Prezident İlham Əliyevin tapşırığı
əsasında Respublika Prokurorluğu
məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar
araşdırmalara başlamışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən irimiqyasli
iqtisadi, siyasi, hüquqi islahatlar, sosial yönümlü
dövlət proqramları, ölkənin sosial-iqtisadi, mədəni
tərəqqisi və xalqımızın maddi rifah
halının yaxşılaşdırılması, müasir
tələblərə cavab verən təhsil, mədəniyyət,
səhiyyə müəssisələrinin və digər sosial
obyektlərin yaradılması istiqamətində
görülmüş möhtəşəm işlər əldə
edilmiş nailiyyətlərin əsasını təşkil
etmişdir.
Respublika Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, ölkə Prezidentinin təhsil sahəsinin
inkişaf etdirilməsi, müasir tələblərə cavab
verən orta ümumtəhsil məktəblərinin
inşası, habelə köhnə məktəblərin
müasir standartlara uyğun şəkildə təmir edilməsi
istiqamətində verdiyi göstərişlərin icrası
ilə əlaqədar bir sıra tədbirlər həyata
keçirilmişdir.
Son dövrdə Bakı şəhərinin və qəsəbələrin
sosial-iqtisadi inkişafı məqsədilə dövlət
büdcəsindən ayrılan vəsait hesabına yeni orta məktəblər
tikilmiş, köhnə məktəb binaları əsaslı
təmir olunmuşdur. Lakin təəssüf ki, bir sıra
hallarda məktəblərin tikintisi və təmiri zamanı
sui-istifadə hallarına yol verilməsi, standartlara uyğun
olmayan və mövcud normaların tələbləri pozulmaqla
tikinti işlərinin aparılması hallarına rast gəlinir.
Dövlət başçısı İlham Əliyevin
göstərişi əsasında bu faktlar üzrə
Respublika Prokurorluğu tərəfindən araşdırmalara
başlanılmışdır.
Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
və Maliyyə Nazirliyinin əməkdaşlarının birgə
iştirakı ilə başlanılmış araşdırma
zamanı Xəzər rayonunun 123 və Suraxanı rayonunun 85 saylı
məktəblərinin tikintisi zamanı bir sıra ciddi qanun
pozuntuları aşkar edilmişdir.
Hazırda araşdırma davam etdirilir, qısa müddətdə
yekunlaşdırılaraq, müvafiq tədbirlər
görüləcək, bu barədə ictimaiyyətə məlumat
verəcəkdir.
Azərbaycan.- 2011.- 15 iyul.- S. 4.