"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılmış "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması ilə bağlı Dövlət Komissiyasının ilk iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dövlət başçısının Sərəncamından irəli gələn əsas məqsəd və hədəflərdən bəhs etdi. Təhsilin bütün sektorlarında - məktəbəqədər təhsil, ümumi orta məktəb təhsili, ilk və orta peşə-ixtisas təhsili, ali təhsil və onun bütün pillələrində əsaslı islahatların zəruriliyini vurğulayan sədr bildirdi ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir neçə mərhələdən ibarət bu iş ilk növbədə düzgün qurulmalıdır. O, eyni zamanda, təhsilin yerli və beynəlxalq ekspertlər tərəfindən aparılan monitorinqinin nəticələrindən dolğun istifadə, beynəlxalq təcrübədən yararlanma və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə cavab verən kadrların hazırlanması məsələlərinə toxundu.

Komissiya sədrinin təklifi ilə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun rəhbərliyi altında əlaqədar dövlət qurumlarının təmsilçilərinin və tanınmış ekspertlərin daxil olacağı işçi qrupu yaradıldı.

İclasda çıxış edən Komissiya üzvləri ölkədə təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasına dair qərarı yüksək qiymətləndirdilər və ümumən təhsilin inkişafı, habelə Komissiyanın işi ilə bağlı fikirlərini söylədilər. YUNİSEF, Dünya Bankı və digər beynəlxalq təşkilatların köməyi ilə Azərbaycanda məktəbəqədər təhsil və ümumi orta məktəb təhsili sektorlarında başa çatan pilot layihələr barədə məlumat verildi, Milli Strategiyanın hazırlanmasında xarici ölkələrin təcrübəsindən bəhrələnməyin, Azərbaycan təhsilinin vəziyyətinə bələd olan beynəlxalq ekspertlərin bu işə cəlb edilməsinin faydalı olacağı vurğulandı.

İclasda Azərbaycan təhsilində müasir menecment və maliyyələşmə mexanizmlərinin və innovasiyaların tətbiqinin, Milli Strategiyada elm, təhsil və praktikanın vəhdət şəklində öz əksini tapmasının, sənəd hazırlanarkən orta məktəb məzunlarının uzunmüddətli monitorinqinin nəticələrindən istifadə olunmasının vacibliyi barədə fikirlər səsləndi.

İclasa yekun vuran Komissiyanın sədri Ramiz Mehdiyev işçi qrupu qarşısında dayanan məqsədlərə nail olmaq üçün təşkilati və informasiya təminatı ilə bağlı çoxsaylı problemlərin həlli məsələlərinə toxundu.

Komissiyanın iclaslarının hər həftə keçirilməsi qərara alındı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 15 iyul.- S. 4.