Müharibə xarabalıqları
üzərində ucalan yeni
abad şəhər - HORADİZ
Yaralı Qarabağın bir parçası olan Horadiz şəhəri çağdaş
günlərimizin sürətli inkişafını
özündə çox aydın əks etdirir. Güzarı bu yerlərə
düşən hər kəs üçün
burada dəyərləndiriləsi, məntiqi
nəticə çıxarılası çox
şey var. Qarabağ savaşının odu-alovu
bu yerləri iki dəfə
qarsılayıb. Birinci dəfə Ermənistan
silahlı qüvvələri işğal
edəndə, sonradan Milli
Ordumuz Horadizi və ətraf
yaşayış məntəqələrini azad
edəndə. Müharibə bu yerlərə
özünəməxsus şəkildə
"sığal" çəkib.
Horadiz müharibənin
xarabalıqları üzərində qurulan
gənc şəhərdir. Bir
yaşayış məskəni kimi tarixi qədim olsa da, şəhər kimi vur-tut 4 yaşı var. Prezident İlham Əliyevin
7 noyabr 2007-ci il tarixli sərəncamı ilə şəhər
statusu alıb. Dövlət
başçısının böyük
qayğısı ilə yenidən dirçələn Horadizin üzərinə sanki
gün doğub.
Bu cəbhə bölgəsində sosial-iqtisadi
inkişafa yeni sürət
vermək, əhalinin dolanışığını
yaxşılaşdırmaq, yaşayış məntəqələrində
güclü infrastruktur
yaratmaq, adamları narahat
edən sosial problemlərin ən qısa
müddətdə aradan
qaldırılmasını təmin etmək üçün
vaxtaşırı zəruri tədbirlər görülür.
İndi Füzuli rayonunun Azərbaycan tərəfindən nəzarət
edilən ərazilərində genişmiqyaslı
abadlıq-quruculuq işlərinə start verilib. Gənc Horadiz şəhəri
də tikinti-quruculuq işlərinin baş meydanına çevrilib.
Son bir neçə ay ərzində burada
görülən işlərdən məmnun olmamaq,
qürur duymamaq qeyri-mümkündür. Əlbəttə, heç bir möcüzə
baş verməyib. Amma
ən önəmlisi odur ki,
adamların psixologiyasında köklü
dəyişikliklər olub. Qısa
müddət ərzində formalaşan sağlam mənəvi-psixoloji mühit
hər kəsin, xüsusilə aparıcı qüvvə olan rayon fəallarının
həyata baxışında, tutduqları mövqedə ciddi düzəlişlər edib.
Hər hansı bir işdə zərərli
kampaniyaçılıq ənənələrinə son qoyulub. Bir iş
görülməlidirsə, bir ərazidə
ağac əkilməlidirsə,
yaşıllıq salınmalıdırsa, bu,
səssiz-küysüz, heç bir reklama ehtiyac
duyulmadan icra edilir. Ən çox diqqətçəkən
isə odur ki, indi Füzulidə yaşayan
ən adi sakin belə
minlərə, yüz minlərə
nümunə olası əsl vətənpərvər
obrazıdır. Bunu min bir həvəslə
daş üstə daş
qoyub ucaldılan binalardakı
canyanğısında, dolu sünbüllü taxıl zəmilərində
məhsul bolluğunu təmin edən halal zəhmətdə, alın tərində,
yeni-yeni abad
küçələri, yaraşıqlı prospektləri,
güllü-çiçəkli xiyabanları ərsəyə
gətirən fəal vətəndaş mövqeyində
görmək olar.
Prezident İlham Əliyevin cəbhə
bölgəsinə xüsusi
qayğısının konkret ifadələrindən
olan Olimpiya İdman Kompleksi, bənzərsiz
Muğam Mərkəzi, müasir
tələblərə cavab verən yeni Tibb Mərkəzi Füzuli camaatının rahatlığına
hesablanmışdır.
Bu güclü
potensialı bacarıqla səfərbər edib
zəruri istiqamətə yönəltmək böyük
uğurların, heyrət doğuran nailiyyətlərin
mayasına çevrilir. Bu
yerlərin torpağı münbit,
adamları əməksevər və mehribandırlar. Dövlətin
aqrar sahənin inkişafına verdiyi dəstək rayonda
taxılçılığa böyük
maraq yaradıb. Bu il 32 min hektar
sahədə bol taxıl yetişdirilib.
İndi taxıl biçininin
qızğın çağıdır. "Aqroservis"in rayon filialının rəhbəri
Hüseyn Abbasov bizimlə
söhbətində zəmilərin bol məhsulundan,
adamların yüksək əhval-ruhiyyəsindən söhbət
açdı:
- Zəmilərdə
35 kombayn işləyir. Hər gün 500-550 hektar sahədə
biçin aparırıq. Birinci növbədə
düşmənlə təmas xəttinə yaxın ərazilərdə
biçin işləri görülür.
Əhmədalılar, Qazaxlar,
Alıxanlı kəndləri, Zobucuq qəsəbələri
ərazisində taxıl biçini demək
olar ki, başa çatmışdır. Zəmilərin
məhsuldarlığı da
yaxşıdır. Hər hektardan 25
sentnerdən çox məhsul götürürük. Nankor
qonşularımız, namərd düşmənlərimiz olan ermənilər həmişə olduğu kimi, yenə də
fitnəkarlıqlarından, mərdimazarlıqlarından əl
çəkmirlər. Qaraxanbəyli kəndi erməni
işğalında olsa da,
kəndin xeyli ərazisi bizdədir. Ora taxıl əkmişik. Adamlar
gecə-gündüz zəmilərə keşik
çəkirlər. Bir də xəbər
tutduq ki, ermənilər
həmin sahəyə od vurublar.
Fövqəladə Hallar Nazirliyinin
yerli əməkdaşları əhalinin fəal
köməyi ilə yanğını çox
qısa zamanda söndürdülər. İtki isə çox cüzi oldu. Bu il
taxılımızın rekord miqdarda olacağı şübhəsizdir. Bir sünbülün də
itkiyə getməsinə yol verməyəcəyik.
Füzuli kəndlisinin təknəsində
çörəyin bol olması dövlətin
əsas qayğılarındandır. Bununla
yanaşı, cəbhə bölgəsi olan
bu aqrar rayonda üzümçülüyün
inkişafı üçün də geniş imkanlar var. Odur ki,
rayonda üzümçülüyü
inkişaf etdirmək üçün
zəruri tədbirlər görülür.
Təbii ki, bu sahədə
yerli əhalinin uzun
illər boyu qazandığı təcrübə
əsas rol oynayır. Bu
ilin payızında 1000 hektar
ərazidə üzüm bağları salmaq üçün
hazırlıq görülür. Tezliklə
bölgədə üzümün ilkin emalı zavodu tikilib istifadəyə veriləcəkdir.
Regionların sosial-iqtisadi
inkişafına dair ikinci
Dövlət Proqramında Füzuli rayonunun yüksəlişi üçün
də mühüm tədbirlər nəzərdə
tutulur. Bu tədbirlərin
icrasına artıq start verilmişdir.
Rayon ərazisində 25 meqavat
gücündə su elektrik
stansiyasının tikintisi sürətlə
davam edir. İlin sonunadək müəssisənin istifadəyə
verilməsi nəzərdə tutulur.
Dövlət
siyasətinin tərkib hissəsi olaraq rayonda sahibkarlığın inkişafı üçün münbit
şərait yaradılmışdır. Bunun
məntiqi nəticəsidir ki, iş adamları, sözün
həqiqi mənasında, Füzuliyə üz
tuturlar. 5 min ton tutumu olan
soyuducu anbarın inşası kəndlilərin
ürəyincədir. Meyvənin bol olduğu bu bölgədə
belə bir anbarın tikilib
istifadəyə verilməsi meyvəçiliyin
inkişafına yeni stimul
yaradacaq. Əhalinin sıx məskunlaşdığı
Zobucuq qəsəbəsində yeni iş yerləri
açılmasına böyük ehtiyac var. Tikintisi
reallaşmış keramika zavodunda 70 nəfərin işlə təmin
olunması nəzərdə tutulur. Qəsəbədə
inşa edilən çörək-bulka məmulatları
zavodunda isə 12 nəfər işləyəcək.
Həyata
keçirilməkdə olan layihələr
Horadiz şəhərinin simasına yeni naxışlar vurur. Müasir tələblərə cavab verən yeni avtovağzal kompleksinin
layihə-smeta sənədləri artıq hazırdır. Yaxın günlərdə inşaat
işlərinə başlanacaq. 100
çarpayılıq çoxprofilli şəhər
xəstəxanası da yeni
tikiləcək sosial obyektlər
sırasındadır. Üç yerdə
uşaq bağçası, Horadizdə daha bir məktəb, eyni zamanda, müharibədə
yerlə yeksan edilmiş
Mollaməhərrəmli kəndində yeni
məktəb tikintisi də gündəliyə
salınmışdır. Böyük Bəhmənli
kəndində isə "Aqroservis" kompleksinin tikintisi sürətlə
davam etdirilir.
Müharibə zamanı
dağılmış evlərin, müxtəlif sosial obyektlərin bərpası Dövlət
Proqramına uyğun olaraq
diqqət mərkəzində saxlanılır. İndiyədək
124 ev bərpa edilərək öz sakinlərinin istifadəsinə verilmişdir. Dövlət Bərpa Agentliyi bu sahədəki
işlərinə yenidən zərbəçi ahəng vermək
əzmindədir. Dövlət Proqramında
bütövlükdə 1500 evin bərpası
nəzərdə tutulur.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı
Alı Alıyev söhbət zamanı dedi
ki, Füzuli
camaatı cəbhə bölgəsinə Prezident
İlham Əliyevin xüsusi
qayğı və diqqətini yüksək qiymətləndirir.
Həmsöhbətim onu da vurğuladı ki,
qarabağlılar ulu öndər Heydər
Əliyev siyasi kursuna
həmişə, tarixin bütün
məqamlarında sədaqətli olublar. İndi isə bu qalib siyasi kursun
layiqli davamçısı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.
Onlar öz müdrik rəhbərlərinin qətiyyətinə,
Qarabağ düyününü
məharətlə açacağına inanırlar. Əmindirlər
ki, Prezident İlham Əliyevin Qarabağ
siyasəti tezliklə qələbə ilə,
torpaqlarımızın işğaldan azad olunması ilə sonuclanacaqdır. Bu yenilməz inam isə hər
kəsdə nikbinlik, yüksək əhval-ruhiyyə
yaradır.
Dövlət
başçısının tövsiyəsi ilə cəbhə
bölgəsində yerləşən yaşayış məntəqələrinə
təbii qaz çəkilməsi sürətlə
davam etdirilir. Artıq
bu istiqamətdə uğurlu
addımlar atılmışdır. İndi
rayon mərkəzinə çevrilmiş
Horadizdə və daha 5 kənddə təbii
qaz yanır. Növbədə isə Əhmədalılar,
Qazaxlar, Mirzənağılı kəndləri
və yeni salınmış Zobucuq qəsəbələridir. Qaz çəkilişinin sürəti deməyə
əsas verir ki,
növbəti qışa qədər bu
yaşayış məntəqələri də
qazlaşdırılacaqdır.
Cəbhə
bölgəsində yaşayan əhalinin
həyat tərzini hər vasitə ilə
yaxşılaşdırmağa yönələn dövlət
qayğısı ən zəruri sosial
problemlərin aradan
qaldırılmasına böyük önəm
verir. Horadiz şəhərində
su-kanalizasiya sisteminin
yenidən qurulması əhalidə hədsiz razılıq və
minnətdarlıq doğurur. Bu yerlərdə quruculuq,
abadlıq işlərini genişləndirmək, sosial-iqtisadi inkişafı sürətləndirmək
üçün yüksək əhval-ruhiyyə
çox lazımdır. Cəbhə
bölgəsinə, bu bölgədə yaşayan əhaliyə dövlətin gündən-günə
artan qayğısı isə adamlara, sözün həqiqi
mənasında, qol-qanad verir,
hər kəsi ürəyinin odu, əllərinin
hərarəti ilə doğma yurdun hər qarışını cənnətə
döndərməyə ruhlandırır. Horadizin qəhrəman övladları ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını
əməli işləri ilə sübut
etməyə çalışırlar. Şəhərin böyük bir ərazisində
salınan Heydər parkı ümumxalq
tikintisinə çevrilib. Hər kəs
çalışır ki, bu
müqəddəs məkanın ərsəyə gəlməsində
onun da əməyi olsun. Bu tikintidə
çalışan usta da,
fəhlə də ürəklərinin hökmü
ilə işləyir, qeyri-adi gözəllik
yaratmağa can
atırlar.
Lazım
QULİYEV
Azərbaycan.-2011.-17
iyul.- S.2.