"Biz ölkəmizin
uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq"
Cari ilin 6 ayında
Azərbaycanın dinamik inkişafı davam edib. Təbii ki, bu uğurların əsas
səbəbi həyata keçirilən düzgün
iqtisadi siyasətdir. Təqdirəlayiq
haldır ki, dövlət
başçısının rəhbərliyi ilə ölkədə
aparılan siyasət sayəsində bu inkişaf iqtisadiyyatın bütün
sahələrini əhatə edir, onun neft amilindən
asılılığını azaldır. Cari
ilin birinci
yarısında qeyri-neft sektorunda
7,2 faiz artımın əldə
olunması məhz bu siyasətin sayəsində
mümkün olmuşdur.
Dövlət Statistika Komitəsinin ilin
6 ayı ərzində ölkənin sosial-iqtisadi
inkişafı ilə bağlı
açıqladığı rəqəmlər də
iqtisadiyyatın bütün parametrləri
üzrə yüksəlişin mövcud olduğunu göstərir. Belə
ki, ilin ilk yarısında ümumi
daxili məhsulun 54,7 faizi
sənayedə, 4,6 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıqda, 6,9 faizi
tikintidə, 7,3 faizi ticarət və nəqliyyat
vasitələrinin təmiri üzrə xidmət sahəsində,
6,2 faizi nəqliyyat və anbar
təsərrüfatında, 1,3 faizi mehmanxana və iaşə xidmətində, 1,7
faizi informasiya və
rabitədə, 11,4 faizi isə sosial və digər xidmət sahələrində
istehsal edilmişdir.
Hesabat dövründə iqtisadiyyatda xüsusi çəkiyə malik
olan sənaye sahəsində fiziki şəxslərin fəaliyyəti də
nəzərə alınmaqla 15,6 milyard
manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin
eyni dövrü ilə
müqayisədə məhsul istehsalı mədənçıxarma
sənayesində 4 faiz azalsa
da, emal bölməsində 3,6, elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatında 9,1
faiz artmışdır. Eyni
zamanda emal sektoru üzrə qida məhsulları
istehsalında 5,6, içki istehsalında
20,3, toxuculuq sənayesində 21,7, geyim istehsalında 35,6, dəri və dəri məmulatları,
ayaqqabı istehsalında 7,3 faiz artım
qeydə alınmışdır. Bundan əlavə, digər
sahələrdə, o cümlədən kimya sənayesi məhsulları istehsalında
39, metallurgiya sənayesi məhsulları
istehsalında 70,6, elektrik
avadanlıqlarının istehsalında 40,9, qoşqu
və yarımqoşquların istehsalında 33,3 faiz artım müşahidə olunmuşdur.
Əvvəlki
dövrlərdə olduğu kimi, cari ilin
yanvar-iyun aylarında da
tikinti sektoru dinamik inkişaf etmişdir. İlin əvvəlindən
inşaat kompleksində 4,5 milyard
manat vəsaitdən istifadə olunmuş və bu vəsaitin
57,2 faizi tikinti-quraşdırma işlərinin
həyata keçirilməsinə yönəldilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə
inşaat işlərinə sərf olunan vəsait qoyuluşunun
həcmi 17,8 faiz artmış, həmçinin
bu sahəyə yönəldilən daxili sərmayənin həcmi çoxalaraq
72,8 faizə çatmışdır. Ölkədə ilin birinci yarısında ümumi sahəsi 838,8 min kvadratmetr olan
yaşayış evləri, 1956 şagirdlik
ümumtəhsil məktəb binaları, 50 yerlik
məktəbəqədər uşaq
müəssisəsi, 140 yerlik klub, 22-dən çox sənaye,
emal, sosial və infrastruktur obyektləri tikilərək istifadəyə
verilmişdir.
Ölkə
iqtisadiyyatının dinamik inkişafı
xarici ticarət əlaqələrinə də
müsbət təsir göstərir. Cari ilin 5 ayı ərzində ölkəmiz
dünyanın 131 dövlətindəki tərəfdaşları
ilə 14072,8 milyon dollar
məbləğində ticarət əməliyyatları
aparıb. Həyata keçirilən idxal-ixrac
əməliyyatları nəticəsində 7093,4 milyon dollarlıq müsbət saldo
yaranıb. Keçən ilin eyni dövrü ilə
müqayisədə xarici ticarət
dövriyyəsinin fiziki həcmi 9,9, idxal isə 42,8 faiz
artıb.
Bu ilin birinci yarısı aqrar sektor üçün də
uğurlu sayılmalıdır. Belə ki, ötən illə müqayisədə
yazlıq bitkilərin əkin sahəsi 21,6, pambıq 12,4, dən
üçün qarğıdalı 4,1 min hektar çoxalıb, bostan bitkilərinin əkin sahəsi 730, tütün əkin sahəsi isə 84 hektar artıb. Taxılçılıqda məhsuldarlıq
3,9 sentner yüksələrək 24,5
sentnerə çatıb. Keçən ilin
eyni dövrü ilə
müqayisədə bitkiçilik məhsullarının
istehsalında 8,3, heyvandarlıqda 4,8, bütövlükdə
kənd təsərrüfatı məhsullarının
istehsalında isə 6,2 faiz artım
müşahidə olunub.
Bununla belə, Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi siyasətin
özəlliyi ondadır ki, əldə olunan uğurlar yetərli
sayılmır, daha böyük
məqsədlər hədəf götürülür.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2011-ci ilin
birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında bu barədə danışarkən
demişdir: "Bütövlükdə sənaye
inkişafımızla bağlı çox
vacib addımlar atılır. Azərbaycanda
bir neçə böyük
sənaye mərkəzi yaradılır... Bakı şəhərində,
Sumqayıtda, Gəncədə və Bakının Qaradağ rayonunda müasir sənaye komplekslərinin
yaradılması nəzərdə tutulur.
Bu istiqamətdə önəmli
addımlar atılmışdır və ölkəmizdə sənayeləşmə
siyasəti aparılır". Dövlət
başçısı Sumqayıtda müasir
tələblərə cavab verən kimya sənayesinin yaradılması barədə
göstəriş də verdiyini bildirmiş, dünyada sənaye
şəhərciklərinin inkişafına diqqət yetirildiyini, ölkəmizdə bu
təcrübədən istifadə etməyin vacib
olduğunu vurğulamışdır.
Belə layihələrin əhəmiyyətinə diqqət
çəkən dövlət başçısı qeyd etmişdir ki, bu, minlərlə yeni iş yerinin
açılması deməkdir.
Prezident iclasda infrastruktur layihələrinin inkişaf
etdirilməsinə də toxunmuşdur. Bildirmişdir ki, Azərbaycanda
icra olunan layihələr
təkcə ölkəmiz üçün
deyil, bütövlükdə bölgə
üçün böyük
əhəmiyyətə malikdir. Hazırda
tikintisi uğurla
aparılan Bakı-Tbilisi-Qars dəmir yolu
gələcəkdə Avropa ilə Asiya arasında etibarlı körpü
rolunu oynayacaq. Buna paralel olaraq
Ələt qəsəbəsində dəniz ticarət
limanı tikilir. Bakı-Tbilisi-Qars dəmir
yolunun inşası başa
çatdıqdan sonra bu
liman vasitəsilə Qərbdən Şərqə
və əksinə, milyon tonlarla
yük daşımaq mümkün
olacaq. Həmin nəqliyyat tranzit
dəhlizinin yaranması ölkəmizə iqtisadi
səmərə ilə yanaşı, siyasi
dividendlər də qazandıracaq.
Dövlət
başçısı nitqində informasiya-kommunikasiya
texnologiyaları sahəsinin, kosmik sənayenin,
aqrar sektorun,
regionların inkişafı, infrastruktur
layihələrin davam etdirilməsinin də
ölkənin qarşısında duran prioritet sahələr kimi
vurğulamışdır: "Bir daha demək istəyirəm ki,
ilin altı ayının nəticələri
çox ümidvericidir.
Başqa cür ola da bilməzdi. Biz bunu elə ilin əvvəlindən
bilirdik. Çünki
bütün qəbul olunmuş
proqramlar ona gətirib
çıxarır ki, Azərbaycan sürətlə,
uğurla inkişaf edir və yaxın zamanlarda
dünyanın inkişaf etmiş
ölkələri sırasına daxil ediləcəkdir.
Beləliklə, biz ölkəmizin
uzunmüddətli və dayanıqlı inkişafına nail olacağıq".
Rüstəm KAMAL
Azərbaycan.-2011.-17 iyul.- S.1.