşdırılması, kompyuter və informasiya
texnologiyalarının geniş tətbiqi, yeni tədris
korpuslarının inşası kimi fundamental problemlərin həlli
də xüsusi diqqət mərkəzində saxlanılır.
Ötən illərdə bu məqsədlə
imzalanmış mühüm fərman və sərəncamlar,
dövlət proqramları da Azərbaycanda ali
təhsil sisteminin təkmilləşdirilməsinə və
müasirləşdirilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin Avropa ali təhsil məkanına
inteqrasiyası ilə bağlı bəzi tədbirlər
haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı bu
baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən, "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı" layihəsi,
habelə YUNESKO və digər beynəlxalq qurumların qəbul
etdiyi sənədlərə uyğun hazırlanmış
ixtisasların yeni siyahısı hökumətə təqdim
edilmişdir.
Dövlət başçısının
22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsi barədə sərəncamı da ali təhsil
sistemində islahatlar üçün əsaslı baza rolunu
oynayır. Dövlət Proqramının məqsədi ölkənin
ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası,
onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun
qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin
təmin edilməsi, ölkə iqtisadiyyatının
inkişaf tələblərinə uyğun ali təhsilli
kadrlara yaranan tələbatın ödənilməsi, habelə
informasiya cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr
potensialının yaradılması, əhalinin müasir tələblərə
cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi
üçün iqtisadi və sosial baxımdan səmərəli
ali təhsil sisteminin formalaşdırılmasıdır.
Respublikanın təhsil sistemində
davamlı inkişafa yönəlmiş əsaslı
infrastruktur dəyişikliklərin baş verməsi, bu sahənin
daha da təkmilləşməsi üçün proqram və
layihələrin həyata keçirilməsi, təhsil sahəsində
çalışan işçilərin əməkhaqlarının,
aspirantların, tələbələrin və şagirdlərin
təqaüdlərinin vaxtaşırı
qaldırılması, yeni məktəb binalarının
tikintisi və digər tədbirlər bütövlükdə
bu sahəyə və bu sahədə çalışan, təhsil
alan insanlara dövlət qayğısının getdikcə
artırılmasının göstəriciləridir.
Ölkədə elm və təhsilin
inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin
reallıqları, həyata keçirilən islahatların
istiqaməti Bakı Dövlət Universitetinin fəaliyyətində
də ciddi nəzərə alınır. Gələcək
həyata məhz bu ali məktəbdən
qədəm qoyan on minlərlə Azərbaycan gəncinin
müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının
artması, kompyuter və informasiya texnologiyalarını dərindən
mənimsəməsi üçün görülən
işlər ardıcıl və sistemli səciyyə
daşıyır. Bakı Dövlət Universiteti bu gün
çağdaş dünyanın standartlarına uyğun
intellektual, yüksək ixtisaslı kadrların
hazırlanması işini uğurla həyata keçirməklə
burada tətbiq edilən tədrisin keyfiyyətinə,
universitetin müasir tələblərə cavab verən
yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə,
ölkə hüdudlarından kənardakı mövqeyinə
görə MDB məkanının liderlərindən biridir.
Hər bir elm-təhsil müəssisəsinin
qarşısında konkret məqsədlər var: BDU-nun da əsas
məqsədi gələcəyin vətənpərvər,
ziyalı vətəndaşını, yüksək səviyyəli
mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu dərindən dərk edən universitetin
professor-müəllim heyəti məqsədə çatmaq
üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir.
Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq
üçün daim əzmkarlıqla işləyir,
xalqımızın sabahı naminə layiqli vətəndaşların,
savadlı kadrların hazırlanması üçün tədrisin
keyfiyyətini ildən-ilə yaxşılaşdırmağa
çalışırlar. Hazırda sivil
dünyanın ən mütərəqqi yeniliklərinin BDU-ya
gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm, təhsil
sahəsində tətbiqi universitetin Elmi Şurasını
düşündürən başlıca məsələlərdəndir.
Elm və təhsil ictimaiyyətinə
göstərilən yüksək diqqət və
qayğını, ümumilikdə, ölkəmizin
bütün sahələrdə qazandığı
böyük nailiyyətləri respublikamızın nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət
Universitetinin çoxsaylı tələbə-müəllim
heyəti də yaxından hiss edir və dərin rəğbət
hissi ilə qarşılayır. Birmənalı
qənaət bundan ibarətdir ki, Heydər Əliyev siyasi
kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyətinin
əsas qayəsi xalqa və dövlətə sədaqətli
xidmət amalı üzərində qurulmuşdur. Dövlət başçısı hər
addımında milli maraq və mənafeləri uca tutmaqla,
ölkə vətəndaşlarının arzu və istəyini
gerçəkləşdirmək üçün
böyük əzmkarlıqla çalışır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan
xalqını firavan gələcəyə aparan bu siyasətin
davamlılığı qarşıdakı illərdə də
təmin olunacaq, müstəqil respublikamız cənab
İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini
sürətləndirərək dünyanın qabaqcıl
dövlətləri sırasında layiqli yerini tutacaqdır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət
Universitetinin rektoru,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 14 iyul.- S.3.