Gənclərin qlobal ətraf mühit kampaniyasına start verildi
Heydər Əliyev
Fondunun fəaliyyəti
fərqli sivilizasiyaların
uğurlu dialoquna, keçmişlə gələcək
arasında körpü
salınmasına, insanlara
yüksək mənəvi-etik
dəyərlərin əxz
edilməsinə yönəlmişdir.
İctimai həyatımızın
ayrı-ayrı sahələrində
gerçəkləşdirilən layihələr, beynəlxalq
təşkilatlarla fəal
əməkdaşlıq Azərbaycanın
uğurlu gələcəyinin
təmin olunmasına,
respublikamızın sivil
dünyaya inteqrasiyasına
hesablanıb. Ulu öndərin siyasi kursuna sadiq qalan,
onun əməllərini
yaşadan və ideyalarını gerçəkləşdirən
Fond səmərəli fəaliyyəti
ilə ölkəmizin
tərəqqisinə və
dövlət quruculuğuna
yeni-yeni töhfələr
bəxş edir.
Ölkə gənclərinin
məşğulluğunun təmin
edilməsi, onların
ictimai-siyasi proseslərdə
yaxından iştirakının
həyata keçirilməsi
Heydər Əliyev Fondunun ümummilli liderin ideyalarına dəstək konsepsiyasının
tərkib hissələrindən
biridir. Ölkəmizdə
və xaricdə təşkil olunan yüksək səviyyəli
tədbirlərdə ətraf
mühit problemlərinin
həllində gənclərin
iştirakı, onların
məşğulluğuna təsir
göstərən maneələrin
qlobal, milli səviyyələrdə müzakirəsi
daim diqqət mərkəzində olur. Beynəlxalq tədbirlərdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın
gənc ölkə olduğunu diqqətə çatdıraraq ölkəmizdəki
iqtisadi artım tempindən, respublikamızın
sosial-iqtisadi tərəqqisindən
bəhs edir. Gənc nəslin gəlirləri, bu zümrənin imkanlarının
genişləndirilməsi və
məşğulluğunun təmin
edilməsində dünyanın
ən qabaqcıl təcrübələri, məşğulluq
mərkəzlərinin yaradılması,
sahibkarlıqla bağlı
maarifləndirmə, insan
kapitalının idarə
edilməsi, təhsildən
kənar qalan gənclərlə iş və digər məsələlər müzakirə
olunur, təkliflər
səsləndirilir.
Ötən müddət
ərzində qəbul
edilmiş "Gənclər
siyasəti haqqında"
Azərbaycan Respublikası
Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin
forumlarının keçirilməsi
gənclərlə iş
sahəsinin hüquqi əsaslarını və
icra mexanizmini müəyyən etmişdir.
Prezident İlham Əliyev 7 iyul 2011-ci il tarixdə "Azərbaycan Gəncliyi
2011-2015-ci illərdə Dövlət
Proqramı"nı təsdiq
etmişdir. Dövlət
Proqramının əsas
məqsədi ölkədə
gənclər siyasətini
daha da inkşaf
etdirmək, onların
menecment sahəsində
fəal iştirakına
şərait yaratmaq, habelə gənc mütəxəssislərin işlə
təminatı və digər sosial-iqtisadi problemlərin həllidir. Sərəncamda Azərbaycanda
gənclər siyasətinin
başlıca istiqamətləri
açıqlanmış, bu
təbəqəyə diqqətin
artırılması üçün
konkret tədbirlərin
hazırlanması və
sənəddən irəli
gələn məsələlərin
icrası Nazirlər Kabinetinə həvalə olunmuşdur. "Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı"
indiyə qədər
dövlət gənclər
siyasətində qəbul
edilmiş fərman və sərəncamlarla müqayisədə genişmiqyaslı
aktual problemləri özündə ehtiva edir.
Heydər Əliyev
Fondunun beynəlxalq əhəmiyyətli quruma
çevrilməsi istiqamətində
işlər son illər
daha da genişlənmişdir.
Fondun müxtəlif ölkələrdə filiallarının
açılması bir
tərəfdən təşkilatın
qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər
tərəfdən Azərbaycanı
daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini
dünya arenasına çıxarmaq, habelə
diaspor hərəkatının
genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür.
Son illərdə Rusiyada,
Rumıniyada, Türkiyədə,
Böyük Britaniyada
filiallarını açan
Fond fəaliyyətini beynəlxalq
müstəvidə genişləndirmək
imkanı qazanmışdır.
Fondun Rusiya filialının fəaliyyəti
bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi
kimi bu missiyanı
üzərinə götürmüş
Leyla Əliyeva Fondun Rusiya filialına
yüksək səviyyədə
rəhbərlik edir.
Son illərdə Leyla Əliyeva Azərbaycanın milli-mənəvi
dəyərlərinin, mədəniyyətinin,
incəsənətinin, ədəbiyyatının
təbliği, diaspor hərəkatının genişləndirilməsi
istiqamətində bütün
lazımi tədbirləri
həyata keçirir.
Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində
atılan addımlar da bu baxımdan
təqdirəlayiqdir. Qısa
müddətdə Leyla
xanım Rusiyanın mədəni ictimaiyyəti
ilə müxtəlif
səviyyəli görüşlər
keçirmiş, Azərbaycanın
zəngin mədəniyyətinin
təbliği istiqamətində
uğurlu addımlar atmışdır.
2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan
"Bakı" jurnalı
da Azərbaycanın və onun paytaxtının
təbliği baxımından
xüsusi əhəmiyyətə
malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə
respublikamız barədə
daha dolğun məlumatları əldə
edə bilirlər. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva azərbaycanlı gəncləri
Rusiyanın ictimai-siyasi
həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın
milli mədəniyyətinə
qayğıkeşliklə yanaşmağa,
onu qoruyub saxlamağa və yaymağa çağırmışdır.
Leyla xanım Əliyeva, həmçinin
Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının
sədridir.
İslam Konfransı
Təşkilatının gənclər
forumu ilə "Xocalıya ədalət"
Beynəlxalq kampaniyasına
start verilməsi də
Fondun Moskva filialının fəaliyyəti
ilə bağlıdır.
Bu kampaniya İKT Gənclər
Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın
2008-ci il mayın 8-də
irəli sürdüyü
təşəbbüs əsasında
həyata keçirilir.
Tunisdə İSESCO-nun Baş
Assambleyasının 10-cu sessiyasında
imzalanmış protokol
"Xocalıya ədalət"
Beynəlxalq Məlumat
Təşviqat kampaniyasına
dəstək verilməsi
və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində
birgə tədbirlərin
həyata keçirilməsini
nəzərdə tutur.
Təsadüfi deyildir
ki, Azərbaycan diasporunun inkişafındakı
xidmətlərinə görə,
Leyla Əliyeva bu günlərdə Prezident tərəfindən
"Tərəqqi" medalı
ilə təltif edilmişdir.
Bu günlərdə Heydər Əliyev Fondu və BMT-in İnkişaf Proqramı tərəfindən Müasir
İncəsənət Muzeyində
"Azərbaycan əcnəbilərin
gözü ilə"
fotosərgisi keçirilmişdir.
Qeyd edək ki, BMT-nin İnkişaf
Proqramının izlədiyi
insan inkişafı göstəricilərinə görə
son beş ildə Azərbaycan 169 ölkə
arasında ən böyük irəliləyişə
nail olmuşdur. Keçmiş
sovet ölkələri
arasında isə Azərbaycan son 10 ildə ən yüksək insan inkişaf tempini nümayiş etdirmişdir. Leyla xanım Əliyeva tədbirdə yeni bir təşəbbüsün
- gənclərin qlobal
ətraf mühit kampaniyasının başlandığını
elan etmişdir. Bu,
İDEA, yəni "Ətraf
Mühit Sahəsində
Tədbirlər Haqqında
Beynəlxalq Dialoq"
adlanır. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrində
minlərlə gənci
səfərbər edəcəkdir.
Eyni zamanda, 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə
ətraf mühitə
dair müxtəlif layihələr üzərində
intensiv işləyəcəkdir.
Ölkə miqyaslı
həmin layihələrdən
biri də "Ətrafıma yeni baxış" adlanan fotosərgisidir.
Ətraf mühitin
qorunması ilə bağlı Fondun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü
ilə işlənib hazırlanmış "Hərəmiz
bir ağac əkək" layihəsinin
icrası görülən
müsbət işlər
sırasındadır. Xatırladaq
ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə
2010-cu il ölkəmizdə
"Ekologiya ili" elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı
məsələlərinə daim böyük diqqət yetirən dövlət başçısının
bu təklifi Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər
kontekstində ayrıca
bir ölkə çərçivəsində çox əhəmiyyətli
aksiya olmuşdur.
Göründüyü kimi, Fondun həyata
keçirdiyi bütün
layihələr milli xüsusiyyətlər, yerli
tələb və ehtiyaclarla çulğalaşaraq
olduqca maraqlı və rəngarəng forma
almışdır. Fond hansısa
ayrıca götürülmüş
sahənin inkişafı
naminə fəaliyyət
göstərmir - xeyriyyəçilikdən
tutmuş, ölkənin
səhiyyə və təhsil sisteminin, mədəniyyət və
incəsənətinin inkişafı,
insan hüquqlarının
qorunması, Azərbaycanın
beynəlxalq aləmdəki
imicinin formalaşmasına
qədər müxtəlif
sferalarda məhsuldar fəallıq nümayiş
etdirir.
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 14 iyul.- S.5.