Avstriyanın nüfuzlu
"Virtşaftsblatt" qəzetində Dağlıq
Qarabağ münaqişəsinə dair məqalə dərc
olunmuşdur
Avstriyanın
nüfuzlu "Virtşaftsblatt" qəzetində
"Dağlıq Qarabağ münaqişəsi regionun
iqtisadiyyatını iflic edir" başlıqlı məqalə
dərc olunmuşdur.
Məqalənin
müəllifi Cənubi Qafqazı təbii sərvətlərlə
zəngin, lakin siyasi cəhətdən həssas bir region kimi
xarakterizə edir. Diqqətə çatdırılır ki,
münaqişənin həllində maraqlı tərəf ilk
növbədə Ermənistan sayılmalıdır,
çünki bu ölkə münaqişə nəticəsində
ağır iqtisadi çətinliklərlə üzləşmişdir.
Hazırda Ermənistanın xarici ticarət dövriyyəsində
ixrac cəmi 10 faiz təşkil edir. Bu isə heç bir təbii
sərvətlərə malik olmayan Ermənistan kimi kiçik
dövlətin iqtisadi inkişafı üçün acı
göstəricidən başqa bir şey deyildir.
Sonra
müəllif diqqəti regionun ən inkişaf etmiş
ölkəsi Azərbaycana yönəldərək bildirir ki,
regionun təbii sərvətlər baxımından nəhəngi
olan bu ölkədə ümumi daxili məhsulun həcmi ildən-ilə
artmaqdadır. Azərbaycan hökuməti hərbi sənayenin
inkişafına da xüsusi diqqət
ayırdığını gizlətmir və ölkə rəhbərliyi
ötən günlərdə hərbi büdcənin 3,3
milyard dollar təşkil etdiyini elan etmişdir. Azərbaycanın
zəngin neft və qaz ehtiyatları xarici sərmayəçiləri
ölkəyə cəlb edir və birbaşa xarici sərmayə
yatırımına görə Azərbaycan MDB ölkələri
arasında öncül yerlərdə qərarlaşmışdır.
Azərbaycanla
Ermənistan arasında davam edən münaqişə və hər
iki ölkənin bir-birini blokada şəraitində
saxlaması Gürcüstanla münasibətlərə öz
təsirini göstərir. Avropa bazarına çıxan
bütün kəmərlər, eləcə də planlama mərhələsində
olan Nabukko layihəsinin marşrutu Gürcüstandan
keçir.
Həssas
müşahidə qabiliyyətinə malik müəllif
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı yazır ki, bu regional münaqişədə Ermənistan
iqtisadi cəhətdən ən çox uduzmuş tərəfdir,
Gürcüstanın strateji rolu isə getdikcə öz dəyərini
artırmaqdadır.
Cənubi
Qafqaz strateji region olaraq Avropa İttifaqının da xarici siyasətinin
diqqət mərkəzindədir. Avropa İttifaqı Xəzər
dənizinin Azərbaycana aid hissəsində yerləşən
enerji yataqlarından öz enerji təchizatının şaxələndirilməsi
üçün istifadə etməkdə maraqlıdır.
Nabukko qaz kəməri vasitəsilə 2017-ci ilədək Xəzər
qazı Avropa bazarına çıxacaqdır və bunun sayəsində
Rusiyanın Aİ enerji bazarına təsirini azaldacaqdır. Bu
səbəbdən də Moskva regiondakı öz
maraqlarını əldən vermək niyyətində
deyildir. Məqalədə Sülh və Münaqişə Tədqiqatı
üzrə Hessen Fondunun azərbaycanlı tədqiqatçısı
Azər Babayeva istinadən bildirilir ki, Gürcüstan
müharibəsindən sonra Rusiya Cənubi Qafqazda aktiv siyasət
yürütməkdədir və bu inkişaf regional intizam
yaradıcısı düşüncəsini əks etdirən
yeni xarici siyasət məntiqi ilə birgə baş verir.
Məqalənin
sonunda vurğulanır ki, hər şeydən öncə,
Dağlıq Qarabağ münaqişəsi regionda
böyük qeyri-sabitlik amili kimi qalmaqdadır.
Elgün NiftƏliyev,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.-
2011.- 14 iyul.- S.5.