Diaspor fəal insanları ilə
güclüdür
Həmsöhbətimiz
qurultay iştirakçısıdır. Son dövrlərdə mətbuatda,
televiziyada onunla bağlı materiallara tez-tez rast gəlmək
olur. Xeyli vaxtdır Qırğızıstanda
yaşayır, 3 uşaq
atasıdır. Paytaxt
Bişkekdə fəaliyyət
göstərən Türkdilli
dövlətlərin siyasətinə
Dəstək Fondunun rəhbəridir.
1957-ci il mayın 9-da Şəki rayonunun Cuma kəndində doğulub.
1975-1977-ci illərdə Sovet
ordusunda əsgəri xidmətdə olub. Əsgərlikdən sonra işləmək və oxumaq üçün Orta Asiyaya - Qırğızıstana üz
tutub.
1980-1985-ci illərdə
Bişkekdə Rus dili və Ədəbiyyatının
Pedaqogikası İnstitutunda
təhsil alıb,
1990-1995-ci illərdə Qırğızıstan
Milli Universitetini bitirib.
1989-cu ildə
qanlı Fərqanə hadisələri vaxtı qardaş qırğınına son qoymaq üçün
əlindən gələni edib,
dostları ilə birgə hadisə yerinə gələrək
xeyli türkü
ölümdən qurtarıb. Bütün
bunlar və türk
dünyasında baş verən digər
hadisələr onun yaddaşına
möhkəm təsir edib, millətini,
xalqını sevən bir vətəndaş
kimi formalaşmasında böyük
rol oynayıb. Bunun
ardınca 2004-cü ildə Türkdilli
dövlətlərin siyasətinə Dəstək Fondunu yaradıb.
Həmsöhbətimiz
fondun rəhbəri, Dünya
azərbaycanlılarının III qurultayının nümayəndəsi,
Bişkekdə yaşayan azərbaycanlılar
arasında xüsusi fəallığı
ilə seçilən Nüsrət Musa oğlu Məmmədovdur.
- Türkdilli dövlətlərin siyasətinə
Dəstək Fondunun
qarşısındakı əsas vəzifə türkdilli
xalqların dahi şəxsiyyətlərini
tanıtmaq, onların tarixini, ədəbiyyatını,
musiqisini təbliğ etmək, mümkün vasitələrdən istifadə
etməklə bir-birinə daha da yaxınlaşdırmaqdir. İlk
dəfə 2007-ci il iyulun
23-də Bişkekdə "Türkdilli
dövlətlərin inkişafında liderlərin rolu" mövzusunda beynəlxalq
elmi-nəzəri konfransın keçirilməsinə nail olduq.
Həmin il dekabrın 12-də Alma-tıda II konfrans uğurla başa çatdı. Azərbaycanda da, Orta Asiyanın türk respublikalarında da
bu konfrans yüksək
qiymətləndirildi, ilin vacib
hadisəsi elan olundu.
2008-ci il aprelin 11-də belə bir konfransı doğma Bakıda keçirdik. Növbəti
illərdə bu konfransların Türkiyədə,
Özbəkistanda da keçirilməsini nəzərdə
tutmuşuq. Fəaliyyət
dairəmiz çox genişdir. Azərbaycanda keçirilən bütün
tədbirlərə dərhal
reaksiya verir, onların Qırğızıstanda
da təşkilinə
çalışırıq. Bunların arasında
2008-ci ildə ulu öndərin 85 illiyinə
həsr olunmuş tədbirləri xüsusi olaraq qeyd etmək
istərdim. Bu, qardaş
respublikanın həyatında
xoş bir hadisə olmaqla yanaşı, inanıram ki, hələ uzun müddət yaddaşlarda qalacaqdır.
Elə həmin vaxtlar böyük ədibimiz Mir Cəlalın
seçilmiş əsərlərini
nəfis şəkildə
çap etdik. Qeyd etmək istərdim ki, onun xatirəsinə həsr olunan tədbirlərdə hətta
türk dünyasının
böyük oğlu Çingiz Aytmatov da iştirak edirdi.
Dünya şöhrətli
Çingiz Aytmatovla Nüsrət Məmmədovun
münasibətlərinin tarixi
çox genişdir.
2008-ci ildə onun Azərbaycana səfərinin
də təşkilatçısı
Nüsrət Məmmədov
idi. O günləri belə xatırlayır:
- 2008-ci il "Çingiz Aytmatov ili" elan olunmuşdu. Onunla Moskvada görüşüb
birlikdə Bakıya uçduq. Xocalı hadisələrinin ildönümü
idi, birlikdə Xocalı abidəsinin önünə gül dəstələri qoyduq. Sonra ölkə başçısı bizi
qəbul etdi, türk dünyasının
yaxınlaşmasındakı xüsusi xidmətlərinə
görə Çingiz
Aytmatov "Dostluq"
ordeninə layiq görüldü. Həmin
il böyük yazıçı Bakıdan
getdikdən sonra dünyasını dəyişdi,
amma qırğızlarda
olduğu kimi, azərbaycanlılar arasında
da onun nüfuzu
yenə böyükdür,
xatirəsi həmişə
anılır, kitabları
əvvəlki həvəslə
oxunur. Azərbaycan Yazıçılar Birliyinin
onun həyat və yaradıcılığı
ilə əlaqədar
hazırladığı bir
kitabı da qırğız dilinə
çevirib yaxınlarda
nəşr etmək niyyətindəyik. Kitab belə adlanacaq: "Çingiz Aytmatov: Mən Manas oğluyam".
N.Məmmədov Azərbaycan tarixindən, mədəniyyətindən bəhs
edən, ayrı-ayrı
böyük şəxsiyyətlərə
həsr olunan, şəxsi vəsaiti hesabına çap olunaraq müxtəlif dillərdə yayılan kitabları bizə göstərərək məlumat
verir:
- Üst-üstə
27-dən artıq belə
kitab buraxmışıq.
Onların arasında
"Dünya siyasətinin
zirvəsini fəth edənlər" adlı
iki cildlik xüsusilə fərqlənir.
Bu kitablarda ümummilli
lider Heydər Əliyev, Prezident İlham Əliyev və onların Azərbaycanın inkişafındakı
xidmətləri ilə
bərabər Azərbaycan
xalqı, onun keçib gəldiyi tarixi yol maraqlı
bir dillə oxuculara təqdim olunur. Birinci cild Qırğızıstanın
xalq yazıçısı,
türk dünyasının
fəxri Çingiz Aytmatovun ulu öndər haqqında fikirləri ilə başlayır: "Heydər
Əliyev XX əsrin görkəmli lideri olmaqla bərabər müasir, demokratik Avrasiyanın qurucuları sırasındadır". Həmin
silsilədən Qafar Əliyevin "Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu" kitabını,
eləcə də
"Prezident İlham Əliyev" kitabının
birinci cildini 2011-ci ildə nəfis tərtibatla nəşr etmişik.
Ölkə başçısı
son illər hamını
- ziyalıları da, diaspor nümayəndələrini
də, diplomatik korpusun təmsilçilərini
də ermənilərə
təzyiqləri artırmağı,
hücum siyasətinə
keçməyi tövsiyə
edir. Bunu əsas götürərək
2008-ci ildə akademik Ramiz Mehdiyevin "Azərbaycana qarşı soyqırımı", 2009-cu ildə
"Ermənilərin Azərbaycan
torpaqlarında azərbaycanlılara
qarşı törətdikləri
vəhşiliklərə dair
tarixi faktlar" və 2010-cu ildə Gültəkin Nəcəflinin
"Azərbaycan XVIII-XIX əsrlərdə"
kitablarının müxtəlif
dillərdə nəşrinə
nail olmuşuq. Onların
arasında dahi Nizami Gəncəvinin
"Yeddi gözəl"i,
Bəxtiyar Vahabzadənin
qazax, qırğız,
rus və ingilis dillərində
"Gülüstan" poeması,
"Biz bir gəminin yolçularıyıq" kitabları
da var. "Qsmanlı tarixi" kitabı da artıq nəşrə
hazırdır.
Həmyerlimiz deyir
ki, Qırğızıstanda
16 mindən artıq azərbaycanlı yaşayır.
Onların burada yerləşməsi müxtəlif
illərə təsadüf
etsə də, hamısının qəlbi
Azərbaycanla bir döyünür. Adət-ənənəmizi
nəinki qoruyub saxlamağa, həm də onu yaşadığımız
yerlərdə yaymağa,
təbliğ etməyə
çalışırıq. Bişkekdə Heydər Əliyev guşəsində
Azərbaycanla bağlı
hər nə desən tapmaq olar. Eyni zamanda,
Azərbaycanla bağlı
məlumat almaq istəyən hər kəs pulsuz olaraq internet xidmətimizdən
istifadə edə bilər.
Ümumilikdə, hər yerdə olduğu kimi, Qırğızıstanda da
diaspor fəaliyyəti
günü-gündən vüsət
almaqdadır. Qurultay nümayəndəsi kimi Bakıda tədbirlərə
qatılan N.Məmmədov
Prezident sərəncamı
ilə təltif olunan bir qrup
diaspor fəalının
arasındadır. Ona Vətəndən uzaqdakı
səmərəli işinə
görə "Tərəqqi"
medalı verilib. O, eyni zamanda, qurultayda
Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının
üzvü seçilib.
"Qurultay həyatımızda silinməz
izlər qoydu" - bunu da tezliklə
Bişkekə yola düşməyə hazırlaşan
həmsöhbətim dedi.
Uğurlar olsun!
Bəxtiyar QARACA
Azərbaycan.-2011.-17 iyul.- S.3.