"Axıska"
kooperasiyasının zəmiləri bol məhsuldan
xəbər verir
Qızılı
rəngə çalan zəmi göz işlədikcə uzanıb gedir. Dənlərin
ağırlığına tab gətirməyən
dolu sünbüllərin boynu
bükülüb. Hətəmşah
sünbullərdən birini qırıb ovcunda ovxaladı. Sonra bir əlindən o biri əlinə sovurdu.
Ovcunda nar dənələri kimi iri və sağlam xeyli buğda dənəsi qaldı. Buğda
dənələrini həvəslə sayıb uzun
illərdən bəri əkinçilik sahəsində
qazandığı təcrübə əsasında hesablama apardı. Bir
sünbüldəki dənlərin sayını orta hesabla hər kvadratmetrə düşən
bitkilərin - sünbüllərin sayına vurdu,
sonra hər hektarın məhsuldarlığını
müəyyənləşdirdi. Hər hektardan
azı 35 sentner məhsul
götürüləcəyi real idi. Ürəyi fərəhlə doldu. Üzünə təbəssüm qondu. Qeyri-ixtiyarı pıçıldadı:
Şükür Allaha,
bu il çörəyimiz
bol olacaq.
Hətəmşah
Məcidov Sabirabad rayonunda
yeni yaradılmış
"Axıska" kooperasiyasına rəhbərlik edir. 110 ailəni birləşdirən
kooperasiyanın istifadəsində 350 hektar
torpaq sahəsi var.
Axıska türkləri uzun illərdir ki, Sabirabad rayonunda
məskunlaşıblar. Yerli əhali ilə
elə qaynayıb qarışıblar ki, heç bir fərq hiss olunmur. Onlar
torpağı sevən, zəhmətə bağlı, sadə
və mehriban insanlardır. Hələ sovet dönəmində kolxozda
işləyərkən də yüksək əmək nailiyyətləri
qazanardılar. Camaat arasında böyük nüfuz sahibi olan yüksək təşkilatçılıq
bacarığı ilə seçilən, hamının
qayğısına qalmağa
çalışan Hətəmşah Məcidov o vaxtlar kolxoz
sədri işləyirdi. İndi yenə böyük bir kəndə
aqsaqqallıq edir.
Hətəmşah
qərarını qətiləşdirmək üçün
asta mehin təsirindən
dəniz kimi dalğalanan
zəminin ortalarına doğru xeyli irəlilədi. Bir
neçə yerdə sünbülləri diqqətlə nəzərdən
keçirdi, dənin yetişkənlik vəziyyətini
yoxladı. Özlüyündə verdiyi qərarı
bir daha təsdiqlədi.
Elə zəminin ortasında Dəmirxana telefon
açdı:
- Dəmirxan, salam, mənim tapşırığımı
uşaqlara çatdır. Sabah
"Böyük yer"də biçinə
başlayırıq. Kombaynlar tezdən sahənin
kənarında olsun ki,
şeh götürülən kimi başlaya bilək.
Kooperasiyanın
fəallarından olan Dəmirxan Eminov bu şad
xəbərdən fərəhləndi: "Xeyirli,
uğurlu olsun, qardaş, - dedi. - Narahat olma, taxıl
kombaynları neçə vaxtdan bəri
hazırdır. Uşaqlar
darıxa-darıxa qalıb, sizin
komandanızı gözləyirlər".
Artıq qərar
qəbul edilmişdi. Sabah
"Axıska"nın taxıl zəmilərində
biçinə başlanacaqdı. Hətəmşah
ayrı-ayrı adamlara da
zəruri göstərişlərini verdi.
Biçinçilərə iş
üstündə çay-çörək vermək üçün də tədarük gördü, "taxıl biçini
əkinçi üçün
toy-bayramdı," - dedi. Öz
heyvanlarından bir ətlisini elə zəminin
kənarında kəsib süfrə açmağı
tapşırdı.
Hətəmşah
biçinə hazırlıqla bağlı nə tələb
olunurdusa, hamısını etdi. Hər kəsə öz
vəzifəsini bir daha
xatırlatdı. Elə bil xeyli yüngülləşdi,
varlığına qeyri-adi bir rahatlıq gəldi.
Sabahı kənddə
əsl bayram əhval-ruhiyyəsi
yaşanırdı. Kooperasiyanın fəalları məhsulu
biçiləcək zəminin kənarına
toplaşmışdılar. Bir tərəfdə
sıra ilə dayanmış 3 ədəd
taxılyığan kombayn komanda
gözləyirdi. Yeri gəlmişkən onu da qeyd
etmək lazımdır ki, artıq iki ildən bəri fəaliyyət göstərən
"Axıska" kooperasiyası müxtəlif təsərrüfat
işlərini texniki imkanları hesabına
görür. Təsərrüfatda 19 ədəd
müxtəlif markalı kənd təsərrüfatı
maşın-mexanizmi var. İndi
280 hektar taxıl əkini sahəsinin məhsulunu
da kənardan texnika cəlb
etmədən yığıb götürmək əzmindədirlər.
Aydın səmadan
təbəssümlə boylanan günəş
Axıska kəndlisinə xoş müjdəli
günlər vəd edir. Bir
azdan zəmilərin şehi
çəkilir. Kombaynlar bol
məhsullu zəmiyə girib
ağır-ağır irəliləyir. Yerbəyerdən səslər
ucalır: bərəkətli olsun, xeyirli olsun...
Hətəmşah
isə hələ də arxayınlaşmır, zəmidə iz açan kombaynın
arxasınca gedib biçinin
keyfiyyətini yoxlayır, küləşlə birlikdə
kövşənə dən tökülüb-tökülmədiyini
müəyyənləşdirir. Apardığı
müşahidənin nəticəsindən razı
qaldığı təbəssüm yağan
çöhrəsindən aydın hiss olunur. Taxıl biçininin
uğurlu başlanğıcından
aldığı xoş təəssüratı
bizimlə həvəslə bölüşür:
- Zəmilərin
bu günü üçün, doğrusu,
çox zəhmət çəkmişik.
Buna görə heç
kəsə minnət qoya bilmərik. Çünki süfrəmizin çörəyi
üçün
çalışırıq. Amma bu işdə bizə qol-qanad
verən dövlətimizin dəstəyidi. Taxıl əkib-becərdiyimizə
görə hər il dövlət büdcəsindən
xeyli vəsait alırıq. Güzəştli
qiymətlərlə bizə lazım olan
qədər mineral gübrələr verilir. Rayonumuzun icra başçısı Nazim
İsmayılov bizimlə bir neçə
dəfə görüşüb. Aqrar sahədə yenilik olan kooperasiyanın işini
canlandırmaq üçün
qayğısını əsirgəmir. Dövlət hər
müraciətimizə, hər təklifimizə diqqətlə
yanaşır, üzləşdiyimiz problemlərin operativ həllini təmin edir.
Qeyd edim ki, yeni kooperasiyanın
üstünlükləri çoxdur.
Atalarımız güc birlikdədir, -
deyiblər. Hər hansı bir iş nə qədər ağır olsa da, birgə işləməklə,
kollektiv çalışmaqla onu yüngülləşdiririk. Bu, kənd təsərrüfatı sahəsində
daha aydın hiss olunur. Bizim kooperasiya
110 ailəni birləşdirir. Bu, çox böyük güc deməkdir. Biz bu gücü məqsədyonlü
şəkildə idarə etməklə böyük
uğurlar qazanırıq. Bu
il taxılımızın bol olacağı şübhəsizdir. Bundan əlavə, bostan-tərəvəz,
heyvandarlıq məhsulları istehsalında da
böyük artıma nail
olacağıq. Kooperasiyanın əsas üstünlüyü ondadır ki, əkin sahələrindəki pərakəndəlik
artıq aradan qaldırılıb. Əvvəllər
kəndin ayrı-ayrı ərazilərində hər birinin sahəsi 1,3,5 hektar,
yaxud bundan az, ya da
çox olan
pambıq, bostan-tərəvəz məhsulları əkilirdisə,
indi əkin sahələri komplektləşdirilib.
Belə olanda becərmə işlərinin
səmərəsi artır, hər hektarın məhsuldarlığı
yüksəlir. Təbii ki, istehsal olunan məhsulların
maya dəyəri də əhəmiyyətli
şəkildə aşağı düşür.
Cəsarətlə deyə bilərəm ki,
seçilən yol düzgündür.
"Axıska"nın şöhrəti tezliklə respublikaya yayılacaqdır.
Bizə qalan isə uğur arzulamaqdır. İşiniz avand, ruziniz bol, yolunuz
açıq olsun!
Lazım QULİYEV
Azərbaycan.-2011.-17 iyul.-S.1.