Yeni Azərbaycan Partiyası 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat yaymışdır

 

Yeni Azərbaycan Partiyası 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat yaymışdır.

AzərTAc xəbər verir ki, bəyanatda erməni vəhşiliyinin növbəti qurbanı olmuş 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümü bütün Azərbaycan xalqını qəzəbləndirdiyi qeyd edilmişdir.

Bəyanatda bildirilir ki, ermənilərin məqsədli şəkildə, məhz azyaşlı uşaqları hədəf seçən çirkin əməlləri onların uzun illərdən bəri xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda ermənilərin ardıcıl olaraq atəşkəsi pozmaları və xüsusilə də mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirmələri əslində onların qeyri-səmimiliyindən və sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir.

Bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin açdığı atəş nəticəsində qətlə yetirilməsi və digər bu kimi onlarla terror əməli Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlmiş irqçi düşüncə tərzinin törətdiyi fəsadlardır. Erməniliyin iç üzü məhz belə faktlar zamanı bariz şəkildə ortaya çıxır.

Yeni Azərbaycan Partiyası erməni tərəfin bu cür qanlı, insanlıqdan uzaq əməllərini qətiyyətlə pisləmiş, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünü və uşaq qatillərini dayandırmaq üçün daha qətiyyətli hərəkət etməyə çağırmışdır.

 

 

Azərbaycan.-2011.- 17 iyul.- S.4.