Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzunların
növbəti buraxılışı olmuşdur
Milli Təhlükəsizlik Nazirliyinin
Heydər Əliyev adına Akademiyasında məzunların
növbəti buraxılışına həsr olunmuş mərasim
keçirilmişdir.
Mərasimdə Milli Təhlükəsizlik
Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbərləri,
milli təhlükəsizlik orqanlarının veteranları və
məzunların valideynləri iştirak etmişlər.
Əvvəlcə Akademiyanın
Döyüş Bayrağı hərbi marşın sədaları
altında sıra meydanına gətirilmiş, ümummilli
lider Heydər Əliyevin abidəsi önünə əklil
qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin və
Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü uğrunda həlak olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Mərasimdə çıxış edən
milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov məzunları,
onların valideynlərini, akademiyanın professor-müəllim
heyətini təbrik etmişdir. Nazir bildirmişdir ki, təcrübəli
müəllimlərdən aldıqları biliklər, mənimsədikləri
peşəkarlıq vərdişləri vəzifə
borclarını layiqincə yerinə yetirməkdə məzunlara
kömək olacaqdır. Fəaliyyət göstərdiyi
müddətdə, xüsusən son illərdə Akademiyada təlim-tədris
işində xeyli nailiyyətlərin əldə edildiyini
söyləyən Eldar Mahmudov məzunların xidmətə
başladıqları sahələrdə əzmlə
çalışmalarının ulu öndərin peşəkarlıq
və vətənpərvərlik məktəbinə, Heydər
Əliyevin milli maraqların qorunması amallarına sədaqətin
göstəricisi olduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, nazirliyin müxtəlif
struktur bölmələrində və Dövlət Sərhəd
Xidmətində fəaliyyətə başlayacaq gənc zabitlər
üçün buraxılış günü xüsusilə
unudulmazdır. Gənc zabitlər ulu öndər Heydər Əliyevin
adını daşıyan təhsil ocağını bitirməkdən
qürur duymalıdırlar.
Bu mötəbər ali təhsil müəssisəsində
qazandıqları nəzəri və praktik biliklərin gələcək
fəaliyyətdə gənc zabitlər üçün
yaxşı təməl olacağını bildirən nazir
vurğulamışdır ki, məqsəd birdir: Vətənin
təhlükəsizliyini qorumaq, müstəqilliyi və
dövlətçiliyi möhkəmlətmək.
Nazir demişdir ki, sərhədlərin,
təhlükəsizliyin qorunmasına, ümumən milli
maraqların etibarlı təminatına xidmət edəcək
zabitlər bilməlidirlər ki, əzm, qətiyyət, fədakarlıq,
vəzifə borcuna məsuliyyətlə yanaşma və
peşəkarlıq olmadan bu, mümkün deyildir. Akademiya gənc
zabit korpusunun yetişdirilməsi kimi çətin və məsuliyyətli
bir vəzifənin öhdəsindən layiqincə gəlir, təlim-tədrisin,
xidmət və istirahət şəraitinin təşkili
baxımından müasir tələblərə tam cavab verir.
Maddi-texniki bazanın ardıcıl gücləndirilməsi,
digər kompleks tədbirlər yüksək ixtisaslı
kadrların hazırlanmasına, yeni nəslin əsl vətəndaş
kimi yetişməsinə xidmət edir. Bu işdə dövlət
başçısının bir neçə il əvvəl
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasının ən yüksək dünya
standartlarına cavab verdiyini qeyd etməsi əsl stimul
olmuşdur. İşimizə verilən bu yüksək qiymət
bizi daha da məsul edir.
Akademiyada gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsinə xüsusi önəm verildiyini deyən
Eldar Mahmudov bunun uğurlu fəaliyyətin başlıca amili
olduğunu bildirmişdir. Vətənpərvərlik amilinə
ciddi diqqət yetirməkdə əsas məqsəd, ilk
növbədə, Ermənistanın işğal etdiyi ərazilərimizin
azad olunmasıdır. Ərazi
bütövlüyümüzün təmin olunması
üçün bütün imkanların tam səfərbər
edilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyev tərəfindən
bütün dövlət orqanlarının
qarşısına qoyulmuş bir nömrəli vəzifədir.
Bu sahədə sərhəd xidməti və təhlükəsizlik
orqanlarının da bütün potensialı səfərbər
olunmuşdur. Bu işlərdə gənclərin üzərinə
böyük vəzifələr və məsuliyyət
düşür. Azərbaycan gəncliyi daim dövlətin
qayğısını hiss edir. Qayğıya layiqli cavab isə
Vətənə və dövlətə sədaqətdir. Ulu
öndər gənclərin hərtərəfli
inkişafını ölkənin tərəqqisinin
başlıca mənbəyi hesab edirdi. Bu siyasətin yeni tələblərə
uyğun davam etdirilməsi mühüm uğurlara şərait
yaradır. Gənclərin ölkə həyatının
bütün istiqamətlərində öz layiqli yerlərini
tutmaları üçün bu günlərdə Azərbaycan
Prezidenti tərəfindən "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında" Sərəncam
imzalanmışdır. Dövlət
başçısının belə münasibəti gənclərlə
əlaqədar siyasətin ardıcıl
aparılmasının göstəricisidir.
Nazir bildirmişdir ki, dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü ilə əlaqədar Prezidentin
imzaladığı sərəncam Azərbaycanın
bütün dövlət orqanlarının
qarşısında mühüm vəzifələr qoyur.
Akademiyanın builki buraxılışı da belə bir əlamətdar
dövrə təsadüf edir. "Biz 20 illik yubileyi
bütün sahələrdə uğurları daim
artırmaqla, ölkədə başlanmış yeni
inkişaf mərhələsinə hər gün töhfə
verməklə qarşılamalıyıq. Həm də ulu
öndərin "müstəqilliyimiz daimidir, əbədidir
və dönməzdir" devizinə qüsursuz əməl
etməliyik. Müstəqilliyimizi ardıcıl qorumalı və
möhkəmləndirməliyik".
Eldar Mahmudov demişdir ki, ölkəmizdə
hərbi, sosial-iqtisadi və ictimai-siyasi həyatın hər
bir sahəsində aparılan islahatlar Azərbaycanı
möhkəmləndirir, dövlətimizə böyük
nüfuz qazandırır. Dinamik inkişaf edən Azərbaycan
bölgənin lideridir. İqtisadi artım sürətinə
görə ölkəmiz son illər dünya miqyasında
ön sırada gedir. Bütün bunlar qlobal və regional
xarakterli təhdidlərin artdığı şəraitdə
bizi ölkənin təhlükəsizliyinə daha etibarlı
təminat yaratmağa çağırır. Eyni zamanda, təhlükəsizliyə
cavabdeh orqanların əməkdaşlarından daha yüksək
peşəkarlıq, bilik səviyyəsi, tapşırıqların
icrasında çeviklik və səriştə tələb
olunur. Son illər Milli Təhlükəsizlik Nazirliyində
bütün istiqamətlər üzrə əməliyyat-xidməti
uğurla həyata keçirilir. Lakin ölkənin sürətli
tərəqqisinə xidmət edən bu nailiyyətlər bizi
qətiyyən arxayınlaşdırmır, əksinə, səylərimizi
ardıcıl surətdə yüksəltməyə sövq
edir.
Nazir Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün əmr
və göstərişlərinin, tövsiyələrinin
bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini
bildirmiş və gənc zabitlərə gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.
Sonra çıxış edən
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant
Elçin Quliyev məzunları təbrik etmiş, silahlı
qüvvələrimizin tərkibinə növbəti zabit
korpusunun verilməsində xidməti olan hər kəsə, o
cümlədən Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə,
akademiyanın professor-müəllim heyətinə, məzunların
valideynlərinə minnətdarlığını
bildirmişdir. O, gənc zabitlərin hazırlanmasında
dövlətin diqqət və qayğısını
xüsusi qeyd etmişdir. Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş ordumuzun qüdrətinin
artırılması, təhlükəsizliyimizin daha da
möhkəmlənməsi işində Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin gördüyü işlərdən
danışan DSX-nin rəisi zabitlərin peşəkarlığının,
Vətənə, xalqa sədaqətlə xidmətin bu sahədə
rolunu vurğulamışdır.
Heydər Əliyev adına
Akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə
çıxışında Prezident İlham Əliyevin milli təhlükəsizlik
orqanlarına diqqət və qayğısı, Milli Təhlükəsizlik
Nazirliyinin bilavasitə səyləri sayəsində
akademiyanın inkişafından danışmışdır.
Ziya Yusifzadə sıralarında iki Heydər Əliyev təqaüdçüsünün
də olduğu məzunların tədris müddətində
daim yüksək nailiyyətlər qazandıqlarını,
akademiyanın elmi, ictimai, siyasi həyatında fəal
iştirak etdiklərini, 21 zabitin akademiyanı fərqlənmə
diplomu ilə bitirdiyini bildirmişdir.
Akademiyanın məzunu leytenant Cavid
Quliyev çıxış edərək, ümummilli lider Heydər
Əliyevin adını daşıyan ali hərbi təhsil
ocağını bitirmələrindən qürur hissi
keçirdiklərini vurğulamışdır. Digər məzun
leytenant Həmzə Nəcəfov kursantlara göstərilən
yüksək diqqət və qayğıya görə Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və
akademiyanın rəhbərliyinə, müəllim kollektivinə
minnətdarlıq etmiş, bütün məzunlar adından Vətənə
sədaqətlə xidmət edəcəklərini
bildirmişlər.
Sonra milli təhlükəsizlik naziri
Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin rəisi
Elçin Quliyev akademiyanı fərqlənmə ilə bitirən
məzunlara diplomları təqdim etdilər. Digər zabitlərə
də diplomlar təqdim olunduqdan sonra zabit və kursantlar hərbi
maşın sədaları altında tribunanın
qarşısından keçmişlər.
Mərasim akademiyadakı
"Şöhrət" Muzeyində davam etdirilmiş, milli təhlükəsizlik
naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin
rəisi Elçin Quliyev tərəfindən akademiyanı fərqlənmə
ilə bitirən gənc zabitlərə qiymətli hədiyyələr
verilmişdir. Akademiyanın xidmətdə fərqlənmiş
bir qrup əməkdaşının təltif olunması barədə
milli təhlükəsizlik nazirinin əmri elan olunmuşdur.
Ulu öndər Heydər Əliyevin büstünün və
muzeyin önündəki abidəsi qarşısında xatirə
şəkilləri çəkdirilmişdir.
Milli təhlükəsizlik naziri Eldar
Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi
Elçin Quliyev, akademiyanın rəisi Ziya Yusifzadə məzunların
valideynləri ilə səmimi söhbət etmiş, Vətənə
belə layiqli övladlar yetişdirdiklərinə görə
təşəkkürlərini bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2011.- 14 iyul.- S.5.