Qəbələ növbəti beynəlxalq musiqi bayramına qucaq açır

 

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-2010-cu illərdə Qəbələdə keçirilmiş I və II beynəlxalq musiqi festivalları ölkəmizin mədəni həyatında mühüm hadisə olmaqla yanaşı, onun hüdudlarından kənarda da böyük əks-səda doğurmuşdu. Mədəniyyətimizin və musiqimizin böyük hamisi olan Heydər Əliyev Fondu dünya şöhrətli musiqiçilərin, bədii kollektivlərin, solistlərin, görkəmli dirijorların iştirak etdikləri möhtəşəm musiqi bayramına beynəlxalq marağı əsas götürərək bu tədbiri ənənəvi olaraq hər il keçirməyi qərara almışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ənənəyə uyğun olaraq bu il də keçiriləcək və iyulun 15-dən avqustun 5-dək davam edəcək III Qəbələ Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi təşkil olunacaqdır.

Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Yeni Rusiya" Simfonik Orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər.

Beynəlxalq musiqi bayramının yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi, qərargah və işçi qrupu yaradılmışdır. Təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylidir.

 

 

Azərbaycan.- 2011.- 15 iyul.- S. 5.