Konstitusiya Məhkəməsinin
ildönümünə həsr olunmuş tədbir
keçirilmişdir
İyulun
14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
yaranmasının 13-cü ildönümünə həsr
olunmuş tədbir keçirilmişdir.
Tədbirdə
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev
çıxış edərək 1998-ci ildə ulu öndər
Heydər Əliyevin sərəncamı ilə
yaradılmış məhkəmənin fəaliyyəti,
strukturu və gördüyü işlər haqqında
danışmışdır. Bildirilmişdir ki, ali orqan hesab
olunan Konstitusiya Məhkəməsi dövlət əhəmiyyətli
qərarların çıxarılması, bir sıra qanunlara
əlavə və dəyişikliklərin edilməsi və s.
sahələrdə üzərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışır.
Kollektivi
əlamətdar gün münasibətilə təbrik edən
F.Abdullayev ötən il Konstitusiya Məhkəməsi tərəfindən
22 mühüm qərarın qəbul olunduğunu, bunların
hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini
bildirmişdir.
F.Abdullayev
Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin
qurulmasına və genişlənməsinə xüsusi diqqət
yetirildiyini, bu sahədə digər ölkələrin təcrübəsinin
nəzərə alındığını
vurğulamışdır.
Konstitusiya
Məhkəməsinin yaranmasının ulu öndər Heydər
Əliyevin adı ilə bağlı olduğunu bildirən
F.Abdullayev demişdir ki, ümummilli lider məhkəmənin
maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində bir sıra işlər
görmüşdür. Hazırda bu qayğı Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhkəmənin
hakimlərinin təltif olunmaları bunun bariz nümunəsidir.
Konstitusiya
Məhkəməsinin sədri qarşıda duran vəzifələrdən
də danışmış, əməkdaşlara gələcək
işlərində uğurlar diləmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 15 iyul.- S. 4