Azərbaycan
ilə Çin arasında diplomatik əlaqələr
qurulduqdan sonar münasibətlərimiz daha da genişlənmişdir
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra çox sürətli inkişaf yolu
keçmiş, bir sıra mühüm uğurlara imza
atmışdır. Bu sözləri Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov iyulun 14-də
Bakıda səfərdə olan Ümumçin Gənclər
Federasiyasının nümayəndə heyəti ilə
görüşdə söyləmişdir.
S.Seyidov bildirmişdir ki, Azərbaycan
beynəlxalq münasibətlər sistemində Çin ilə
əməkdaşlığa xüsusi önəm verir. Hər
iki ölkənin parlamentləri əməkdaşlığın
genişləndirilməsinə yaxşı töhfə verir.
Bildirilmişdir ki, dövlətimiz gənclərin problemlərinin
həllinə xüsusi diqqət və qayğı göstərir.
Gənclər siyasəti ilə bağlı qanunun və
xüsusi dövlət proqramlarının qəbulu bunun bariz
nümunəsidir. Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
gənclərin sosial rifahının yüksəlməsinə
hər cür şərait yaradılmışdır. Milli Məclis
də gənclər siyasəti ilə bağlı qanunvericiliyi
daim təkmilləşdirir.
Ümumçin Gənclər
Federasiyası katibinin müavini Çu Fen bildirmişdir ki,
1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik əlaqələr
qurulduqdan sonra ikitərəfli münasibətlərimiz
uğurla inkişaf etmiş, əməkdaşlığımız
daha da genişlənmişdir. Bu gün Azərbaycan ilə
Çin beynəlxalq təşkilatlarda bir-birilərinin
mövqelərini daima dəstəkləyirlər.
Qonaq qeyd etmişdir ki, ölkələrimiz
arasında idman, mədəniyyət, turizm və digər sahələrdə
əlaqələri inkişaf etdirmək üçün bir
çox sənədlər imzalanmış, möhkəm
hüquqi baza yaradılmışdır. İnanırıq ki,
bütün bunlar hər iki ölkənin gənclər təşkilatları
arasında əlaqələrin inkişafına öz töhfəsini
verəcəkdir.
Dağlıq Qarabağ
münaqişəsinə toxunan Ç.Fen qeyd etmişdir ki,
Çin hər zaman Azərbaycanın ədalətli
mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir,
problemin beynəlxalq hüququn norma və prinsiplərinə
uyğun həllinə tərəfdardır.
Sonda qonaqlar Milli Məclisin iclas
salonu və deputatlar üçün yaradılmış
iş şəraiti ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2011.- 15 iyul.- S. 3.