Dördüncü çağırış Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə nəzərdə tutulmuş qanunvericilik işləri planı yerinə yetirilmişdir

 

İyulun 14-də dördüncü çağırış Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirmişdir ki, dünyada gedən mürəkkəb proseslər fonunda və qlobal iqtisadiyyatdakı böhran əlamətlərinin davam etməsinə baxmayaraq, ölkəmizdə bütün sahələr uğurla inkişaf etmişdir.

2011-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə parlamentin 13 iclası keçirilmiş, 139 qanun və qərar qəbul olunmuşdur. Həmin hüquqi sənədlər ölkə həyatının ən müxtəlif sahələrinə aiddir və islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir.

Növbədənkənar sessiya dövründə isə parlamentin iki iclası keçirilmiş, 45 qərar və qanun qəbul edilmişdir.

Ümumiyyətlə, IV çağırış Milli Məclis fəaliyyətə başladığı dövrdən bu günədək yeni tərkibli parlamentin 17 iclası keçirilmiş, 183 qərar və qanun qəbul olunmuşdur.

Başqa sözlə, Milli Məclis ölkənin əsas sənədi - Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətini tam həcmdə yerinə yetirmişdir. Çoxpartiyalılıq əsasında fəaliyyət göstərən parlament öz fəaliyyətində demokratiya, plüralizm, qanunun aliliyi prinsiplərinə əsaslanmışdır. Bildirilmişdir ki, insan hüquqlarının qorunması və demokratiyanın inkişafı sahəsində parlamentdə məqsədyönlü iş davam etdirilmişdir. Milli Məclisdə insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi haqqında, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında qərarlar, "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu, "Dini etiqad azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər qəbul olunmuşdur.

Növbədənkənar sessiyada qəbul edilmiş "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişikliklər edilməsi barədə" Konstitusiya qanunu ilə insan hüquqlarının müdafiəsi sahəsində mühüm addım atılmışdır. Dəyişikliyə əsasən, insan hüquqlarının pozulmasına dair milli preventiv mexanizm funksiyasını həyata keçirmək səlahiyyəti və informasiya müvəkkilinin səlahiyyətləri insan haqları üzrə müvəkkilə - ombudsmana verilmişdir.

Sessiyalar dövründə iqtisadi sahədə çox vacib olan bir sıra digər qanunlar da qəbul olunmuşdur.

Milli Məclis Sədrinin müavini Bahar Muradova daha sonra qeyd etmişdir ki, Azərbaycan dövləti ölkənin enerji təhlükəsizliyi, karbohidrogen resurslarının istehsalı və dünya bazarlarına çıxarılmasına dair hüquqi bazanın təmin olunmasını daim diqqət mərkəzində saxlayır. Parlamentdə "Cənub Qaz Dəhlizi haqqında birgə bəyannamənin təsdiq edilməsi barədə", quruda və dənizdə bir neçə neft sazişinin təsdiqinə dair qanunların qəbul edilməsi bunlara əyani misaldır.

Milli Məclisin yaz və növbədənkənar sessiyası dövründə bir sıra sazişlər, konvensiyalar, müqavilələr, bəyannamələr də parlamentdə müzakirə olunaraq qəbul edilmişdir. Onlardan "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında", "TRASEKA multimodal daşımalarının inkişafı haqqında" sazişləri və digər sənədləri göstərmək olar.

Mətbuat konfransında parlamentin beynəlxalq əlaqələrindən də danışılmışdır. Bildirilmişdir ki, Milli Məclis rəhbərliyi bu məsələni daim diqqət mərkəzində saxlayır. Ötən dövrdə parlamentin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq təşkilatların işində yaxından iştirak etmişlər. Parlament Sədri Oqtay Əsədovun başçılığı altında nümayəndə heyəti Qazaxıstanda TürkPA-nın ikinci plenar iclasında, Sankt-Peterburqda MDB PA-nın Şurasının plenar iclasında, Nürnberq prosesinin 65 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfranslarda iştirak etmişdir.

ATƏT Parlament Assambleyasının Serbiyada keçirilmiş yay sessiyası barədə məlumat verən B.Muradova bildirmişdir ki, həmin sessiya Azərbaycan nümayəndə heyəti üçün uğurlu olmuşdur. Təşkilatın Təhlükəsizlik və Siyasi Məsələlər üzrə Ümumi Komitəsinin iyulun

7-də keçirilən iclasında xorvatiyalı deputat Tonino Pikulanın hazırladığı "ATƏT-in səmərəliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc" mövzusunda hesabat müzakirə edilmişdir. Azərbaycan nümayəndə heyətinin rəhbəri məruzə ilə əlaqədar çıxış edərək ATƏT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulamış, qəbul olunan qərarların icrasının təmin edilməsinin zəruriliyini qeyd etmişdir. Nümayəndə heyətimiz məruzədə Dağlıq Qarabağ münaqişəsinin Moldova və Gürcüstandakı münaqişələrlə eyni tutulmasının yanlış təsəvvür yarada biləcəyini bildirmiş, onun Azərbaycanın bir bölgəsi kimi göstərilməsinin vacibliyini söyləmişdir. Qətnamə layihəsinin müzakirəsi zamanı məruzəçi xüsusi olaraq vurğulamışdır ki, sənəddə Dağlıq Qarabağ qətiyyən müstəqil tərəf kimi göstərilə və suveren dövlətlərlə eyni statusda təqdim edilə bilməz.

2011-ci il yaz sessiyası dövründə internet saytından və elektron poçt vasitəsilə Milli Məclisə 767 müraciət və sorğu daxil olmuşdur. 178 nəfər vətəndaş qəbula yazılmaq üçün Milli Məclisə elektron poçt vasitəsilə müraciət etmişdir. Ümumiyyətlə, 2011-ci ilin birinci yarısında vətəndaşlardan Milli Məclisə 3007 təklif, ərizə və şikayət daxil olmuş, 3054 nəfər parlamentdə qəbul edilmişdir.

Yaz və növbədənkənar sessiyalar dövründə parlamentdə 64 kütləvi informasiya vasitəsi akkreditə olunmuşdur. Milli Məclisin fəaliyyətini 11 televiziya kanalı, 2 radio, 33 qəzet və 18 agentlik işıqlandırmışdır.

Sonda Milli Məclis Sədrinin müavini Bahar Muradova jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

 

 

 Azərbaycan.- 2011.- 15 iyul.- S. 3.