Konstitusiya Məhkəməsinin
əsas məqsədləri
"...Konstitusiya Məhkəməsi
ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu prosesində fəal iştirak etmiş, qəbul
etdiyi qərarlarla hər kəsin Azərbaycan
Konstitusiyasına, qanunlarına hörmət və ehtiramının,
ədalət, azadlıq və humanizm kimi prinsiplərin
möhkəmləndirilməsinə, demokratiyanın və
hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm
ideyalarının həyata keçirilməsinə dəyərli
töhfəsini vermişdir".
Ulu öndər Heydər Əliyevin
Konstitusiya Məhkəməsinin yaradılmasının
beşinci ildönümü münasibətilə təbrik məktubundan.
Müasir dövrdə dünyanın sivil cəmiyyətləri qarşısında
duran mühüm vəzifələrdən
biri qanunların aliliyini,
insan və vətəndaş
hüquqlarını və əsas azadlıqlarını təmin
edən, demokratik dəyərlərə əsaslanan
hüquqi dövlət quruculuğudur. XX əsrin
sonlarında dövlət müstəqilliyini bərpa etdikdən
sonra Azərbaycan Respublikası
qarşısında da hüquqi
dövlətin qəbul olunmuş ümumi prinsiplərinin
reallaşdırılması üçün
zəruri tədbirləri həyata keçirmək vəzifəsi
dururdu. Lakin
müstəqilliyin ilk illərində
ölkədə siyasi sabitliyin
və xalqın mənafelərini əks etdirən siyasi iradənin olmaması bu
vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi.
Müstəqilliyin ilk illərinin təcrübəsi
göstərdi ki, əldə olunmuş istiqlaliyyəti qoruyub
saxlamaq, inkişaf
etdirmək, ən azı, onu əldə
etmək qədər çətin və bir
o qədər də şərəfli vəzifədir.
Müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra Azərbaycanın
bütövlüyünü təhlükə
altında qoyan təhdidlərin aradan qaldırılması, siyasi
sabitliyin təmin olunması ölkə həyatının bütün
sahələrində genişmiqyaslı islahatların
başlanmasına şərait yaratdı. Vətəndaş cəmiyyətinin
bərqərar edilməsini, hüquqi
dövlət quruculuğunu öz inkişafının başlıca
istiqamətləri kimi seçən Azərbaycan
dövləti qısa müddətdə irimiqyaslı qanunvericilik islahatlarını
reallaşdırdı, institusional səviyyədə
bir sıra yeni təsisatlar
yaradıldı, beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli
nailiyyətlər əldə edildi.
Başlanmış islahatlar fonunda ən mühüm
hadisələrdən biri 1995-ci ildə ümumxalq səsverməsi (referendum)
yolu ilə müstəqil Azərbaycan
dövlətinin yeni Konstitusiyasının
qəbul edilməsi oldu.
Qeyd etmək yerinə düşər ki,
vətəndaş, cəmiyyət və dövlət
arasında mühüm ictimai
münasibətləri tənzimləyən, ictimai
quruluşun əsaslarını, siyasi sistemin təşkili
prinsiplərini müəyyənləşdirən konstitusiyalar müasir cəmiyyətlərin
həyatında mühüm əhəmiyyətə malikdir. Hüquqi və siyasi sistemin
təməlini əks etdirən Konstitusiyanın ən yüksək
və ali hüquqi
qüvvəyə malik normaları bütün hüquqi tənzimetmə
sisteminin əsasında durur,
onun qəbulu, xüsusən də
oradakı müddəaların reallaşdırılması ictimai münasibətlərin inkişafında
sabitlik, müəyyənlik amili qismində çıxış edir. Bu baxımdan, ulu öndər Heydər
Əliyevin bilavasitə rəhbərliyi ilə gərgin əməyin
və səylərin nəticəsi olan bu ümummilli əhəmiyyətli
sənədin qəbulu dövlətçiliyimizin
inkişafı tarixində yeni səhifə
açdı. Əsas Qanun cəmiyyətin
və dövlətin inkişafının strateji məqsəd və vəzifələrini
müəyyənləşdirdi, hüquqi
xarakterlə yanaşı, siyasi aspektə
də malik olmaqla, siyasi proses və
münasibətlərə tənzimləyici təsir göstərən
akt rolunu oynadı.
Təqdirəlayiqdir
ki, ölkəmizin Əsas Qanunu
hazırlanarkən ənənəvi hüquqi
dövlət ideyaları ilə yanaşı, bu
ideyaların inkişaf meyilləri də nəzərə
alınmış, onlar özünəməxsus
milli dəyərlər və artıq təsdiq
olunmuş müasir yanaşmalarla zənginləşdirilmişdir. Konstitusiyaya əsasən, hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması,
hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan
və vətəndaş hüquqlarının və
azadlıqlarının təmininin Azərbaycan dövlətinin
ali məqsədi bəyan edilməsi,
beynəlxalq hüququn milli
qanunvericilik (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla
qəbul edilən aktlar istisna
olmaqla) üzərində üstünlüyü
Əsas Qanunun mütərəqqi xarakter daşımasının göstəricisidir.
Konstitusiyanın
gətirdiyi yeniliklərdən biri də həmin
dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi
olmayan institutun - konstitusiya nəzarəti orqanının
yaradılmasının nəzərdə tutulması idi. Qeyd edilməlidir ki, hüquqi mədəniyyətin
mühüm ünsürləri olan Konstitusiya və konstitusiya ədalət mühakiməsi
bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət
baxımından əhəmiyyətli təsir göstərir. Konstitusiya ədalət mühakiməsinin məqsədi
bu və ya digər
dövlətin ərazisində ictimai
münasibətlərin bütün
subyektlərinin fəaliyyətində Konstitusiyanın aliliyinin, habelə birbaşa
qüvvəsinin təmin edilməsidir. Hüquqi
dövlətdə isə konstitusiya ədalət
mühakiməsi funksiyalarının həyata keçirilməsi
konstitusiya nəzarəti
orqanlarının Konstitusiya və qanunlarla nəzərdə tutulmuş
səlahiyyətlərinin reallaşdırılması yolu ilə mümkündür.
Bu baxımdan, konstitusiya nəzarəti
ideyası Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsinin
mühüm mexanizmlərindən biri kimi
formalaşmış, müasir dövrdə
isə demokratik dəyərlərin hakim olduğu hüquqi dövlətin ayrılmaz
atributlarından birinə çevrilmişdir.
Klassik mənada konstitusiya
nəzarəti ictimai hakimiyyətin
ümumməcburi aktlarının Konstitusiyaya
uyğunluğunun təmin edilməsinin
vasitəsi kimi qəbul olunur
və Konstitusiyaya zidd
aktların qüvvədə olmasının
qarşısını almağa xidmət
edir. Bu anlayış bütün qanunvericilik sisteminə nəzarət, bu sistemi konstitusion
nöqteyi-nəzərdən təftiş etmə, konstitusiya normalarının təfsiri vasitəsilə
hüququn inkişafı və hüququn tətbiqi təcrübəsinin
istiqamətləndirilməsi kimi əhəmiyyətli
səlahiyyətləri ehtiva edir.
Tarixi inkişaf o
cümlədən belə nəzarətin həyata
keçirilməsinin müxtəlif modellərinin
yaranmasını şərtləndirmiş, konstitusiya
nəzarəti orqanlarının səlahiyyətləri getdikcə
əhəmiyyətli dərəcədə genişlənmiş,
Konstitusiyanın və qanunların şərh edilməsi,
hakimiyyət qolları arasında səlahiyyətlər bölgüsü ilə bağlı
mübahisələrin həlli, seçkilərin nəticələrinin
təsdiqi və ya ləğvi, dövlətin
yüksək vəzifəli şəxslərinə
qarşı irəli sürülən ittihamlara
baxılması və s. səlahiyyətlər
konstitusiya ədalət mühakiməsi
orqanlarına həvalə edilmişdir. Eyni zamanda, konstitusiya nəzarəti
normativ aktların daha
geniş dairəsi üzərində həyata
keçirilməyə başlamış, belə nəzarətin
yurisdiksiyasına qanunlarla yanaşı, mərkəzi
və yerli icra hakimiyyəti
orqanlarının, eləcə də məhkəmə və yerli özünüidarəetmə
orqanlarının aktları, habelə beynəlxalq
müqavilələr aid edilmişdir.
XXI
əsrdə ictimai inkişafın daim yeniləşən meyilləri
bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsini şərtləndirir,
insan və vətəndaş
hüquqlarının və əsas azadlıqların tam təmin olunması və vətəndaşların
üzərinə qoyulmuş vəzifələrin
yerinə yetirilməsi üçün zəruri şəraitin
yaradılmasına cavabdeh olan
dövlət strukturlarına qarşı əlavə tələblər
irəli sürür və bununla da cəmiyyətdə
konstitusiya nəzarətinin rolunu və əhəmiyyətini daha da artırır. Heç
şübhəsiz, istənilən dövlətin, o cümlədən yeni
müstəqillik əldə etmiş
dövlətlərin mövcudluğunu hüququn tənzimləyici fəaliyyəti olmadan, habelə bu və ya digər dövlətin sabit
fəaliyyətini Əsas Qanunun müdafiəsini
həyata keçirən konstitusiya nəzarəti
olmadan təsəvvür etmək mümkün deyildir. Belə ki, hüquqi
dövlətdə konstitusiya nəzarəti
orqanının fəaliyyəti vasitəsilə qanunvericilik sistemində olan
kolliziyaları aradan qaldırmaq, dövlət
orqanları arasında səlahiyyətlər bölgüsü
ilə bağlı mübahisələri istisnasız olaraq hüquqi vasitələrlə
həll etmək, hüququn aliliyini təmin
etmək, pozulmuş hüquq
və azadlıqların bərpası imkanı yaranır, hüququn tətbiqi praktikasında ahəngdar,
məntiqi inkişaf təmin olunur, sosial-siyasi subyektlər
arasındakı münaqişələrin qarşısı
alınır, siyasi sistemin
əsas subyektlərinin davranışı üzərində konstitusiya nəzarəti həyata keçirilir.
Bu baxımdan, 1998-ci ildə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin
yaradılması olduqca mütərəqqi
və əhəmiyyətli hadisə idi. Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə konstitusionalizm
ideyalarının inkişafı, konstitusiya
nəzarəti orqanının real fəaliyyətə
başlaması, onun müstəqilliyinin təmin
edilməsi, hakimlərinin sosial təminatının
və müdafiəsinin gücləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin
adı ilə birbaşa
bağlıdır.
Konstitusiya ilə onun səlahiyyətlərinə
aid edilmiş məsələlərə
dair ali konstitusiya ədalət mühakiməsi
orqanı olan Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin
əsas məqsədləri Konstitusiyanın aliliyini
təmin etmək və hər kəsin əsas hüquq
və azadlıqlarını müdafiə etməkdir. Bunu
nəzərə alaraq əminliklə qeyd etmək olar ki, konstitusiya ədalət
mühakiməsi qanunun aliliyinin
təmin edilməsinin, insan
hüquqlarının və əsas azadlıqların
müdafiəsinin mühüm mexanizmlərindən
biri qismində çıxış edir.
Məlum olduğu kimi, konstitusiya nəzarəti orqanı olan konstitusiya məhkəmələri,
eyni zamanda, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsinin mühüm hüquqi
vasitələrindən biri kimi çıxış edir.
Belə ki, hüquq və
azadlıqların pozulması yalnız dövlət hakimiyyəti
orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri (hərəkətsizliyi)
ilə deyil, həm də qanunların Konstitusiyaya zidd olması
ilə əlaqədar ola bilər. Bu səbəbdən dövlət hər kəsin
öz hüquq və
azadlıqlarını müdafiə etməsi üçün
real imkanlar yaradır.
Bu baxımdan, məhkəmə müdafiəsi
hüququnun təzahür formalarından biri də şəxsin ümumi
yurisdiksiyalı məhkəmələrlə yanaşı, həm
də konstitusiya ədalət mühakiməsi
orqanlarına müraciət etməsi imkanıdır.
Ümumiyyətlə,
konstitusiya nəzarətinin səmərəli
həyata keçirilməsi habelə bu institutun özünün
təkamülünü nəzərdə tutur.
Digər tərəfdən, ölkəmizdə geniş vüsət almış demokratikləşmə
prosesləri, məhkəmə islahatları, insan
hüquqlarının və əsas azadlıqların
müdafiəsinin hüquqi mexanizmlərinin
daha da gücləndirilməsi,
Azərbaycanın Avropa ailəsinə
yaxından inteqrasiyası və Avropa
Şurasına daxil olarkən üzərinə götürdüyü
öhdəliklərin yerinə yetirilməsi kimi
2002-ci il avqustun 24-də
keçirilmiş ümumxalq
səsverməsi (referendum) yolu
ilə Konstitusiyanın mətninə edilmiş
əlavə və dəyişikliklər nəticəsində
konstitusiya nəzarətinin obyektinə daxil olan aktların və Konstitusiya Məhkəməsinə müraciət
etmək hüququna malik
subyektlərin dairəsi genişlənmiş, Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman),
məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət
etmək hüququ əldə etmişlər.
Bu isə
öz növbəsində, konstitusiya ədalət mühakiməsinin dünyada gedən müasir
inkişaf meyillərinə cavab verəcək məhkəmənin fəaliyyətinin
keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına səbəb olmuş,
Konstitusiya Məhkəməsinin
timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli vasitənin
əldə edilməsinə əlverişli zəmin
yaratmışdır.
Konstitusiya islahatlarının ardınca qəbul
edilmiş "Konstitusiya
Məhkəməsi haqqında" yeni qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət
edilməsi və həmin müraciətlərə
baxılması prosedurları müəyyənləşdirilmişdir. Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş
səlahiyyətlər dairəsinə malik
müasir konstitusiya nəzarəti
orqanıdır. Qeyd olunan
nəzarətin yurisdiksiyasına normativ hüquqi aktların geniş
spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya
nəzarətini həyata keçirmək, Konstitusiya
və qanunların normalarının şərhi vasitəsilə
hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin
istiqamətləndirilməsi baxımından olduqca
əhəmiyyətli funksiyaların həyata keçirilməsi
deməkdir.
Konstitusiya Məhkəməsinin əsas səlahiyyəti,
şübhəsiz ki, Konstitusiyanın
130-cu maddəsində sadalanmış normativ-hüquqi
aktların Konstitusiyaya uyğunluğunun
yoxlanılmasıdır. Bu səlahiyyəti
vasitəsilə məhkəmə Konstitusiyanın və
qanunların aliliyini təmin etmiş olur. Belə ki, Konstitusiya
Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya,
yaxud özündən üstün
hüquqi qüvvəyə malik akta uyğun
olmadığını müəyyənləşdirdikdə
onu qüvvədən düşmüş
elan edir. Bununla da həmin normativ-hüquqi aktın müvafiq
müddəası öz hüquqi
qüvvəsini itirir və Azərbaycan
Respublikasının ərazisində tətbiq edilə bilməz.
Burada mühüm məqam ondan
ibarətdir ki, yoxlanılan norma Konstitusiya Məhkəməsi
tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən
deyil, Konstitusiyanın hərfinə və
ruhuna, onun prinsiplərinə
uyğunluq baxımından qiymətləndirilir
və Konstitusiya ilə uyğunsuzluq
təşkil etdiyinə görə qüvvədən
salınmış normalar qanunvericilik
sistemindən kənarlaşdırılmış olur.
Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların
şərhidir. Bu səlahiyyət məhkəməyə bu və ya digər
normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya
- hüquqi predmetini
hüquqtətbiqedicilərin nəzərinə
çatdırmağa və həmin normanın məhz bu mənaya uyğun dəqiq
və eyni cür tətbiqi
təcrübəsini formalaşdırmağa imkan verir. Mühüm məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq norması müasir
dəyərlər baxımından
dolğunlaşdırılaraq daha təkmil
forma alır və həmin normanın hər
hansı digər qeyri-konstitusion formada tətbiqi mümkünsüz
olur, beləliklə də
normanın tətbiqi qaydası dəqiqləşdirilməklə
onun məhdudlaşdırıcı və
ya genişləndirici formada
qeyri-konstitusion tətbiqi təcrübəsi
dəyişdirilmiş olur. Bu isə geniş mənada
hüququn tətbiqi təcrübəsinin
konstitusiya hüququna müvafiq inkişaf
etdirilməsi məqsədinə xidmət edir.
Konstitusiya Məhkəməsinin fəaliyyəti
müddətində qəbul edilmiş qərarlar
sırasında Konstitusiya və
qanunların şərhinə dair
çıxarılmış qərarlar xüsusi
çəkiyə malikdir. Belə ki, məhkəmə tərəfindən qəbul
edilmiş 203 qərardan 71-i ayrı-ayrı
qanunların, 2-si isə Konstitusiyanın müxtəlif
müddəalarının şərh edilməsinə dair olmuşdur.
Artıq
qeyd edildiyi kimi, 2004-cü ilin yanvar ayından Avropa
Şurasının ekspert və mütəxəssislərinin
iştirakı ilə hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında" yeni qanunun qüvvəyə
minməsindən sonra Konstitusiya
Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə
başlamışdır. Keçən dövrün
təcrübəsi göstərdi ki,
ölkə vətəndaşları öz
hüquqlarının müdafiəsinin səmərəli
vasitəsi qismində fərdi şikayət verilməsi hüququndan kifayət qədər fəal
istifadə edirlər. Bu günədək Konstitusiya Məhkəməsinə
verilmiş fərdi şikayətlərin əksəriyyəti
məhkəmə aktlarından olmuş, məhkəmə
tərəfindən qəbul edilmiş 203
qərardan 78-i fərdi şikayətlər üzrə qərarların
payına düşür. Həmin qərarlarda ərizəçilərin pozulmuş hüquq və
azadlıqlarının bərpa olunması ilə
yanaşı, vətəndaşların hüquq
və azadlıqlarının məhkəmə müdafiəsi,
o cümlədən məhkəməyə
müraciət etmək hüququ,
mülkiyyət hüquqlarının müdafiəsinə,
əmək, mənzil, sosial-təminat, birləşmək hüququ və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə
baxımından əhəmiyyətli hüquqi
mövqelər formalaşdırılmışdır.
Konstitusiya şikayəti institutu
insan hüquqlarının və
azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli
formalarından biridir və Konstitusiya, sadəcə, deklarativ
müddəalardan ibarət sənəd deyil,
birbaşa qüvvədə olan normalar məcmusuna
çevrilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu mənada qeyd etmək yerinə düşər ki, Konstitusiyanın aliliyi prinsipinin reallaşdırılması, habelə
vətəndaşların hüquqlarının və
azadlıqlarının təmin edilməsi digər yeni demokratiya dövlətlərində
olduğu kimi, ölkəmizdə
də bəzi çatışmazlıqlarla müşayiət
olunur. Belə ki,
bəzi hallarda hüquqtətbiqedici
Konstitusiyanı öz gündəlik fəaliyyətindən
uzaq, praktik əhəmiyyətə
malik olmayan deklarativ sənəd kimi nəzərdən
keçirir. Halbuki demokratik, hüquqi dövlət
quruculuğunun təməl dəyərləri
hüquqtətbiqedicinin bu cür
yanaşmasının əsaslı dəyişməsini zəruri
edir.
Məhkəmə
aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun
yoxlanılması üzrə Konstitusiya Məhkəməsinin
fəaliyyətindən danışarkən bir
məqamı yaddan çıxarmaq olmaz ki, bu
səlahiyyət Konstitusiya Məhkəməsini
heç bir halda növbəti məhkəmə
instansiyasına çevirmir. Belə ki, Konstitusiya Məhkəməsi hüquqi
aktların qanuniliyini yoxlayarkən müstəsna
hüquq müdafiə vasitəsi kimi çıxış edir
və heç bir halda mülki və ya cinayət işlərinə mahiyyəti
üzrə baxmır.
Əsas
Qanunla nəzərdə tutulmuş
səlahiyyətlərini həyata keçirərkən Konstitusiya Məhkəməsi hakimiyyətin digər
qolları ilə qarşılıqlı fəaliyyət
göstərir, qəbul etdiyi qərarları
ilə milli hüquq sisteminin formalaşmasına, qanunvericiliyin
inkişafına öz töhfəsini verir, onu konstitusiya ideyaları ilə zənginləşdirir.
Bu, Konstitusiya Məhkəməsinin
qərarlarında formalaşdırılan hüquqi
mövqelər vasitəsilə edilir. Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi
istisnasız olaraq qanunvericiliyin
ona verdiyi səlahiyyətlər
çərçivəsində fəaliyyət göstərir,
hakimiyyətin digər qollarının normayaratma
fəaliyyətinə müdaxilə etmir
və ümumiyyətlə, məqsədəmüvafiqlik
mülahizələrini rəhbər tutmur.
Lakin məhz
ali konstitusiya nəzarət
orqanına xas olan və
bir çox halda hüquq tənzimlənməsi
sahəsində mövcud boşluqları aradan qaldıran - Konstitusiyanın və
qanunların rəsmi şərhi, Konstitusiyaya
uyğun olmayan hüquq normalarının qüvvədən
düşməsi, müvafiq tövsiyələrin
verilməsi kimi fəaliyyət sahələri
yeni hüququn ortaya çıxmasına səbəb olmaya bilməz. Məhkəmənin
belə fəaliyyəti həm demokratik
mahiyyəti, həm də mövcud sistemə
müvafiqliyi baxımından milli hüququmuzun
inkişafının ümumi qanunauyğunluğundan və inkişaf
istiqamətlərindən kənara çıxmır, konstitusiya hüquq elmi vasitəsilə hüquq
elminin və müsbət hüququn bazasında yeni hüquq prinsipləri yaranır.
Ümumiyyətlə,
Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Konstitusiyanın əsasları,
onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin
müddəaları, habelə insan
hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə
alınmaqla formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin
qərarının yüksək hüquqi
qüvvəsi onun hüquqi
mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət
qazanaraq yalnız konstitusiya
işinin predmetini təşkil
etmiş hala deyil, hüququn mənbəyi
kimi hüquq tətbiqetmə
təcrübəsində rast gəlinən
analoji hallara da şamil olunur
və bu mənada, həmin qərarlar ümumi məhkəmələr üçün əhəmiyyətli mənbə
qismində çıxış edir.
Mövcud normativ hüquqi aktlara əsaslanan
fəaliyyəti və qəbul etdiyi qərarları
ilə Konstitusiya Məhkəməsi insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiəsində
qanunvericilik və məhkəmə təcrübəsinin
birliyini mühafizə edir. Bu isə bir daha göstərir ki, Konstitusiyanın aliliyinin
təmin olunması hüquq və
azadlıqların müdafiə edilməsi ilə ayrılmaz və
sıx əlaqədədir. Təsadüfi deyildir ki, Azərbaycan
Respublikasında demokratik, hüquqi
dövlətin möhkəmləndirilməsi, insan
və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi Konstitusiya
Məhkəməsinin fəaliyyətinin əsas istiqaməti olmaqla, həm də Məhkəmənin fəaliyyət
predmetinə daxil olan
normativ hüquqi
aktların Konstitusiyaya və özündən
yüksəkdə duran digər normativ hüquqi aktlara uyğunluğunun
müəyyənləşdirilməsinin başlıca
meyarlarıdır.
Konstitusiya Məhkəməsi bəzən
baxdığı işlərdə məsələnin
müstəsna olaraq hakimiyyətin digər
qollarından birinin səlahiyyətinə
aid olduğunu nəzərə
alaraq həmin orqanlara
Konstitusiya Məhkəməsinin qərarından
irəli gələn müvafiq qanunvericilik nizamlamalarının həyata keçirilməsinə və
ya əlavə tədbirlərin
görülməsinə dair tövsiyələr
vermişdir. Hüquqi
təbiətinə və qüvvəsinə görə belə
tövsiyələr Konstitusiya Məhkəməsinin
qərarında formalaşdırılmış hüquqi mövqelərə əsaslanan qərarın
tərkib hissəsi kimi qəbul edilməlidir.
Konstitusiyanın
aliliyinin, vətəndaşların qanuni maraqlarının, hüquq
və azadlıqlarının müdafiəsində dayanaraq Konstitusiya Məhkəməsi
dəfələrlə müvafiq hakimiyyət
orqanlarına, o cümlədən Azərbaycan
Respublikasının Milli Məclisinə,
Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsinə
dair tövsiyələrlə
çıxış etmişdir.
Bu gün konstitusiya nəzarəti orqanları
qarşısında duran mühüm
vəzifələrdən biri də
Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona
dinamizm qazandırılmasıdır. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
də öz fəaliyyəti ilə bu işə əhəmiyyətli töhfə
verməkdədir. Belə ki, dövlətin
Əsas Qanunu bir tərəfdən
siyasi sabitliyin təminatçısı
kimi qəbul edilir, digər
tərəfdən isə o, cəmiyyətin
konkret hədəflərə yönəlmiş
inkişaf istiqamətlərini müəyyənləşdirir.
Bu mənada, cəmiyyətdə sabitliyin mühüm amili kimi Konstitusiyanın rolu qorunmaqla yanaşı,
onun mətnində tez-tez
dəyişikliklər edilmədən demokratik
inkişafa dinamik təsir
göstərilir. Belə təsirin vasitələri kimi isə qanunvericiliyin və
məhkəmə təcrübəsinin mütəmadi təkmilləşdirilməsi,
o cümlədən Konstitusiya
normalarının rəsmi şərhi çıxış edir.
Konstitusiya Məhkəməsi konstitusiya
ədalət mühakiməsinin müasir
meyillərini davamlı olaraq izləyir və
fəaliyyətində tətbiq edir. Məhkəməmiz,
eyni zamanda, beynəlxalq
təcrübəyə böyük diqqət
yetirməklə öz qərarlarında
beynəlxalq hüququn müddəalarına,
eləcə də Avropa Məhkəməsinin
presedent hüququna istinadlar edir. Bu, ilk növbədə, qanunvericilik sisteminin
ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin
zəruriliyindən irəli gəlir. Digər tərəfdən
isə bu, daha keyfiyyətli
qərarların qəbul edilməsinə, həmçinin məhkəmənin
mövqeyinin zənginləşdirilməsinə
və düzgün əsaslandırılmasına
xidmət edir.
Konstitusiya Məhkəməsi, habelə fəaliyyətə
başladığı dövrdən xarici
ölkələrin konstitusiya nəzarəti
orqanları ilə, Avropa Şurası, ATƏT,
Amerika Hüquqşünaslar
Assosiasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti və başqa beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsinə
xüsusi diqqət yetirmiş, Türkiyə, Rusiya, Almaniya, Avstriya, İtaliya, Bolqarıstan,
Polşa, Moldova, Belarus, Ukrayna, Çin, İsrail, Koreya Respublikası və bir
sıra digər ölkələrin müvafiq
təsisatları ilə sıx ikitərəfli əməkdaşlıq
qurmağa müvəffəq olmuşdur.
Böyük fərəh hissi
ilə qeyd etmək istərdik ki, 13 il bundan
öncə Azərbaycan hüquq sistemi və ictimaiyyəti üçün
tamamilə yeni institut
olan Konstitusiya Məhkəməsi
ötən illər ərzində ölkəmizdə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu
prosesində fəal iştirak etmiş, Konstitusiyanın aliliyinin
təmin olunması, insan
hüquqlarının və azadlıqlarının müdafiəsi
sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmuş, qəbul etdiyi qərarları ilə hər kəsin Azərbaycan
Respublikasının Konstitusiyasına, qanunlarına
hörmət və ehtiramının möhkəmləndirilməsinə
töhfəsini verməyə
çalışmışdır.
Bu gün Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə
dövlətimiz öz tarixinin
böyük tərəqqi ilə xarakterizə
olunan şərəfli dövrünü
yaşayır. Ölkə iqtisadiyyatı dinamik
inkişaf edir,
dövlət və cəmiyyət həyatının bütün sahələrində nailiyyətlər əldə olunur,
genişmiqyaslı quruculuq işləri və
sosialyönümlü layihələr uğurla həyata keçirilir,
Azərbaycanın müdafiə qabiliyyəti və hərbi
qüdrəti günbəgün daha da möhkəmləndirilir. Regionun
lider dövlətinə çevrilmiş
Azərbaycan Respublikası bu gün regional və qlobal əhəmiyyətli layihələrin,
sadəcə, iştirakçısı deyil,
həmçinin təşəbbüskarı qismində
çıxış edir. Davamlı
və dinamik inkişaf,
demokratik nailiyyətlərin əldə
olunmasına yönəlmiş məqsədyönlü fəaliyyət
demokratik-hüquqi islahatların da davam etdirilməsini zərurətə
çevirir. Əminik ki,
Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə Azərbaycanda demokratik, hüquqi dövlət
quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və
azadlıqlarının daha səmərəli
müdafiəsi işinə bundan sonra da öz
töhfəsini verməkdə davam edəcəkdir.
Fərhad ABDULLAYEV,
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri
Azərbaycan.- 2011.- 14 iyul.- S.4.